Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / 10 noyabrdan 23 aprelədək...

10 noyabrdan 23 aprelədək...

26.04.2023 [11:06]

Müqəddəs Ramazan bayramının qeyd olunduğu günlərdə - aprelin 23-də bütün dünya Azərbaycanın gücünə və əzminə bir daha şahidlik etdi. Həmin tarixdə Laçın-Xankəndi yolunun başlanğıcında Azərbaycan-Ermənistan sərhədində nəzarət-buraxılış məntəqəsi quraşdırıldı. Xatırladaq ki, qeyd olunan ünvanda nəzarət-buraxılış məntəqəsinin qurulmasının zəruriliyi ilə bağlı fikirlərini Prezident İlham Əliyev bir qədər bundan əvvəl Münhen Təhlükəsizlik Konfransında səsləndirmişdi. Aradan az vaxt ötəndən sonra isə dövlət başçımızın gündəmə gətirdiyi məsələ reallığa çevrildi. Azərbaycanın Laçın-Xankəndi yolunun başlanğıcında - öz ərazisində nəzarət-buraxılış məntəqəsi qurması ölkəmizin müstəsna hüququdur. Beləliklə, respublikamız Qarabağ iqtisadi rayonunda özünün nəzarətini de-yure və de-fakto təmin etmək istiqamətində daha bir mühüm addım atmış oldu. Ölkəmiz 10 noyabrdan 23 aprelədək addım-addım irəliləyib.

Laçında dalğalanan Zəfər bayrağı

Ötən əsrin doxsanıncı illərinin əvvəllərində təcəvüzkar Ermənistanın əsas məqsədlərindən biri Dağlıq Qarabağla coğrafi bağlantı yaratmaq idi. AXC-“Müsavat” cütlüyünün xəyanətkar əməlləri düşmənə bu fürsəti verdi. İşğalçı Ermənistan Kəlbəcər və Laçın rayonlarını zəbt etməklə 500 kilometr məsafədə uzanan sərhədlərimizi bütünlüklə öz nəzarəti altına keçirmişdi. Laçın rayonu 1992-ci ilin mayında, Kəlbəcər rayonu isə 1993-cü ilin aprelində işğal altına düşmüşdü. Bununla da düşmən öz istəyinə çatmışdı. Belə ki, sözügedən rayonların, həmçinin Qubadlının işğal altına düşməsi nəticəsində Ermənistanla Dağlıq Qarabağ arasında coğrafi bağlantı yaranmışdı. Ermənilər elə hesab edirdilər ki, bu torpaqlarda əbədi yaşayacaqlar. Buna görə də işğal dövründə hərbi cinayət törədərək ərazilərimizdə qanunsuz məskunlaşma siyasəti həyata keçirirdilər. Ancaq ermənilərin arzusu gözlərində qaldı və Ordumuz üçtərəfli Bəyanatın müddəalarına uyğun olaraq əvvəlcə Kəlbəcərdə, 2022-ci il avqustun 26-da isə Laçın şəhərində, eləcə də Zabux və Sus kəndlərində yerləşdi. Ötən il sentyabrın 21-də isə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Laçın şəhərinin mərkəzində üçrəngli bayrağımızı ucaltmaqla bizə sonsuz qürur hissi yaşatdı. Laçın şəhərində bayrağımızın ucaldılmasının böyük rəmzi məna daşıdığını bildirən dövlətimizin başçısı  “Bu gün Ermənistan yaxşı fikirləşməlidir. Bizimlə heç kim ultimatum dili ilə danışa bilməz və heç kimə də bel bağlamasınlar. Mən bir daha demək istəyirəm ki, bizi heç kim və heç nə dayandıra bilməz. Biz haqqın, ədalətin, beynəlxalq hüququn tərəfdarıyıq və öz ərazi bütövlüyümüzü qoruyuruq, qorumuşuq, bərpa etmişik. Bütün dünyaya göstərə bilmişik ki, nəyə qadirik, torpaqlarımızı güc yolu ilə azad etmişik və bununla fəxr edirik. Bütün Azərbaycan xalqı, bütün dünya azərbaycanlıları bununla fəxr edir. Biz şəhidlərimizlə, Ordumuzla, hərbçilərimizlə fəxr edirik və bu gün burada dalğalanan üçrəngli Bayrağımız bizim Zəfərimizin rəmzidir”, - deyə vurğulayıb.

Ermənistanın dəhliz manipulyasiyaları

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevi tam qətiyyətlə həm müharibənin, həm də diplomatiyanın qalibi kimi təqdim edə bilərik. Onun rəhbərliyi ilə XXI əsrin müharibəsini aparan Ordumuz cəmi 44 gün ərzində düşməni tar-mar etdi. İgid əsgər və zabitlərimiz 300-dən çox yaşayış məntəqəsini bilavasitə döyüş meydanında işğaldan azad etməyə nail oldular. Bundan sonra işğalçı Ermənistan onun üçüjn kapitulyasiya aktı sayılan üçtərəfli Bəyanatı imzalamaq və üzərinə müəyyən öhdəliklər götürmək məcburiyyətində qaldı. Həmin öhdəliklərə uyğun olaraq Ağdam, Kəlbəcər və Laçın rayonları respublikamıza döyüşsüz geri qaytarıldı. Beləliklə də, Azərbaycan özünün ərazi bütövlüyünü hərbi-siyasi yolla təmin etdi.

