Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Azərbaycan bütün təxribatların qarşısını almaq iqtidarındadır

Azərbaycan bütün təxribatların qarşısını almaq iqtidarındadır

28.03.2023 [10:12]

Laçın yolunun şimalındakı torpaq yollarından qeyri-qanuni istifadəyə imkan verilmədi...

Ötən ilin dekabrın 12-dən başlayaraq Xankəndi-Laçın yolunda ekofəalların və qeyri-hökumət təşkilatlarıın keçirdiyi etiraz aksiyaları Azərbaycan ərazisində qalan qeyri-qanuni erməni silahlılarının işini çətinə salmışdı. Belə ki, bu yolla həyata keçirilən qeyri-qanuni silah daşınmasının qarşısı alınmış, mühüm nəzarət funksiyası reallaşmışdı. Daha sonra isə Xankəndi-Xəlfəli-Turşsu torpaq yolu ilə qanunsuz hərbi daşımalar və Rusiya sülhməramlı kontingentinin onları müşayiət etməsi Laçın yolunun Azərbaycan-Ermənistan sərhədinin son nöqtəsində Azərbaycan tərəfindən sərhəd-keçid və nəzarət məntəqəsinin qurulmasını zərurətə çevirmişdi. Hətta bu barədə Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumatda da bildirilir ki, mütəmadi baş verən bu kimi qeyri-qanuni fəaliyyətlər Laçın yolunun Azərbaycan-Ermənistan sərhədinin son nöqtəsində Azərbaycan tərəfindən sərhəd-keçid və nəzarət məntəqəsinin qurulmasının zəruri olduğunu göstərir. Xatırladaq ki, martın 24-də növbəti dəfə Xankəndi-Xəlfəli-Turşsu torpaq yolu ilə qanunsuz hərbi daşımaları icra edən kolonun hərəkəti müəyyən edilmişdi və Rusiya sülhməramlı kontingentinə məxsus 1 ədəd ZTR-82A döyüş maşını, ermənilərə məxsus 3 ədəd tentli KamAZ və üzərində yanacaq çəni olan 1 ədəd KamAZ avtomobilinin hərəkəti texniki müşahidə vasitələrimiz tərəfindən qeydə alınmışdı.

Son günlərdə isə Ermənistandan Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınmasının intensivləşməsi narahatedici hallar yaratmışdı. Müdafiə Nazirliyinin məlumatına görə, bu daşımalar, xüsusilə gecə vaxtı və dumanlı hava şəraitindən istifadə etməklə həyata keçirilib. Qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən bəzi dağlıq və torpaq ərazilərdən keçməklə bir neçə marşrut üzrə yeni yolların çəkilməsi, həmçinin köhnə cığırların genişləndirilməsi üzrə işlər həyata keçirilib. Bu məqsədlə, hərbi, mühəndis və xüsusi texnikadan, habelə işçi qüvvəsi kimi müqaviləli əsasda hərbi xidmətə cəlb olunmuş şəxslər və yerli sakinlərdən istifadə olunub. Azərbaycan tərəfinin çoxsaylı müraciətlərinə və bu xüsusda aparılmış müzakirələrə baxmayaraq silah-sursat və digər hərbi təyinatlı vasitələrin daşınmasının qarşısının alınması üçün heç bir zəruri tədbir görülməyib.

Martın 25-də yayılan bəyanatda o da bildirilir ki, yaranmış vəziyyət nəzərə alınaraq Laçın yolunun şimalındakı torpaq yollarından qeyri-qanuni fəaliyyətlər üçün istifadənin, eləcə də Ermənistan tərəfindən silah-sursat daşımaqla vəziyyətin gərginləşməsinin və potensial təxribatların törədilməsinin qarşısının alınması məqsədilə Azərbaycan Ordusunun bölmələri tərəfindən lokal zəruri nəzarət tədbirləri həyata keçirilib.

Növbəti dərs - mövqeyimiz qətidir...

