Azərbaycan-Tacikistan: Oxşar talelər - iki sabit ölkə
07.04.2023 [10:23]
Azərbaycan-Tacikistan münasibətlərinin qədim tarixi var. Sevindirici haldır ki, ənənələr bu gün də yaşayır. Hazırda iki ölkə arasında dövlətlərarası münasibətlər bir çox istiqamətlər üzrə uğurla inkişaf edir. Hər iki ölkədə münasibətlərin bütün formatlarda daha da möhkəmlənməsində həm dövlətlər güclü siyasi iradə göstərirlər, həm də cəmiyyətlərdə buna böyük istək var. Azərbaycanın və Tacikistanın bir-birinə xoş münasibəti Prezident İlham Əliyevin aprelin 5-də bu ölkəyə uğurla baş tutan dövlət səfəri çərçivəsində keçirilən tədbirlərdə bir daha səmimiyyətlə vurğulanıb. Azərbaycanın dövlət başçısının Düşənbədə mətbuata verdiyi bəyanatda bildirildiyi kimi, hər iki ölkənin bütün istiqamətlər üzrə necə irəliləmək barədə dəqiq təsəvvürləri var.
Ölkələrin taleyində liderlərin böyük rolu
Azərbaycanla Tacikistanı oxşar taleli ölkələr adlandırmaq mümkündür. Təxminən 70 il ərzində eyni dövlətin - keçmiş SSRİ-nin tərkibində olan hər iki ölkə ötən əsrin doxsanıncı illərinin əvvəllərində müstəqillik qazandıqdan sonra da bir-birinə bənzəyən yol keçiblər. Belə ki, imperiya buxovlarından qurtulan ölkələrimiz müstəqilliyin ilk illərində çətinliklərlə üzləşiblər. Həm Tacikistanda, həm də Azərbaycanda ictimai-siyasi sabitlik pozulub, vətəndaş müharibəsi təhlükəsi yaranıb. Ən dəhşətli müharibə qardaş qırğınıdır. Belə vəziyyət Azərbaycanda və Tacikistanda hələ çox kövrək olan müstəqilliyə ciddi təhdidlər yaradırdı. Hər iki ölkə çətin vəziyyətdən məhz liderlərin uzaqgörənliyi sayəsində çıxmağı bacarıb. Həm Prezident Heydər Əliyev, həm də Prezident Emoməli Rəhmon hərəsi öz ölkəsində qanlı səhifəni çevirmək və ölkələrimizi inkişaf yoluna çıxarmaq üçün nə mümkündürsə etdilər və buna nail oldular. Bu gün Tacikistan və Azərbaycan iki sabit dövlətdir. Hər iki ölkə müxtəlif sahələrdə böyük uğurlar qazanıblar ki, bunun da əsasında sabitlik dayanır. Bu gün öz regionumuzda və bütövlükdə, dünyada qeyri-sabitlik ocaqlarını görəndə hər kəs anlayır ki, sabitlik inkişafın, təhlükəsizliyin əsasıdır. Sabitlik olmasa nə investisiyalar olacaq, nə də tərəqqi və insanların rahatlığı. “Buna görə düşünürəm ki, xalqlarımızın milli maraqlarına əsaslanan siyasət yürüdən ölkələrimizin nümunəsi ona dəlalət edir ki, hətta inkişafın ən aşağı nöqtəsində olduqda da müdrik rəhbərlik sayəsində böyük nəticələr qazanmaq olar. Tacikistan və Azərbaycan isə keçmiş sovet respublikaları arasında müstəqillik yoluna ən pis və ən ağır şəraitdə qədəm qoyublar. Təbii ki, o dövrü yaxşı bilən adamlar bunu təsdiq edə bilərlər. Lakin həm Azərbaycanda, həm də Tacikistanda gənc nəsil də bunu bilməlidir. Bizim bugünkü uğurlu inkişafımız, necə deyərlər, göydən düşməyib, bunun arxasında məhz böyük liderlərin, xalqlarımızın liderlərinin əməyi durur. Onlar özləri üçün, öz həyatları üçün riskə gedərək dinc və uğurlu inkişafı təmin etmək naminə əllərindən gələni ediblər”, - deyə Prezident İlham Əliyev vurğulayıb.
