Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Vaşinqton çağırış edir

Vaşinqton çağırış edir

06.07.2022 [09:57]

Münasibətlərin inkişafında maraqlıyıq, əməkdaşlığın dərinləşdirilməsinə hazırıq

ABŞ regionun diplomatiya paytaxtına yeni səfir təyin edir

Nurlan QƏLƏNDƏRLİ

Cozef Baydenin ABŞ-ın Azərbaycandakı səfiri vəzifəsinə Mark Libbinin namizədliyini irəli sürməsi müxtəlif rakurslardan şərh olunur. Bir çox ekspertlər bu seçimi yeni reallıqlarla əlaqələndirirlər. Söhbət Azərbaycanın Cənubi Qafqazda yeni təhlükəsizlik və əməkdaşlıq mühiti formalaşdırmasından gedir. Məlumdur ki, ölkəmiz İkinci Qarabağ müharibəsində Qələbə qazanmaqla bütöv bir regionu sülh, sabitlik və əməkdaşlıq məkanına çevirmək istiqamətində dayanıqlı zəmin - əlverişli şərait formalaşdırıb. Bakı müharibənin bitməsi - yeni mərhələnin başlanması reallığını qəbul etdirib, yeni strateji yanaşmaların ortaya qoyulmasını zərurətə çevirib. Artıq regionda postmüharibə mərhələsidir və yeni geostrateji reallıqlar fərqli baxış bucağı tələb edir.

Bütövlükdə, Ağ Evin Mark Libbi seçimi xüsusunda bir neçə məqam xüsusilə diqqəti cəlb edir:

- Vaşinqtonun regiona strateji xarakter daşıyan yeni baxışı var. Birləşmiş Ştatlar yeni geosiyasi arxitekturanın yarandığı regionda daha fəal olmağa çalışır. Bunun yolu isə Bakı ilə səmərəli təmaslardan və fəal dialoqdan keçir. Bu səbəbdən, Cənubi Qafqazın  lider dövlətinə bundan əvvəl ABŞ-ın Avropa İttifaqındakı missiyasına rəhbərlik edən - Brüsseldə fəaliyyət göstərən diplomat səfir təyin olunur. Nəzərə almaq lazımdır ki, Bayden andiçmə mərasimindən dərhal sonra ABŞ-ın Aİ-dəki missiyasına müvəqqəti rəhbərliyi Libbiyə həvalə etmişdi. İndi isə ünvan, yaxud istiqamət regionun diplomatiya paytaxtı - Azərbaycanın başkəndi olan Bakıdır. Və bu yanaşma qlobal siyasətə ciddi təsir edən regional proseslərin Azərbaycanın aparıcı mövqeyi fonunda cərəyan etdiyini təsdiqləyir;

- ABŞ Azərbaycanla tərəfdaşlıq münasibətlərini müsbət dəyərləndirir, ölkəmizlə əməkdaşlığa böyük önəm verir. Təsadüfi deyil ki, Cozef Baydenin bir müddət əvvəl Prezident İlham Əliyevə ünvanladığı məktubda “Amerika Birləşmiş Ştatları və Azərbaycan Respublikası arasında qurulmuş 30 illik diplomatik münasibətlər dövründə biz transmilli təhlükələrlə mübarizə, enerji təhlükəsizliyinin gücləndirilməsi, ikitərəfli ticarət və sərmayələrin təşviqi məsələlərində güclü tərəfdaş olmuşuq” ,- deyə vurğulamışdı. Daha sonra özündə həm perspektivə geosiyasi baxışı, həm də gələcək hədəfləri ifadə edən niyyət ifadə olunmuşdu: “Amerika Birləşmiş Ştatları bizim davamlı tərəfdaşlıq və əməkdaşlığımıza sadiqdir”. Göründüyü kimi, Vaşinqton çağırış edir - biz münasibətlərin inkişafında maraqlı, əməkdaşlığın dərinləşdirilməsinə isə hazırıq;

