Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Qlobal “enerji aclığı”

Qlobal “enerji aclığı”

19.08.2022 [10:23]

OPEC-dən “qışda böhran” xəbərdarlığı gəldi

M.ABDULLAYEV

Cari ilin fevralında başlayan və hələ ki, sonu görünməyən Rusiya-Ukrayna müharibəsi yalnız iki ölkə üçün acı nəticələr vermir. Müharibənin fəsadları, həmçinin bütün dünyada hiss olunmaqdadır. Müşahidə edilənlər odur ki, müharibənin qlobal iqtisadiyyata, humanitar və sosial sferalara mənfi təsirləri getdikcə daha da artır və onların sığortalanması mümkünsüz görünür.  Təchizat zəncirinin qırılması, artan inflyasiya, əmtəə bazarlarında tələblə təklif arasında disbalansın kəskin fərqlə böyüməsi günümüzün acı reallıqlarına çevrilib.

OPEC həyəcan təbili çalır

Rusiya-Ukrayna müharibəsinin fəsadlarından ən çox təsirlənən sahələrdən biri isə enerji sektorudur. Analitiklər o qənaəti ifadə edirlər ki, qlobal iqtisadiyyat, ayrı-ayrı ölkələr, xüsusilə də Avropa İttifaqı dövlətləri tarixdə heç vaxt rast gəlinməyən kəskin “enerji aclığı” dövrünü yaşayırlar.  “Yaxın gələcəkdə böyük qlobal tənəzzülün baş verməsi ehtimalı azdır, lakin qışda enerji böhranı yarana bilər. “Bloomberg”in verdiyi məlumata görə, bu barədə Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) baş katibi, Küveytin nümayəndəsi Heysəm əl-Qais bildirib. Onun sözlərinə görə, OPEC həmişə bazar ehtiyaclarını ödəməyə çalışıb, lakin 5 sentyabr iclasında (OPEC+ razılaşması iştirakçıları nazirlərinin iclası - red.) hasilatın daha da artırılması ilə bağlı qərar verilib-verilməyəcəyini söyləmək hələ tezdir. “Biz bir araya gəlib bazarın parametrlərinə yenidən baxmalıyıq, hər şey ondan asılıdır”, - deyə Heysəm Əl-Qais bildirib.

OPEC rəsmisinin çox da uzaqda olmayan qışda gözlənilən enerji böhranını indidən gündəmə gətirməsi heç də təsadüfi deyildir. Hazırda qlobal enerji bazarında müşahidə edilən proseslər indi səsləndirilən belə ehtimalların enerji daşıyıcılarına tələbatın artacağı soyuq qış aylarında reallığa çevriləcəyi qənaətini möhkəmləndirir. Müharibə başlayandan bəri qlobal enerji bazarında, sözün əsl mənasında, təlatümlər yaşanmaqdadır - təchizatda problemlər dərinləşir, sənaye və əhali istehlakı tam şəkildə qarşılanmır və bunun da nəticəsi olaraq qiymətlər sürətlə artır.

