Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Düşmənə göz dağı, Vətənə qürur mənbəyi!

Düşmənə göz dağı, Vətənə qürur mənbəyi!

07.09.2022 [09:55]

Prezident İlham Əliyev:

Biz, qarşıdan gələn dövrdə də müasir silah, hərbi texnika, döyüş sursatı, arxa xidmət əmlakı və digər maddi vasitələrin istehsalına xüsusi diqqət yetirməklə Azərbaycan Silahlı Qüvvələrini və ölkəmizin müdafiə qabiliyyətini daha da gücləndirəcəyik

Mübariz ABDULLAYEV

Dünən Bakıda 4-cü Azərbaycan Beynəlxalq Müdafiə “ADEX” və 13-cü Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə “Securex Caspian” sərgilərinin açılış mərasimi baş tutub. Respublikamızda ilk belə sərgi 2014-cü ildə keçirilib. Sonradan yeni növ koronavirus (COVID-19) pandemiyası səbəbindən “ADEX”in keçirilməsində məcburi fasilə yarandı. Budəfəki sərginin xüsusi önəmi ondan ibarətdir ki, tədbir 44 günlük Vətən müharibəsindən sonra ilk dəfə keçirilir. Sərgidə Azərbaycan Ordusunun Qələbəsində müstəsna rol oynamış ölkənin hərbi-sənaye kompleksində buraxılan və silahlanmaya cəlb edilən müasir silahlar nümayiş etdirilir. Yüksək texniki parametrləri ilə fərqlənən bu silahlar bir tərəfdən Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Zəfərə imza atan Ordumuzun maddi-texniki təchizatının yüksək səviyyəsi barədə konkret təsəvvür formalaşdırır, digər tərəfdən isə milli müdafiə sənayemizin geniş istehsal imkanlarını nümayiş etdirir.

“ADEX”ə artan maraq

Budəfəki “ADEX” sərgisinə beynəlxalq səviyyədə maraq kifayət qədər böyükdür. 208 şirkəti bir araya gətirən “ADEX” Bakı Ekspo Mərkəzinin üç pavilyonunu və açıq sahəsini əhatə edib. İştirakçılar arasında Bolqarıstan, Çin, Fransa, İtaliya, Niderland və digər ölkələrin müdafiə sektorunun aparıcı şirkətləri var. Tədbirə ilk dəfə İordaniyadan olan şirkətlər də qatılıb. Bu il sərgidə 8 ölkə milli stendləri ilə iştirak edir. Bir çox ölkələr öz milli ekspozisiyalarının sahələrini artırıblar. “ADEX-2022” sərgisində təyyarə və aviasiya sistemləri, dəniz gəmiləri və hərbi dəniz sistemləri, zirehli döyüş nəqliyyat vasitələri, radioelektron sistemlər, C4ISR, optik-elektron avadanlıq və sistemlər, pilotsuz sistemlər, hərbi geyim və ləvazimatlar, silah və sursat, simulyatorlar və təlim sistemləri, radiasiya, kimyəvi və bioloji müdafiə (RKB), hərbi təşkilatlar, ixracın təşviqi ilə məşğul olan müəssisələr və sair sektorlar təmsil olunur. “ADEX”lə paralel olaraq, keçirilən “Securex Caspian” sərgisində isə siqnalizasiya və əhalini xəbərdaretmə vasitələri, kriminalistik optik alətlər, qəza-xilasetmə vasitə və avadanlıqları, yanğın təhlükəsizliyi avadanlığı və sair bölmələr təqdim olunur.