- Birləşmiş Ştatlar Azərbaycanı perspektivli tərəfdaş kimi səciyyələndirir. Çünki regionda yeni geosiyasi situasiya məhz Azərbaycanın yaratdığı reallıqlar əsasında formalaşır, proseslər Bakının iradəsinə uyğun tənzimlənir. Bu, İlham Əliyevin strateji oyun qaydalarını 4 qızıl qayda əsasında müəyyənləşdirməsi sayəsində mümkün olur: vaxtı düzgün seçmək, avantüraya getməmək, ölkəni risk altına salmamaq və mümkün dərəcədə maksimum uğura nail olmaq. Prezidentimiz müdrik dövlət xadimi, təcrübəli siyasətçi, qətiyyətli lider kimi yeni mərhələdə də vaxtı düzgün seçir: Azərbaycan nə tələsir, nə gecikir - hər şey vaxtında! Təxribatlara, sabotajlara, prosesləri pozmaq cəhdlərinə, süni müdaxilələrə, ikili standartlara baxmayaraq, İlham Əliyev heç vaxt avantüraya getmir. İkincisi, İlham Əliyevin strateji təmkinə, milli maraqlara əsaslanan, müasir geosiyasi çağırışlara adekvat cavab verən strateji kursu nəticəsində Azərbaycan hətta bir-biri ilə əks mövqelərdə dayanan qütb­lər - güc mərkəzləri tərəfindən perspektivli tərəfdaş kimi qəbul edilir, Bakının mövqeyinə üstünlük, İlham Əliyevin rəyinə önəm verilir. Bakı Avrasiya geosiyasətində diplomatik trafikin ən vacib və mühüm halqalarından biridir. Təsadüfi deyil ki, İkinci Qarabağ müharibəsi zamanı olduğu kimi, hazırda da həm regionumuzda, həm də Avrasiyada sülh, sabitlik - təhlükəsizlik, əməkdaşlıq və inteqrasiya məsələləri Azərbaycan Prezidenti ilə müzakirə olunur. Bütün bunlar respublikamızın regionun geosiyasi gündəliyini formalaşdıran əsas qüvvələrdən biri olduğunu göstərir - Bakının nüfuzunu - prestijini əks etdirir. Üçüncüsü, bu gün Azərbaycan təkcə Cənubi Qafqazın lider ölkəsi - regional güc mərkəzi deyil. Bakı yeni reallıqlar fonunda dialoq və əməkdaşlıq məkanı, inam və etimad ünvanıdır. Ölkəmizdə mötəbər tədbirlərin, görüşlərin keçirilməsi, qlobal siyasi atmosferə təsir imkanlarına malik elita tərəfindən taleyüklü məsələlərin müzakirəyə çıxarılması və digər bu kimi nümunələr mühüm bir məqamı ifadə edir: ölkəmizə inam və etimad yüksəkdir. Dördüncüsü, reallıqlar həm də onu təsdiqləyir ki, Azərbaycan ilə tərəfdaşlığın genişləndirilməsi güc mərkəzləri üçün strateji prioritetlərdən biridir. Bakıya regional və beynəlxalq təhlükəsizlik məsələsində inam - etimad mesajları, tərəfdaşlığı gücləndirmək çağırışları (dövlətimizin başçısına göndərilən məktublarda əksini tapan məqamlar xüsusi qeyd edilməlidir) da bu səpkidə xüsusi əhəmiyyət daşıyır. Beşincisi, Azərbaycan nəinki öz təhlükəsizliyini təmin edir, hətta regional sabitliyə və inkişafa çox mühüm töhfələr verir. Ölkəmizin təşəbbüsü ilə çoxtərəfli regional əməkdaşlıq formatları yaradılır;

