Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Prezidentdən düşmənə növbəti xəbərdarlıq: Dərhal hərəkətə keçəcəyik

Prezidentdən düşmənə növbəti xəbərdarlıq: Dərhal hərəkətə keçəcəyik

30.09.2022 [09:47]

Mübariz ABDULLAYEV

Onilliklər, yüzilliklər ötəcək, ancaq Müzərffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimizin 44 günlük Vətən müharibəsində qazandığı şanlı Qələbə heç vaxt unudulmayacaq, tariximizdə əbədi qalacaq. Vətən müharibəsində Ordumuzun şəxsi heyəti bütün döyüş tapşırıqlarını yüksək peşəkarlıqla həyata keçirdi və düşməni diz çökdürərək, onu kapitulyasiyaya məruz qoyaraq ölkənin ərazi bütövlüyünü təmin etməyə nail oldu. Bu Zəfər xalqımız üçün sonsuz iftixar və qürur mənbəyidir.

Qisas qiyamətə qalmadı

Böyük Zəfərə gedən yolumuz uzun oldu. Xalqımız düz üç onillik ərzində bu Qələbənin müjdəsini gözlədi, ancaq ümidini heç vaxt üzmədi, Prezident, Ali Baş Komandan İlham Əliyevin “torpaqlarımızı geç-tez düşmənlərdən azad edəcəyik” vədinə inandı. Qarşımızda ayrı-ayrı ölkələrdən, müxtəlif güc mərkəzlərindən hər cür dəstək alan son dərəcə məkrli düşmən dayanmışdı. Torpaqlarımızın ötən əsrin doxsanıncı illərinin əvvəllərində işğal altına düşməsi də müasir tariximizin qara bir səhifəsini təşkil edir. O dövrdə bütün əxlaq və hüquq qaydalarını pozaraq zorla müstəqilliyini yenicə qazanan Azərbaycanın rəhbərliyinə gələn AXCP-”Müsavat” cütlüyü respublikamızın ərazi bütövlüyünü təmin edə bilmədi. Məkrli düşmən isə Azərbaycanın o vaxtkı iqtidarında təmsil olunan qüvvələrin başının nüfuz savaşına, daxili çəkişmələrə qarışmasından, ordunu xarici istilaya lazımi şəkildə müqavimət göstərməyə səsfərbər etməyə nail ola bilməməsindən istifadə edərək ərazilərimizin 20 faizdən çoxunu işğal altına aldı. Bu işğal nəticəsində təxminən bir milyon soydaşımız doğma yurd yerlərini tərk etmək məcburiyyətində qaldı. Xaricdəki havadarlarının dəstəyinə arxalanan düşmən torpaqlarımızı düz üç onillik ərzində öz nəzarəti altında saxladı. Təcavüzkar Ermənistan və bu ölkəni dəstəkləyən qüvvələr hər şeyi edirdilər ki, işğal nəticəsində yaranan keçmiş status-kvo sonsuzluğa qədər davam etsin. Azərbaycan xalqı isə başda Prezident İlham Əliyev olmaqla ölkənin ərazi bütövlüyünün pozulması faktı ilə heç vaxt barışmadı. Dövlət başçısının iradəsi sayəsində torpaqlarımızın işğaldan azad edilməsi məsələsi daim ölkənin gündəliyinin mərkəzində saxlanıldı. Prezident İlham Əliyev ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılan danışıqlarda, müxtəlif  beynəlxalq tədbirlərdə Azərbaycanın tarixi ədalətə və beynəlxalq hüquqa əsaslanan dəyişməz, prinsipial mövqeyini yüksək diplomatik məharətlə beynəlxalq ictimaiyyətin diqqətinə çatdırırdı. Dövlət başçımız dünyaya mesaj verirdi ki, əgər Qarabağda separatizmin, Ermənistanın ilhaq siyasətinin qarşısı alınmasa, bu pis nümunə qlobal miqyasda da genişlənəcək. Eyni zamanda, dövlətimizin başçısı bildirirdi ki, sülh danışıqları nəticə verməyəcəyi təqdirdə, Azərbaycan ərazi bütövlüyünü təmin etmək üçün başqa vasitələrə əl atmaq məcburiyyətində qalacaq.