Üçtərəfli Bəyanat imzalanarkən ermənilər Laçın dəhlizinin 20 kilometr enində olmasını və ora  özlərinin nəzarət etməsini istəyirdilər. Bununla düşmən ölkə separatçıları qorumaq və Qarabağla bağlı iddialarını yenə də gündəmdə saxlamağı planlaşdırırdı. Ancaq döyüş meydanında Qələbəmizi təmin edən Prezident İlham Əliyev düşmənin niyyətini gözündə qoydu. İlk növbədə, dövlətimizin başçısı dəhlizin 5 kilometr enində yaradılması təklifinin təsdiqlənməsinə nail oldu. Eyni zamanda, Prezident İlham Əliyev 3 il müddətində yeni yolun istifadəyə verilməsi və Laçının mərkəzinin Azərbaycana qaytarılması müddəalarını üçtərəli Bəyanata daxil etdirdi. Bəyanata daxil edilən yeni yol strategiyası ilk dövrdə sadəcə Laçının mərkəzinin qaytarılmasına hesablanmış kimi görünsə də, proseslər göstərdi ki, İlham Əliyev daha dərin gediş edib. Belə ki, birincisi, Laçının mərkəzi heç bir itki verilmədən azad olundu. İkincisi, yeni yolun istifadəyə verilməsi  ilə “dəhlizin 5 kilometrlik eni” məsələsi də praktiki olaraq arxa plana keçirdi.

Ermənistan üçtərəfli Bəyanatdakı digər şərtlər  kimi, Laçın dəhlizi ilə bağlı öhdəliyini də yerinə yetirmək istəmir və manipulyasiyalara əl atırdı. Belə ki, öz ərazisinə düşən 7 kilometrlik yolun inşasını süni şəkildə ləngidirdi, təxribatlarla prosesi uzatmağa çalışdı. Ötən ilin avqust-sentyabr aylarında baş verənlər İrəvanın oyun oynadığını, Bakının isə qətiyyətli addımlarla bu oyunu pozduğunu tarixə yazdı. Azərbaycan yeni yolu nəzərdə tutulan 3 ilə yox, bir il yarıma inşa etdi və sülhməramlıların yeni marşruta köçməsi tələbini irəli sürdü.

Qarabağda suverenliyin təmin olunması

Yeni yolun istifadəyə verilməsindən sonra Laçının döyüşsüz geri qaytarılması  çox doğru olaraq Qarabağda suverenliyimizin təmin edilməsi məsələsində əsas mərhələlərdən biri kimi dəyərləndirilir. Bundan sonra Qarabağda hərbi və strateji üstünlük böyük ölçüdə Azərbaycanın xeyrinə dəyişdi, xüsusilə yolda vizual nəzarətin güclənməsi ermənilərin qeyri-qanuni fəaliyyətlərinin də ifşasına şərait yaratdı. Təsdiq olundu ki, ermənilər Laçın yolundan Qarabağa silah-sursat, canlı qüvvə daşıyır, Azərbaycan daxilində qanunsuz “ordu” formalaşdırırlar. O cümlədən Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərimizdəki mədənlərin qanunsuz istismarı nəticəsində təbii sərvətlərimiz Ermənistana bu yolla daşınırdı. Təbii ki, məğlub Ermənistanın bu qəbildən olan davranışları Azərbaycan cəmiyyətində etirazlar yaradırdı. Azərbaycanlı ekoloqlar və vətəndaş cəmiyyətinin təmsilçiləri ötən il dekabrın 12-də Laçın-Xankəndi yolunda dinc etiraz aksiyasına başladılar və bu aksiyalar hazırda da gecə-gündüz davam edir. Postmüharibə dövründə müxtəlif manipulyasiyalara əl atmaqla sülhyaratma prosesini ləngidən Ermənistan  azərbaycanlı ekoloqların və vətəndaş cəmiyyəti təmsilçilərinin Qarabağ iqtisadi rayonundakı faydalı qazıntı yataqlarının qeyri-qanuni istismarına, sərvətlərimizin talanmasına və ekologiyaya ziyan vurulmasına etiraz əlaməti olaraq Laçın-Xankəndi yolunda təşkil etdikləri dinc aksiyanı beynəlxalq ictimaiyyətə əyri güzgüdən təqdim edir. İddia olunur ki, guya azərbaycanlı fəallar Rusiya sülhməramlı kontingentinin müvəqqəti xidmət apardığı Azərbaycan ərazilərində erməniləri blokadada saxlayır və burada humanitar böhran yaşanır. Halbuki belə iddiaların heç bir əsası yoxdur. Aksiyaların keçirildiyi ərazidən təqdim olunan foto və video materiallardan aydın şəkildə görünür ki, burada Beynəlxalq Qızıl Xaç Komitəsinin və Rusiya sülhməramlı kontingentinin avtomobillərinin hərəkətinə hər hansı bir maneə yaradılmır.