Budəfəki sərgiyə beynəlxalq səviyyədə böyük maraq göstərilməsi isə heç də təsadüfi deyildir. Qeyd etdiyimiz kimi, sərgi Azərbaycanın böyük Zəfəri ilə başa çatan 44 günlük müharibədən sonra ilk dəfə keçirilir. Vətən müharibəsində şanlı Qələbəmiz asanlıqla əldə olunmayıb. İşğaldan təmizlənən ərazilərdə çəkilən foto və video materiallardan görünür ki, torpaqlarımızı geri qaytarmaq fikrində olmayan məkrli düşmən onilliklər ərzində burada güclü istehkamlar qurmuşdu. Bu istehkamların yaradılmasına böyük maliyyə vəsaiti xərclənib. İşğalçılar elə düşünürdülər ki, Azərbaycan Ordusu bu istehkamları heç vaxt keçə bilməyəcək. Bundan başqa, ərazinin dağlıq relyefi də, necə deyərlər,  əngəl yaradan amil idi. Ermənistanın hərbi birləşmələri işğala məruz qalan ərazilərdə yerləşən yüksəkliklərdə mövqe qurmuşdular. Bu yüksəkliklərdən isə ətrafdakı bütün ərazilər ovuc içi kimi görünürdü. Lakin Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə döyüşən Azərbaycan Ordusu möcüzə göstərdi və 44 gün ərzində düşməni diz çökdürdü, onun belini qırdı və  təslim olmağa məcbur etdi. Xatırladaq ki, Azərbaycan Ordusu Vətən müharibəsində 300-dən çox yaşayış məntəqəsini bilavasitə döyüş meydanında işğaldan azad etdi.

Ölkəmizin ərazi bütövlüyünün təmin olunması ilə nəticələnən bu müharibədə  Azərbaycan Ordusu bütün dünyaya yeni bir nümunə təqdim etdi. Bu, sözün əsl mənasında, XXI əsrin müharibəsi idi. Elə buna görə də ayrı-ayrı ölkələr Müzəffər Azərbaycan Ordusunun texniki təchizatına, milli müdafiə sənayemizin istehsal imkanlarına, “Made in Azerbaijan” brendi ilə buraxılan hərbi təyinatlı məhsullara böyük maraq göstərirlər və bu məhsullarla tanış olmaq istəyirlər. Prezident İlham Əliyev Dördüncü Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin iştirakçılarına ünvanladığı məktubunda Azərbaycan Silahlı Qüvvələrinin döyüş təcrübəsinin hazırda bütün dünyanın maraq dairəsində olduğunu məmnunluq və qürur hissi ilə diqqətə çatdıraraq vurğulayıb: “XXI əsrin müharibəsini aparmış Azərbaycan Silahlı Qüvvələrinin döyüş təcrübəsi bu gün inkişaf etmiş ölkələrin hərbi mərkəzlərində diqqətlə öyrənilir. Son dərəcə çətin relyef şəraitində ən müasir döyüş silahlarını tətbiq etməklə Azərbaycan Silahlı Qüvvələri düşmənin möhkəmləndirilmiş müdafiə xətlərini yarmış və sürətlə irəliləyərək cəmi 44 gün ərzində onu təslim olmağa məcbur etmişdir. Azərbaycanın tarixi qələbəsi göstərdi ki, hərbi sahədə qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün müasir ordu quruculuğu, ölkənin hərbi qüdrətinin yüksəldilməsi istiqamətində ardıcıl və məqsədyönlü tədbirlərin həyata keçirilməsi son dərəcədə əhəmiyyətlidir”.

Ordu quruculuğu davamlı proses kimi

Üç onillik ərzində müharibə şəraitində yaşamaq məcburiyyətində qalan respublikamızda ordu quruculuğu daimi prosesə çevrilib. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan Respublikası öz Silahlı Qüvvələrinin döyüş qabiliyyətinin artırılmasına və maddi-texniki bazasının gücləndirilməsinə daim xüsusi önəm verir.  Son 18 ildə ölkəmizdə Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq güclü, qarşıya qoyulan istənilən tapşırığı yerinə yetirməyə qadir olan ordunun yaradılması ilə bağlı davamlı şəkildə həyata keçirilən tədbirlər kompleks xarakter daşıyıb. Ölkəmizdə hər il dövlət büdcəsindən Orduya Ermənistanın ümumi büdcəsindən çox həcmdə maliyyə vəsaiti ayrılır.  Bütövlükdə, davamlı dövlət qayğısı sayəsində Azərbaycan Ordusunun maddi-texniki təchizatını yüksək səviyyəyə çatdırmaq mümkün olub.