Rusiyada azalan istehsal və ixrac

Bu gün Rusiya-Ukrayna müharibəsi yalnız Qara dənizin Ukrayna sahillərində, Donbasda, Luqanskda, Xarkovda, Kiyev ətrafında, Krımda, Zaporojyedə döyüş meydanlarında getmir. Tam qətiyyətlə deyə bilərik ki, artıq neft-qaz, bütövlükdə enerji sektoru da istehsalçılar və istehlakçılar arasında rəqabət, döyüş poliqonuna çevrilib. Bu da onunla bağlıdır ki, müharibə tərəflərindən biri olan Rusiya böyük enerji resurslarına malikdir. Verilən məlumatlara görə, Rusiyanın hazırda mövcudluğu sübut olunan yeraltı sərvətlərinin ümumi dəyəri 30 trilyon dollar həcmində qiymətləndirilir.  Müharibə başlayanadək xam neft və neft məhsulları Rusiya ixracatının 37 faizini (gündəlik 5 milyon barel) təşkil edib. Bu məhsulların 70 faizi ABŞ və Avropa bazarlarına ixrac olunurdu. Şimal qonşumuz “qoca qitə”nin neftə olan tələbatının 25 faizini qarşılayırdı. Ötən il Avropaya neft ixracatından Rusiyanın illik qazancı 104 milyard dollara çatıb. Digər pozisiyalar üzrə də Rusiya təxminən eyni mövqeyə malikdir. Müharibə başlayanadək  Rusiya Avropa İttifaqı məkanına ildə 150-190 milyard kubmetr qaz ixrac etməklə “qoca qitə”nin təbii qaza olan tələbatının 40%-ə qədərini qarşılayırdı. Son vaxtlaradək Rusiyanın ixracının strukturunda bərk yanacaq - kömür də mühüm pozisiyalardan biri olub. Rusiya kömür yanacağı ehtiyatlarına görə dünyada 3-cü, hasilata görə 6-cı yerdə  gəlir. 182 milyard ton daş kömür ehtiyatı olan Rusiya yalnız ABŞ (445 milyard ton) və Çindən (272 milyard ton) geri qalır. Şimal qonşumuz  bərk yanacaq ixracında təxminən 300 milyon ton həcmlə dünyada 3-cü yerdə gəlir. Bu isə o deməkdir ki, şimal qonşumuzun gəlirlərinin formalaşmasında kömür də xüsusi rol oynayır.

Nəhəng enerji resursları Rusiya üçün indiyədək böyük gəlir mənbəyi olub. Müharibədə Ukrayna tərəfində dayanan ABŞ və Avropa İttifaqı dövlətləri bu ölkəyə qarşı bir neçə mərhələdə geniş əhatə dairəsinə malik sanksiyalar tətbiq etməklə Rusiya iqtisadiyyatını çökdürmək, şimal qonşumuzu əsas gəlir mənbələrindən məhrum qoymaq istəyirlər. Xatırladaq ki, Avropa İttifaqı sanksiyalar çərçivəsində Rusiyadan neft idxalını 2022-ci ilin sonunadək 92 faiz azaltmaq niyyətindədir. Bir neçə gün bundan əvvəl isə Avropanın Rusiyadan kömür idxalına qoyulan qadağa qüvvəyə mindi. Ölkədən qaz ixracında da qeyri-müəyyənlik yaranıb. Prezident Putin Qərbdən gələn sanksiyalara cavab olaraq “dost olmayan ölkələrə” “mavi yanacaq” satışının rublla aparılmasına dair sənəd imzalayıb. Bu tələb aprelin əvvəlindən qüvvəyə minib. İndiyədək ödənişləri rublla aparmaq iqtidarında olmadığını bildirən bir neçə ölkəyə Rusiyadan qaz ixracı dayandırılıb. İlk mərhələdə Rusiyanın qəzəbinə tuş gələn ölkələr Polşa və Bolqarıstan oldu. Sözügedən ölkələrə aprel ayının son günlərindən etibarən “mavi yanacaq” ixracı dayandırıldı. Sonrakı mərhələdə isə “qara siyahı”ya Finlandiya, Niderland,  eləcə də Almaniya və Danimarkanın ayrı-ayrı şirkətlərinin adları əlavə olundu.

Bütün bunlar Rusiyada qaz istehsalında ciddi azalmalara gətirib çıxardıb. Bu ölkəyə məxsus “Qazprom” şirkəti cari ilin ötən dövrü ərzində qaz hasilatını 13,2 faiz və ya 274,8 milyard kubmetrədək azaldıb. Şirkət cari ildə 274,8 milyard kubmetr qaz hasil edib ki, bu da ötən illə müqayisədə 41,7 milyard kubmetr azdır. Daxili bazarda şirkətin məhsuluna tələbat 2,3 faiz, xarici bazarda isə 36,2 faiz azalıb. Uzaq xarici ölkələrə ötən dövr ərzində 2021-ci illə müqayisədə 44,6 milyard kubmetr az - 78,5 milyard kubmetr qaz ixrac olunub.

