Heydər Əliyev yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Azərbaycana atılan güllə...

Azərbaycana atılan güllə...

02.02.2023 [10:19]

Cavabsız qalmayacaq!

Terrora dəstək verənlər bu reallığı anlamalıdırlar

Yanvarın 27-də Azərbaycanın İrandakı səfirliyinə edilən xain terror hücumu bütün dünya tərəfindən pislənildi.

Qısa zaman kəsiyində Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri səfir Peter Mixalko, Avropa Şurasının (AŞ) Baş katibi Mariya Peçinoviç Buriç, ATƏT-in fəaliyyətdə olan sədri, Şimali Makedoniyanın xarici işlər naziri Buyar Osmani, ABŞ Dövlət Departamenti, Qoşulmama Hərəkatı Gənclər Təşkilatı, o cümlədən Türkiyə, Rusiya, Slovakiya, Birləşmiş Ərəb Əmirlikləri, Pakistan və bir çox ölkələr bu terror aktını pisləyən bəyanatlar yaydılar. Təbii ki, baş verənlər terror aktı kimi qiymətləndirildi və İran hakimiyyətindən bu terrorun araşdırılması tələb edildi.

Rəsmi Tehran isə diqqəti fərqli istiqamətlərə yönəltməyə çalışır. “Kalaşnikov” avtomatı ilə silahlanan və terror aktını yerinə yetirən İran vətəndaşı Yasin Hüseynzadənin törətdiyi əməllə bağlı “yayılan” ilkin versiyanın “şəxsi zəmin” kimi dəyərləndirilməsi də bundan xəbər verir.

Oxlar molla rejimini, “Tehran sarayı”nı göstərir

Düzdür, hadisədən bir qədər sonra terrorçu saxlanılıb, amma bu terrorçunun sonradan televiziyaya çıxarılması və məsələyə şəxsi don geyindirilməsinə çalışılması anlaşılan deyil. Beləliklə, İran məsələni məişət hadisəsi səviyyəsinə endirərək məsuliyyətdən yaxa qurtarmağa çalışır. Amma məsələ sırf siyasi xarakter daşıyır - terror hadisəsidir. Eyni zamanda, İranın Azərbaycana qarşı son, düşmənçilik zəminində davranışları da bunu deməyə əsas verir. Bu ölkə regionda təhlükəsizliyin təmin edilməsinə açıq şəkildə mane olur - işğalçı Ermənistanı dəstəkləməklə Cənubi Qafqazın təhlükəsizlik arxitekturasına zərər verir. Bütün bu faktorlar isə özlüyündə terrorun əsl məğzinin gizlədilməsinin səbəblərini ortaya qoyur - oxlar molla rejimini, “Tehran sarayı”nı göstərir.

İran beynəlxalq məsuliyyətdən yayınmağa çalışsa da...

İran həm də münaqişəni məişət zəmininə endirməklə beynəlxalq konvensiyaları pozması faktını ört-basdır etməyə çalışır. Çünki bu məsələ həm də öz qiymətini beynəlxalq müstəvidə tapmalıdır. İran dünyada qəbul edilmiş konvensiyaları pozub - səfirlik binasının təhlükəsizliyinin təmini birmənalı şəkildə İran dövlətinin üzərində olan məsuliyyətdir. Bunu hüquqi aktlar da sübut edir. Dövlətləri beynəlxalq ünsiyyətdə təmsil edən dövlət orqanlarının statusunu və funksiyalarını, həmçinin mühafizəsini tənzimləyən beynəlxalq hüquq normaları mövcuddur. BMT-nin imtiyaz və immunitetləri haqqında 1946-cı il Konvensiyası, həmçinin ixtisaslaşdırılmış imtiyaz və immunitetləri haqqında 1947-ci il Konvensiyası diplomatik müəssisələrin, binaların və diplomatların mühafizəsini özündə ehtiva edir və bu kimi hallarda məsuliyyət ev sahibi dövlətlərin öhdəliyidir. Beynəlxalq praktikada diplomatik nümayəndəliklərin bütün təsisatları, istər ən yüksək səviyyəli diplomatik nümayəndəliklər hesab olunan səfirliklər, istər missiyalar, istərsə də konsulluqlar bu iki konvensiyaya əsasən müdafiə olunur. Bu sahəyə ənənəvi səfirliklər və konsulluqlardan əlavə, dövlətlərin beynəlxalq təşkilatlardakı nümayəndəlikləri, təntənəli tədbirlərdə, danışıqlar aparılmasında iştirak etmək üçün digər ölkələrə göndərilən xüsusi missiyalar, beynəlxalq təşkilatların əməkdaşları da aiddir. Bu şəxslərin də təhlükəsizliyi imtiyaz və immunitetlərini nizama salan normalar diplomatiya və konsulluq hüququ ilə tənzimlənir. Beləliklə, İran molla rejiminin “xeyir-duası” ilə ərsəyə gələn bu terror aktına qarşı susqunluq nümayiş etdirmək, onu dəstəkləmək, onun təbliğatına “uymaq” həm də beynəlxalq müqavilələrin, beynəlxalq konvensiyaların tapdanması deməkdir.

İranın terror hərəkətinə “dəstək” verənlər...

