Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Üç format, bir məqsəd...

Üç format, bir məqsəd...

22.02.2023 [10:12]

Çempion kim olacaq?

Mübariz ABDULLAYEV

Postmüharibə dövründə ayrı-ayrı ölkələr və beynəlxalq təşkilatlar Azərbaycanla Ermənistan arasında sülhyaratma prosesində vasitəçi qismində iştirak etməyə çalışırlar. Təəssüf ki, tənzimləmə prosesinə qoşulmaq istəyən ölkələrin və beynəlxalq təşkilatların heç də hamısı xoş məram nümayiş etdirmir və regionda öz maraqlarının təmin olunmasını önə çəkirlər. Bəzi iddialı dövlətlərin və beynəlxalq qurmların Ermənistana açıq şəkildə himayədarlıq etmək istədikləri də heç kəsə sirr deyil. Bu kontekstdə Azərbaycanın ədalətli yanaşması diqqət çəkir. Müharibənin qalib tərəfi olan respublikamız regiona uzunmüddətli sülh gəlməsi üçün əlindən gələni edir. O cümlədən Azərbaycan sülhyaratma prosesinə xoş məramla qoşulan, konstruktiv mövqe sərgiləyən bütün vasitəçilərin səylərini qəbul edir və yüksək dəyərləndirir. Bunu Prezident İlham Əliyev fevralın 18-də Münhen Təhlükəsizlik Konfransı çərçivəsində “Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması” mövzusunda keçirilən plenar iclasda bir daha diqqətə çatdırıb. Dövlətimizin başçısı bildirib ki, hər kimsə bu iki ölkənin razılığa gəlməsinə kömək edərsə, çempion medalını qazanacaq.

Azərbaycan Brüssel formatına sadiqdir

Postmüharibə mərhələsində Azərbaycanla Ermənistan arasında başlayan sülhyaratma prosesində Brüssel platforması formalaşıb. İndiyədək Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan liderlərinin Brüsseldə bir neçə görüşü baş tutub. Liderlər arasında Brüsseldə ilk görüş 2021-ci il dekabrın 14-də keçirildi. Brüssel formatında sonuncu görüş isə 2022-ci il 6 oktyabr tarixində  Praqada Azərbaycan Prezidenti İlham  Əliyevin, Fransa Prezidenti Emmanuel Makronun, Ermənistanın baş naziri Nikol Paşinyanın və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin iştirakı ilə baş tutdu. Görüşdən sonra verilən bəyanatda bildirildi ki, Azərbaycan və Ermənistan BMT-nin nizamnaməsinə və bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıyan 1991-ci il Almatı Bəyannaməsinə sadiqliklərini təsdiq edirlər. Ötən ilin dekabrında isə Brüssel formatında liderlərin gözlənilən görüşü baş tutmadı. Buna səbəb Ermənistanın şərti oldu. Məğlub ölkə Fransa prezidentinin də liderlərin görüşünə qatılmasını təkid etdi. Bu, qeyri-adekvat şərt Azərbaycan tərəfindən qəbul edilmədi. Azərbaycanın sərt mövqeyini şərtləndirən əsas amil odur ki, Fransa özünün münaqişə tərəfi olan Ermənistanın havadarı kimi aparır. Fransa Avropa İttifaqı Şurasının yanvarın 23-də  Ermənistana uzunmüddətli missiya göndərilməsi ilə bağlı Azərbaycanla razılaşdırılmayan qərar qəbul etməsində, sözün əsil mənasında, canfəşanlıq göstərdi. Belə birtərəfli qaydada tərəf saxlayan Fransa prezidentinin Brüssel formatında iştirakı hansı məntiqə sığardı? Sağlam məntiq bunu inkar edir. Azərbaycanın mövqeyinə gəldikdə, Prezident İlham Əliyev Brüssel formatını, Şarl Mişelin konstruktiv yanaşmalarını və fəallığını təqdir etdiyini dəfələrlə bildirib. Azərbaycan Fransanın iştirakı olmadan Brüssel formatında müzakirələrin bundan sonra da davam etdirilməsinin tərəfdarıdır. Dövlətimizin Münhen Təhlükəsizlik Konfransı çərçivəsində baş tutan plenar iclasda ölkəmizin Brüssel formatına münasibətini bir daha diqqətə çatdıraraq deyib: “Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması ilə əlaqədar olaraq bir neçə platformamız var. Onlardan biri Brüssel formatı adlandırdığımız platformadır. Dünən Avropa İttifaqı Şurasının Prezidenti cənab Şarl Mişellə görüş zamanı biz bir daha Brüssel prosesinə sadiq olduğumuzu təsdiqlədik”.

