Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Cənubi Qafqazda əsas söz sahibi

Cənubi Qafqazda əsas söz sahibi

02.03.2023 [10:39]

Qalib ölkənin gücü və ədaləti

Bu günlərdə Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov Azərbaycanda səfərdə oldu. Azərbaycan Prezidenti İlham Əliyev və xarici işlər naziri Ceyhun Bayramov Rusiya XİN-in rəhbərini qəbul ediblər. Görüşlərdə ikitərəfli gündəliyin aktual məsələləri müzakirə edilib. Xüsusilə də hər iki qəbulda regional təhlükəsizlik, Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsi məsələləri diqqət mərkəzində olub. Azərbaycanın dövlət başçısı iki ölkə arasında normallaşma prosesinin perspektivlərinə əminliklə yanaşdığını bildirib. “Ümidvaram ki, 2023-cü il Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşmasında irəliləyiş ili olacaq. Hər halda biz buna ümid edirik”, - deyə dövlətimizin başçısı vurğulayıb.

Ölkəmizin  mövqeyi həlledicidir

Sergey Lavrovun Bakıya səfəri Ermənistanda da böyük maraqla izlənilirdi. Səfər barədə çoxsaylı materiallar dərc edən Ermənistan KİV-ində Rusiya XİN-in rəhbərinin Cənubi Qafqaz turnesini İrəvanda davam etdirəcəyi barədə ehtimallar irəli sürülürdü. İddia edilirdi ki, Cənubi Qafqazda təhlükəsizlik həm də Ermənistana aid olan məsələdir. Ancaq S.Lavrov turnesini Bakıda tamamlamaqla ermənilərin gözünü yolda qoydu. Burada məntiqi sual yaranır: Rusiyanın yüksəksəviyyəli diplomatı nə üçün Azərbaycanla Ermənistan arasında tənzimləmə prosesi ilə bağlı müzakirələrin İrəvanda davam etdirilməsinə lüzum görmədi və bu müzakirələr yalnız Bakıda aparıldı? Sualın cavabında bir neçə mühüm amili qeyd etmək mümkündür.

-Birincisi, Azərbaycanın Cənub? Qafqazın bütün parametrlər baxımından lider dövləti səviyyəsinə yüksəlməsi. Hər bir dövlətin siyasi iradəsi onun iqtisadi gücünə bağlıdır. Ermənistanda belə güc yoxdur. Burada iqtisadiyyat dağılıb, ölkə investisiya cəlbediciliyini itirib və ianələr hesabına yaşayır. Qeyd edək ki, Ermənistan bütün regional enerji və nəqliyyat layihələrindən kənarda qalıb. Belə bir zəif və təcrid olunmuş ölkə Cənubi Qafqazın təhlükəsizliyinə hansısa bir töhfə vermək iqtidarında deyil və buna görə də İrəvanda bu mövzuda müzakirələr aparmağın heç bir mənası yoxdur. Azərbaycan isə iqtisadi müstəqilliyini yüksək səviyyədə təmin edən ölkədir. Respublikamız heç bir güc mərkəzindən, donor təşkilatdan, beynəlxalq maliyyə qurumundan asılı deyil. Özünün gücünə arxalanan Azərbaycan siyasi qərarlarını da müstəqil şəkildə verir. Prezident İlham Əliyevin dəfələrlə bildirdiyi kimi, milli maraqlarımız Bakıda müzakirə olunur və taleyüklü qərarlar da məhz burada verilir.

Güclü dövlət olan Azərbaycan regional inkişafa və əməkdaşlığa da sanballı töhfələr verir. Son illərdə ölkəmizin moderatorluğu ilə həyata keçirilən enerji və nəqliyyat layihələri həm regional, həm də qlobal əhəmiyyət daşıyır. Bütün bu kimi faktların fonunda Cənubi Qafqazın təhlükəsizliyini güc mərkəzinə çevrilən Azərbaycanın fəal iştirakı olmadan təsəvvür etmək belə mümkün deyil. Ermənistan yedək dövlətdir. Bu səbəbdən də proseslərdə bu ölkənin, onun liderinin mövqeyi nəzərə alınmır.