Qarabağda yerləşən qondarma separatçı rejimin ölkəmizin sülh niyyətindən sui-istifadə etməyə çalışdığı ortadadır - Ermənistandan Xankəndinə fərqli yollarla daşınmasına cəhd göstərilən silah-sursat bunun sübutudur. Qəti mövqeyimiz qarşısında geri çəkilən Ermənistanın siyasi dairələri isə kifayət qədər narahat görünür. Hətta Ermənistanın siyasi  tribunalarında Azərbaycanın son addımı qəti qələbə kimi dəyərləndirilir. Məsələn, Ermənistan parlamentinin “Mənim şərəfim” fraksiyasından olan deputat Tiqran Abramyan sosial media hesabında bildirib ki, azərbaycanlılar nə qədər lazım idisə, o qədər də irəli gediblər. Bu istiqamətdə daha da irəliləməyə xüsusi ehtiyac yoxdur. Azərbaycan bölmələri irəlilədi və Xankəndi-Kosalar-Mirzələr-Turşsu torpaq yolunun mühüm qovşaqlarından birinə nəzarət etdi. Abramyan ordumuzun İkinci Qarabağ müharibəsindən sonra irəlilədiyinə və heç vaxt geri çəkilmədiyinə diqqət çəkib: “Hazırda onlar istehkam işləri aparırlar. Digər məsələ ikinci dərəcəlidir. Son 2,5 ildə Azərbaycan ordusu irəliləyib və bir dəfə də geri çəkilməyib. Belə çətin vəziyyət yenə davam edəcək, çünki Azərbaycanla qarşıdurma üçün ciddi uzunmüddətli strategiya yoxdur.

Bu kimi erməni təxribatlarına verilən cavab isə Azərbaycanın növbəti “dərsidir”. Azərbaycan bununla bir daha sübut edir ki, işğaldan azad olunmuş bütün ərazilərdə vəziyyətə nəzarət edir, Qarabağ ermənilərinin yaşadığı ərazilərdəki proseslər isə daim diqqət mərkəzində saxlanılır. Təbii ki, bu kimi təxribatlar Azərbaycanın maraqlarına uyğun deyil və yenidən antiterror məsələsini aktuallışdırır. Rəsmi Bakının məsələdəki mövqeyi hər kəsə bəllidir - sadəcə sülh prosesinə sadiqlik nümayiş etdirən Azərbaycan BMT nizamnaməsinin 51-ci maddəsi ilə tanınan hüququndan hələlik istifadə etmir. Bəlli olduğu kimi, BMT nizamnaməsinin 51-ci maddəsində göstərilir ki, quruma üzv olan hər bir ölkə öz ərazi bütövlüyünü bərpa etmək hüququna malikdir. Azərbaycan da BMT üzvü olaraq tam bu hüquqa malikdir. Və ən əsası Azərbaycanın buna həm hərbi gücü, həm də qətiyyəti çatır. Bundan əvvəlki antiterror əməliyyatları da buna misaldır. İndiki dövrdə bu kimi antiterror əməliyyatlarını aktuallaşdıran isə mühüm səbəblər mövcuddur.

İranın mümkün təxribat planları “suya düşdü”...

