Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / 7-ci məktubda nələr var?

7-ci məktubda nələr var?

23.05.2023 [10:00]

Ağ Ev Azərbaycanla tərəfdaşlığın gücləndirilməsində maraqlıdır“

Azərbaycanla Birləşmiş Ştatlar arasındakı tərəfdaşlıq regionda inkişafı təmin edib”

Cənubi Qafqaz regionunun lider dövləti olan Azərbaycan apardığı uğurlu xarici siyasət kursu həm aparıcı beynəlxalq təşkilatlar, həm də mühüm güc mərkəzləri tərəfindən diqqətlə izlənilir, təqdir olunur. 44 günlük Vətən müharibəsində qazanılan qələbə regional geosiyasi arxitekturanı dəyişməklə yanaşı, qarşıdakı perspektiv üçün yeni nizam şərtlərini ortaya çıxardı. Bu gün rəsmi Bakı ilə strateji təmasların gücləndirilməsi istiqamətində atılan addımlar bunu təsdiqləyir. Xüsusi olaraq qeyd edilməlidir ki, bu məsələ güc mərkəzlərinin də gündəliklərində ən aktual prioritet kimi göstərilir.

Bu mənada, ABŞ-ın Azərbaycanla son dövrlərdə daha yüksək temp qazanan əməkdaşlıq əlaqələri qeyd edilməlidir. Bəlli olduğu kimi, rəsmi Vaşinqton dünyanın iqtisadi-siyasi nəbzini formalaşdıran mühüm güc mərkəzlərindən biri sayılır.  Nəhəng iqtisadiyyata, müqayisəyəgəlməz siyasi çəkiyə malik olan bu dövlətin son proseslərdə Cənubi Qafqaza, xüsusilə Azərbaycana diqqət yetirməsi bir sıra mətləblərdən xəbər verir. Azərbaycanı hər zaman özünün strateji tərəfdaşı kimi xarakterizə edən rəsmi Vaşinqton əməkdaşlığın çoxşaxəli olmasında maraqlı olduğunu ortaya qoyur. Təsadüfi deyil ki, ABŞ Prezidenti Cozef Bayden dövlət başçısı seçiləndən sonra Azərbaycan Prezidentinə 7 məktub ünvanlayıb. Bu məktubların hər birində Azərbaycanın dünyada sülhün və əmin-amanlığın qorunmasına, qlobal təhlükəsizliyin formalaşdırılmasına, eyni zamanda müasir çağırışlarda fəal iştirakına xüsusi yer ayrılıb. ABŞ dövlət başçısı bu məktubların hər birində rəsmi Vaşinqton Azərbaycanla əməkdaşlığın daha da yüksəldilməsində maraqlı olduğunu xüsusi vurğulayır.

Bakı-Vaşinqton əlaqələrinin hədəfləri...

ABŞ Azərbaycanın regionda yaratdığı yeni reallıqları yüksək dəyərləndirir və ölkəmizin böyük bir coğrafiyada stabilləşdirici mövqedən çıxış etdiyini ortaya qoyur. Bu isə həm də ABŞ-ın Azərbaycanın yaxın tərəfdaşı olması həqiqətini növbəti dəfə nümayiş etdirir. Baydenin məktubunda qeyd edilən fikirlər rəsmi Vaşinqtonun regionla bağlı prosesi diqqətdə saxladığını göstərir. Eyni zamanda, dünyanın fövqəlgüc ölkəsi sayılan ABŞ ilə Azərbaycan arasındakı münasibətlər yeni mərhələyə qədəm qoyur - indiki dövrdə yaranan mühüm perspektivlər də göz önündədir. Belə ki:

- Azərbaycanın apardığı siyasət ABŞ-ın ölkəmizə olan diqqətinin artmasında əhəmiyyətli rol oynayır;

- ABŞ qlobal səviyyədə təhlükəsizlik, terrorizmlə mübarizə kimi məsələlərdə ardıcıl siyasət yürüdür və Azərbaycan hər zaman rəsmi Vaşinqtonun vacib tərəfdaşı qismində çıxış edib - bu fakt Bayden tərəfindən də ifadə edilir;

- Enerji və iqtisadi mövzularda, qaçaqmalçılıqla, kibercinayətkarlıqla, iqtisadi cinayətkarlıqla mübarizədə iki dövlət hər zaman eyni mövqedən çıxış edir;

- Qarşıdakı perspektivdə regionda sülhün formalaşması yeni iqtisadi mühitin formalaşmasına yol açacaq ki, ABŞ bu əməkdaşlıq mühitində real oyunçulardan birinə çevrilə bilər.

