Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Sülh gündəliyinin enerji platforması

Sülh gündəliyinin enerji platforması

03.02.2026 [10:18]

“Zəngəzur” xətti Azərbaycan-Türkiyə-Avropa enerji dəhlizinin tərkib hissəsinə çevrilir

Azərbaycan və Türkiyə uzun illərdir ki, regionun geoiqtisadi mənzərəsini formalaşdıran, sülhə, sabitliyə və davamlı inkişafa töhfə verən, beynəlxalq enerji təhlükəsizliyində birgə addımlayan strateji müttəfiq dövlətlər kimi təşəbbüskarlığı ilə seçilir. İki qardaş ölkə arasında iqtisadi münasibətlər tarixdə misli görünməmiş səviyyəyə yüksələrək enerji layihələrinin hərəkətverici qüvvəsinə çevrilib. Neft sazişləri ilə başlayan mükəmməl əməkdaşlıq platforması regional və qlobal ixrac marşrutlarının ərsəyə gəlməsinə, TANAP, TAP kimi nəhəng arteriyaların işə düşməsinə səbəb olub. Eyni zamanda, Azərbaycan Türkiyənin ən böyük enerji təchizatçısı kimi çıxış edərək qardaş ölkənin enerji sektoruna və iqtisadiyyatına ən böyük investisiya yatırıb, infrastruktur ekosistemini tamamilə yeniləşdirib.

Yeni geosiyasi reallıqlar fonunda dəyişən enerji xəritəsi

Azərbaycan və Türkiyə müasir enerji gündəliyinin yeni səhifələrini yazır. Ötən 30 illik sarsılmaz enerji tərəfdaşlığı hazırda dəyişən geosiyasi reallıqlar fonunda regional və qlobal miqyasda iki dövlətin mövqelərini gücləndirən yeni mərhələyə daxil olub. Belə ki, “İğdır-Naxçıvan” qaz kəmərinin istifadəyə verilməsi, TPAO şirkətinin “Şəfəq-Asiman” layihəsinə qoşulması, Suriyaya qaz tədarükünə başlanması, “yaşıl enerji interkonnektor”larının qurulması və Zəngəzur dəhlizi, yaxud “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” üzrə razılaşmaların əldə olunması enerji əlaqələrimizin yeni, daha güclü səhifəsini yazır. Zəngəzur dəhlizinin açılması və dəhlizin davamı olaraq Naxçıvan-Qars dəmir yolunun tikintisi bu transmilli nəhəng nəqliyyat arteriyasının qollarını daha da genişləndirəcək, Azərbaycan və Türkiyə beynəlxalq nəqliyyat dəhlizlərinin Orta-Mərkəzi xəttinə çevriləcək.

Zəngəzur dəhlizi, həmçinin Xəzər dənizi və Mərkəzi Asiyadan həm karbohidrogenlərin, həm də enerjinin Naxçıvan üzərindən Türkiyə və beynəlxalq bazarlara çatdırılmasını təmin edəcək strateji marşrut kimi də mühüm əhəmiyyət kəsb edir. Bu kontekstdə Naxçıvanla Türkiyə arasında elektrik bağlantılarının yaradılması da bu ümumi strategiyanın tərkib hissəsidir.  Naxçıvanın Azərbaycanın əsas hissəsi ilə birbaşa əlaqəsinin bərpası bu prosesin mühüm tamamlayıcı elementidir. Bu enerji proqramına əsasən, Naxçıvan Muxtar Respublikasının ölkənin əsas elektrik enerji sistemi ilə birləşdirilməsi, eyni zamanda, Azərbaycan-Türkiyə-Avropa beynəlxalq enerji dəhlizinin formalaşdırılması məqsədilə Zəngəzur xəttinin tikintisinə başlanılıb. “Azərenerji” tərəfindən Cəbrayıldan Ağbəndə qədər 74 km, paralel olaraq isə Naxçıvandan Ordubad sərhədinədək 105 km uzunluğunda, ikidövrəli və 1000 meqavat yükötürmə qabiliyyətinə malik 330 kilovoltluq yüksək gərginlikli ötürmə xətti inşa olunur. Araz çayı boyunca bir sıra ərazilərdə isə dağlıq və qayalı massivlərin yarılmasından keçən xətt  son dərəcə mürəkkəb relyef və ağır iqlim şəraitində çəkilir.