-İkincisi, Azərbaycanın qalib dövlət olması amili. Ölkəmiz və xalqımız üç onillik ərzində torpaqlarımızın işğalı faktı ilə barışmadı. Praqmatik, milli ruhlu Lider olan Prezident İlham Əliyev xoş mərama əsaslanaraq sülh danışıqlarına qatılmaqla yanaşı, həm də Silahlı Qüvvələrimizin güclənməsi qayğısına qaldı. Qısa müddətdə respublikamızda yüksəksəviyyəli Ordu quruldu. Azərbaycan məhz öz Ordusunun gücü ilə təxminən 30 il işğal altında qalan torpaqlarını geri qaytarmağa nail oldu. Respublikamız Vətən müharibəsində həm hərbi güc, həm də diplomatik məharət nümayiş etdirdi. İşğal faktına hərbi-siyasi yolla son qoyuldu. Azərbaycanın 44 günlük müharibədə qazandığı şanlı Qələbə sayəsində Cənubi Qafqaz coğrafiyasında yeni reallıqlar yaranıb. Bu reallıqlar regional əməkdaşlığın və təhlükəsizliyin möhkəmlənməsi üçün yeni fürsətlər açıb.

-Üçüncüsü, Azərbaycanın ədalətli yanaşması. Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, ölkəmiz müharibə səhifəsini bağlamaq və gələcəyə baxmaq niyyətindədir. Eyni zamanda, respublikamız qalib dövlət statusuna baxmayaraq, sülh prosesində ədalətli yanaşma sərgiləyir. Tarixə nəzər salsaq, görərik ki, müharibələrin qalibləri qarşı tərəfə özünün sərt şərtlərini diktə edib. Qalib Azərbaycan isə belə ambisiyalardan uzaqdır. Ölkəmiz indiyədək Ermənistana beş bənddən ibarət sülh paketi təqdim edib. Həmin sənəd sırf beynəlxalq hüquq və prinsiplər əsas götürülməklə hazırlanıb, burada Azərbaycan tərəfindən hansısa bir əlahiddə şərt irəli sürülməyib. Təəssüf ki, məğlub Ermənistan ölkəmizin sülh təklifinə adekvat cavab verməyib. Bu ölkə 44 günlük müharibədə məğlubiyyət acısı yaşamasına, kapitulyasiyaya məruz qalmasına baxmayaraq, postmüharibə mərhələsində müxtəlif manipulyasiyalara əl atmaqla sülhyaratma prosesinə əngəllər törətməyə çalışır. Ermənistanda hakimiyyət və müxalifət daxilində revanşist qüvvələr fəallaşıblar.

Azərbaycan vasitəçilərin sülhyaratma səylərini təqdir edir

Sergey Lavrovun Cənubi Qafqazda təhlükəsizliyin təmin olunması, sülhyaratma prosesi ilə bağlı müzakirələri Bakıda aparması həm də Azərbaycanın üçtərərfli Bəyanata sadiq qalması ilə bağlıdır. Prezident İlham Əliyev sözü ilə imzası vəhdət təşkil edən Liderdir. Bu, digər ölkələrdə olduğu kimi, Rusiyada da belə qəbul olunur. Məğlub Ermənistan 2020-ci il 10 noyabr tarixində imzalanan üçtərəfli Bəyanatla üzərinə götürdüyü öhdəliklərin həyata keçirilməsindən yayınır. Müharibənin başa çatmasından iki ildən çox vaxt ötməsinə baxmayaraq, bu ölkə hələ də Rusiya sülhməramlı kontingentinin müvəqqəti xidmət apardığı Azərbaycan ərazilərindən hərbi birləşmələrini tam şəkildə çıxartmayıb. Ermənistan öz məsuliyyətini unudaraq humanitar məqsədlər üçün nəzərdə tutulan Laçın yolundan Xankəndinə silah-sursat, 2021-ci il istehsalı olan minalar daşıyıb. Məğlub ölkə Azərbaycanın əsas hissəsi ilə blokada şəraitində yaşamaq məcburiyyətində qalan Naxçıvan arasında Zəngəzur dəhlizinin açılması üçün praktiki müstəvidə hər hansı bir addım atmayıb. Ermənistan ,həmçinin tənzimləmə prosesində Rusiyanın vasitəçilik missiyasına kölgə salmağa çalışır.