ABŞ-Azərbaycan münasibətləri yeni kontekstdə...

Mayın 20-də ABŞ Prezidenti Cozef Bayden Azərbaycan Prezidenti İlham Əliyevə məktub ünvanlayıb. Məktubunda amerika xalqı adından Azərbaycan Prezidentini və Azərbaycan xalqını 28 May - Müstəqillik Günü münasibətilə təbrik edən Cozef Bayden bildirir ki, Azərbaycanla Birləşmiş Ştatlar arasındakı tərəfdaşlıq regionda inkişafı təmin edib. Biz birlikdə terrorizmlə mübarizə aparır, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı tədbirlər görür və kütləvi qırğın silahlarının yayılmasının qarşısını alırıq.

ABŞ ilə Azərbaycan arasında beynəlxalq terrorizmə qarşı mübarizə sahəsində yaxın əməkdaşlıq mövcuddur. Azərbaycan bu ölkənin terrora qarşı apardığı mübarizədə yaxından iştirak edir. Eyni zamanda, respublikamız NATO ilə də sıx əlaqələrə malikdir. Bu səbəbdən, Azərbaycan ABŞ üçün çox vacib regional tərəfdaş hesab edilir. Qarşılıqlı etimad və maraqlar əsasında qurulan Azərbaycan-ABŞ əlaqələri hər iki tərəfin mənafeyinə cavab verməklə yanaşı, beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasına da töhfədir. Dünyada gedən bir sıra siyasi proseslər, müxtəlif ölkələr daxilində yaranan gərginlik, beynəlxalq cinayətkar qruplaşmaların, terrorçu təşkilatların fəaliyyətini genişləndirməsi hər iki dövlətin təhlükəsizlik sahəsində ikitərəfli və çoxtərəfli əməkdaşlığının əhəmiyyətini dəfələrlə artırıb. Bu vaxtadək Azərbaycan Silahlı Qüvvələrinin bölmələri Kosovada, İraqda, Əfqanıstanda gerçəkləşdirilən sülhyaratma əməliyyatlarında uğurla iştirak edərək bu mübarizəyə öz töhfələrini verib. Birləşmiş Ştatlarla ikitərəfli əlaqələr və NATO ilə tərəfdaşlıq çərçivəsində görülən işlər ABŞ rəhbərliyi tərəfindən hər zaman müsbət qarşılanıb. ABŞ prezidenti Cozef Bayden və digər rəsmi şəxslər də Azərbaycanın bu ölkənin Cənubi Qafqazdakı mühüm strateji tərəfdaşı olduğunu dəfələrlə vurğulayıblar.

Azərbaycan - ABŞ münasibətlərinin mühüm istiqamətlərindən birini isə hərbi-siyasi və təhlükəsizlik sahəsində əməkdaşlıq təşkil edir. Buraya Təhdidlərin Birgə Azaldılması proqramı və ABŞ-ın İxraca Nəzarət və Sərhəd Təhlükəsizliyi proqramı, NATO çərçivəsində, eləcə də, beynəlxalq terrorizmə qarşı mübarizədə birgə səylər, Azərbaycan sərhədlərinin, xüsusən də, dəniz sərhədlərinin möhkəmləndirilməsi, ABŞ-ın Avropada raketlərdən müdafiə sistemi və Avropada Adi Silahlı Qüvvələr Müqaviləsi sahəsində əməkdaşlıq və digər məsələlər daxildir.

Azərbacanın enerji siyasəti təqdir edilir...

