Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / ŞƏT-də Azərbaycana verilən böyük önəm

ŞƏT-də Azərbaycana verilən böyük önəm

16.09.2022 [09:58]

Mübariz FEYİZLİ

Sentyabrın 15-də Özbəkistanın Səmərqənd şəhərində Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin Sammiti öz işinə başlayıb. Bu gün də davam edən tədbirə Azərbaycan və qardaş Türkiyənin prezidentləri də qatılıblar. Böyük coğrafiyanı əhatə edən ölkələri sıralarında birləşdirən ŞƏT-in bu-dəfəki sammiti beynəlxalq miqyasda böyük maraqla izlənilir ki, bu da təsadüfi deyildir. Sammitə qatılan ayrı-ayrı ölkələrin iqtisadi potensialı və siyasi nüfuzu kifayət qədər böyükdür. Bu kimi amillərə diqqət çəkən ekspertlər o qənaəti bölüşürlər ki, tədbirdə aparılan müzakirələr regionda və qlobal miqyasda yeni trendlərin yaranmasına, iqtisadi proseslərin tempinə və dizaynına öz təsirlərini göstərə bilər.

Təşkilatın yaranma tarixi

Keçmiş SSRİ dağıldıqdan sonra regionun beş dövləti- Rusiya, Çin, Qazaxıstan, Tacikistan və Qırğızıstan həmin ölkələri əhatə edən geniş coğrafiyada müşahidə edilən bir sıra arzuolunmaz proseslərə qarşı mübarizədə səylərini uzlaşdırmaq və qarşılıqlı etimad mühiti formalaşdırmaq məqsədilə eyni çətir altında birləşməyə qərar verdilər. Beləliklə, sözügedən ölkələrin dövlət başçılarının 1996-cı ildə Çinin Şanxay şəhərində keçirilən görüşündə ŞƏT-in əsası qoyuldu. Görüşdə dövlət başçılarının sammitlərinin müntəzəm keçirilməsi və etimad tədbirlərinin gücləndirilməsini özündə ehtiva edən saziş imzalandı. İlk vaxtlarda təmsilçi ölkələrin sayı əsas götürülməklə qurum “Şanxay beşliyi” kimi də adlandırılırdı. 2001-ci ilin iyununda “Şanxay beşliyi”nin sıraları genişləndi. Belə ki, yenə də Çinin Şanxay şəhərində dövlət başçıları səviyyəsində keçirilən sammitdə bu dəfə beşliyə Özbəkistan da daxil olmaqla Şanxay Əməkdaşlıq Təşkilatının yaradılması haqqında deklarasiya imzalandı.

Sənəddə qarşılıqlı əməkdaşlığın daha yüksək səviyyəsinə keçid hədəflənirdi. ŞƏT-in məqsədləri sırasında iştirakçı dövlətlər arasında mehriban qonşuluq və dostluq, qarşılıqlı etimadın güclənməsi, müxtəlif sahələrdə effektiv əməkdaşlığın təşviqi, regionda sülhün, sabitlik və təhlükəsizliyin təmin edilməsi üçün birgə səylərin dəstəklənməsi kimi məsələlər yer alır. Deklarasiyada bəyan edilir ki, Mərkəzi Asiyada sülh, sabitlik və təhlükəsizliyin təmin olunması ilə yanaşı, siyasi, iqtisadi-ticarət, elmi-texniki, mədəniyyət, təhsil, energetika, nəqliyyat, ekologiya və digər səhələrdə əməkdaşlığın inkişaf etdirilməsi də ŞƏT-in əsas missiyalarını təşkil edir. 