Heydər Əliyevin xatirəsinə dərin ehtiram
Azərbaycan xalqının böyük oğlu Heydər Əliyev dünya miqyasında tanınan və böyük ehtiram bəslənilən siyasətçi olub. O, keçmiş SSRİ-nin rəhbərlərindən biri olarkən həm ittifaq məkanında, həm də onun hüdudlarından kənarda bir sıra mühüm layihələrin həyata keçməyə nail olub, daim xalqlar və ölkələr arasında əlaqələrin möhkəmlənməsinə çalışıb. Ulu Öndərimizin xeyirxah əməllərinin izləri, həmçinin Tacikistanda da var. Təkcə bir nümunəni xatırlayaq: Keçmiş sovet dönəmində taciklər üçün həyat əhəmiyyətli obyekt olan “Nurek” Su Elektrik Stansiyasının tikintisinə sovet rəhbərliyi etiraz etsə də, Heydər Əliyev bu layihəni əvvəldən sonadək dəstəkləyib. Bəhs olunan su elektrik stansiyası bu gün də ölkənin sosial-iqtisadi inkişafında mühüm rol oynayır. Ümumi gücü 2.700 MW’t olan “Nurek” Su Elektrik Stansiyası paytaxt Düşənbə də daxil olmaqla Tacikistanın əksər ərazilərini elektrik enerjisi ilə təmin edir. Tacikistan dövləti və xalqı da Heydər Əliyevin bu ölkə üçün etdiklərini unutmur və minnətdarlıqla xatırlayır. Hazırda bu ölkədə Heydər Əliyevin anadan olmasının 100 illiyinin qeyd edilməsinə böyük hazırlıq işləri görülür. Əsas tədbirlərin gələn ay keçirilməsi nəzərdə tutulub. Prezident Emoməli Rəhmon mətbuata verdiyi Bəyanatında qardaş Azərbaycanın bu böyük dövlət xadimi ilə ünsiyyətini həmişə səmimiyyətlə xatırladığını bildirib. “Heydər Əliyev ölkə üçün ən taleyüklü vaxtda həqiqətən öz şanlı xalqının milli lideri oldu və ölkəni sabitlik, inkişaf yoluna çıxardı”, - deyə Tacikistan Prezidenti vurğulayıb.
Qarşılıqlı əməkdaşlığın əsas istiqamətləri
Azərbaycanla Tacikistan arasında münasibətlər xoş mərama əsaslanmaqla, həm də çoxvektorlu olması ilə səciyyələnir. İlk növbədə, siyasi dialoqun məmnunluq doğuran yüksək səviyyəsini qeyd edə bilərik. Ölkələrimiz arasında diplomatik münasibətlər 1992-ci il mayın 29-da qurulub. 2007-ci ildə Azərbaycanın Tacikistanda, bir il sonra isə Tacikistanın Azərbaycanda səfirliyi fəaliyyətə başlayıb. Azərbaycan Prezidentinin Tacikistana bəhs olunan dövlət səfəri iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 31-ci ildönümünə təsadüf edir. Tacikistan Prezidentinin dəvəti əsasında baş tutan səfərin məqsədi ölkələrimiz arasında yüksək səviyyədə olan əlaqələrin daha da inkişafına və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın gücləndirilməsinə töhfə verməkdir. Bu səfər Azərbaycan Prezidentinin Tacikistana sayca beşinci səfəridir. Dövlətimizin başçısı dost ölkəyə ilk səfərini 2007-ci ildə edib. Azərbaycan Prezidenti bundan əvvəl 2018-ci il sentyabrın 27-28-də Düşənbədə keçirilmiş MDB Dövlət Başçıları Şurasının toplantısında iştirak edib. Eyni zamanda, Tacikistanın Prezidenti Emoməli Rəhmon da bir neçə dəfə Azərbaycanda səfərdə olub. Qarşılıqlı səfərlər zamanı ölkələrimizin gündəliyinin aktual məsələləri müzakirə olunub. Qeyd edək ki, Azərbaycan və Tacikistan ikitərəfli platformada olduğu kimi, beynəlxalq təşkilatlar çərçivəsində də uğurla əməkdaşlıq edirlər. Tacikistan Azərbaycanın ərazi bütövlüyünü birmənalı şəkildə dəstəkləyən ölkələr sırasında yer alır.