Təbii ki, sanksiyalar səbəbindən enerji məhsullarının ixracının azalması Rusiya iqtisadiyyatında öz izlərini buraxmaqdadır. Şimal qonşumuzda bu ilin ikinci rübündə ÜDM 4.3 faiz azalıb. Rusiya Mərkəzi Bankının proqnozuna görə, üçüncü rübdə sanksiyalara məruz qalan iqtisadiyyat daha 7 faiz kiçiləcək. Eyni zamanda, artan təzyiqlər qarşısında bu ölkənin milli valyutası da kəskin dəyər itirməkdədir.

Avropanın acınacaqlı durumu

Bu gün Aİ məkanında hamı etiraf edir ki, enerji təchizatına yaranan təhdidlər “qoca qitə”nin başı üstündən asılan “demokl qılıncı”na bənzəyir. Sanksiyaların tətbiqindən sonra “qoca qitə”də enerji resurslarının çatışmazlığı səbəbindən yaşanan ajiotaj səngimək bilmir. Avropa İttifaqı məkanında yanacaq çatışmazlığı, necə deyərlər, qapını gözlənilmədən döydü. Burada sənayenin və əhalinin yanacaq istehlakı əsasən qaza fokuslanmışdı. Enerji transformasiyası ilə bağlı ideyalar olsa da və müəyyən proqramlar hazırlansa da, hələlik onların praktikada geniş miqyasda tətbiqinə başlamaq mümkün olmamışdı. Hazırda Aİ məkanında təbii qaz enerji istehlakının əsas seqmentini təşkil edir (dörddə bir faiz). “Qoca qitə”nin təbii qaza illik tələbatı təxminən 400 milyard kubmetrə bərabərdir. Bu həcmdə istehlakın 90 faizi idxal hesabına qarşılanır.  İndi bu həcmin yarıya qədərini itirmək təhlükəsi və yaxud başqa mənbələrdən əvəzləmək məcburiyyəti qarşısında qalan “qoca qitə”nin ağır durumunu təsəvvür etmək çətin deyil.

Təbii ki, Rusiyadan qaz ixracı həcmlərinin azalması səbəbindən yaranan çətinlikləri bütün Qərb ölkələri eyni cür qarşılamır. ABŞ-ın, Böyük Britaniyanın idxalında Rusiyanın enerji məhsullarının çəkisi az olub. Buna görə də həmin ölkələr üçün başqa mənbələrdən enerji məhsullarının idxalını həyata keçirmək daha asandır. Ancaq elə ölkələr var ki, onların enerji məhsulları ilə təchizatında Rusiya dominant mövqeyə malikdir. Məsələn, Mərkəzi və Şərqi Avropa ölkələrində bu asılılıq 80-100 faiz arasında dəyişir. Almaniyada da vəziyyət ürəkaçan deyil.  Verilən məlumatlara görə, bu ölkə Rusiyadan öz idxalının 55 faizi həcmində - ildə 50 milyard kubmetr qaz idxal edir. Almaniyanın gündəlik əsasda Rusiyadan qaz idxalı üçün ödənişləri 200 milyon avroya çatır. Almaniya da  “yaşıl enerji”yə keçidi hədəfləsə də, bu, yaxın perspektivdə mümkünsüz görünür.

Avropada maye yanacağa tələbatın qarşılanmaması fonunda elektrik enerjisinə tələbat və paralel şəkildə qiymətlər artır. Ayrı-ayrı ölkələr bu qış mümkün elektrik çatışmazlıqları ilə üzləşəcəklərini açıq şəkildə ictimaiyyətə elan ediblər. Bəzi ölkələr isə əsas tələbatın qarşılana bilməsi üçün müxtəlif sənaye sahələrinə tədarükü limitləməyi nəzərdə tutublar. Almaniyada elektrik enerjisinin  6,4 faiz bahalaşdığı bildirilir. Artıq bu ölkədə elektrik enerjisinin qiyməti hər meqavat/saat üçün 508 avroya çatıb. Avqustda zəif ticarətlə üzləşən Fransada elektrik enerjisinin qiyməti  bir meqavat/saat üçün 636,50 avro ilə rekord həddə çatıb.