- ABŞ yeni mərhələdə enerji təhlükəsizliyi məsələsinin daha böyük önəm daşıdığını bilir və buna görə də Azərbaycanla işbirliyinin gücləndirilməsi tərəfdarıdır. Yenə Baydenin İlham Əliyevə məktubunda vurğulanmışdı ki, “ötən 30 il ərzində enerji mənbələrinin şaxələndirilməsi və beynəlxalq təhlükəsizlik sahələrində əməkdaşlığımız tarixin mühüm anında öz bəhrəsini verir, Azərbaycan Avropa və dünya bazarlarının təhlükəsizliyinin təmin olunması və sabitləşdirilməsində önəmli rol oynayır”. Bəli, ABŞ Prezidenti tarixin mühüm anından bəhs edərək yeni reallıqları əsas götürür, enerji təhlükəsizliyinə kritik - taleyüklü məsələ kimi nəzər salır. Yeni reallıqlar fonunda Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında rolu xüsusi vurğulanır. Şübhəsiz, Ağ Ev sahibinin bu yanaşması Şərqi Avropada müharibə, Cənubi Qafqazda isə postmüharibə vəziyyətinin hökm sürdüyü bir vaxtda yeni dünya nizamının formalaşdığı şəraiti ifadə edir. Bəllidir ki, hazırda “qoca qitə”nin enerji təhlükəsizliyi həyati-strateji əhəmiyyət daşıyır. Avropanın alternativ mənbələrə ehtiyacının olduğu, demək olar ki, hər gün ifadə edilir. Buna görə də etibarlı tərəfdaş olan Azərbaycanla əməkdaşlığın dərinləşdirilməsi daha da aktuallaşır. Ölkəmizə inam və etimad sonsuzdur. Çünki Azərbaycan uzun müddətdir ki, dünya bazarında etibarlı enerji təchizatçısıdır və prosesdə hər hansı fasilə olmayıb. Respublikamızın təbii qazının qiyməti digər mənbələrdən daxil olan qazdan ucuzdur. Eyni zamanda, Cənub Qaz Dəhlizi alternativ mənbə kimi çox mühüm əhəmiyyətə malikdir. Bu isə həm enerji təhlükəsizliyi, həm də regional iqtisadi sabitlik və inkişaf məsələsidir. Bütün bunlar Avropada, Qafqazda və bütövlükdə Avrasiyada yeni siyasi və iqtisadi dividendlər qazanmaq istəyən ABŞ üçün də önəmli və cəlb­edicidir. Elə ona görə də Bayden qeyd edir ki, enerji təhlükəsizliyi ilə bağlı məqsədlərimizə çatmaq üçün şaxələndirmə heç vaxt olmadığı qədər əhəmiyyətlidir və Azərbaycan bu məqsədə nail olmaq üçün regional səylərdə əsas rol oynamışdır: “Azərbaycan həm də regional və qlobal bazarların sabitləşdirilməsi baxımından trans-Xəzər əməkdaşlığının nəhəng potensialının reallaşdırılmasında mühüm əhəmiyyətə malikdir. Eyni zamanda, Azərbaycan Cənub Qaz Dəhlizi vasitəsilə və Ukrayna üçün mühüm olan yanacağı təchiz etməklə də Avropanın enerji təhlükəsizliyinin sabitləşdirilməsinə kömək etməkdə həlledici rol oynayır”. ABŞ prezidenti təkcə Cənubi Qafqazdan yox, bütövlükdə, Qafqazdan bəhs edir. Baydenin önə çəkdiyi - diqqətə çatdırdığı incə nüans var: o, trans-Xəzər  regionundan bəhs edərək Azərbaycanı Mərkəzi Asiya və Xəzər hövzəsinin karbohidrogen ehtiyatlarının Avropaya ixracında əsas tərəfdaş saydığını bəyan edir. Əlbəttə, bütün bunlar təsadüfi deyil. Çünki Azərbaycan ötən müddət ərzində enerji təhlükəsizliyi sahəsində etibarlı tərəfdaş kimi özünü təsdiqləyib: yeni neft-qaz strategiyasında enerji nəqli marşrutlarının şaxələndirilməsini əsas prioritetlərdən biri kimi müəyyənləşdirən ölkəmiz bu gün regional və qlobal enerji təhlükəsizliyinə mühüm töhfələr verir. Azərbaycan Avrasiyanın enerji xəritəsini yenidən yaradır. Nəhayət, ölkəmizin təşəbbüsləri və liderliyi ilə enerji layihələrinin reallaşdırılması Xəzər hövzəsi regionunun geosiyasi statusunun yüksəlməsini təmin edib. Və bu gün Azərbaycanın həyata keçirdiyi regional miqyaslı, qlobal əhəmiyyətli layihələr Avrasiyanın enerji xəritəsini dəyişdirir. Ölkəmiz hazırda olduğu kimi, perspektiv üçün də Qərbin enerji təhlükəsizliyi sahəsində etibarlı tərəfdaş kimi dəyərləndirilir. Bu isə digər bir sıra dövlətlər kimi ABŞ tərəfindən də qiymətləndirilir;