Naxçıvan vahid enerji sisteminə inteqrasiya olunacaq

Layihənin növbəti mərhələsində Zəngəzur dəhlizini keçməklə 44 km məsafədə əlavə ötürmə xətti inşa ediləcək və həmin xətt gələcəkdə Ağbənd və Ordubad istiqamətində çəkilən xəttə birləşdiriləcək. Eyni zamanda, Naxçıvan şəhərində yeni 330 kV-luq yarımstansiya tikiləcək. Artıq bu məqsədlə 49 hektar torpaq sahəsi ayrılıb və mobilizasiya işlərinə start verilib.

Həmçinin, Azərbaycan-Türkiyə-Avropa enerji dəhlizi layihəsinin davamı olaraq daha bir strateji mərhələnin icrası planlaşdırılır. Belə ki, 230 km məsafədə Naxçıvandan Türkiyəyə 400 kV-luq ötürmə xəttinin çəkilməsi və ölkə tarixində ilk dəfə olaraq 400 kV gərginlik sinfi üzrə çevirici yarımstansiyanın tikilməsi nəzərdə tutulur.

Naxçıvan Muxtar Respublikasının ölkənin vahid enerji sisteminə tam inteqrasiyası, Muxtar Respublikanın tezlik tənzimlənməsində xarici ölkədən asılılığının aradan qaldırılması, həmçinin Avropa enerji bazarlarına çıxış imkanlarının yaradılması baxımından bu layihə strateji əhəmiyyət daşıyır.

Beləliklə, bu enerji tranziti şəbəkəsi möhkəm və etibarlı enerji bağlantısı olmaqla, elektrik enerjisi sisteminin vahid və dayanıqlı işləməsinə şərait yaradacaq. Türkiyə üzərindən Avropaya uzanan enerji xətlərinin səmərəliliyi artaraq regional enerji təhlükəsizliyini gücləndirəcək.

TRIPP nəqliyyat habı enerji dəhlizi ilə birləşərək nəhəng infrastruktur landşaftını formalaşdıracaq

Azərbaycan-Türkiyə əməkdaşlığının yeni şaxələrindən biri də “yaşıl enerji” ittifaqında iki qardaşın xüsusi fəal təşəbbüskarlığının artmasıdır. Azərbaycan dövlətinin müəyyən etdiyi bərpaolunan enerji strategiyasının gerçəkləşməsində Türkiyə şirkətləri yaxından iştirak edir, ələxsus da azad edilmiş ərazilərdə hidrogen və yaşıl resursların istehsalı və emalı proseslərində müştərək addımlar atır. Türk şirkətlərinin Kəlbəcər və Laçında həyata keçirdiyi ümumi gücü 13 MVt olan 4 kiçik su elektrik stansiyası, həmçinin Kəlbəcərdə 240 MVt gücündə külək elektrik stansiyası layihələri “yaşıl enerji” istehsalında əhəmiyyətli rol oynayır. Həmçinin, Naxçıvandakı bərpaolunan enerjinin istehsalı və istismarı, ötürülməsi proseslərində də Türkiyə investorları aparıcı yer tutmaqla enerji tənzimlənməsində əməkdaşlığı təşviq etməkdədir. Qardaş ölkənin nəhəng enerjisi holdinqi olan “Nordex Qrup” Azərbaycanın quruda və dənizdə külək enerjisi istehsalı və ixracı layihələrinə qoşulmaq barədə niyyətini bildirib.

Azərbaycanın bərpaolunan enerji resursları regionun nəhəng “yaşıl enerji” habı olan Xəzər-Qara dəniz-Avropa xətti ilə Qərbə nəql ediləcək ki, nəticədə ölkəmiz Cənubi Qafqazda elektrik enerjisinin ötürülməsi baxımından əsas qovşağa çeviriləcək. Bu, Azərbaycanın həm geosiyasi çəkisinin artması, həm də enerji texnologiyaları və infrastrukturuna əsaslanan yeni iqtisadi dividendlər qazandırmasını da təmin edəcək.

Ümumilikdə, bölgədə reallaşan enerji-kommunikasiya xətləri Azərbaycanın sülh gündəliyinin tərkib hissəsi olmaqla, Zəngəzur dəhlizi - TRIPP layihəsinin çoxfunksiyalı işini təmin edəcək. TRIPP nəqliyyat habı ilə Azərbaycan-Türkiyə-Avropa beynəlxalq enerji dəhlizi nəhəng infrastruktur landşaftını formalaşdıracaq.

E.CƏFƏRLİ

Paylaş:
Baxılıb: 15 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28