Baş verən təxribatlarda İran xətti də istisna edilmir. Çünki ötən ay Ermənistanın Azərbaycana qarşı növbəti dəfə hərbi təxribat həyata keçirmək planları üzə çıxmışdı və təxribat planının hazırlanması və həyata keçirilməsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) 30 hərbçisindən ibarət təxribat qrupunun iştirak edəcəyi bildirilirdi. Diplomatik mənbələrdən KİV-ə daxil olan məlumatda qeyd olunurdu ki, SEPAH-ın əsasən etnik azərbaycanlılardan təşkil olunmuş və xüsusi təlim keçmiş diversiya qrupu Ermənistan-Azərbaycan sərhədinin bilavasitə yaxınlığında, Sünik rayonunda yerləşdirilib və burada Ermənistan Müdafiə Nazirliyinin kəşfiyyat idarəsi və Milli Təhlükəsizlik Xidməti ilə hazırlıq işləri aparır. Əməliyyat qrupunun rəhbəri adı Azərbaycan hökumətinə məlum olan SEPAH generalı idi. Bu adam uzun müddət Suriyada xidmət edib, burada yerli hərbi əməliyyatların, təxribat və terror planlarının hazırlanmasına və həyata keçirilməsinə rəhbərlik edib. Bir sözlə, Azərbaycan tərəfində bölmə komandirləri və hətta SEPAH-ın diversiya qrupunun bəzi döyüşçüləri haqqında da dəqiq məlumatlar vardı. Daxil olan məlumata əsasən, təxribat qrupu Azərbaycanın Laçın və Qubadlı rayonları istiqamətində ardıcıl iki hücum təşkil etməyi planlaşdırırdı. Azərbaycan ordusunun postlarından birinə ilk hücumu “düşmənin canlı qüvvəsini məhv etmək” vəzifəsi daşıyan Ermənistan silahlı qüvvələrinin formasında olan bir qrup hərbçi həyata keçirəcəkdi. Azərbaycan ordusunun əsgərləri formasında olan ikinci qrup isə erməni postlarından birinə hücum edərək orada yerləşən bütün əsgərləri məhv edəcəkdi. Eyni zamanda, erməni əsgərlərinin öldürülməsi səhnələri, eləcə də Azərbaycan dilində danışıq videosu çəkiləcəkdi. Bu təxribatlara cavab olaraq Ermənistanın Sünik rayonu ərazisinə SEPAH-ın əlavə bölmələri cəlb oluna və Azərbaycan ordusunun post və mövqelərinə hücumlar həyata keçirilə bilərdi. Bu zaman İranın “Şahid” kamikadze pilotsuz təyyarələrindən istifadə edilməsi də mümkün sayılırdı.

Amma Azərbaycanın atdığı addımlar bu mümkün təxribatın da qarşısının alınmasını şərtləndirdi. Azərbaycan bununla da İranın timsalında bölgədə distabilliyin saxlanılmasına tərəfdar olanlara mesaj verdi - heç bir kənar qüvvə Azərbaycanın daxili işinə qarışa bilməz...

Ermənistan sülhü imzalamalıdır...

Qeyd edilməlidir ki, regionda bu kimi “çatları” meydana çıxaran ən mühüm səbəblərdən biri Ermənistanın 2020-ci ildə imzalanan üçtərəfli Bəyanatla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi, sülh müqaviləsindən yayınmasıdır. Rusiyanın sülhməramlı kontingentinin müvafiq ərazilərə yerləşdirilməsinin ardından erməni silahlı birləşmələri Azərbaycan torpaqlarını tərk etməyib, tam əksinə, yeni təxribatyönümlü fəaliyyətlərlə məşğul olmaqdadır. Başqa sözlə, 10 noyabr razılaşmasının 4-cü bəndi icra edilməyib. Razılaşmanın müvafiq bəndində göstərilir ki, Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin geri çəkilməsinə paralel olaraq yerləşdirilir. Amma rusiyalı sülhməramlıların fəaliyyət müddətinin bitməsinə az zaman qalmasına baxmayaraq, hələ də erməni silahlıları Azərbaycan torpaqlarını tərk etməyiblər. Üstəlik, bu silahlı birləşmələr Azərbaycana qarşı təxribatlar törətməkdə də davam edir. Amma onlar unutmamalıdır ki “dəmir yumruq” öz yerindədir və “israr edənlər” Azərbaycanın dəmir yumruğunu növbəti dəfə görə və dada bilərlər - odla oynamamalıdırlar...

Pərviz SADAYOĞLU

Paylaş:
Baxılıb: 470 dəfə

Xəbər lenti

Hamısına bax

Dünya

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

Gündəm

Laçına gedən yolda...

25 Oktyabr 11:30  

Siyasət

Siyasət

İqtisadiyyat

Ədəbiyyat

Dünya

Analitik

Ədəbiyyat

Şənbə üçün nəzm

25 Oktyabr 08:25  

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31