Yeri gəlmişkən, fevralın 17-də Münhendə Prezident İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel ilə görüşü olub. Görüşdə Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması, sülh müqaviləsi üzrə danışıqlar və Brüssel sülh prosesi ətrafında müzakirələr aparılıb. Prezident İlham Əliyev Azərbaycanın Brüssel sülh prosesini dəstəklədiyini qeyd edib.

ABŞ-ın proseslərdə daha fəal yer almaq istəyi

Cənubi Qafqazda sülhyaratma prosesində Amerika Birləşmiş Ştatlaının öz fəallığını artırmaq istəyi də açıq-aydın hiss olunur. ABŞ Dövlət Departamenti Luis Bononu Cənubi Qafqaz üzrə yeni xüsusi nümayəndə təyin edib. Bu, ABŞ-ın sülhyaratma prosesində fəallığını artırmaq istəyindən xəbər verir. Bütövlükdə Azərbaycan-ABŞ siyasi dialoqu intensiv mahiyyəti ilə diqqət çəkir. Yanvar ayında ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya Məsələləri Bürosunun Qafqaz İşləri və Regional Münaqişələr İdarəsinin direktoru Mark Kemeron Azərbaycana səfərə gəldi. Fevralın 9-da Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Amerika Birləşmiş Ştatları Dövlət Katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid arasında telefon danışığı baş tutub. Telefon danışığı zamanı tərəflər iki ölkə arasında ikitərəfli münasibətlərin cari gündəliyi, regionda vəziyyət və Azərbaycan-Ermənistan arasında sülh prosesi barədə ətraflı müzakirə aparıblar. Nazir Bayramov Laçın yolunda etiraz aksiyasının legitim olduğunu və aksiyanı həyata keçirən şəxslərin tələblərinin yerinə yetirilməsinin zəruri olduğunu vurğulayıb.

Eyni zamanda, Prezident İlham Əliyev və ABŞ-ın dövlət katibi Antoni Blinken Cənubi Qafqazda sülhyaratma prosesi ilə bağlı daim müzakirələr aparırlar. Deyə bilərik ki, bu mövzuda dövlətimizin başçısı ilə ABŞ dövlət katibi arasında səmərəli telefon diplomatiyası formalaşıb. ABŞ dövlət katibinin hər dəfə Brüsseldə keçirilən görüşdən öncə və sonra Azərbaycan və Ermənistan liderləri ilə danışdığını, telefon əlaqəsi yaratdığını müşahidə etmişik. Bu, o anlama gəlir ki, rəsmi Vaşinqton Brüssel formatını dəstəkləyir və onu təqdir edir.

Fevralın 18-də isə Münhendə Azərbaycan Prezidentinin ABŞ-ın Dövlət katibi Antoni Blinken və Ermənistanın baş naziri Nikol Paşinyan ilə birgə görüşü olub. ABŞ rəsmilərinin regiona intensivləşən səfərləri, telefon diplomatiyası ondan xəbər verir ki, Vaşinqton artan geosiyasi gərginliklər fonunda Cənubi Qafqazda prosesləri diqqətlə izləyir. Belə görünür ki, ABŞ-ın bölgə ilə bağlı maraqları dəyişməz olaraq qalır.

Rusiya müttəfiqlik Bəyanatına niyə əməl etmir?

Müharibə günlərində və postmüharibə dövrü başlayanda proseslərə Moskvanın fəal yanaşması aydın şəkildə sezilirdi. Qeyd edək ki, müharibənin başa çatmasını bildirən 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanat məhz Rusiyanın vasitəçiliyi ilə imzalandı. Həmin sənədə Azərbaycan və Rusiya prezidentləri, eləcə də Ermənistanın baş naziri imza atıblar.

