Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Azərbaycanla Avropa arasında...

Azərbaycanla Avropa arasında...

06.09.2022 [10:00]

Enerji dialoqu genişlənir

Prezident İlham Əliyev: Biz Avropaya təbii qaz ixracını iki dəfə artırmağı planlaşdırırıq və əminəm ki, buna nail olacağıq

Mübariz ABDULLAYEV

Hazırkı geosiyasi gərginliklər fonunda ölkələrin enerji təhlükəsizliyi məsələsinin aktuallığı daha da artıb. Biz aydın şəkildə müşahidə edirik ki, enerji amili bir sıra hallarda istər istehlakçılar, istərsə də təchizatçılar tərəfindən bir-birinə qarşı siyasi təzyiq vasitəsinə çevrilir. Bu da nəticə olaraq tərəflər üçün bir sıra ciddi çətinliklər yaradır. Ədalətli enerji siyasəti həyata keçirən Azərbaycan isə qlobal miqyasda özünü etibarlı tərəfdaş kimi təsdiqləyib. Buna görə də bu gün özünün enerji təhlükəsizliyinə ciddi təhdidlər hiss edən Avropa ölkələri Azərbaycanla enerji əməkdaşlığına böyük maraq göstərirlər. Ölkəmizin Avropanın enerji təhlükəsizliyində artan rolu sentyabrın 2-də İtaliyanın Çernobbio şəhərində “The European House - Ambrosetti” beyin mərkəzi tərəfindən “Dünya, Avropa və İtaliyaya baxış” və “Rəqabətli strategiyalar üçün bu günün və sabahın ssenarisi” mövzusunda keçirilən 48-ci Beynəlxalq Çernobbio Forumunda xüsusi vurğulanıb. Azərbaycan Prezidenti İlham Əliyev İtaliya Prezidenti Sercio Mattarellanın, İtaliya Nazirlər Şurasının Sədri Mario Draqinin və “The European House - Ambrosetti” beyin mərkəzinin dəvəti ilə beynəlxalq forumda əsas qonaq qismində iştirak edib. Forumun plenar iclasında “Enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu” mövzusunda çıxış edən dövlətimizin başçısı Azərbaycanın ardıcıl səciyyə daşıyan enerji siyasəti barədə ətraflı məlumat verib. İndiki reallıqlar fonunda ölkələrin enerji təhlükəsizliyinin təmin olunmasının önəminə diqqət çəkən Prezident İlham Əliyev “Aydındır ki, enerji təhlükəsizliyi milli təhlükəsizlikdir. Ukraynada müharibə başlayandan sonra bu, hər zamankından daha aydındır”, - deyə vurğulayıb.

Azərbaycanın “Əsrin müqaviləsi”ndən başlayan enerji strategiyası

Beynəlxalq forumda Prezident İlham Əliyev respublikamızda müstəqillik illərində uğurla reallaşdırılan enerji strategiyasının ayrı-ayrı mərhələləri, keçilən yol barədə ətraflı məlumat verib.  Azərbaycanda neftçıxarmanın tarixi çox qədimdir. Dünyada sənaye üsulu ilə neft hasilatına məhz Bakıda başlanıb. Azərbaycan neftçilərinin dünya neft sənayesinə bəxş etdiyi ilklərdən biri də dənizdə neftçıxarmanın təməlinin qoyulması ilə bağlıdır. Lakin uzun illər ərzində quruda və dənizdə neft hasilatının respublikamıza, xalqımıza böyük ölçüdə xeyiri olmamışdır. Əksinə, yataqların  ekoloji normalar gözlənilmədən istismarı və heç bir reabilitasiya tədbirləri görülməməsi səbəbindən yarımadada torpaqlar və dəniz hədsiz dərəcədə çirklənib. Necə deyərlər, illər boyunca “qara qızıl”ın adı Azərbaycanın, dadı, mənfəti isə özgələrinin olub.