Siyasi dialoqun yüksək səviyyəsinə uyğun olaraq digər istiqamətlərdə də ikitərəfli əməkdaşlıq uğurla inkişaf edir. 2008-ci il fevralın 7-də Azərbaycanla Tacikistan arasında ticarət-iqtisadi əməkdaşlıq məsələləri üzrə birgə Hökumətlərarası Komissiya yaradılıb. İndiyədək komissiyanın 5 iclası keçirilib. Sonuncu iclas ötən il fevralın 22-23-də Düşənbədə baş tutub. Dövlət başçımızın Tacikistana baş tutan son səfərinədək iki ölkə arasında, ümumilikdə, 57 sənəd, o cümlədən 2007-ci il martın 15-də “Azərbaycan Respublikası və Tacikistan Respublikası arasında dostluq və əməkdaşlıq haqqında Müqavilə” imzalanıb. İmzalanan sənədlər qarşılıqlı vizasız gediş-gəliş, investisiyaların təşviqi və qarşılıqlı qorunması, ticarət-iqtisadi, nəqliyyat, gömrük, qarşılıqlı yardım, turizm, standartlaşdırma, metrologiya, sertifikasiya, akkreditasiya və digər sahələrdə əməkdaşlıq üçün möhkəm hüquqi əsasları təmin edir.
Ölkələrimiz arasında mədəni əlaqələr də yüksək dinamikliyi ilə səciyyələnir. Qarşılıqlı mədəniyyət günləri və kino həftələrinin keçirilməsi ənənə halını alıb. 2007-ci il dekabrın 18-22-də Azərbaycanda Tacikistan Mədəniyyət Günləri, bir il sonra noyabrın 9-12-də isə Tacikistanda Azərbaycan Mədəniyyət Günləri keçirilib. 2015-ci il martın 9-12-də Bakıda Tacikistan kinosu günləri baş tutub. Düşənbədə azərbaycanlı heykəltaraşlar Fuad Əbdürrəhmanovun (Rudəkinin heykəli,1964-cü il) və Ömər Eldarovun (Sədrəddin Ayinin heykəli, 1978-ci il və İbn Sinanın heykəli, 1980-ci il) əsərləri mövcuddur. Ötən il Bakı və Düşənbə şəhərləri arasında Qardaşlaşma haqqında memorandum imzalanıb. Bundan başqa, Xocənd şəhəri və Gəncə qardaşlaşmış şəhərlərdir.
İki ölkə arasında elm və təhsil sahəsində münasibətlər də mühüm yer tutur. 2014-cü ildə Prezident İlham Əliyevə Tacikistan Milli Universitetinin Fəxri Doktoru diplomu təqdim olunub. 2018-ci il avqustun 11-də Azərbaycanda rəsmi səfərdə olan Tacikistan Prezidenti Emoməli Rəhmona ADA Universitetinin fəxri doktoru diplomu təqdim edilib. Cari tədris ilində Azərbaycanda 36 Tacikistan vətəndaşı, o cümlədən 2 nəfər “Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Tacikistan Respublikasının Təhsil və Elm Nazirliyi arasında illik təhsil kvotalarının qarşılıqlı ayrılmasına dair Protokol”a əsasən təhsil alır. Azərbaycan Dövlət Aqrar Universiteti ilə Ş.Şotemur adına Tacikistan Dövlət Aqrar Universitetinin əməkdaşlığı çərçivəsində müəllim və tələbələrin mübadiləsi həyata keçirilir. Hərbi sahədə əməkdaşlığın genişlənməsi də məmnunluq doğurur. 2010-2022-ci illərdə Tacikistan Silahlı Qüvvələrinin 39 kursantı Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini bitirib. Hazırda 22 tacik kursant Heydər Əliyev adına Hərbi İnstitutda təhsil alır. Eləcə də Dövlət Sərhəd Xidməti Akademiyasında 24 nəfər tacik kursant təhsil alır, onlardan 6-sının təhsili bu il başa çatacaq.