İqtisadi sahədə əməkdaşlığın genişləndirilməsi üçün şərait yaradılması, bu məqsədlə imkanların təqdim olunması və fəaliyyətlərin uzlaşdırılması da ŞƏT-in əsas prioritetləri sırasında yer alır. Üzv dövlətlər ikitərəfli və çoxtərəfli əməkdaşlıq çərçivəsində qarşılıqlı ticarəti və investisiya qoyuluşunu genişləndirirlər. İndiyədək ŞƏT çərçivəsində üzv dövlətlərin iqtisadi potensialından istifadə edilməsini, qlobal iqtisadiyyata sıx inteqrasiyanı hədəfləyən sənədlər qəbul olunub. Eyni zamanda, ŞƏT-ə üzv dövlətlərin səlahiyyətli nümayəndələri region ölkələri arasında ticarət-iqtisadi əməkdaşlığın inkişafına təkan verəcək beynəlxalq avtomobil daşımaları üçün əlverişli şəraitin yaradılması haqqında hökumətlərarası saziş imzalayıblar.

ŞƏT-in genişlənməsi

ŞƏT-ə üzv dövlətlərin ümumi ərazisi 30 milyon km 2 (Avrasiya ərazisinin 3/5), əhalisi isə 1,5 milyard nəfərdir (dünya əhalisinin 1/4). Qurumun genişlənmə siyasəti davamlı səciyyə daşıyır. Təşkilat öz sıralarını genişləndirməklə əməkdaşlıq imkanlarını artırmağı hədəfləyib. Eyni zamanda, ŞƏT-də təmsilçilik ayrı-ayrı ölkələr üçün də kifayət qədər cəlbedicidir. Bu, yeni investisiya imkanları, daha böyük idxal-ixrac bazarlarına çıxışın asanlaşması və digər üstünlüklər deməkdir. Səmərqənddə keçirilən son Sammitədək ŞƏT-də 8 üzv dövlət (Qazaxıstan, Çin, Rusiya, Qırğızıstan, Özbəkistan, Tacikistan, Pakistan, Hindistan), 4 müşahidəçi üzv (Əfqanıstan, İran, Monqolustan, Belarus) və 9 dialoq tərəfdaşı (Azərbaycan, Türkiyə, Şri-Lanka, Kamboca, Nepal, Ermənistan, Misir, Qətər, Səudiyyə Ərəbistanı) təmsil olunurdu. Səmərqənddə İran da Şanxay Əməkdaşlıq Təşkilatına  üzv olmaq üçün memorandum imzalayıb. Sənəd sentyabrın 15-də ŞƏT-in Səmərqənddə baş tutan Zirvə toplantısı çərçivəsində İranın xarici işlər naziri Əmir Abdullahian ilə təşkilatın Baş katibi Çzan Min arasında imzalanıb.

Nazir bildirib ki, İran hökuməti bütün prosedur qaydalara əməl edib və müvafiq sənədləri, eləcə də imzalanan memorandumu təsdiq olunması üçün parlamentə təqdim edəcək. Onun sözlərinə görə, İranın bu təşkilata üzv olması onun iqtisadi inkişafına təkan verəcək. Həmçinin Şanxay Əməkdaşlıq Təşkilatı da İranın iqtisadi potensialından istifadə edərək qüdrətli beynəlxalq təşkilata çevriləcək. İran bu qurumla enerji, nəqliyyat, ticarət və tranzit sahələrində daha sıx əməkdaşlıq edəcək.

Qardaş Türkiyə həmişə bu təşkilatda tərəfdaş kimi iştirak edir. Türkiyənin dünyadakı siyasi nüfuzu və iqtisadi qüdrəti onu təşkilatın tərəfdaşına çevirib. Türkiyə ŞƏT-in bütün tədbirlərinə dəvət alır və təşkilatda söz sahibidir. Hindistan və Pakistan 2005-ci ildən ŞƏT-ə tamhüquqlu üzv olublar. Həmin il İran təşkilatda müşahidəçi statusu almışdı. Sentyabrın15-də isə İranın ŞƏT-ə tamhüquqlu üzv olması üçün əsaslı addım atılıb.

