Heydər Əliyev yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Tehran qorxur, “qorxudur”...

Tehran qorxur, “qorxudur”...

04.02.2023 [10:21]

İrandakı səfirliyimizə edilən xain terror hücumunun ardından rəsmi Tehran ölkəmizə qarşı aqressiyasını davam etdirməkdədir. Terror yuvası, şər yuvası kimi xarakterizə olunan, dünyada terroru himayə edən ölkə kimi tanınan, ildə terrorun maliyyələşdirilməsinə 16 milyard dollar vəsait ayıran, Yaxın Orta Şərqdə distabilizasiyanın hökm sürməsinə baiskar olan İran öz “ayıbına” utanmaq əvəzinə, ətrafına şər-böhtan atmaqla məşğuldur. Hələ ki, başı etdiyi terrorun “ört-basdır” olunmasına qarışan İran yenə Azərbaycanı təhdid edib. Belə ki, molla rejiminin informasiya naziri İsmayıl Xətib Kirmanşah əyalətinə səfəri zamanı Təhlükəsizlik Şurasının iclasında Azərbaycana qarşı ifadələr işlədib. Xətib “qonşu ölkələrə təhlükəsizliyini qorumaq üçün İsraildən uzaq durmağı” tövsiyə edib. “Sionist rejim bütün iddiaları ilə daxildən çökməkdədir. Daxili çəkişmələr və fələstinlilərin müqaviməti bunun bariz nümunəsidir. Bölgə sakinlərinin bəsirətli və ağıllı hərəkətləri sayəsində sionistlərə qarşı daha uğurlu addımlar atılacaq”, - deyə Xətib bildirib. O, qonşu ölkələrə İsraildən uzaq durmağı tövsiyə edib: “Bu gün regionda Amerikanın mövcudluğunu artırmasının şahidi oluruq. Düşmən ölkəyə və sistemə müxtəlif vasitələrlə - beynəlxalq təzyiqlər, insan haqları, sanksiyaların artırılması, informasiya müharibəsi ilə hücum edir, İranın güc və təhlükəsizliyinin simvolu olan SEPAH-a qarşı addımlar atır”.

İranın narahatlığı

“Əmmaməli nazir”in verdiyi “məsləhət” narahatlığın göstəricisidir. Narahatlığın isə haradan qaynaqlandığı bəllidir. Tehrandakı səfirliyimizə edilən terror aktından sonra İsrail Prezidenti İsxak Hersoqun Azərbaycan Prezidenti İlham Əliyevə zəng etməsi, törədilmiş terror aktını qınaması Tehranı “əndiləşələndirib”. Eyni zamanda, İsrailin Bakıdakı səfiri də Prezidentin köməkçisi Hikmət Hacıyevlə görüşərək başsağlığı verib. Fevralın 1-də isə Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovla İsrailin müdafiə naziri Yoav Qallant arasında telefon danışığı baş tutub. Müdafiə Nazirliyinin məlumatına görə, Azərbaycan-İsrail əlaqələrinin dostluq və qarşılıqlı etimada əsaslandığını vurğulayan Y.Qallant ölkələrimiz arasında mövcud münasibətlərdən məmnunluğunu ifadə edib. Z.Həsənov Y.Qallantı müdafiə naziri təyin olunması münasibətilə təbrik edərək ölkələrimiz arasında hərbi sahədə əməkdaşlığın genişlənəcəyinə əminliyini bildirib. Danışıq zamanı tərəflər regional təhlükəsizlik məsələlərini, eləcə də ölkələrimiz arasında hərbi-texniki əməkdaşlığın perspektivlərini müzakirə ediblər. Fevralın 1-də israilli nazir həm də Azərbaycan Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyevlə danışıb. Azərbaycan DSX-nin məlumatına görə, söhbət zamanı təhlükəsizlik və sərhəd mühafizəsi sahəsində əlaqələrin inkişaf etdirilməsinə dair fikir mübadiləsi aparıblar.

Göründüyü kimi, İran çaş-baş qalıb - eyni gündə terrora məruz qalan İsrail ilə Azərbaycanın əməkdaşlığı, yaxınlığı Tehranı “düşüncəyə qərq edir”. Bu səbəbdən  də rəsmilərinin, nazirlərinin timsalında bu kimi açıqlamalarla özünü “ələ verir” -  illərdir ki, yığılıb qalmış kini-küdurəti nümayiş etdirir. Amma İran “çabaladıqca batır” - olduqca mühüm və böyük səhvlər buraxır.

Birincisi, İran Azərbaycana qarşı düşmənçiliyinin əsl səbəblərini sadalamalı və bunu arqumentləşdirməlidir. Çünki ifadə olunan fikirlər, ifadələr, seçilmiş siyasi ritorika qeyri-etik xarakter daşıyır. İran kimdir ki, Azərbaycana xarici siyasətlə bağlı məsləhətlər versin? Axı, onun ilk növbədə buna mənəvi haqqı çatmır...