- Birləşmiş Ştatların Azərbaycanla əməkdaşlığın dərinləşdirilməsini strateji prioritetlərdən biri kimi müəyyənləşdirməsi həm də Avrasiyada yeni nəqliyyat-kommunikasiya xəttinin yaradılması ilə əlaqədardır. Söhbət postmüharibə mərhələsində regionda kommunikasiyaların bərpasından, eləcə də Zəngəzur dəhlizinin açılmasından gedir. Şübhəsiz ki, Azərbaycanın geosiyasi iradəsi nəticəsində kommunikasiya xətlərinin bərpası, yeni nəqliyyat dəhlizinin yaradılması mühüm siyasi və iqtisadi dividendlər, perspektivlər vəd edir. Zəngəzur dəhlizinin yaradılması Avrasiyada yeni platformanın əsasının qoyulmasıdır. Asiyadan Avropaya doğru uzanan geniş coğrafiyada bir çox dövlət bu geo­strateji proyektin reallaşmasında maraqlıdır. ABŞ da bu proyekti yeni və önəmli, dəyərli iqtisadi platforma kimi qiymətləndirir. Azərbaycan Prezidenti dəfələrlə ölkəmizin Zəngəzur dəhlizinin açılmasına nail olacağını qətiyyətlə vurğulayıb. Hərbi Zəfəri diplomatik müstəvidə möhkəmləndirərək tarixi prosesə çevirən Bakı strateji təşəbbüsləri və fəaliyyəti ilə sülh gündəliyini, regional geostrateji gündəmi müəyyənləşdirdi - İrəvanı konstruktiv mövqeyə məcbur etdi. Prezident İlham Əliyevin, Şarl Mişelin və Nikol Paşinyanın Brüsseldə üçüncü üçtərəfli görüşü zamanı Zəngəzur dəhlizi ilə əlaqədar ortaq mövqeyin bildirilməsi - razılıq əldə olunması bu xüsusda ayrıca qeyd edilməlidir. Azərbaycan məsələ ilə əlaqədar öhdəliklərinə sadiqdir. Ölkəmiz Avrasiyada geniş bir coğrafiyanı əhatə edən, Asiya ilə Avropanı birləşdirən Şərq-Qərb dəhlizinin tərkib hissəsi olacaq “Zəngəzur nəqliyyat dəhlizi” üzərində çalışır. Bu layihənin gerçəkləşdirilməsi ilə regionda inteqrasiya prosesi güclənəcək. Dəhliz, eyni zamanda, ölkəmizin Avrasiyanın nəqliyyat və logistika mərkəzi kimi geostrateji mövqeyini möhkəmləndirəcək, tranzit imkanlarını genişləndirəcək, Azərbaycan mühüm imkanlar qazanacaq. Bütövlükdə, respublikamızın fəal iştirakı və liderliyi fonunda cərəyan edən proseslər Avrasiyada yeni geosiyasi konfiqurasiyanın formalaşmasına ciddi təsir göstərəcək. Birləşmiş Ştatlar isə nəqliyyat-kommunikasiya müstəvisi baxımından bəzi rəqibləri üzərində üstünlük əldə etmək, yeni iqtisadi-ticari mənfəət qazanmaq üçün bu məsələyə xüsusi diqqət yetirir. Burada əsas məsələ - həlledici məqam Azərbaycanla əməkdaşlıq vasitəsilə maraqların uzlaşdırılmasıdır;