Vətən müharibəsi göstərdi ki, Azərbaycan ötən dövrdə ordu quruculu ğunda müasir yanaşmalara və innovativ texnikalardan istifadə olunmasına üstünlük verib. Uzun müddət havadaqalma qabiliyyətinə malik və müasir peyk-naviqasiya sistemi ilə təchiz olunan “HERON”, ortaölçülü çoxməqsədli “HERMES 900”, “HERMES 450”, “HAROP”, “Bayraktar” pilotsuz uçuş aparatları Vətən müharibəsində düşmənin ölüm kabusuna çevrilmişdi. Prezident İlham Əliyev bir neçə dəfə vurğulayıb ki, indiki dövrdə istehsalçılardan müasir silahlar almaq heç də asan məsələ deyil. Ancaq Azərbaycan dövlət başçısının əlaqələri və nüfuzu sayəsində Ordunun maddi-texniki təchizatını yüksək səviyyəyə qaldırmağa nail olub. Hazırda Azərbaycan ordu quruculuğu baxımından dünyanın güclü ölkələrindəndir. Bu, nüfuzlu beynəlxalq reytinq agentliklərinin də hesabatlarında öz əksini tapıb. Həmin reytinq agentliklərinin dəyərləndirmələrinə əsasən Azərbaycanın Silahlı Qüvvələri dünyanın 50 ən güclü ordusu sırasında yer alır.

İlk baxışda elə düşünmək olar ki, Azərbaycan Vətən müharibəsində istəyinə nail olub, torpaqlarını işğaldan azad edib. Bu səbəbdən də Ordunun möhkəmləndirilməsini arxa plana keçirmək mümkündür. Ancaq yox, güclü ordu hər zaman müstəqilliyimizin, torpaqlarımızın qorunmasının qarantı qismində çıxış edir. Ermənistanda hələ də revanşist iddialar səsləndirilir. Bu kimi məqamlara diqqət çəkən Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, Azərbaycan Silahlı Qüvvələrinin möhkəmləndirilməsini bundan sonra da davam etdirəcəyik. “Biz, qarşıdan gələn dövrdə də müasir silah, hərbi texnika, döyüş sursatı, arxa xidmət əmlakı və digər maddi vasitələrin istehsalına xüsusi diqqət yetirməklə Azərbaycan Silahlı Qüvvələrini və ölkəmizin müdafiə qabiliyyətini daha da gücləndirəcəyik”, - deyə Prezident İlham Əliyev vurğulayıb.

Postmüharibə dövründə Ordumuzun silahlanmasına müxtəlif adda yeni texnikalar cəlb olunub. Hazırda Ordumuzun bölmələrinin müasir rəqəmsal rabitə vasitələri ilə təchizi həyata keçirilir. O cümlədən  işğaldan azad edilən ərazilərdə dislokasiya olunan bölmələrin idarə edilməsində dünyanın ən qabaqcıl ölkələrindən alınan rabitə texnika və vasitələrindən istifadə olunur. Ordumuzun silahlanmasına, həmçinin bir çox mobil rabitə kompleksləri də daxil edilib. Bu istiqamətdə görülən işlər yenə də davam etdirilir. Eyni zamanda Azərbaycan Ordusunun silahlanmasında olan döyüş texnikalarındakı rabitə vasitələri müasir radiostansiyalarla əvəzlənir. Cari ilin sonunadək bütün döyüş texnikalarının vahid sistemə çevrilməsi planlaşdırılır.

