Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Üst-üstə düşən maraqlar

Üst-üstə düşən maraqlar

21.09.2022 [09:56]

Mübariz FEYİZLİ

Qlobal miqyasda nüfuzu getdikcə artan Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) daha bir sammiti başa çatdı. Sentyabrın 15-16-da Özbəkistanın Səmərqənd şəhərində baş tutan tədbirdə yekun sənəd kimi Bəyanat qəbul olunub. Sənəddə üzv dövlətlərin təşkilatın gələcək inkişafına, eləcə də regional və qlobal gündəliyin aktual məsələlərinə uzlaşdırılmış münasibətləri ifadə olunub. Üzv dövlətlər arasında praktiki müstəvidə əməkdaşlığın genişləndirilməsi, regional sabitliyin və təhlükəsizliyin təmin olunması, davamlı iqtisadi inkişafa nail olunması, həmçinin mədəni dialoqun dərinləşdirilməsi belə aktual məsələlər sırasında yer alır.

ŞƏT-Azərbaycan əməkdaşlığı

Şanxay Əməkdaşlıq Təşkilatının əsası Rusiya, Çin, Qazaxıstan, Tacikistan və Qırğızıstanın  dövlət başçılarının 1996-cı ildə Çinin Şanxay şəhərində keçirilən görüşündə qoyulub. 2001-ci ilin iyununda “Şanxay beşliyi”nin sıraları genişlənib. Belə ki, yenə də Çinin Şanxay şəhərində dövlət başçıları səviyyəsində keçirilən sammitdə bu dəfə beşliyə Özbəkistan da daxil olmaqla Şanxay Əməkdaşlıq Təşkilatının yaradılması haqqında deklarasiya imzalanıb. Səmərqənddə keçirilən son Samitədək ŞƏT-də 8 üzv dövlət (Qazaxıstan, Çin, Rusiya, Qırğızıstan, Özbəkistan, Tacikistan, Pakistan, Hindistan), 4 müşahidəçi üzv (Əfqanıstan, İran, Monqolustan, Belarus) və 9 dialoq tərəfdaşı (Azərbaycan, Türkiyə, Şri-Lanka, Kamboca, Nepal, Ermənistan, Misir, Qətər, Səudiyyə Ərəbistanı) təmsil olunurdu. Səmərqənddə İran da Şanxay Əməkdaşlıq Təşkilatına  üzv olmaq üçün  memorandum imzalayıb. Sənəd sentyabrın 15-də ŞƏT-in Səmərqənddə baş tutan Zirvə toplantısı çərçivəsində İranın xarici işlər naziri Əmir Abdullahian ilə təşkilatın Baş katibi Çzan Min arasında imzalanıb. ŞƏT-ə üzv dövlətlərin ümumi ərazisi 30 milyon km 2 (Avrasiya ərazisinin 3/5), əhalisi isə 1,5 milyard nəfərdir (dünya əhalisinin 1/4).

Yuxarıda qeyd olunduğu kimi, bir sıra ölkələrlə yanaşı, Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatının dialoq üzrə tərəfdaşı statusu daşıyır. Prezident İlham Əliyev 17 may 2016-cı il tarixində “Azərbaycan Respublikasına Şanxay Əməkdaşlıq Təşkilatının dialoq üzrə tərəfdaşı statusunun verilməsi haqqında” 2016-cı il martın 14-də Pekin şəhərində imzalanmış Memorandumu təsdiqləyib. Respublikamız həmin tarixdən etibarən ŞƏT-in tədbirlərində fəal iştirak edir və qurumla əməkdaşlığı genişləndirir. ŞƏT-in Səmərqənddə baş tutan budəfəki sammitinə Prezident İlham Əliyev Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin dəvəti ilə fəxri qonaq qismində qatılıb.