Azərbaycan Prezidenti bu kimi mesajları ölkənin iqtisadi və hərbi gücünə istinad edərək verirdi. Onun rəhbərliyi ilə aparılan məqsədyönlü siyasət sayəsində Azərbaycan hər cəhətdən güclü dövlətə çevrilmişdi. 44 günlük müharibəyədək respublikamız bir neçə dəfə öz iradəsini və gücünü düşmənə göstərmişdi. 2016-cı ilin Aprel döyüşləri həm mənəvi, həm də strateji nöqteyi-nəzərdən bizim çox böyük qələbəmiz idi. Aprel döyüşlərində düşmənin yaratdığı “məğlubedilməz ordu” mifi tar-mar oldu. Həmin döyüşlər nəticəsində azad etdiyimiz yüksəkliklər İkinci Qarabağ müharibəsində Ordumuzun uğurlu əməliyyatlar həyata keçirməsi üçün əlverişli imkanlar yaratdı. Aprel döyüşlərindən iki il sonra Naxçıvanda “Günnüt” əməliyyatı keçirildi və bir sıra strateji yüksəkliklər nəzarətə götürüldü.

Və nəhayət, 2020-ci il 27 sentyabr tarixində 44 günlük müharibə başladı. Həmin gün səhər “yeni torpaqlar uğrunda yeni müharibə” iddiaları səsləndirən Ermənistan keçmiş təmas xətti boyunca növbəti dəfə irimiqyaslı təxribatlar törətdi. Qırmızı xətti keçən düşmən cəzalandırılmalı idi və bunu Azərbaycan Ordusu Vətən müharibəsində etdi. Necə deyərlər, qisas qiyamətə qalmadı. “Döyüş meydanında qisasımızı aldıq. Doğma torpaqlarımızı düşməndən azad etdik, ölkəmizin ərazi bütövlüyünü bərpa etdik”, - deyə Prezident İlham Əliyev birinci xanım Mehriban Əliyeva ilə birlikdə Füzuli rayonunun Qaraxanbəyli kəndində 27 Sentyabr - Anım Gününə həsr olunmuş xatirə lövhəsinin önünə gül dəstələri qoyduqdan sonra etdiyi çıxışında vurğulayıb.

Xoşbəxtik ki, tarixi proseslərin şahidləri və iştirakçılarıyıq

Vətən müharibəsinin lap əvvəlindən Azərbaycan Ordusu döyüş meydanlarında təşəbbüsü ələ aldı. Ordumuzun əsgər və zabitləri torpaqlarımızın işğaldan təmizlənməsi uğrunda döyüşlərə atılmaq məqamını çoxdan gözləyirdilər. Doğma torpaqlar uğrunda vuruşmaq qəhrəman hərbiçilərimizə yüksək döyüş ruhu verirdi. İlk qələbə sorağı müharibənin başladığı ilk gündə gəldi. Anım günündə Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın önünə gül dəstələri qoyduqları xatirə lövhəsi əbəs yerə Füzuli rayonunun Qaraxanbəyli kəndinin yaxınlığında qoyulmayıb. Qaraxanbəyli və digər beş kənd məhz İkinci Qarabağ müharibəsinin ilk günündə işğaldan azad edilib. Həmin gün Qaraxanbəyli ilə yanaşı, Füzuli rayonunun Qərvənd, kənd Horadiz, Yuxarı Əbdürrəhmanlı və Cəbrayıl rayonunun Böyük Mərcanlı, Nüzgar kəndləri geri qaytarıldı. Müzəffər Ordumuz  ilk şəhidləri məhz bu ərazilərdə verdi. Bəhs olunan abidənin ucaldıldığı yerin yaxınlığında düşmənin səngəri yerləşirdi. Prezident İlham Əliyevin xatırlatdığı kimi, bu istiqamətdə beş-altı müdafiə xətti mövcud idi. Azərbaycan əsgəri, Azərbaycan zabiti bu müdafiə xəttini və bundan sonrakı müdafiə xətlərini yarmaq üçün ölümə gedirdi. Sözün əsl mənasında, ölümə gedirdi, öz canını fəda edirdi ki, üçrəngli Bayrağımız Şuşada və o vaxt işğal altında olan digər bütün torpaqlarda dalğalansın. Öz canını fəda edirdi ki, Azərbaycan xalqı ləyaqətini bərpa etsin, ədaləti bərpa etsin və xalqımız öz torpaqlarına qayıtsın.