Yalnız müstəqillik illərində respublikamız və xalqımız özünün təbii sərvətlərinin sahibinə çevrildi. Müstəqil Azərbaycanın ulu öndər Heydər Əliyevin işləyib hazırladığı və təməlini qoyduğu yeni neft strategiyası mərhələlərlə reallaşdırılıb. Hər mərhələdə dövrün reallıqları, çağırışları mütləq nəzərə alınıb ki, bu da milli neft strategiyamızın uğurlarını şərtləndirir. Prezident İlham Əliyevin vurğuladığı kimi, 1994-cü ildə müstəqilliyimizin bərpasından, sadəcə, üç il keçmişkən ilkin mərhələdə biz dünyanın aparıcı enerji şirkətlərini Xəzər dənizində çalışmağa dəvət edən ilk ölkə olduq. 1994-cü il sentyabrın 20-də ölkəmizlə transmilli şirkətlər arasında  “Azəri-Çıraq-Günəşli” dəniz neft-qaz yataqları blokunun kəşfiyyatı və işlənməsi üzrə “Əsrin müqaviləsi”nin imzalanması ilə neftçıxarma tariximizdə yeni səhifə açıldı. “Əsrin müqaviləsi”nin texniki parametrləri kifayət qədər genişdir. Dəyəri 7,4 milyard dollar olan “Əsrin müqaviləsi”ndə dünyanın 7 ölkəsini (Azərbaycan, ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Norveç və Səudiyyə Ərəbistanı) təmsil edən 11 beynəlxalq neft şirkəti (Amoco, BP, McDermott, UNOCAL, ARDNŞ, Lukoil, Statoil, Türkiyə Petrolları, Pennzoil, Ramco, Delta) iştirak edib. İlkin hesablamalara görə, “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsində çıxarıla bilən neft ehtiyatı 511 milyon ton olsa da, sonralar yeni qiymətləndirmələrə əsasən neft ehtiyatı 1.072 milyard ton həcmində müəyyən edilib.

“Əsrin müqaviləsi” imzalandıqdan az sonra Azərbaycan Avropa bazarına, əsasən də İtaliyaya neft ixrac edən ölkəyə çevrilib. Belə ki, 1997-ci ilin sonlarında Xəzər sahillərindən neftin Bakı-Novorossiysk kəməri ilə Qara dənizə ixracına başlanılıb. Lakin açıq dənizə çıxışı olmayan ölkə olaraq Azərbaycanın yeni ixrac boru kəmərlərinə ehtiyacı var idi. Qısa müddətdə respublikamız iki strateji neft boru kəmərinin inşasına nail oldu. 1999-cu ildə Qara dənizin digər limanına - Supsaya Bakıdan neft kəməri çəkildi. 1999-cu ilin dekabrında Azərbaycan nefti ilə doldurulmuş ilk tanker bu alternativ kəmərlə dünya bazarlarına çıxarılıb. 2002-ci ildə ümummilli lider Heydər Əliyevin davamlı səyləri nəticəsində “Əsrin müqaviləsi”ndə nəzərdə tutulan, lakin çoxlarının əfsanə və ya kağız üzərində kəmər hesab etdiyi əsas neft kəmərinin - Bakı-Tbilisi-Ceyhanın təməli qoyulub. Qlobal əhəmiyyət kəsb edən kəmər Azərbaycanın enerji dəhlizinə çevrilməsi istiqamətində mühüm addım idi. 2005-ci il mayın 25-də Prezident İlham Əliyevin iştirakı ilə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin açılış mərasimi keçirilib, 2006-cı ildə Türkiyənin Ceyhan limanından Azərbaycan neftinin nəqlinə başlanılıb. “Biz iki strateji neft boru kəmərinin inşası ilə Avrasiyanın enerji xəritəsinin dəyişdirilməsi prosesində təşəbbüsü üzərimizə götürdük. Biri Türkiyənin Aralıq dənizi sahilindəki limana qədər uzanır, digəri isə Gürcüstanın Qara dəniz sahilindəki limana qədər. Beləliklə, biz Qara dəniz bazarı və dünya bazarlarına təchizatı şaxələndirməyə nail olduq”, - deyə Prezident İlham Əliyev vurğulayıb.