Azərbaycanın ŞƏT-də təmsilçiliyi

Yuxarıda qeyd olunduğu kimi, bir sıra ölkələrlə yanaşı, Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatının dialoq üzrə tərəfdaşı statusu daşıyır. Prezident İlham Əliyev 17 may 2016-cı il tarixində “Azərbaycan Respublikasına Şanxay Əməkdaşlıq Təşkilatının dialoq üzrə tərəfdaşı statusunun verilməsi haqqında” 2016-cı il martın 14-də Pekin şəhərində imzalanmış Memorandumu təsdiqləyib. Respublikamız həmin tarixdən etibarən ŞƏT-in tədbirlərində fəal iştirak edir və qurumla əməkdaşlığı genişləndirir. ŞƏT ilə əməkdaşlıq istiqamətləri arasında təşkilatın ənənəvi prioritet sahələri olan və Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edən terrorizm, ekstremizm və separatizm ilə mübarizə, regional təhlükəsizliyin və sabitliyin təminatı müəyyənləşdirilib. Həmçinin ölkəmizin beynəlxalq müstəvidə mühüm rol oynadığı sivilizasiyalararası dialoq, multikulturalizm və tolerantlığın təşviqi sahələri də diqqət mərkəzində olan məsələlərdəndir. Azərbaycanın təşkilatla əməkdaşlıqda qazandığı hörmətin göstəricisidir ki, 2021-ci ildə ŞƏT-in Pekindəki mənzil-qərargahında Azərbaycanın dahi şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyi qeyd edilib, qərargahın binasında dahi şairin büstü ucaldılıb. Qeyd edək ki, dahi Nizami Gəncəvi Çin filosofu Konfusidən sonra ŞƏT-in qərargahında büstü qoyulmuş ikinci tarixi şəxsiyyətdir.

Prezident İlham Əliyevin ŞƏT-in Səmərqənddə keçirilən Sammitə qatılması ölkəmizlə təşkilat arasında qarşılıqlı dialoqun yüksək səviyyədə olduğunu bir daha təsdiqləyir. Xəbər verildiyi kimi, dövlətimizin başçısı Sammitdə Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin dəvəti ilə fəxri qonaq qismində iştirak edir. Bu, Azərbaycan Prezidentinin iyunda dövlət səfərindən sonra 2022-ci ildə dost Özbəkistana ikinci səfəridir. Özbəkistan Prezidentinin dövlətimizin başçısına Sammitdə fəxri qonaq qismində iştirak etmək üçün dəvət göndərməsi ölkələrimiz arasındakı dostluq münasibətlərinin getdikcə daha da möhkəmlənməsini ifadə edir. Digər tərəfdən, dövlət başçımızın Sammitə dəvət alması Prezident İlham Əliyevin liderlik keyfiyyətlərinin beynəlxalq miqyasda yüksək dəyərləndirildiyini təsdiqləyir. Azərbaycan Prezidenti daim qlobal həmrəyliyin və əməkdaşlığın möhkəmlənməsinə hesablanan təşəbbüslər irəli sürür, multikulturalizmə çağırışlar edir. Dövlət başçımızın bu istiqamətdəki səyləri yeni növ koronavirus pandemiyasının pik dövründə BMT səviyyəsində də təqdirlə qarşılandı və Baş Assambleyanın xüsusi sessiyası çağırıldı. Prezident İlham Əliyevin apardığı xoş mərama əsaslanan siyasət ölkəmizə beynəlxalq miqyasda böyük nüfuz qazandırıb. 2011-ci ildə dünyanın 155 dövlətinin dəstəyini alaraq BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilən Azərbaycan hazırda BMT-dən sonra dünyada ən böyük təşkilat olan Qoşulmama Hərəkatının sədridir. Təşkilat üzvləri, Azərbaycana, onun Liderinə böyük inamlarının ifadəsi olaraq ölkəmizin QH-na sədrlik müddətinin daha bir il uzadılmasını istəyiblər.