Silahlı Qüvvələrimiz Vətən müharibəsində misilsiz şücaətlər göstərərək 300-dən çox yaşayış məntəqəsini bilavasitə döyüş meydanında geri qaytardı. Alınmaz qala sayılan Şuşanın, Cəbrayılın, Füzulinin, Zəngilanın, Qubadlının, Hadrutun, Xocavəndin geri qaytarılması uğrunda gedən döyüşlərdə igid əsgər və zabitlərimiz inanılmaz qəhrəmanlıqlar göstərdilər. Düşmən ordusu cəmi 44 gün ərzində bütün döyüş qabiliyyətini itirdi. Bundan sonra müqavimət göstərməyin mənasız olduğunu dərk edən Ermənistan rəhbərliyi 2020-ci il noyabrın 10-da üçtərəfli Bəyanatı imzalamaq məcburiyyətində qaldı. Bu sənəd əslində Ermənistan üçün kapitulyasiya aktı idi. Üçtərəfli Bəyanata əsasən, düşmən üzərinə bir sıra öhdəliklər götürdü və işğal altındakı digər ərazilərimizi Azərbaycana döyüşsüz təslim etmək məcburiyyətində qaldı. Avqustun 26-da isə Silahlı Qüvvələrimiz Laçın şəhərində, eləcə də Zabux və Sus kəndlərində yerləşdi. Bununla da, ölkəmizin ərazi bütövlüyünün hərbi-siyasi yolla təmin olunması prosesi sona çatmış oldu. Prezident İlham Əliyev torpaqlarımızın işğaldan azad edilməsini xalqımızın xoşbəxtliyi kimi səciyyələndirib. Bu xüsusda fikirlərini ifadə edən dövlətimizin başçısı deyib: “Biz xoşbəxt nəsilik ki, bu şərəfli missiya bizim üzərimizə düşüb. Xoşbəxt nəsilik ki, biz bu tarixi hadisənin həm şahidləriyik, həm də iştirakçılarıyıq. Bizdən sonra gələn nəsillər həmişə bu şanlı tarixlə fəxr edəcəklər. Biz fəxr edirik ki, bu torpağın övladlarıyıq. Fəxr edirik ki, döyüş meydanında öz haqqımızı bərpa etdik, düşməni məğlub etdik və bundan sonra biz müzəffər xalq kimi, qalib ölkə kimi əbədi yaşayacağıq”.

Ermənistan nəticə çıxartmalıdır

Azərbaycan Ordusu Vətən müharibəsini “Dəmir yumruq” adı ilə həyata keçirdi. Bu ad isə heç də təsadüfi seçilməyib. “Dəmir yumruq” xalqımızın iradəsini, birliyini və ölkəmizin, Silahlı Qüvvələrimizin gücünün rəmzidir. Düşmən bu yumruğun nə qədər zəhmli və ağır olduğunu Vətən müharibəsi günlərində öz başı üzərində hiss etdi. Dəmir yumruğun həmlələrinə tuş gələn erməni hərbiçiləri öz postlarını qoyub qaçmaq məcburiyyətində qalırdılar. Verilən məlumatlara görə 44 gün ərzində düşmən ordusunda 10 min fərari qeydə alınıb.