İmzalanan yeni sənədlər
Azərbaycan və Tacikistan indiki şəraitdə yeni çağırışlara uyğun olaraq münasibətlərini daha da irəli aparmaq niyyətindədirlər. Dövlət başçılarının vurğuladıqları kimi, əməkdaşlığın prioritet sahələri də müəyyənləşdirilib. O cümlədən nəqliyyat-logistika sahəsinə, sənaye kooperasiyasına, investisiya layihələri ilə bağlı məsələlərə dair konkret tapşırıqlar verilib. Prezident İlham Əliyevin dost ölkəyə növbəti səfəri çərçivəsində imzalanan çoxsaylı sənədlər də tərəflərin əməkdaşlığın spekt-rini genişləndirmək niyyətində olduqlarını təsdiqləyir. Düşənbədə imzalanan sənədlər sırasına “Azərbaycan Respublikası Hökuməti ilə Tacikistan Respublikası Hökuməti arasında yerquruluşu, torpaq münasibətləri, kadastr, geodeziya, kartoqrafiya, Yerin məsafədən zondlanması və coğrafi informasiya sistemləri sahələrində əməkdaşlıq haqqında Saziş”, “Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə Tacikistan Respublikasının Daxili İşlər Nazirliyi arasında əməkdaşlıq haqqında Saziş”, “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Tacikistan Respublikası Hökuməti yanında Gömrük Xidməti arasında Azərbaycan Respublikası və Tacikistan Respublikası arasında keçirilən mal və nəqliyyat vasitələri barədə ilkin məlumat mübadiləsinin təşkili haqqında Protokol”, “Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidməti ilə Tacikistan Milli Bankı yanında Maliyyə Monitorinqi Departamenti arasında cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması, əlaqəli əsas (predikativ) cinayətlər və terrorçuluğun maliyyələşdirilməsi ilə bağlı maliyyə kəşfiyyat məlumatlarının mübadiləsi üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu”, “2025-ci ilədək Azərbaycan Respublikası Hökuməti ilə Tacikistan Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Tədbirlər Planı”, “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə Tacikistan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi arasında 2023-2024-cü illər üzrə kənd təsərrüfatı sahəsində əməkdaşlığın gücləndirilməsinə dair Yol Xəritəsi”, “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Tacikistan Respublikasının Xarici İşlər Nazirliyi arasında 2023-2024-cü illər üzrə Əməkdaşlıq Proqramı”, “Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə Tacikistan Respublikasının Mədəniyyət Nazirliyi arasında mədəniyyət sahəsində 2023-2024-cü illər üzrə əməkdaşlıq haqqında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Tacikistan Respublikasının İnvestisiyalar və Dövlət Əmlakının İdarə Olunması üzrə Dövlət Komitəsi arasında investisiyalar, startapların təşviqi və sahibkarlıq sahəsində Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi ilə Tacikistan Respublikasının