Din siyasi alətə çevrilib

Bəli, ortada təzad var. Azərbaycanın yürütdüyü çoxvektorlu, dostluğa və əməkdaşlığa, qarşılıqlı milli maraqlara əsaslanan xarici siyasət kursundan narahat olan molla rejimi 30 ilə yaxın ermənilərlə etdiyi “dostluğu” necə əsaslandıracaq? Axı, bu faktdır ki, illərlə Ermənistanın Azərbaycan torpaqlarını işğalda saxlamasına bu və ya digər şəkildə həm də İran yardım edib.  İranın Ermənistana dəstəyi İrəvanı Azərbaycan qarşısında ayaqda saxlayıb - işğaldakı torpaqlarımızın tar-mar edilməsi də İranın “xidmətləridir”. Amma Azərbaycan həmin illər ərzində  özünün xarici siyasət kursunda bir sıra məsələlərdə İranın maraqlarını nəzərə alıb. Hətta öz torpaqlarından İrana hücum edilməsinə imkan verməyib.

İran isə üzdə “din” uğrunda mübarizəni, “din qardaşlığını” və bu kimi gəlişi gözəl sözləri əlində bayraq etməklə Ermənistanın Şuşa məscidini dağıtmasına, Qubadlı məscidində heyvan saxlamasına, Ağdam məscidini təhqir etməsinə, Zəngilan məscidini yerlə-yeksan edilməsinə göz yumub. İran maşınları işğal altındakı evlərimizi söküb daşıyıblar - sərvətlərimizə göz dikiblər. Bu gün isə, Ermənistanın sərhədlərinin təhlükəsizliyini özünün “qırmızı xətti” hesab edir. İranın dindən siyasi alət kimi istifadə etməsi faktlarla və arqumentlərlə ortadadır...

Tehranın köhnə “şakəri”...

Xətibin “daha uğurlu addımlar atılacaq” ifadəsi isə İranın yeni-yeni terror hərəkətlərinə hazırlıq içində olmasının anonsu sayıla bilər. Bu da təəccüblü deyil. İsmayıl Xətibin “nitqində” göylərə qaldırdığı SEPAH bu gün bütün dünyada terrorçu təşkilat kimi tanınır və xarakterizə olunur. Dünyanın 5 ölkəsi - ABŞ, İsrail, Səudiyyə Ərəbistanı və Bəhreyn SEPAH-ı rəsmi şəkildə terror təşkilatı kimi tanıyır. Amma bu siyahı arta bilər - Avropa İttifaqı bu istiqamətdə çağırış səsləndirməkdə, qətnamələr qəbul etməkdədir.

İranlı nazir “İsraildən aralı durun” “xəbərdarlığı” ilə özünü gülünc vəziyyətə salıb - cənab Xətib bir dəfə dönüb öz ölkəsinə baxsa, məhz kənar durulması gərəkən ölkənin elə rəsmi Tehran olduğunu görəcək. İran SEPAH-ın əli ilə yerləşdiyi bölgədə hansı terrora əl atmayıb?

- SEPAH dünyanın bir sıra ölkələrində hərbi toqquşmalarda da iştirak edib;

- SEPAH Suriya vətəndaş müharibəsində Bəşər Əsədin tərəfində döyüşüb;

- SEPAH İraqda hərbi qarşıdurmanın körüklənməsində “mühüm rol” oynayıb;

- SEPAH Yəməndə vətəndaş qarşıdurmasının yaranmasına milyardlarla pul xərcləyib;

- İran mütəmadi olaraq Səudiyyə Ərəbistanına qarşı hərbi iddialar səsləndirir.

Eyni zamanda, qonşu ölkələrin daxili işlərinə qarışmaqda “maraqlı” olan SEPAH-ın həmin ölkələrdə verdiyi itkilərinin də sayı az deyil:

- SEPAH Suriya döyüşlərində 6 generalını itirib;

- 8 oktyabr 2015-ci ildə SEPAH generalı Hüseyn Həmədani Hələb yaxınlığında öldürülüb;

- Həmin il oktyabrın 12-də korpusun yüksək rütbəli hərbi rəhbərləri general-mayor Fərşad Xasunizadə və briqada generalı Həmid Möhtərbənd Suriyada gedən döyüşlərdə öldürülüb;

- Suriyada İİKK-nın Fatemiyun diviziyasının briqada generalı Rza Xavəri də öldürülən generalların siyahısındadır;

- 3 yanvar 2020-ci ildə İran İslam İnqilabı Keşikçiləri Korpusunun generalı Qasım Süleymani Bağdad Beynəlxalq Hava Limanına endirdiyi hava zərbəsi nəticəsində öldürülüb.