Ancaq Moskva platformasının öz fəaliyyətində obyektivlik, ardıcıllıq və prinsipiallıq nümayiş etdirdiyini söyləmək mümkün deyil. Belə deməyə əlimizdə əsaslar var. Xatırlayaq. Hələ müharibə günlərində prezident V. Putin KİV-ə verdiyi müsahibələrində bir neçə dəfə Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu açıq mətnlə ifadə etmişdi. Həmin dövrdə və sonrakı mərhələdə Rusiyanın vasitəçiliyi ilə imzalanan sənədlərdə Qarabağda yaşayan ermənilərə hansısa bir “status” verilməsindən, “Dağlıq Qarabağ münaqişəsi”ndən ümumiyyətlə söhbət açılmırdı. Ancaq Praqadan sonra Soçidə baş tutan görüş ərəfəsində Rusiya rəsmilərinin, necə deyərlər, valı dəyişdiklərini müşahidə etdik. Soçi görüşündən əvvəl Rusiya rəsmiləri Azərbaycanla Ermənistan arasında Dağlıq Qarabağla bağlı müzakirələr aparılması təklifini səsləndirdilər. Azərbaycan bu təklifi qətiyyətlə rədd etdi. Gözlənilmədən “münaqişənin həllinin gələcəyə saxlanılması”, “Qarabağ ermənilərinin təhlükəsizliyinin təmin edilməsi” kimi tezislər dövriyyəyə buraxıldı. Analitiklər çox doğru olaraq bildirirlər ki, vasitəçi Rusiyanın belə təhrikedici açıqlamaları sülh sazişini 2022-ci ilin sonlarınadək imzalamağa hazır olan Ermənistanı geriyə addım atmağa sövq edən ikinci bir amil oldu.

Azərbaycanla Ermənistan arasında sülhyaratma prosesində əsas vasitəçi olmağa iddialar sərgiləyən və digər platformalarda əldə olunan uğurları həzm etmədiyini açıq-aşkar büruzə verən şimal qonşumuz,  həmçinin bir il bundan əvvəl - 22 fevral 2022-ci il tarixində imzalanan Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə ilə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə maraqlı görünmür. Həmin sənədin 11-ci bəndində oxuyuruq: “Rusiya Federasiyası və Azərbaycan Respublikası öz ərazilərində təşkilatların və şəxslərin digər Tərəfin dövlət suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə qarşı yönəlmiş fəaliyyətinin qarşısını qətiyyətli surətdə alırlar”.

Rusiyanın davranışları bu müddəanın kobud şəkildə pozulması anlamına gəlir. Azərbaycanın Qarabağ iqtisadi rayonunda ermənilər sözün əsl mənasında separatizm əməlləri törədirlər. Erməni hərbçiləri bəhs olunan ərazidə bir neçə dəfə silahlı təxribatlar törədiblər. Erməni hərbçiləri, həmçinin Rusiya sülhməramlı kontingentinin müvəqqəti xidmət apardıqları Azərbaycan ərazilərində mina terrorunu davam etdirirlər. Ötən iki ildə Laçın dəhlizi ilə 2021-ci ildə Ermənistanda istehsal olunan minalar daşınıb və həmin sursatlar ən ağlagəlməz yerlərdə basdırılıb. Bütün bunlardan başqa, Moskvadan Xankəndinə xüsusi gündəliklə göndərilən Ruben Vardanyan ölkəmizə qarşı iddialar səsləndirir, faktiki olaraq erməni əsilli Azərbaycan vətəndaşlarını itaətsizliyə çağırır. Bütün bu kimi faktlar Azərbaycanın suveren hüquqlarına qarşı yönəlib. Bəs məlum Bəyanatın 11-ci bəndi niyə işə salınmır? Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsində əsas vasitəçi qismində çıxış etmək iddiaları ortaya qoyan Rusiya niyə öz məsuliyyətini yaddan çıxardır və real addımlar atmır?

Paylaş:
Baxılıb: 503 dəfə

Xəbər lenti

Hamısına bax

Dünya

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

Gündəm

Laçına gedən yolda...

25 Oktyabr 11:30  

Siyasət

Siyasət

İqtisadiyyat

Ədəbiyyat

Dünya

Analitik

Ədəbiyyat

Şənbə üçün nəzm

25 Oktyabr 08:25  

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31