Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / İlham Əliyevə zəng edirlər…

İlham Əliyevə zəng edirlər…

20.09.2022 [09:33]

Paşinyan isə zəng edir

Beynəlxalq aləm regionun nəbzini Bakının iradəsi əsasında tutmağa çalışır

Qərbdən və ABŞ-dan gələn zənglər Nensi Pelosinin fikirlərinin önəmli olmadığını sübut edir

Sentyabrın 12-dən başlayaraq davam edən erməni təxribatına  Azərbaycanın layiqli cavabı Ermənistanın siyasi rəhbərliyini, konkret olaraq baş nazir Nikol Paşinyanı yenidən təşvişə saldı. Bunun nəticəsidir ki, sentyabrın 12-dən etibarən yenidən dünyanın aparıcı ölkələrinin liderlərinə zənglər edən Paşinyan imdad diləməyə başladı. Edilən zənglərin motivi isə bəllidir - Paşinyan birmənalı şəkildə kömək istəyir, Azərbaycana təsir olunmasını arzulayır. Amma...

Rəsmi Bakı isə erməni təxribatlarına verdiyi layiqli cavabla yenə də ayaq üstdə olduğunu, bütün təxribatlara cavab vermək iqtidarında olduğunu təsdiqlədi. Paşinyanın əl-ayağa düşərək dünyanın dörd bir tərəfinə etdiyi zənglər yalvarış zəngləri idi. Amma Bakıya olunan zənglər regionun lider dövləti ilə aparılan müzakirələrdən xəbər verir. Bunu Prezident İlham Əliyevə edilən zənglər təsdiqləyir.

Məsələn, sentyabrın 13-də Fransa Respublikasının Prezidenti Emmanuel Makron Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Telefon danışığı zamanı Fransa Prezidenti Ermənistan-Azərbaycan sərhədində baş vermiş insidentlə əlaqədar narahatlığını ifadə edib. Dövlətimizin başçısı bu genişmiqyaslı təxribatlara görə məsuliyyətin bilavasitə Ermənistanın siyasi-hərbi rəhbərliyinin üzərinə düşdüyünü və Azərbaycan tərəfindən cavab tədbirlərinin görüldüyünü diqqətə çatdırıb.

Bu, bir daha Azərbaycanın regional liderliyinin qəbul edilməsi faktıdır. Beynəlxalq aləm yaxşı bilir ki, bu təxribatların arxasında erməni məkri, erməni hiyləsi dayanır. Azərbaycan dövləti isə hər zaman bəyan edir ki, biz sülh prosesinə sadiqik - əks halda, Ermənistanın təxribatlarına layiqli cavab veriləcək, “dəmir yumruq” növbəti dəfə işə düşəcək. Fransa prezidentinin narahatlığını məhz rəsmi Bakı ilə bölüşməsi göstərir ki, beynəlxalq aləm regionun nəbzini Azərbaycanın davranışı, iradəsi əsasında tutmağa çalışır.  

Azərbaycan hər zaman sülhpərvər mövqeyini ortaya qoyub. Artıq 9 aydır ki, davam edən Brüssel prosesi də dayanıqlı sülhün təmini istiqamətində real addımlar kimi dəyərləndirilir. Qalib ölkə olsa da, Azərbaycan növbəti dəfə humanistlik nümayiş etdirir - Ermənistanın da regional əməkdaşlıq platformalarında iştirakına icazə verir. Bununla belə, ermənilərin törətdikləri bu tip təxribatlar sülh prosesini əngəlləyir. Brüssel prosesində vasitəçi qismində çıxış edən Avropa İttifaqı da baş verənlərdən narahatlığını məhz rəsmi Bakı ilə bölüşür. Sentyabrın 17-də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Telefon söhbəti zamanı regionda davamlı sülhün təmin olunması, gərginliyin aradan qaldırılması, əldə olunmuş atəşkəs razılaşmasının təmin edilməsi və Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması prosesi ilə bağlı fikir mübadiləsi aparılıb.

Şübhəsiz ki, Azərbaycanın iradəsi həl?edicidir. Bakı müharibənin bitməsi - yeni mərhələnin başlanması reallığını qəbul etdirib, yeni strateji yanaşmaların ortaya qoyulmasını zərurətə çevirib. Yeni əməkdaşlıq mühiti həm region dövlətləri, həm də bölgədənkənar qüvvələr üçün strateji şans - tarixi fürsətdir. Əsas məsələ postkonflikt dövründə regionun geostrateji dizaynında fəal iştirak etmək və ya prosesə dəstək verməkdir. Amma Ermənistan yenidən törətdiyi təxribatlarla regionda davamlı sülhə nail olunmasını əngəlləyir. Bu mənada, rəsmi Brüsselin öz narahatlığını Bakı ilə bölüşməsi təbii haldır. Aİ prosesdə qalib tərəfi, diktə edən tərəfi arayır.