Azərbaycan üç onillik ərzində düşmənin xəbis niyyətini görən, işğalçılıq siyasətindən əziyyət çəkən, böyük itkilərə məruz qalan ölkədir. Buna görə də belə halların bir daha yaşanmaması üçün “Dəmir yumruq”, Prezident İlham Əliyevin dəfələrlə bildirdiyi kimi, həmişə yerində olacaq. Vətən müharibəsində necə güclü idisə, bundan sonra da elə əzəmətli və yenilməz olacaq. Məğlub Ermənistandakı revanşist qüvvələr hələ də “bəlkə də qaytardılar” xülyası ilə yaşayırlar. Ermənistan hakimiyyəti müxtəlif manevrlər etməklə sülh prosesinə maneələr yaratmağa və vaxtı uzatmağa çalışır. Qalib Azərbaycan indiyədək məğlub Ermənistana bir neçə sülh təşəbbüsü ünvanlayıb, o cümlədən sülh sazişinin imzalanması üçün beş bən?dən ibarət paket təqdim edib. Təəssüf ki, Ermənistan bu təşəbbüsləri lazımınca dəyərləndirmir və tez-tez iki ölkə arasındakı şərti sərhədlər boyunca təxribatlar törədir. Düşmən son irimiqyaslı təxribatlardan birini sentyabrın 12-dən 13-nə keçən gecə Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində törətdi. Azərbaycan Ordusunun bu istiqamətdə dislokasiya olunan bölmələri tərəfindən həyata keçirilən “Qətiyyətli cavab” əməliyyatı ilə bu təxribatların qarşısı alındı. Ermənistanın sərhəddə törətdiyi təxribatlar beynəlxalq hüququn fundamental norma və prinsiplərinin, habelə Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında imzalanmış üçtərəfli bəyanatların müddəalarının və Azərbaycanla Ermənistan arasında əldə edilmiş razılıqların kobud şəkildə pozulmasıdır. Qarşı tərəfin bu addımları postmüharibə dövründə aparılan normallaşma və sülh prosesinə tamamilə ziddir. 44 günlük müharibədəki acınacaqlı məğlubiyyətdən nəticə çıxartmayan düşmən növbəti dəfə cəzasını “Qətiyyətli cavab” əməliyyatında aldı. Silahlı Qüvvələrimizin keçirdiyi uğurlu əməliyyat zamanı Ermənistanın xeyli sayda texnikası, milyarddan artıq dəyəri olan iki S-300 raketi,  yüzlərlə canlı qüvvəsi, çoxlu sayda  hərbi obyekti və onlarla postu məhv edilib. Hazırda Ermənistanda xəstəxanalarda yüzlərlə yaralı var.

Azərbaycan postmüharibə mərhələsində dəfələrlə ən müxtəlif səviyyələrdə Ermənistanın revanşist siyasətini ifşa edib. Ermənistanın növbəti avantürası bir daha təsdiqlədi ki, regionda formalaşmış yeni reallığın dəyişdirilməsi istiqamətində atılan istənilən addım bu ölkənin özü üçün yeni faciələrə səbəb olacaq. Dövlət sərhədində törədilən genişmiqyaslı təxribatın qarşısının alınması məqsədilə Ordumuzun gördüyü qətiyyətli cavab tədbirləri nəticəsində Ermənistanın Azərbaycanla sərhədinin Laçın, Kəlbəcər və Zəngilan istiqamətində qurduğu, respublikamızın təhlükəsizliyinə təhdid yaradan bütün hərbi təyinatlı obyektlər sıradan çıxıb. İtkilərini bərpa etmək üçün Ermənistana ən azı 4-5 il vaxt lazımdır. Artıq Azərbaycan bəhs olunan istiqamətlərdə bütün nəqliyyat-kommunikasiya sistemini, çox mühüm yüksəklikləri nəzarətə götürüb. Bunun da sayəsində nə indi, nə də gələcəkdə Ermənistan Azərbaycana heç bir real təhlükə yarada bilməyəcək.

Məğlub Ermənistan Vətən müharibəsində və son günlərədək davam etdirdiyi təxribatların qarşısı alınarkən üzləşdiyi acınacaqlı məğlubiyyətdən, nəhayət, nəticə cıxartmalıdır. Güclü Azərbaycan bundan sonra Ermənistanın regionda təhlükəsizliyə təhdidlər yaratmasına heç vaxt imkan verməyəcək. Ölkəmizin qəti mövqeyini diqqətə çatdıran Prezident İlham Əliyev “Bu gün şəhidlərimizin əziz xatirəsini yad edərək, bir daha hər birimiz özünə söz verməlidir, vəd verməlidir, and içməlidir ki, biz müstəqilliyimizin keşiyində əbədi duracağıq, biz ərazi bütövlüyümüzün keşiyində əbədi duracağıq. Qoymayacağıq ki, bir daha düşmən başını qaldırsın, qoymayacağıq ki, bir daha bizim üçün təhdid yaratsın. Əgər bunu görsək, dərhal hərəkətə keçəcəyik. Əminəm ki, buna ehtiyac olmayacaq. Çünki ölkəmizin artan gücü, o cümlədən hərbi gücü müstəqilliyimizin, rahat həyatımızın təminatçısıdır, onun qarantıdır”, - deyə vurğulayıb.

Paylaş:
Baxılıb: 153 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Sosial

Xarici siyasət

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30