Bu kimi reallıqlardan çıxış edən mütəxəssislər və analitiklər vəziyyətin qışa doğru daha da kəsginləşəcəyinin anonsunu verirlər. Hələ bir müddət bundan əvvəl Avropanın ən böyük enerji şirkəti sayılan Almaniyanın RWE AG şirkətinin təmsilçiləri təkidlə ölkələrini Rusiyadan enerji məhsullarının idxalını dayandırmaqdan çəkindirməyə çalışırdılar və bunun əhaliyə, sənayeyə ciddi zərər vuracağını əsaslandırırdılar. “Təəssüf ki, biz əsasən enerji sektorunda, Avropanın, xüsusilə də Almaniyanın Rusiyadan yüksək asılılığını etiraf etməliyik”, - deyə RWE-nin baş direktoru Markus Krebber bildirib. O qeyd edib ki, Rusiya Federasiyasından enerji idxalının dərhal dayandırılması Almaniyada yaşayış binalarının qızdırılması üçün ağlasığmaz nəticələrə səbəb olacaq. Bundan əlavə, elektrik enerjisinin uzun müddət kəsilməsi sənaye istehsal müəssisələri, həmçinin kiçik və orta biznesə uzunmüddətli ziyan vuracaq.

Analitiklərin Avropanın nüfuzlu nəşrlərində dərc etdirdikləri materiallarda vurğulanır ki, enerji xərclərinin artması şüşə və metal istehsalçılarını sıxıntıya salıb. Sink və qurğuşun üzrə bazarda lider olan, mis, qızıl və gümüş kimi digər qiymətli metallarda isə artan mövqeyə sahib multi-metal biznes “Nyrstar NV” açıqlayıb ki, sentyabrın əvvəlində Niderlanddakı Budel Sink Zavodunu qapatmalı olacaq. Müəssisə indidən işçi ixtisarlarına başlayıb. Bu, Avropanın ən böyük zavodlarından biridir. “Oxford Economics”-in baş iqtisadçısı Daniel Kralın sözlərinə görə, qiymət artımları nə qədər uzun çəksə, iqtisadiyyata təsiri bir o qədər çox hiss ediləcək. O bildirib ki, böhranın miqyası son bir neçə onillikdə heç nə ilə müqayisə oluna bilməz.

Antiböhran planı nəticə verəcəkmi?

Mayın 18-də Avropa Komissiyası özünün “REPowerEU” planını təqdim etdi. Bu sənədi Aİ-nin antiböhran tədbirlərinin toplusu kimi də səciyyələndirirlər. Sənəd enerji istehlakının azaldılması, bioqaz, biometan və hidrogenin yerli istehsalının artırılması, qaz infrastrukturunda zəruri dəyişikliklərin aparılması kimi müddəaları özündə ehtiva edir. Bütövlükdə, 5 istiqəmətdə müxtəlif tədbirlərin görülməsi hədəflənib. Burada enerji istehlakına qənaət qırmızı xətt kimi müəyyənləşdirilib. Plandakı hesablamalara əsasən əhali tərəfindən evlərdə enerjiyə qənaət 2022-ci ildə 15.5 milyard kubmetr təbii qazı əvəz edə bilər. Bərpa olunan enerjiyə sürətli keçidin təmin olunması qarşıya qoyulan əsas hədəflərdən biridir. Bundan başqa, sənəddə enerji mənbələrinin diversifikasiyası, “ağıllı” investisiyalar qoyuluşu, hazırlığın gücləndirilməsi kimi hədəflər də yer alıb. Avropa Komissiyasının hazırladığı plan perspektivdə “qoca qitə”nin enerji təhlükəsizliyinin etibarlı şəkildə təmin olunacağına müəyyən ümidlər yaratsa da, vaxt məhdudluğu narahatlıq yaradır. Sərt qışın qapını döyməsinə az qalıb. Layihələrin reallaşdırılmasına isə ən yaxşı halda bir neçə il lazım gələcək.

Paylaş:
Baxılıb: 156 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Sosial

Xəbər lenti

Xəbər lenti

Dünya Ürək Günüdür

29 Sentyabr 10:30

Prezident bu gün

Prezident bu gün

29 Sentyabr 10:21

Sosial

Elektron, yoxsa auksion?

29 Sentyabr 10:19

Xəbər lenti

Siyasət

Gündəm

İkinci zəng...

29 Sentyabr 09:52

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30