Terrorizmə, separatçılığa qarşı birgə mübarizə

ŞƏT-in Səmərqənd sammitində qəbul edilən Bəyanatında yer alan ayrı-ayrı müddəalar qurumun dialoq tərəfdaşı olan Azərbaycanın həyata keçirdiyi siyasətlə tam üst-üstə düşür və ölkəmizin üzv dövlətlərlə və bütövlükdə təşkilatla əlaqələrinin dərinləşməsinə yeni imkanlar yaradır. ŞƏT-in fəaliyyət prioritetləri sırasında terrorizmə, ekstremizmə, separatçılığa qarşı mübarizə xüsusi yer tutur. Təsadüfi deyildir ki, qurum “Terrorizm, separatizm və ekstremizmə qarşı mübarizə haqqında” ayrıca  Konvensiya qəbul edib.  Bu kimi müddəalar Səmərqənddə qəbul olunan Bəyanatda da yer alıb.

ŞƏT-in bəhs olunan istiqamətlərdə fəaliyyəti, həmçinin Azərbaycanın da maraqları ilə tam üst-üstə düşür. Azərbaycan son 30 ildə Ermənistanın terrorizm, separatçılıq və ekstremizm siyasətindən əziyyət çəkən ölkədir. Təcavüzkar Ermənistan ötən əsrin 90-cı illərindən başlayaraq havadarlarının dəstəyi ilə Azərbaycanın ərazilərinin 20 faizini öz nəzarəti altına aldı və burada qanunsuz məskunlaşma siyasəti apardı. Həmin ərazilərdən azərbaycanlılar son nəfərədək qovuldular. Üç onillik ərzində mənfur düşmən işğal altında saxladığı ərazilərdə ölçüyəgəlməz vandalizm əməlləri törədib, bütün yaşayış məntəqələrini dağıdaraq talayıb, ekologiyamıza, mədəni irsimizə böyük ziyan vurub. Ermənistanın işğalçılıq siyasəti regional təhlükəsizliyə və sabitliyə də ciddi təhdidlər yaradırdı. Anlaşılmaz hal idi ki, Ermənistanın terrorizmə, separatçılığa əsaslanan siyasətinə qarşı beynəlxalq səviyyədə adekvat addımlar atılmırdı. Səmərqənddə qəbul olunan Bəyanatda bir dövlətin öz təhlükəsizliyini başqa dövlətlərin təhlükəsizliyi hesabına təmin etməsinin yolverilməzliyi xüsusi vurğulanıb. İşğalçı Ermənistan üç onillik ərzində beynəlxalq hüquqa arxa çevirərək məhz belə davranış sərgiləyib. Ancaq nə qədər təəccüblü görünsə də, bu ölkə qınaqlarla, sanksiyalarla üzləşmədi. Nə üçün Azərbaycan ərazi bütövlüyünü təkbaşına, yalnız öz gücünə təmin etmək məcburiyyətində qaldı? Hansı səbəbə görə beynəlxalq hüquq bir halda işləyir, digər hallarda isə ona məhəl qoyan olmur?  Nə qədər ki, belə ikili yanaşmalar qalacaq, dünya separatizmdən, terror təhlükələrindən xilas ola bilməyəcək. Bu mənada Şanxay Əməkdaşlıq Təşkilatının bir daha terrorizmə, separatçılığa, ekstremizmə qarşı koordinasiya olunmuş fəaliyyətə çağırış etməsi təqdirəlayiq haldır. Biz bu kimi halların fəsadlarını yalnız Cənubi Qafqazda müşahidə etmirik. Belə hallar Yaxın Şərqdə, Mərkəzi Asiyada və digər bölgələrdə də yaşanır. Xilas yolu isə ikili standartlara son qoyulmasındadır. Yeri gəlmişkən, Prezident İlham Əliyev Səmərqənd sammitində beynəlxalq təşkilatların fəaliyyətində səmərəliliyin artırılmasının zəruriliyini gündəmə gətirib. “Bəzi aparıcı beynəlxalq təşkilatların səmərəsizliyi narahatlıq doğurur. Bununla əlaqədar 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını tələb edən dörd qətnaməsini qeyd etmək istərdim. Təhlükəsizlik Şurasının bəzi qətnamələri bir neçə gün ərzində yerinə yetirildiyi halda, bizim vəziyyətimizlə bağlı qəbul olunmuş qətnamələr 27 il ərzində icra olunmamış qaldı. Azərbaycan Qarabağ münaqişəsini özü hərbi-siyasi yolla həll edib və Təhlükəsizlik Şurasının yuxarıda qeyd olunan qətnamələrinin icrasını təmin edib”, - deyə dövlətimizin başçısı vurğulayıb.