Ekofəalların aksiyası ilə Laçın yoluna de-fakto nəzarət təmin olundu. Yeni vəziyyətdə ermənilər növbəti manipulyasiyalara əl atdılar. Belə ki, separatçılar nəzarətsiz qalan torpaq yollarla Xankəndinə Ermənistandan silah-sursat, canlı qüvvə və digər hərbi təyinatlı yüklərin daşınmasını həyata keçirməyə cəhdlər göstərdilər. İndiyədək ermənilərin nəzarətsiz qalan torpaq yollardan qeyri-qanuni daşımalarının qarşısını almaq məqsədilə həmin marşrutların böyük qismi Silahlı Qüvvələrimiz tərəfindən nəzarətə götürülüb.  Bununla da separatçıların Ermənistanla bağlantıları əhəmiyyətli dərəcədə məhdudlaşıb. Şübhə yoxdur ki, Laçın-Xankəndi yolunun başlanğıcında nəzarət-buraxılış məntəqəsinin yaradılması ilə ermənilərin gizli marşrutlarla Xankəndinə siah-sursat daşımalarının qarşısı birdəfəlik alınacaq.

Ya Azərbaycan Bayrağı altında yaşayacaqlar, ya da ki, çıxıb gedəcəklər

Azərbaycan dövləti Qaravağ iqtisadi rayonunda yaşayan erməniləri öz vətəndaşları hesab edir. Prezident İlham Əliyev müxtəlif auditoriyalarda birmənalı şəkildə bildirib ki, erməni əsilli vətəndaşlara da hər cür təminatlar veriləcək və onların təhlükəsizliyi təmin olunacaq. Qarabağ iqtisadi rayonunda yaşayan ermənilər reinteqrasiya prosesinə qoşulmalı və daha yaxşı yaşamaq üçün Azərbaycan vətəndaşlığını qəbul etməlidirlər. İndiyədək erməni əsilli vətəndaşların bir qrupu ilə Xocalıda ilk görüş keçirilib. Proses davam etdirilməlidir. Azərbaycan Qarabağ iqtisadi rayonunda yaşayan ermənilərə Bakıda görüşmək, reinteqrasiya prosesini müzakirə etmək təkliflərini irəli sürüb. Bu, dövlətimizin və cəmiyyətimizin xoş niyyətini ifadə edir. Ancaq ermənilər hələlik bundan imtina edirlər. Əslində, Qarabağ iqtisadi rayonunda yaşayan ermənilər Xankəndidəki separatçıların girovuna çevriliblər. Həmin ərazilərdə “lövbər” salan separatçılar müxtəlif ssenarilər uydururlar. İflasa uğrayan R.Vardanyan layihəsini xatırlayaq. Özlərini separatçıların “liderləri” adlandıranlar tez-tez  Ermənistandan, Fransadan təlimatlar almağa gedirlər və absurd iddialar səsləndirirlər. Ancaq Ermənistan rəsmiləri və Qarabağdakı separatçılar bilməlidirlər ki, bu yerlərin sahibləri azərbaycanlılardır və biz ərazilərimizdə kimlərinsə at oynatmasına imkan verməyəcəyik.  Prezident İlham Əliyevin vurğuladığı kimi, separatçıların iki seçimi var: ya Azərbaycan Bayrağı altında yaşayacaqlar, ya da ki, çıxıb gedəcəklər. “Biz separatçıların əsas simalarından olan Serjik Sarkisyanı, Robert Koçaryanı, Seyran Ohanyanı Qarabağdan iti qovan kimi qovmuşuq, onları diz çökdürmüşük. Onlar İkinci Qarabağ müharibəsi zamanı Qarabağa gəlmişdilər, guya bizimlə vuruşmağa gəlmişdilər. Üçü də bizim torpağımızdan dovşan kimi qaçdı, indi heç biri heç burnunu da soxa bilmir nə Xankəndiyə, nə başqa bir yerə”, - deyə Prezident İlham Əliyev Salyan şəhərində Azərbaycan Televiziyasına müsahibəsində bildirib.

Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 516 dəfə

Xəbər lenti

Hamısına bax

Dünya

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

Gündəm

Laçına gedən yolda...

25 Oktyabr 11:30  

Siyasət

Siyasət

İqtisadiyyat

Ədəbiyyat

Dünya

Analitik

Ədəbiyyat

Şənbə üçün nəzm

25 Oktyabr 08:25  

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31