Sentyabrın 18-də isə ABŞ dövlət katibi Antoni Blinken Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Telefon söhbəti zamanı əldə olunmuş atəşkəs rejiminin möhkəmləndirilməsi, regionda davamlı sülhün və təhlükəsizliyin təmin olunması, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması, o cümlədən sülh müqaviləsi üzrə danışıqlar, nəqliyyat dəhlizlərinin açılması istiqamətində səylərin davam etdirilməsinin vacibliyi qeyd olunub.

Edilən zənglər, diqqətə çatdırılan narahatlıqlar, müzakirə tərəfi kimi Bakının seçilməsi bir faktı növbəti dəfə təsdiqləyir - müzakirələr qalib Azərbaycanın şərtləri diktə etməsi fonunda və təklifləri, davranışı əsasında aparılır və aparılacaq. Üstəlik, Azərbaycanın davranışları Avropa İttifaqı və digər güc mərkəzləri, beynəlxalq təşkilatlar tərəfindən müsbət qiymətləndirilir - təqdir olunur. Əsas məqamlardan biri budur ki, regionun bugünkü və gələcək geosiyasi taleyi ilə bağlı məhz İlham Əliyev ilə bağlı fikir mübadiləsi aparırlar, qalib dövlətin Müzəffər Ali Baş Komandanının - lider dövlətin Liderinin rəyinə önəm, mövqeyinə üstünlük verirlər. Azərbaycan Prezidenti isə sözünün imzası qədər dəyərli və keçərli olduğunu sübut edir.

Xatırlatmaq yerinə düşər ki, bu il ərzində ABŞ Prezidenti Cozef Bayden Azərbaycan liderinə bir neçə məktub ünvanlayıb. Məktubların mətnində mühüm geostrateji məsələlər əksini tapıb. İlk növbədə, bütün məktublarda ABŞ  Azərbaycanla münasibətləri müsbət dəyərləndirir. Məktublarda ifadə edilir ki, Vaşinqton Bakı ilə əməkdaşlığa böyük önəm verir, tərəfdaşlığı yüksək qiymətləndirir. “Amerika Birləşmiş Ştatları və Azərbaycan Respublikası arasında qurulmuş 30 illik diplomatik münasibətlər dövründə biz transmilli təhlükələrlə mübarizə, enerji təhlükəsizliyinin gücləndirilməsi, ikitərəfli ticarət və sərmayələrin təşviqi məsələlərində güclü tərəfdaş olmuşuq” ,- deyə Bayden qeyd edir. Daha sonra özündə həm perspektivdə geosiyasi baxışı, həm də gələcək hədəfləri ifadə edən niyyətdən söz açılır: “Amerika Birləşmiş Ştatları bizim davamlı tərəfdaşlıq və əməkdaşlığımıza sadiqdir”. Göründüyü kimi, Vaşinqton çağırış edir - biz münasibətlərin inkişafında maraqlı, əməkdaşlığın dərinləşdirilməsinə isə hazırıq.

Bundan başqa, məktublarda Azərbaycanın enerji təhlükəsizliyində mühüm rol oynaması, bu istiqamətdə işbirliyinin əhatə dairəsinin genişləndirilməsi xüsusi yer tutur. ABŞ Prezidenti tarixin mühüm anından bəhs edərək yeni reallıqları əsas götürür, enerji təhlükəsizliyinə kritik - taleyüklü məsələ kimi nəzər salır. Yeni reallıqlar fonunda Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında rolu xüsusi vurğulanır. Şübhəsiz, Ağ Ev sahibinin bu yanaşması Şərqi Avropada müharibə, Cənubi Qafqazda isə postmüharibə vəziyyətinin hökm sürdüyü bir vaxtda yeni dünya nizamının formalaşdığı şəraiti ifadə edir. Avropanın alternativ mənbələrə ehtiyacının olduğunun  hər gün ifadə edildiyi bir dövrdə etibarlı tərəfdaş olan Azərbaycanla əməkdaşlığın dərinləşdirilməsi daha da aktuallaşır. Bütün bunlar təsadüfi deyil. Çünki Azərbaycan ötən müddət ərzində enerji təhlükəsizliyi sahəsində etibarlı tərəfdaş kimi özünü təsdiqləyib: yeni neft-qaz strategiyasında enerji nəqli marşrutlarının şaxələndirilməsini əsas prioritetlərdən biri kimi müəyyənləşdirən ölkəmiz bu gün regional və qlobal enerji təhlükəsizliyinə mühüm töhfələr verir. Regionda mühüm kommunikasiya-logistika mərkəzinə çevrilən Azərbaycan Avrasiyanın enerji xəritəsini yenidən yaradır. Ən əsası isə ölkəmizin təşəbbüsləri və liderliyi ilə enerji layihələrinin reallaşdırılması Xəzər hövzəsi regionunun geosiyasi statusunun yüksəlməsini təmin edib. Azərbaycanın həyata keçirdiyi regional miqyaslı, qlobal əhəmiyyətli layihələr Avrasiyanın enerji xəritəsini dəyişdirir. Ölkəmiz hazırda olduğu kimi, perspektiv üçün də Avropanın enerji təhlükəsizliyi sahəsində etibarlı tərəfdaş kimi dəyərləndirilir. Bu isə digər bir sıra dövlətlər kimi ABŞ tərəfindən də yüksək qiymətləndirilir.