Mavi yanacaq ölkəsi

Azərbaycanın enerji strategiyasının ikinci mərhələsi nəhəng qaz yataqlarının istismarı ilə bağlıdır. Müstəqil Azərbaycanın “Əsrin müqaviləsi”ndən sonra transmilli şirkətlərlə imzaladığı ikinci böyük kontrakt “Şahdəniz” qaz yatağı üzrədir. Xatırladaq ki, bu kontrakt 1996-cı il iyulun əvvəlində Xəzər Neft-Qaz Sərgisinin keçirildiyi gündə imzalanıb. Bütövlükdə Azərbaycanın təsdiq edilmiş mavi yanacaq ehtiyatlarının həcmi 2,6 trilyon kubmetrə bərabərdir. Azərbaycan qazını xarici istehlakçılara çatdırmaq üçün 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri istismara verilib. “Şahdəniz” yatağının birinci mərhələsi çərçivəsində hasil edilən qazın bu kəmərlə ixracına başlanıb. Bununla da Azərbaycan özünü dünyada həm də mavi yanacaq ölkəsi kimi təsdiqləməyə başlayıb. Lakin “Şahdəniz” və digər yataqların zəngin ehtiyatlarının Avropaya çatdırılması üçün daha böyük həcmli yeni dəhlizin yaradılmasına ehtiyac var idi. Beləliklə, respublikamız özünün böyük qaz həcmlərini ixrac etmək və Avropanın enerji təhlükəsizliyinə yeni töhfələr vermək məqsədilə Cənub Qaz Dəhlizinin yaradılması təşəbbüsünü irəli sürüb. Cənub Qaz Dəhlizi ideyası Azərbaycanın iradəsi və liderliyi sayəsində reallığa çevrilməyə başlayıb. 2011-ci ildə Azərbaycan və Avropa Komissiyası arasında Cənub Qaz Dəhlizi layihəsi üzrə Birgə Bəyannamə imzalanıb və bu, həmin layihənin icrasının başlanğıc mərhələsi olub.

Açıq dənizə çıxışı olmayan Azərbaycanı Aralıq və Adriatik dənizləri ilə birləşdirən layihə bir vaxtlar çoxlarına xəyal kimi görünsə də, artıq reallıqdır. Cənub Qaz Dəhlizi üç boru kəmərindən ibarət inteqrasiya edilmiş boru kəmərləri sistemidir - Cənubi Qafqaz boru kəməri, Trans-Anadolu (TANAP) boru kəməri və Trans-Adriatik (TAP) boru kəməri. TAP İtaliyaya qədər uzanır. Cənub Qaz Dəhlizi 3500 kilometr uzunluğunda mürəkkəb texniki infrastrukturdur. Onun bir hissəsi hündür dağlardan, bir hissəsi isə dənizin dibindən keçir. 2020-ci ilin son günü - dekabrın 31-də layihənin yekun hissəsi olan TAP istifadəyə verildi. Həmin dövrdən etibarən bir il yarımdır ki, Azərbaycan Türkiyə və Gürcüstandan əlavə, Avropanın üç dövlətinə təbii qaz ixrac edən ölkəyə çevrilib. Bir il yarım ərzində artıq Avropaya 13,5 milyard kubmetr qaz nəql edilib ki, onun 11,7 milyard kubmetri İtaliyanın payına düşür.

Azərbaycanın ixrac potensialı isə daha böyükdür. Cari ildə ixrac həcminin artırılması və İtaliya bazarına 10 milyard kubmetr qaz nəql edilməsi planlaşdırılır. Ölkənin ümumi mavi yanacaq ixracının həcminin 22 milyard kubmetri ötəcəyi gözlənilir. Ötən ay Bakıda Prezident İlham Əliyev və Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumu imzalayıblar. Bunu ölkəmizin enerji resurslarının daha da inkişaf etdirilməsi istiqamətində atılmış çox vacib addım kimi dəyərləndirən Prezident İlham Əliyev vurğulayıb: “Mən bunu gələcək fəaliyyətimizin yol xəritəsi adlandırdım. Biz Avropaya təbii qaz ixracını iki dəfə artırmağı planlaşdırırıq və əminəm ki, buna nail olacağıq. Bunun üçün isə vacib addımlar atılmalıdır - siyasi qərarlar, texniki tədbirlər və əlbəttə ki, sərmayə. Çünki Cənub Qaz Dəhlizinin müxtəlif seqmentlərinin imkanları fərqlidir. TANAP-ın ötürmə qabiliyyəti 16 milyard kubmetrdir. Biz onu 32 milyard kubmetrə çatdırmağı planlaşdırırıq. TAP-ın ötürmə qabiliyyəti 10 milyard kubmetrdir, hazırda o, tam gücü ilə işləyir və biz onun imkanlarını ən azı 20 milyard kubmetrə çatdırmalıyıq. Bu, əlbəttə ki, əlavə maliyyə vəsaiti tələb edir. Biz bir ölkə və investor olaraq buna hazırıq. Lakin burada komandamızın digər üzvlərinin də iştirakı zəruridir”.