Bütövlükdə, ölkəmizin beynəlxalq təşkilatlar, o cümlədən də ŞƏT üçün cəlbediciliyini artıran amillər çoxdur. “Yeni Azərbaycan”a açıqlama verən Milli Məclisin deputatı Vüqar Bayramov ölkəmizlə qurum arasında əməkdaşlığın qarşılıqlı marağa əsaslandığını vurğulayıb. “Nəzərə alsaq ki, ŞƏT kifayət qədər böyük gücə malik olan ölkələri sıralarında birləşdirir, Azərbaycanın qurumla əməkdaşlığı, dövlət başçımızın Sammitdə iştirakı mövcud düzən fonunda respublikamız üçün mühüm əhəmiyyət daşıyır. Əməkdaşlıq etdiyimiz ölkələrin sayının çox olması bizim üçün həm siyasi, həm də iqtisadi baxımdan önəmlidir. Son dövrlərdə baş verən hadisələr region olkələri ilə əməkdaşlığın çox əhəmiyyətli olduğunu bir daha təsdiqlədi. Qurumla əməkdaşlıq, dövlət başçımızın Sammitdə iştirakı Azərbaycana həm də haqq işini bütün dünyaya təqdim etmək üçün lazımdır. İqtisadi baxımdan da bir sıra üstünlükləri sadalamaq mümkündür. ŞƏT-lə əməkdaşlıq böyük bir coğrafiyada əlaqələri genişləndirmək anlamına gəlir. Üzv dövlətlərlə yeni layihələrin birgə reallaşdırılmasına nail olmaq, investisiyalar cəlb etmək mümkündür.  Beynəlxalq yükdaşımalar üçün yeni imkanların yaranmasını isə ayrıca qeyd edə bilərik. Şübhə yoxdur ki, təşkilatda təmsil olunan ölkələrlə əməkdaşlıq çərçivəsində Azərbaycan özünün nəqliyyat-logistika imkanlarını daha geniş miqyasda  təqdim edəcək. Bir sözlə təşkilatla əməkdaşlıq Azərbaycanın siyasi və iqtisadi maraqlarına tam uyğundur”.

“Bir kəmər, bir yol” layihəsi

Azərbaycanla ŞƏT-i ortaq məxrəcə gətirən çoxsaylı iqtisadi amillər sırasında “Bir kəmər, bir yol” layihəsinin önəmini xüsusi vurğulaya bilərik. Bu layihə bir neçə il bundan əvvəl iqtisadi potensialı baxımından ŞƏT-in ən güclü üzvlərindən olan Çinin siyasi rəhbərliyinin təşəbbüsü ilə gündəmə gəlib. Burada söhbət heç bir halda Çinin dominantlığından getmir. Bu, Avropa ilə Asiya arasında böyük coğrafiyada yerləşən ölkələri birləşdirən meqa layihədir. Layihənin reallaşması Çinin özünün və kəmərə inteqrasiya imkanı olan ölkələrin böyük bazarlara çıxışını asanlaşdıracaq. Yüklər iştirakçı ölkələrin koordinasiyalı fəaliyyəti sayəsində ünvanlara tez, rahat və ucuz çatdırılacaq. İndiyədək Çin “Bir kəmər, bir yol” layihəsinin reallaşdırılmasına böyük həcmlərdə investisiyalar yönəldib.

Azərbaycan yeni dəhliz üçün mühüm məntəqələrdən biri sayılır. Bu da onunla bağlıdır ki, ölkəmiz beynəlxalq səviyyəli Şərq-Qərb və Şimal-Cənub marşrutlarının kəsişməsində yerləşir. Ölkəmizdə hər iki dəhliz üzrə müasir infrastruktur qurulub. Perspektivdə açılacaq Zəngəzur dəhlizi isə mövcud infrastruktura inteqrasiya ediləcək və beləliklə də, ölkəmizin ərazisində daşımaların şaxələndirilməsi imkanları daha da genişlənəcək. Respublikamız Çinin təşəbbüsü əsasında reallaşmaqda olan “Bir kəmər, bir yol” layihəsinə dəstək verir.

Paylaş:
Baxılıb: 623 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

Gündəm

Laçına gedən yolda...

25 Oktyabr 11:30  

Siyasət

Siyasət

İqtisadiyyat

Ədəbiyyat

Dünya

Analitik

Ədəbiyyat

Şənbə üçün nəzm

25 Oktyabr 08:25  

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31