Azərbaycanın təqdim etdiyi imkanlar

Sıraları getdikcə genişlənən ŞƏT-in fəaliyyətində nəqliyyat və əlaqə, enerji, ərzaq və ekoloji təhlükəsizlik, innovasiya, rəqəmsal transformasiya, “yaşıl iqtisadiyyat” kimi çağırışlar mühüm yer tutur. Qeyd olunan çağırışlar, həmçinin Azərbaycanın gündəliyinin prioritetləri ilə uyğunluq təşkil edir. Məsələn, nəqliyyat sektorunda ŞƏT-lə əməkdaşlığı genişləndirmək üçün respublikamızın geniş imkanları var. Sammitdəki çıxışında bu barədə geniş məlumat verən  Prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri kimi regional kommunikasiya layihələrinin işə düşməsinə sanballı töhfələr verib. Hazırda Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ildə 15 milyon ton yük­aşırma qabiliyyətinə malikdir və bu, ildə 25 milyon tona qədər artırıla bilər. Azərbaycan 52 gəmi ilə Xəzər dənizində ən böyük mülki yük donanmasına malikdir. Bakı gəmiqayırma zavodu bütün növ gəmilər istehsal edə bilir. Respublikamız 18 təyyarə ilə regionda ən böyük mülki hava yük donanmalarından birinə malikdir. 2024-cü ilin sonuna qədər ölkədə beynəlxalq hava limanlarının ümumi sayı bugünkü 7-dən 9-a çatdırılacaq. Yaradılan güclü infra­strukturun nəticəsidir ki, bu ilin ilk 7 ayında ölkəmizin  ərazisindən keçən tranzit yüklərin həcmi 50 faizə yaxın artıb. “Son 20 ildə Azərbaycanda 19 min kilometr avtomobil yolu, 1400 kilometr dəmir yolu tikilib və ya əsaslı təmir edilib. Bu gün Azərbaycan 2020-ci il İkinci Qarabağ müharibəsindəki Qələbədən sonra işğaldan azad edilmiş ərazilərdə minlərlə kilometr avtomobil yolu və yüzlərlə kilometr dəmir yolu çəkir”, - deyə dövlətimizin başçısı vurğulayıb.

Zəngəzur dəhlizinin açılması ilə Azərbaycanın Avrasiya coğrafiyasında əməkdaşlığın genişlənməsi üçün təqdim etdiyi imkanlar daha da genişlənəcək. Buna xüsusi diqqət çəkən Prezident İlham Əliyev “2020-ci ilin sonunda Qarabağ münaqişəsinin həlli regionumuzda nəqliyyat-kommunikasiya layihələrinin inkişafı üçün yeni imkanlar yaradıb. Zəngəzur dəhlizi açıldıqdan sonra bu, region ölkələrinin nəqliyyat imkanlarını daha da artıracaq və marşrut boyu yerləşən bütün ölkələr üçün faydalı olacaqdır”, - deyə vurğulayıb.

Paylaş:
Baxılıb: 194 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Siyasət

Prezident bu gün

Prezident bu gün

06 Oktyabr 10:19

Siyasət

Xəbər lenti

Ədəbiyyat

Xarici siyasət

Xarici siyasət

F-16 istəyirsənsə...

05 Oktyabr 10:30

Xəbər lenti

Prezident bu gün

Prezident bu gün

05 Oktyabr 10:25

Analitik

İqtisadiyyat

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31