Bərpa olunan enerji mənbələrinə sərmayələr

Azərbaycanın enerji strategiyasının növbəti üçüncü mərhələsi ölkənin zəngin bərpa olunan enerji potensialından istifadə olunmasını özündə ehtiva edir. Müasir dövrdə dünya üzrə meydana çıxan əsas çağırışlardan biri enerji keçidinin təmin edilməsi ilə bağlıdır. Yeni geosiyasi reallıqlar fonunda Avropa İttifaqı ölkələrində enerji transformasiyasının sürətləndirilməsinə və bunun üçün bir sıra zəruri tədbirlərin görülməsinə başlanıb. Avropa Komissiyasının hazırladığı və hazırda reallaşdırılmaqda olan xilas planında enerji keçidi ilə bağlı mühüm müddəalar yer alıb. Müasir dövlət kimi inkişaf edən Azərbaycan da özünün bərpa olunan enerji potensialından səmərəli şəkildə istifadə etməyi planlaşdırır. O cümlədən perspektivdə Azərbaycanla Avropanın enerji dialoqu yalnız nefti və qazı deyil, həm də enerji bazarının digər seqmentlərini, xüsusilə də elektrik enerjisini, hidrogen və yaşıl hidrogen enerjisini əhatə edəcək. Respublikamızın bərpa olunan enerji potensialı kifayət qədər böyükdür. Bu sahədə Xəzərin Azərbaycan sektorunda təsdiq olunmuş potensialı 157 qiqavata bərabərdir.

Azərbaycanın 44 günlük Vətən müharibəsində işğaldan azad etdiyi ərazilər də bərpa olunan enerji mənbələri ilə kifayət qədər zəngin bir diyardır. İlkin dəyərləndirmələrə əsasən, bəhs olunan ərazilərdə külək, günəş və hidroenerji stansiyalarının potensialı 10 qiqavatdan çoxdur. Azərbaycan artıq bu zəngin potensialın reallaşdırılması mərhələsindədir. Müharibə başa çatandan sonra sözügedən ərazilərdə bir neçə bərpa olunan enerji stansiyasının istismarına başlanıb, çayların üzərində yeni enerji infrastrukturunun yaradılması da intensiv şəkildə davam etdirilir. Əlamətdar haldır ki, ayrı-ayrı xarici şirkətlər də respublikamızda bərpa olunan enerji sektoruna böyük həcmlərdə investisiyalar yönəltməyə başlayıblar. Bu barədə forum iştirakçılarını məlumatlandıran Prezident İlham Əliyev bildirib: “Sizə deyə bilərəm ki, biri Səudiyyə Ərəbistanı, biri Birləşmiş Ərəb Əmirliyi və digəri isə Birləşmiş Krallıqdan üç aparıcı enerji şirkəti artıq investisiya yatırır və onlar yenilənə bilən üç enerji stansiyasına yatırım etməyə davam edəcəklər. Bu stansiyaların ümumi gücü 700 meqavatdan çoxdur. Bu, bizə ixrac üçün əlavə qaz tədarük etməyə kömək edəcək. Bu isə bizim ixrac potensialımızı gücləndirəcək”.

Avropa İttifaqı məkanına elektrik enerjisi ixracı Azərbaycanın gündəliyinə nisbətən yeni daxil olan bir məsələdir. Hazırda bununla bağlı əsas müzakirə mövzularından biri ixrac marşrutunun seçilməsi ilə bağlıdır. Azərbaycanın enerji sistemini Gürcüstan, Türkiyə və Bolqarıstan üzərindən Aİ məkanı ilə əlaqələndirməyə imkan verən infrastruktur mövcuddur. Burada müəyyən işləri görməklə ölkəmizdən Avropaya elektrik enerjisi ixracının həcmini artırmaq mümkündür. Digər bir marşrut isə enerji təchizatı üzrə geniş potensialı olan Zəngəzur dəhlizini əhatə edə bilər. Bu dəhliz üzrə avtomobil yolu, dəmir yolu işləyəcəksə, niyə də elektrik enerjisi xətti də inşa olunmasın?

Paylaş:
Baxılıb: 493 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Sosial

Genetik kodumuz...

25 Aprel 11:15

Sosial

Gündəm

Gündəm

Gündəm

Tarixdən bu günə

25 Aprel 10:00

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30