Qeyd edək ki, özünün maddi-texniki bazasını gücləndirən Silahlı Qüvvələrimiz postmüharibə dövründə də uğurlu əməliyyatlar həyata keçirməklə düşmənin təxribatlarının qarşısını qətiyyətlə alır və qarşı tərəfə “Dəmir yumruq”un həmişə yerində olduğunu göstərir. Uğurlu “Qisas” əməliyyatı buna nümunədir. Azərbaycan Ordusunun bölmələri “Qisas” cavab əməliyyatı nəticəsində Qırxqız,  Sarıbaba və bir sıra digər əhəmiyyətli hakim yüksəklikləri nəzarətə götürüb.

 Güclü milli müdafiə sənayesi

Qısa müstəqillik tarixində Azərbaycanın paralel şəkildə yerli müdafiə təyinatlı sənaye quruculuğuna nail olması, ölkəmizdə təxminən mindən çox hərbi təyinatlı məhsul istehsalını mənimsəməsi son dərəcə qürurverici haldır. Bir vaxtlar Azərbaycan Ordusunun silah-sursata olan tələbatı sırf ixrac hesabına ödənilirdi. Bu isə böyük həcmdə valyutanın xarici bazarlara axması demək idi. Prezident İlham Əliyevin 16 dekabr 2005-ci il tarixli Sərəncamına əsasən, Müdafiə Sənayesi Nazirliyinin (MSN) yaradılması ilə ölkəmizdə ordu quruculuğunda keyfiyyətcə yeni mərhələ başlayıb. Belə ki, yerli istehsalatların uğurlu fəaliyyəti nəticəsində artıq ordumuzun xarici silah bazarlarından asılılığı əhəmiyyətli dərəcədə azalıb. Ölkəmizdə hərbi-sənaye kompleksinə aid müxtəlif müəssisələr uğurla fəaliyyət göstərir. Bu müəssisələrdə aviasiya, naviqasiya, cihazqayırma və digər hərbi təyinatlı məhsulların istehsalı ildən-ilə genişləndirilir, eyni zamanda, ən yeni nəsil müasir texnologiyalar istehsalata tətbiq olunur. Qeyd edək ki, 2005-ci ildən bəri ölkənin hərbi-sənaye kompleksində istehsal olunan hərbi təyinatlı məhsulların çeşidi dəfələrlə artıb. Hazırda Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində buraxılan “Mübariz”, “İstiqlal”, “Yalquzaq”, “Yırtıcı” snayper tüfəngləri, müxtəlif növ atıcı avtomat silahları, tapançalar, minaatanlar, qumbaraatanlar, onların sursatları, optik cihazlar, “Matador” və “Marauder” tipli zirehli maşınlar, “Gürzə”, “Əqrəb”, “Bəbir” kəşfiyyat-patrul texnikası, “Orbiter” ailəsinin müxtəlif növ PUA-ları, “Aerostar”, “Zərbə” və “İtiqovan” tipli PUA-lar yüksək texniki imkanlara malikdirlər. Bu silahların bir çoxunun üstünlükləri Vətən müharibəsində öz təsdiqini tapdı.

Azərbaycan silahları dünya bazarlarında

Bir vaxtlar Azərbaycanın dünyanın silah bazarında öz məhsullarını təqdim edəcəyini heç təsəvvürə gətirmək belə mümkün deyildi. Ancaq indi bu, hər bir azərbaycanlıda qürur və güvən yaradan reallığa çevrilib. Respublikamız artıq 30-dan çox xarici ölkəyə müxtəlif adlarda silah-sursat ixracını həyata keçirir. “Ölkəmiz hərbi-texniki sahədə dünyanın qabaqcıl dövlətləri ilə əməkdaşlığını inkişaf etdirməklə yanaşı, milli müdafiə sənayesi sahəsində də imkanlarını genişləndirir. Hazırda Azərbaycan aviasiya, naviqasiya, cihazqayırma və digər istiqamətlər üzrə dünyanın 50-dən çox ölkəsinin aparıcı şirkətləri ilə sıx əməkdaşlıq edir, ölkəmizin müdafiə sənayesi müəssisələrində istehsal olunan məmulatların həcmi ildən-ilə artır”, - deyə Prezident İlham Əliyev qürur hissi ilə bildirib.