Məsuliyyətli dövlət olan Azərbaycan isə üçtərəfli Bəyanata tam şəkildə sadiqdir. Eyni zamanda, ölkəmiz digər platformalar kimi, sülhyaratma prosesində Moskvanın da səylərini yüksək qiymətləndirir. Xatırladaq ki, Rusiya Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsində əsas vasitəçilərdən biri qismində çıxış edir. Müharibə günlərində və postmüharibə dövrü başlayanda proseslərə Moskvanın fəal yanaşması aydın şəkildə sezilirdi. Əslində, bu, təbii qarşılanırdı. Çünki Cənubi Qafqaz regionu yalnız Azərbaycan və Ermənistan demək deyil. Bu coğrafiyada gedən proseslər, sülhün və təhlükəsizliyin təmin olunması bir sıra digər qonşu dövlətlər kimi, Rusiyanın da maraq dairəsindədir. Qeyd edək ki, müharibənin başa çatmasını bildirən 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanat məhz Rusiyanın vasitəçiliyi ilə imzalanıb. Həmin sənədə Azərbaycan və Rusiya prezidentləri, eləcə də Ermənistanın baş naziri imza atıblar. Bundan sonra şimal qonşumuzun vasitəçiliyi ilə Moskvada, Soçidə Azərbaycan və Ermənistanın nümayəndə heyətlərinin, o cümlədən də liderlərin görüşləri təşkil olunub. Konkret nəticələr əldə olunmasa da, belə təmaslar üç onillik ərzində faktiki olaraq müharibə vəziyyətində olan iki ölkənin yaxınlaşması, tərəflərin mövqelərinin aydınlaşdırılması və məsuliyyət hissinin artırılması baxımından əhəmiyyətlidir. Moskva formatında Azərbaycan, Rusiya və Ermənistan liderlərinin sonuncu üçtərəfli görüşü 2022-ci il oktyabrın 31-də Soçidə baş tutdu. Soçi görüşündə də birgə bəyanat razılaşdırılıb. Prezident İlham Əliyev Sergey Lavrovla keçirdiyi görüşdə Rusiyanın tənzimləmə prosesində rolunu yüksək dəyərləndirib. “Düşünürəm ki, Rusiya bizim dostumuz, müttəfiqimiz və qonşumuz kimi Azərbaycan ilə Ermənistan arasında dövlətlərarası münasibətlərin nizamlanmasına kömək işində xüsusi rola malikdir. Ötən il bu istiqamətdə mühüm səy göstərilib, gələcək sülh müqaviləsinin konseptual xarakterini, məhz iki ölkənin ərazi bütövlüyünün və suverenliyinin qarşılıqlı tanınmasını müəyyən edən sənədlər qəbul olunub. Bu, ötən ilin oktyabrında Praqada və Soçidə qəbul edilmiş sənədlərlə təsdiqlənib. Bu sənədlər sülh müqaviləsinə nail olmaq üçün istifadə edilə bilən təməldir. Hər halda biz bu düşmənçilik səhifəsini tezliklə çevirmək və Cənubi Qafqaza sülhü qaytarmaq üçün Ermənistan tərəfi ilə, bizim dostumuz və qonşumuz Rusiya tərəfi ilə müsbət və konstruktiv iş aparmaq əzmindəyik”, - deyə Prezident İlham Əliyev vurğulayıb.

Mübariz FEYİZLİ

Paylaş:
Baxılıb: 533 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

Siyasət

4-cü dəfə...

28 Oktyabr 11:13  

Analitik

Analitik

Analitik

Analitik

Mədəniyyət

Ədəbiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31