Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / 21-ci əsr - Türk əsridir

21-ci əsr - Türk əsridir

08.04.2023 [10:10]

Sadələşdirilmiş gömrük dəhlizinin yaradılması TDT-da birləşən ölkələr arasında qarşılıqlı ticarət dövriyyəsinin və daşımaların artmasına müsbət təsir göstərəcək

Azərbaycan parlamenti bu günlərdə Türkdilli ölkələrin inteqrasiyasının genişləndirilməsi  üçün mühüm önəm daşıyan Qanunu təsdiqləyib. Söhbət aprelin 5-də Milli Məclisdə “Türk Dövlətləri Təşkilatının hökumətləri arasında sadələşdirilmiş gömrük dəhlizinin yaradılması haqqında” Sazişin təsdiq edilməsi barədə” Qanun layihəsinin müzakirələrdən sonra qəbul olunmasından gedir. Xatırladaq ki, bəhs olunan Saziş 2022-ci il noyabrın 11-də Səmərqənd şəhərində imzalanıb. Ötən qısa zaman kəsiyində TDT-da birləşən ölkələrin mövqelərini uzlaşdırmaq mümkün olub.

TDT-da iqtisadi inteqrasiyanın genişlənməsi

Tarixi anlara şahidlik edirik. Zamanında müxtəlif imperiya mərkəzlərinin məkrli məqsədlərinin nəticəsi olaraq parçalanan böyük Türk coğrafiyası yenidən öz birliyinə qovuşmaqdadır. 2009-cu ildə Naxçıvanda keçirilmiş Zirvə Görüşündə Azərbaycanın dövlət başçısının təşəbbüsü ilə  “Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması haqqında Naxçıvan Sazişi”i imzalanıb. 2021-ci ildə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının adı dəyişdirilərək Türk Dövlətləri Təşkilatı olub və səmərəli beynəlxalq təşkilata çevrilib. Bu, təkcə ad dəyişikliyi deyil, həm də yeni baxışın və yeni inkişaf vektorunun göstəricisidir.

Türk Dövlətləri Təşkilatı yarandığı zaman onun dörd üzv ölkəsi - Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan olduğu halda, bu gün artıq təşkilatda beş üzv və iki müşahidəçi ölkə var. Özbəkistan 2019-cu ildə TDT-yə üzv olub. Altı Türk dövlətindən beşi bu təşkilatın üzvüdür, Türkmənistan isə müşahidəçi statusuna malikdir. Macarıstan da müşahidəçi qismində təşkilata qoşulub və təşkilatın Macarıstanda da ofisi fəaliyyət göstərir. Macarıstanın bu təşkilata qoşulması, eləcə də onlarla digər ölkənin müşahidəçi statusu almaq istəyi TDT-nin çəkisinin və perspektivinin yüksək olduğunu göstərir. İndiyədək qurumun Almatı, Bişkek, Qəbələ, Bodrum, Astana, Çolpan-Ata, Bakı, İstanbul, Səmərqənd və Ankarada olmaqla Zirvə görüşləri uğurla baş tutub. Cari ilin martında baş tutan son Zirvə Görüşündə Ankara Bəyannaməsi və mülki müdafiə mexanizminin qurulmasına dair Protokol imzalanıb.

Müşahidə edilən müsbət proseslər fonunda Türkdilli ölkələr arasında iqtisadi inteqrasiyanın genişlənməsi də diqqət çəkir. Türkdilli ölkələr təbii ehtiyatlarla, o cümlədən də enerji resursları ilə zəngindir. Təbii ki, hazırda qardaş Türkiyə iqtisadi potensialına, müasir sənaye inkişafına görə Türkdilli ölkələr arasında lider mövqeyə malikdir. Ancaq Azərbaycan və digər Türkdilli ölkələr də öz iqtisadiyyatlarını intensiv şəkildə genişləndirirlər. Türkiyə 761.4, Qazaxıstan 181.7, Özbəkistan 57.9, Azərbaycan 48, Türkmənistan 48 və Qırğızıstan 8.5 milyard dollar nominal ÜDM-ə malikdir. Verilən məlumatlara əsasən, 2021-ci il üzrə Türk dövlətlərinin ÜDM-i 1 trilyon 383 milyard ABŞ dolları, ticarət dövriyyəsi 855,7 milyard ABŞ dolları təşkil edib. 2022-ci ildə Türkiyə iqtisadiyyatı 5,6, Azərbaycan və Macarıstan iqtisadiyyatı 4,6, Türkmənistan iqtisadiyyatı 6,2, Özbəkistan iqtisadiyyatı 5,7, Qırğızıstan iqtisadiyyatı 7, Qazaxıstan iqtisadiyyatı isə 3,2 faiz böyüyüb. Dövlət büdcəsinin gəlirlərinin artımı baxımından ən yaxşı göstərici 100,6 faizlə Türkiyədədir.  Türkiyənin dövlət büdcəsinin gəlirləri 147 122,2 milyon ABŞ dolları olub. Xarici ticarətdə ən yüksək saldoya Qazaxıstan (ticarət balansı 34 350,4 milyon ABŞ dolları) və Azərbaycan (ticarət balansı 27 132,3 milyon ABŞ dolları) malikdir. 2022-ci il ərzində Türk Dövlətləri Təşkilatına daxil olan bütün ölkələrdə əsas kapitala yönələn vəsaitlərdə artım müşahidə edilib.