Ən əsası isə enerji məsələsində Azərbaycan ilə ABŞ-ın maraqları hər zaman üst-üstə düşüb. Hazırki situasiyada ABŞ-ın Azərbaycana istiqamətlənmiş dəstəyi Amerikanın Cənubi Qafqazda mövqelərinin möhkəmləndirməsinə yol açacaq faktor kimi mühüm çağırışa çevrilib. Sözügedən məktubda ABŞ Prezidenti bildirib ki, Rusiyanın Ukrayna xalqına qarşı qəddar müharibəsi dövründə Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində biz bir yerdə olmuşuq: “Birləşmiş Ştatlar Cənubi Qafqazda gələcək nəsillər üçün təhlükəsizlik və inkişafı təşviq edəcək, Azərbaycanla Ermənistan arasında dayanıqlı və ədalətli sülhü dəstəkləməyi davam edəcəkdir. Qarşıdan gələn ildə təhlükəsizlik və iqtisadi əməkdaşlığımızın dərinləşdirilməsi də daxil olmaqla, tərəfdaşlığımızı daha da gücləndirməyi həvəslə gözləyirəm. Sizə sevincli və firavan Müstəqillik Günü arzu edirəm”.

Azərbaycan ötən müddət ərzində enerji təhlükəsizliyi sahəsində etibarlı tərəfdaş kimi özünü təsdiqləyib: yeni neft-qaz strategiyasında enerji nəqli marşrutlarının şaxələndirilməsini əsas prioritetlərdən biri kimi müəyyənləşdirən ölkəmiz bu gün regional və qlobal enerji təhlükəsizliyinə mühüm töhfələr verir. Regionda mühüm kommunikasiya-logistika mərkəzinə çevrilən Azərbaycan Avrasiyanın enerji xəritəsini yenidən yaradır. Nəhayət, ölkəmizin təşəbbüsləri və liderliyi ilə enerji layihələrinin reallaşdırılması bütövlükdə Xəzər hövzəsi regionunun, Cənubi Qafqazın geosiyasi statusunun yüksəlməsini təmin edib. Və bu gün Azərbaycanın həyata keçirdiyi regional miqyaslı, qlobal əhəmiyyətli layihələr Avropanın enerji təhlükəsizliyində əvəzsiz rol oynayır - son illərdə isə Azərbaycan Avropanın enerji təhlükəsizliyində daha fəal yer almağa başlayıb. Bu istiqamətdə Avropa ölkələri, Avropa İttifaqı ilə mühüm dialoq gerçəkləşdirilib. Ötən ilin yayında Bakıda Prezident İlham Əliyev və Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Bu, ölkəmizin enerji resurslarının daha da inkişaf etdirilməsi istiqamətində atılmış vacib addımdır. Bu kimi addımlar ABŞ tərəfidən də yüksək qiymətləndirilir, Azərbaycanla Avropa İttifaqı arasında enerji əməkdaşlığının perspektivə hesablanan yol xəritəsi kimi dəyərləndirilir.

Ağ Ev hər zaman nikbinliyini qoruyur - sülh və əməkdaşlıq uğrunda...

Ağ Ev həm də Cənubi Qafqazda sülhün və təhlükəsizliyin təmin edilməsi istiqamətində gedən prosesi diqqət mərkəzində saxlayır. Bunu danışıqlar prosesinə olan maraq, eyni zamanda vasitəçilik cəhdləri də təsdiqləyir. Bu ayın əvvəlində Vaşinqtonda Ermənistan ilə Azərbaycan arasında baş tutan danışıqlar prosesinin müsbət implusla yekunlaşması da çox şeydən xəbər verir. ABŞ tərəflər arasında birbaşa dialoq təşəbbüsü irəli sürür və danışıqların bu istiqamətdə inkişafını arzulayır.

Azərbaycanın yaratdığı reallıqlar, sülhpərvər mövqeyi, humanist davranışları isə göz önündədir - ölkəmiz böyük bir coğrafiyada stabilləşdirici mövqedən çıxış edir. Bu isə həm də Azərbaycanın  tərəfdaşlıq nümunəsi kimi qiymətləndirilməsinə yol açır. Eyni zamanda, dünyanın fövqəlgüc ölkəsi sayılan ABŞ Azərbaycanın formalaşdırmağa çalışıdığı əməkdaşlıq platformalarının mühüm nəticələrini indidən görür desək, yanılmarıq. Bunun nəticəsidir ki,  Ağ Ev iki dövlət arasında münasibətlərin yeni mərhələyə qədəm qoyması üçün mühüm perspektivlər yaratmağa çalışır.

Pərviz SADAYOĞLU

Paylaş:
Baxılıb: 627 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Gündəm

İqtisadiyyat

Mədəniyyət

Baş rejissorsuz...

03 Fevral 08:27

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28