Artıq şərhə ehtiyac yoxdur - hansı dövlətin terror təhlükəsi yaratdığı, hansı ölkənin distabilizasiya axtarışında olduğu faktlarla ortadadır...

İsrail - Azərbaycan əməkdaşlığı: çoxşaxəli əlaqələr, qarşılıqlı hörmət, ədalətli yanaşma...

İsrail isə İrandan fərqli olaraq Azərbaycan ilə Ermənistan arasındakı problemə münasibətdə hər zaman ədalətli mövqe nümayiş etdirib. İki dövlət arasında çoxşaxəli əlaqələr mövcuddur. Məsələn, ticarət sahəsində Azərbaycan-İsrail əməkdaşlığı inkişaf edir və onun həcmi ildən-ilə artır. İsrail dünya bazarında Azərbaycan neftinin əsas strateji alıcılarından biridir. İsrailin Müdafiə Sənayesi Şirkətləri Azərbaycanda hərbi sənaye quruculuğunda fəal iştirak edib və bunu davam etdirirlər. 2018-ci ilin sentyabrında İsrail dövlətinin Müdafiə naziri Aviqdor Libermanın başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri bu sahədəki əməkdaşlığın daha da gücləndirilməsinə təkan verib. Azərbaycan və İsrail arasında hərbi-texniki əməkdaşlıq, silah və hərbi texnikanın alınması isə daha əvvələ təsadüf edir. 2005-ci ildən başlayaraq ölkələrimiz arasında bu sahədə fəal əməkdaşlıq aparılır. 2020-ci il Vətən müharibəsi dövründə İsraildən alınan pilotsuz təyyarələr və digər silah-sursatlar Azərbaycanın qəti qələbə əldə etməsində mühüm rol oynayıb. İkinci Qarabağ müharibəsi vaxtı İsrailin Azərbaycanın yanında olması faktı həm Azərbaycan, həm də İsrail dövləti üçün əlverişli imkanlarlar yaradıb. Azərbaycan İsrailin müasir hərbi avandlığından istifadə edərək müharibə zamanı düşmənə sarsıdıcı zərbələr vurdu.

İranın qorxusu - regionda yeni siyasi-iqtisadi-hərbi konfiqurasiya yaranır

Eyni zamanda, Azərbaycanın İsraildə səfirlik açması, İsrail ilə Türkiyə arasında münasibətlərin inkişafı regionda yeni iqtisadi reallıqlar yaratmaqla yanaşı, siyasi mənzərəyə də mühüm çalarlar əlavə edib. Azərbaycanın strateji müttəfiqi olan Türkiyə ilə yaxın əməkdaşımız İsrail arasında münasibətlərin inkişafı bölgənin təhlükəsizliyi və inkişafı ilə bağlı yeni mərhələ formalaşdırır. Başqa sözlə, bu yaxınlaşma sözügedən regionda yeni siyasi-iqtisadi konfiqurasiyanın əsasını qoyub. Nəzərə alınmalıdır ki, müasir çağırışlar regional əməkdaşlıqların inkişafını vacib şərt olaraq müəyyənləşdirməkdədir. Bu mənada, üç dövlət arasında əlaqələrin möhkəmlənməsi mühüm perspektivlər yaradır.

İranın isə qorxduğu amil   həm də budur. Tehranın “hədə-qorxusu”nun arxasında həm də ürkəklik dayanır. Çünki:

-  Türkiyə, həm də İsrail mühüm coğrafi regionun əsas güc mərkəzlərindən sayılır və Azərbaycanla yaxın əlaqələrə malikdirlər;

- Yaranan siyasi üçbucaq böyük bir coğrafiyada - Aralıq dənizi və Orta Şərq regionunda yeni inkişaf mərhələsi yaradır;

- Bu yaxınlaşma sözügedən regionda yeni siyasi-iqtisadi konfiqurasiyanın əsasını qoyur.

Eyni zamanda, bu əməkdaşlıq üçbucağı regionda təhdid yaradan qüvvələrin də zərərsizləşdirilməsinə mühüm töhfələr verəcək. İranın, Ermənistanın timsalında regional təhlükəsizliyə təhdid yaradan qüvvələrin isə bu yaxınlaşmadan narahatlıq keçirməsi təbiidir. Qonşuluq münasibətlərində “destruktiv ritorikaya” üstünlük verən bu kimi ölkələr yeni yaranan siyasi-hərbi reallıqları qəbul etmək məcburiyyətindədirlər. Çünki yeni dünya düzəni yalnız və yalnız yaxın əməkdaşlığa, bütün sahələr üzrə tərəfdaşlığa əsaslanır.

Pərviz SADAYOĞLU

Paylaş:
Baxılıb: 143 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xarici siyasət

Siyasət

Siyasət

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31