Mütəxəssislərin qənaətinə görə, təşkilat daxilində iqtisadi və ticari əməkdaşlığı daha sistemli şəkildə əlaqələndirmək mümkündür. 1.4 tirlyon nominal ÜDM-ə malik olan Türkdilli ölkələr yeni regional əməkdaşlıq modeli yaradırlar. Deyə bilərik ki, regionun yeni iqtisadi xəritəsi formalaşmaqdadır. Son Ankara Sammitində iqtisadi inteqrasiyanın genişləndirilməsi istiqamətində mühüm addım atıldı - Türk İnvestisiya Fondunun yaradılması haqqında Saziş imzalandı. Fondun Türk dövlətlərinin qurduğu əsas ortaq maliyyə qurumuna çevrilməsi və fondun vəsaitlərinin birgə layihələrin həyata keçirilməsinə yönəldilməsi nəzərdə tutulur. Fond Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin iqtisadi potensialının inkişafına, onlar arasında ticari-iqtisadi əməkdaşlığın gücləndirilməsinə, birgə layihələrin həyata keçirilməsinə yönəldiləcək. Təşkilatın baş qərargahı İstanbulda olacaq. Nizamnamə kapitalı 500 milyon dollardır və hər birinin nominal dəyəri 50 000 ABŞ dolları olan 10 000 səhmə bölünüb. Hər bir TDT üzvü üçün 2 min səhm, hər bir ölkə üçün ödənilən səhmin ümumi nominal dəyəri 70 milyon ABŞ dolları, hər bir ölkə üçün cəlb olunan səhm üzrə ümumi nominal dəyər isə 30 milyon dollar təşkil edir. Xatırladaq ki, Türk İnvestisiya Fondunun yaradılması təşəbbüsü Azərbaycan Prezidenti İlham Əliyevə məxsusdur. Fondda ölkəmizin payı 100 milyon dollar təşkil edir.

Sadələşdirilmiş gömrük dəhlizi

Bəs Türkdilli ölkələr arasında sadələşdirilmiş gömrük dəhlizinin funksionallığı necə təmin olunacaq? Bu xüsusda “Yeni Azərbaycan”a açıqlama verən Milli Məclisin deputatı Vüqar Bayramov yeni geosiyasi reallıqlar fonunda TDT-da birləşən dövlətlər arasında şərtləri uzlaşdırılmış sadələşdirilmiş gömrük dəhlizinin yaradılmasının qarşılıqlı icarət dövriyyəsinin, eləcə də daşımaların artması üçün mühüm əhəmiyyət daşıdığını bildirib.  Onun sözlərinə görə, dəhliz tərəflər arasında daşınan mallar barədə əvvəlcədən məlumat mübadiləsi etmək, onların gömrük prosedurlarını mümkün qədər asanlaşdırmaq məqsədi daşıyan, könüllülük əsasında və bütün nəqliyyat növlərində istifadə edilə bilən elektron sistemi nəzərdə tutur. Fikirlərinə davam edən millət vəkili vurğulayıb: “Saziş qüvvəyə mindikdən sonra tərəflərin gömrük orqanlarının razılığı əsasında 6 aylıq pilot layihə icra olunacaq. Pilot layihə dəhlizin praktiki reallaşdırılmasının təmin olunmasına xidmət edəcək”.

Vüqar Bayramov bildirib ki, son illərdə Türk dövlətləri arasında iqtisadi əlaqələrin sürətli inkişafı və ticarət dövriyyəsində kəskin artımlar müşahidə olunur. 2022-ci ildə Azərbaycan ilə Türk dövlətləri arasında ticarət dövriyyəsi əvvəlki illə müqayisədə 70 faiz artaraq 5 milyard 23 milyon dollardan 7 milyard 170 milyon dollaradək yüksəlib. Ötən il bütün Türk dövlətləri ilə ticarət dövriyyəmizdə artım qeydə alınıb. Qazaxıstan ilə dövriyyəmiz ötən il əvvəlki ilə nisbətən 4.4 dəfə artaraq 135 milyon 799 min dollardan 598 milyon 486 min dollaradək yüksəlib. Türkmənistan ilə dövriyyədə 5.1 dəfə artım qeydə alınıb. Bu ölkə ilə ticarət dövriyyəmiz ötən il 105 milyon 23 min dollardan 535 milyon 397 min dollar çatıb. Özbəkistan ilə ticarətimizdəki 64 faizlik artım birgə dövriyyəmizi 111 milyon 903 min dollardan 2022-ci ildə 183 milyon 307 min dollaradək artırıb. Ötən il Qırğızıstan ilə də ticarət dövriyyəmizdə artım qeydə alınıb. Belə ki, iki dövlət arasındakı dövriyyə il ərzində 17 faiz çoxalaraq 9 milyon 18 min dollardan 10 milyon 809 min dollaradək yüksəlib. Qardaş Türkiyə ilə ticarət dövriyyəsi isə ötən il 6 milyard dollara yaxınlaşıb. 2021-ci ildə 4 milyard 661 milyon dollar olan ticarət dövriyyəsi 2022-ci ildə 5 milyard 842 milyon dollaradək yüksəlib.

V.Bayramovun fikrincə, ticarət dövriyyəsinin böyüməsi birbaşa Türk dövlətləri arasındakı münasibətlərin, xüsusən, son 2 ildə dərinləşməsi ilə bağlıdır: “Azərbaycanın əldə etdiyi Zəfərdən sonra Türk dövlətləri strateji əməkdaşlığı daha da gücləndiriblər. Azərbaycanın Türk dövlətləri ilə ticarət dövriyyəsinin yaxın illərdə 15 milyard dollaradək yüksəlməsi hədəflənir. 21-ci əsr Türk dünyasının əsridir”.

Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 583 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

Siyasət

4-cü dəfə...

28 Oktyabr 11:13  

Analitik

Analitik

Analitik

Analitik

Mədəniyyət

Ədəbiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31