İndiyədək milli sənayemizdə buraxılan müdafiə təyinatlı hərbi məhsullar müxtəlif beynəlxalq sərgilərdə uğurla nümayiş etdirilib və onların ixracına dair xarici şirkətlərlə yeni müqavilələr imzalanıb. Cari il martın 28-31-də Malayziyanın Kuala Lumpur şəhərində keçirilən “DSA-2022” 17-ci Asiya müdafiə xidmətləri üzrə sərgi və konfransda Azərbaycanın Müdafə Sənayesi Nazirliyi də təmsil olunub. 45 ölkədən 350-dən çox yüksək səviyyəli nümayəndə heyətinin, 1170 qabaqcıl şirkətin qatıldığı “DSA-2022”də ölkəmizdə istehsalı mənimsənilən 110 adda müdafiə təyinatlı texnika nümayiş olunub.

Hərbi təyinatlı məhsullarımız, həmçinin qardaş Türkiyənin Samsun şəhərində bu günlərdə təşkil olunan Aerokosmik və texnologiya festivalında (TEKNOFEST) da təqdim olunub. TEKNOFEST-də sərgilənən Azərbaycanın Orbiter 1, Orbiter 1 KM (İti qovan), Orbiter 2 və Orbiter 3 PUA-ları tədbir iştirakçılarının böyük marağına səbəb olub.

Yeni hərbi məhsullar

Milli müdafiə sənayesinin müəssisələrində davamlı olaraq yeni məhsulların istehsalı mənimsənilir. Bu məhsulların istehsalında bir qayda olaraq innovativ texnologiyaların tətbiqinə üstünlük verilir. Bunlardan biri-12,7 millimetrlik, iriçaplı yeni müasir pulemyot “ADEX” sərgisində nümayiş olunub. Silah 2000 metrdən 3000 metrə qədər qısa və uzun qatarlarla atəş açma xüsusiyyətinə malikdir. Pulemyotun əsasən düşmənin canlı qüvvəsinin və yüngül istehkamlarının dağıdılmasında tətbiqi nəzərdə tutulur. Silahda 12,7 və 108 diametrli güllələrdən istifadə olunur.

Respublikamızda, həmçinin Müdafiə Sənayesi Nazirliyi və “Deftech” şirkəti tərəfindən yeni pilotsuz uçuş aparatları hazırlanıb. “ADEX”də nümayiş etdirilən  “Ovçu-G4”, “Turaz”, “Fatum” və “Tilt Rotor” pilotsuz uçuş aparatları 2022-ci ?? istehsalıdır. “Tilt Rotor” pilotsuz uçuş aparatı uzunmənzillidir, bununla yanaşı, yük daşıma imkanına da malikdir. “Fatum” isə kəşfiyyat təyinatlıdır, eyni zamanda, zərbə dronudur. Onun effektiv döyüş başlıqları 2 kq-dır, uçuş məsafəsi isə 10 km-ə bərabərdir. “Turaz” da kəşfiyyat xarakterli pilotsuz uçuş aparatıdır. Onun telemetriya sistemi 30-200 km arası təyinata uyğun olaraq təmin edilə bilir. “Ovçu-G4” isə infraqırmızı kamera ilə birləşdirilmiş minaatan (82 mm) buraxılış qurğusu ilə təchiz edilib.

Paylaş:
Baxılıb: 637 dəfə

Xəbər lenti

Hamısına bax

Dünya

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

Gündəm

Laçına gedən yolda...

25 Oktyabr 11:30  

Siyasət

Siyasət

İqtisadiyyat

Ədəbiyyat

Dünya

Analitik

Ədəbiyyat

Şənbə üçün nəzm

25 Oktyabr 08:25  

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31