Demək olar ki, bütün dünya - həm beynəlxalq təşkilatlar, həm də ayrı-ayrılıqda ölkələr bu terror aktına qarşı açıq mənfi bəyanatları yaymaqdadır. Amma təəssüf ki, hələ də İrana “dəstək” olmaq, ona “qahmar” çıxmaq istəyənlər də tapılır. Məsələn, Azərbaycan XİN-in yaydığı məlumata görə, terror hücumundan dərhal sonra Qoşulmama Hərəkatının (QH) Əlaqələndirici Bürosuna və Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə (AQEM) Azərbaycan tərəfindən təqdim edilmiş kommünike və bəyanat layihələrinə İran tərəfi etiraz edib və bu sənədlərin qəbuluna mane olub. İran tərəfi bununla yanaşı, sözügedən təşkilatlarda öz mövqeyinə dəstək məqsədilə bir çox ölkələrə müraciət etsə də, Qoşulmama Hərəkatında 120 ölkə arasından İranın mövqeyinə dəstək verən yalnız Suriya və Hindistan olub.

Bəllidir ki, Azərbaycan dövləti səfirliyinə qarşı terror aktının geniş şəkildə pislənməsi və terror aktını törədənlərin cəzalandırılması üçün bütün müvafiq beynəlxalq platformalardan istifadə edəcək - Azərbaycana atılan güllə cavabsız qalmayacaq. Əslində Suriya və ya Hindistan kimi ölkələrin İranı “dəstəkləməsi” də başa düşüləndir - Suriyada son dövrlərdə baş verənlər, orada terrorun “qol açıb gəzməsi”, hətta hakimiyyətsizlik mühitinin hökm sürməsi, ən primitiv insan haqqlarının tanınmaması buna əsas verir. Suriya müasir dövrdə ən fəal “terror yuvalarından” biri kimi xarakterizə olunur. İllərdir ki, Türkiyənin Suriya ilə sərhəddə həyata keçirdiyi antiterror əməliyyatları dediklərimizi təsdiqləyir. Terroru dəstəkləyən, himayə edən İranla Suriyanın “eyni mövqedən” çıxış etməsi də eyni missiyaya xidmət etmələrinin nəticələridir.

Ümumiyyətlə, Suriya hər zaman “terrorçu istehsal edən” bölgə kimi tanınıb - bu ölkədə yaşayan erməni diasporu işğal dövründə terrorçuların Azərbaycan torpaqlarına köçürülməsini təşkil edirdi. Hətta bununla bağlı “Suriya Erməniləri Məsələləri Koordinasiya Mərkəzi” adlı təşkilat da formalaşdırmışdılar. Suriya parlamentində təmsil olunan ermənilər Vətən müharibəsi dövründə yüzlərlə suriyalı muzdluların ermənilər tərəfdən döyüşməsinin təşkilatçısı qismində çıxış edirdilər. Bu kimi faktlar isə Suriyanın İran qədər terroru dəstəkləyən ölkə olduğunu deməyə imkan verir.

Ermənistanı fəal şəkildə silahlandıran Hindistan...

Hindistana gəldikdə isə, bu dövlətin də anti-Azərbaycan siyasəti yürütməsi, Ermənistana dayaq, dəstək olması sirr deyil. Bu mənada, Hindistanın İranla maraqlarının kəsişməsi, ona dəstək verməsi “başadüşüləndir”. Ermənistanı məqsədli şəkildə silahlandırmağa çalışan Hindistan onsuz da beynəlxalq konvensiyaları pozur. Təbii ki, onun da burada öz “maraqları” var. Onun tör-töküntü silahlarına elə Ermənistan “yiyə durar”. Çünki Hindistanın Ermənistana ucuz qiymətə satdığı silahlar köhnə silahlardır. Ermənistan isə bu kimi faktları özü üçün “ordu quruculuğu” təbliğatına çevirməyə çalışır.

Beləliklə, dünyada yoxsulluq indeksinə görə ən “populyar” ölkələr sırasında yer alan, hətta COVİD-19 pandemiyası dövründə ən primitiv üsullarla belə xalqını qoruya bilməyən Hindistanın terroru himayə edənlərlə eyni sırada durmaq həvəsi birmənalı qəbul edilə bilməz - rəsmi Delhi anlamalıdır ki, bu yol onlara yaxşı heç nə vəd etmir...

Xaricdə yaşayan bəzi “bloggerlər” İran təbliğatının “ayağı” rolunda...

Təəssüf ki, Suriya, Hindistan kimi ölkələrlə yanaşı, bəzi “sapı özümüzdən” baltalar da İranın yalan təbliğatının “ayaqçısı” kimi çıxış etməyi özlərinə rəva bilirlər. Xaricdə “məskunlaşan”, adını “blogger”, “internet fenomeni” qoymuş bəzilərinin tutduğu mövqe də aydın deyil - onlar bu terror aktının məğzini məhz İranın istəyinə uyğun şəkildə “izah etməyə” çalışırlar. Başqa sözlə, düşmən təbliğatının bir hissəsinə çevrilirlər. Amma bu yolverilməzdir. Bu gün çətin sınaq günündə milli birlik, milli həmrəylik ən əsas amilə çevrilməldir - həm ölkə daxilində, həm də ölkə xaricində bütün güclər səfərbər olunmalı, hər kəs eyni nöqtəyə diqqət kəsilməlidir. Əks halda tutulan mövqe hər bir halda düşmənə yardım edəcək - bu isə yolverilməzdir...

Pərviz SADAYOĞLU

Paylaş:
Baxılıb: 152 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xarici siyasət

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31