Hökuməti yanında Turizmin İnkişafı üzrə Komitə arasında turizm sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının Mərkəzi Bankı və Tacikistan Milli Bankı arasında əməkdaşlığa dair Anlaşma Memorandumu”, “Azərbaycan Respublikası İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) ilə Tacikistan Respublikasının İnvestisiyalar və Dövlət Əmlakının İdarə Olunması üzrə Dövlət Komitəsi yanında “Tacinvest” Dövlət Unitar Müəssisəsi arasında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının Şuşa şəhəri ilə Tacikistan Respublikasının İsfara şəhəri arasında qardaşlaşma əlaqələrinin qurulması haqqında Protokol”, “Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə Tacikistan Respublikasının Ticarət və Sənaye Palatası arasında Anlaşma Memorandumu” daxildir.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
28 Oktyabr 13:21
YAP xəbərləri
28 Oktyabr 12:39
Gündəm
28 Oktyabr 12:14
Sosial
28 Oktyabr 12:03
İqtisadiyyat
28 Oktyabr 11:57
İqtisadiyyat
28 Oktyabr 11:56
Hadisə
28 Oktyabr 11:55
Gündəm
28 Oktyabr 11:52
Siyasət
28 Oktyabr 11:37
Gündəm
28 Oktyabr 11:23
Gündəm
28 Oktyabr 11:22
Gündəm
28 Oktyabr 11:21
Gündəm
28 Oktyabr 11:19
Siyasət
28 Oktyabr 11:13
Analitik
28 Oktyabr 10:56
Siyasət
28 Oktyabr 10:46
MEDİA
28 Oktyabr 10:34
Analitik
28 Oktyabr 10:17
Dünya
28 Oktyabr 10:14
Siyasət
28 Oktyabr 10:13
Analitik
28 Oktyabr 09:49
Analitik
28 Oktyabr 09:34
Analitik
28 Oktyabr 09:15
Mədəniyyət
28 Oktyabr 08:51
Ədəbiyyat
28 Oktyabr 08:25
İdman
27 Oktyabr 23:19
Siyasət
27 Oktyabr 22:56
YAP xəbərləri
27 Oktyabr 22:43
Dünya
27 Oktyabr 22:16
Dünya
27 Oktyabr 21:58
YAP xəbərləri
27 Oktyabr 21:30
Dünya
27 Oktyabr 21:10
İdman
27 Oktyabr 20:49
YAP xəbərləri
27 Oktyabr 20:36
Sosial
27 Oktyabr 20:15
Hadisə
27 Oktyabr 19:54
Dünya
27 Oktyabr 19:32
YAP xəbərləri
27 Oktyabr 19:18
YAP xəbərləri
27 Oktyabr 18:46
YAP xəbərləri
27 Oktyabr 17:34
Sosial
27 Oktyabr 17:13
Siyasət
27 Oktyabr 16:46
Gündəm
27 Oktyabr 16:34
Gündəm
27 Oktyabr 16:28
Sosial
27 Oktyabr 16:27
Gündəm
27 Oktyabr 16:24
Gündəm
27 Oktyabr 16:23
Maraqlı
27 Oktyabr 16:20
YAP xəbərləri
27 Oktyabr 16:01
Dünya
27 Oktyabr 15:42
YAP xəbərləri
27 Oktyabr 15:30
Dünya
27 Oktyabr 15:29
YAP xəbərləri
27 Oktyabr 15:00
YAP xəbərləri
27 Oktyabr 14:47
YAP xəbərləri
27 Oktyabr 14:42
Elanlar
27 Oktyabr 14:41
YAP xəbərləri
27 Oktyabr 14:40
YAP xəbərləri
27 Oktyabr 14:40
YAP xəbərləri
27 Oktyabr 14:38
YAP xəbərləri
27 Oktyabr 14:37
Dünya
27 Oktyabr 14:30
Sosial
27 Oktyabr 14:19
Sosial
27 Oktyabr 14:16
YAP xəbərləri
27 Oktyabr 14:08
Dünya
27 Oktyabr 13:24
YAP xəbərləri
27 Oktyabr 13:05
Dünya
27 Oktyabr 12:53
Dünya
27 Oktyabr 12:29
YAP xəbərləri
27 Oktyabr 12:11
YAP xəbərləri
27 Oktyabr 12:10