- Vaşinqtonun yeni dünya nizamının yarandığı hazırkı şəraitdə regional təhlükəsizlik məsələsində Azərbaycanın açar rolunu nəzərə alır və xüsusi yanaşma ortaya qoyur. Təsadüfi deyil ki, Baydenin Prezident İlham Əliyevə məktublarında yer alan məsələlər də Azərbaycanın regional təhlükəsizliyin təmin olunmasında əhəmiyyətini, eləcə də Bakıya geosiyasi inamı əks etdirir. ABŞ Prezidenti “Biz, həmçinin Sizin terrorizmə qarşı qlobal mübarizəyə verdiyiniz əhəmiyyətli töhfələrinizi təqdir edirik” ,- deyə diqqətə çatdırır. Birləşmiş Ştatların bu yanaşmasını şərtləndirən bir neçə amil var. Əvvəla, Azərbaycan terrorizm də daxil olmaqla beynəlxalq təhlükəsizliyi təhdid edən hallara qarşı mübarizədə fəal iştirak edən tərəfdaş ölkələrdən biridir. İkincisi, 44 günlük müharibədə qələbə qazanaraq 100 illik regional geosiyasi arxitekturanı dəyişən, Cənubi Qafqazın lider dövləti olan Azərbaycan bölgədə yeni nizam yaradır. Ona görə də Bakı ilə strateji təmasların gücləndirilməsi - çoxşaxəli əməkdaşlığın dərinləşdirilməsi region dövlətləri ilə yanaşı, güc mərkəzləri üçün də müstəsna əhəmiyyətə malikdir. Üçüncüsü, Prezident İlham Əliyevin həyata keçirdiyi müstəqil və prinsipial siyasi kurs təkcə Azərbaycanın milli maraqlarının təmin olunmasına yönəlməyib, həm də regionda və daha geniş coğrafiyada səmərəli əməkdaşlığın dərinləşdirilməsinə və qarşılıqlı etimadın yüksəlməsinə xidmət edir. Dördüncüsü, Azərbaycan təkcə Cənubi Qafqazın lider ölkəsi - regional güc mərkəzi deyil. Azərbaycan hazırda Xəzər-Qara dəniz strateji xəttində və Avrasiya geosiyasətində diplomatik trafikin ən vacib və mühüm halqalarından biridir. Beşincisi, İkinci Qarabağ müharibəsi zamanı olduğu kimi, hazırda da həm regionumuzda, həm də Avrasiyada sülh, sabitlik - təhlükəsizlik, əməkdaşlıq və inteqrasiya məsələləri Azərbaycan Prezidenti ilə müzakirə olunur. Çünki yeni dünya nizamına keçid şəraitində və perspektivdə Azərbaycan nəinki Cənubi Qafqazın, hətta Avrasiyanın önəmli - açar rola malik dövlətlərindən biridir.

Nəticə etibarilə, Ağ Evin Mark Libbi seçimi həm reallığın diktəsi, həm də mesajdır: bu, yeni dünya nizamında Azərbaycanın mühüm yer tutduğunu və vacib rol oynaya biləcəyini, Birləşmiş Ştatların hazırkı siyasətində və gələcək geostrateji planlarında ölkəmizlə əməkdaşlığın prioritet olduğunu ifadə edir. Bütün bunlar Azərbaycanın milli maraqlara əsaslanan xarici siyasətinin real nəticəsi olmaqla yanaşı, ölkəmizin yüksək nüfuzunun və aparıcı geosiyasi rolunun göstəricisidir.

Paylaş:
Baxılıb: 165 dəfə
Multi-media

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Neft ucuzlaşıb

16 Avqust 12:18

Ədəbiyyat

Ədəbiyyat

Xarici siyasət

Sosial

Xəbər lenti

Yaşamağa dəyər!

16 Avqust 10:48

İqtisadiyyat

İqtisadiyyat

Prezident bu gün

Prezident bu gün

16 Avqust 10:14

Analitik

Həqiqət və reallıq

16 Avqust 10:08

Gündəm

Xəbər lenti

Xəbər lenti

Prezident bu gün

Prezident bu gün

15 Avqust 10:28

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31