Bununla yanaşı, Baydenin Prezident İlham Əliyevə məktublarında yer alan məsələlər həm də Azərbaycanın regional təhlükəsizliyin təmin olunmasında rolunu, eləcə də Bakıya geosiyasi inamı əks etdirir. ABŞ Prezidenti xüsusi olaraq diqqətə çatdırır: “Biz, həmçinin Sizin terrorizmə qarşı qlobal mübarizəyə verdiyiniz əhəmiyyətli töhfələrinizi təqdir edirik”. Birləşmiş Ştatların bu yanaşmasını şərtləndirən bir neçə amil var. Azərbaycan terrorizm də daxil olmaqla beynəlxalq təhlükəsizliyi təhdid edən hallara qarşı mübarizədə fəal iştirak edən tərəfdaş ölkələrdən biridir. Eyni zamanda, 44 günlük müharibədə qələbə qazanaraq 100 illik regional geosiyasi arxitekturanı dəyişən, Cənubi Qafqazın lider dövləti olan Azərbaycan bölgədə yeni nizam yaradır. Bu mənada Bakı ilə strateji təmasların gücləndirilməsi - çoxşaxəli əməkdaşlığın dərinləşdirilməsi region dövlətləri ilə yanaşı, güc mərkəzləri üçün də müstəsna əhəmiyyətə malikdir. Ən əsası isə, Prezident İlham Əliyevin həyata keçirdiyi müstəqil və prinsipial siyasi kurs təkcə Azərbaycanın milli maraqlarının təmin olunmasına yönəlməyib, həm də regionda və daha geniş coğrafiyada səmərəli əməkdaşlığın dərinləşdirilməsinə və qarşılıqlı etimadın yüksəlməsinə xidmət edir. Azərbaycan təkcə Cənubi Qafqazın lider ölkəsi - regional güc mərkəzi deyil. Azərbaycan hazırda Xəzər-Qara dəniz strateji xəttində və Avrasiya geosiyasətində diplomatik trafikin ən vacib və mühüm halqalarından biridir. Bu səbəbdəndir ki, İkinci Qarabağ müharibəsi zamanı olduğu kimi, hazırda da həm regionumuzda, həm də Avrasiyada sülh, sabitlik - təhlükəsizlik, əməkdaşlıq və inteqrasiya məsələləri Azərbaycan Prezidenti ilə müzakirə olunur. Çünki yeni dünya nizamına keçid şəraitində və perspektivdə Azərbaycan nəinki Cənubi Qafqazın, hətta Avrasiyanın önəmli - açar rola malik dövlətlərindən biridir.

Son təxribatların fonunda Bakıya olunan zənglər, təmaslar zamanı ifadə edilən fikirlər, istərsə də Blinkenin zəngi zamanı diqqətə çatdırılan məsələlər bir reallığı təsdiqləyir: Azərbaycan Prezidentinin dərin strateji diplomatiya siyasəti konkret nəticə və səmərə verir. Regionda qalib ölkənin yaratdığı reallıqlar fonunda etimad quruculuğu naminə əlverişli zəmin formalaşdırılmasına çalışılır. İstər Baydenin məktubları, istərsə də Blinkenin zəngi onu deməyə əsas verir ki, Nensi Pelosinin İrəvanda səsləndirdiyi fikirlər heç də ABŞ-ın rəsmi mövqeyi deyil. Bu, sadəcə olaraq qoca ermənipərəstin qeyri-səmimi göz yaşları idi.

Pərviz SADAYOĞLU

Paylaş:
Baxılıb: 525 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Mədəniyyət

Siyasət

Siyasət

Siyasət

Miqrant axını...

17 Aprel 10:32

MEDİA

Siyasət

Mina terroru...

17 Aprel 10:13

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30