Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Azərbaycan - Türkiyə - Pakistan birliyi...

Azərbaycan - Türkiyə - Pakistan birliyi...

21.06.2023 [10:20]

Üçtərəfli əməkdaşlıq yeni mərhələyə qədəm qoyur

Mübariz FEYİZLİ

Azərbaycanın milli maraqlar üzərində qurulan multiregional xarici siyasət kursunda geniş İslam coğrafiyasına daxil olan ölkələrlə sıx təmasların qurulması xətti xüsusi yer tutur. Tarixdən gələn ənənələrin, milli-mənəvi-dini dəyərlərin qorunmasına böyük önəm verən Prezident İlham Əliyev daim dünyada İslam həmrəyliyinin möhkəmlənməsini hədəfləyən təşəbbüslər irəli sürür və onların həyata keçirilməsinə nail olur. Respublikamızın 2017-ci ildə yüksək səviyyədə ev sahibliyi etdiyi IV İslam Həmrəyliyi Oyunları İslam coğrafiyasında yerləşən ölkələr arasında əməkdaşlıqda yeni bir səhifə açdı. Azərbaycanın Türkiyə və Pakistanla qurduğu və müxtəlif sahələri əhatə edən dostluq münasibətləri isə bu gün İslam aləmi və bütövlükdə, dünya üçün bir nümunə sayılır.

Şuşa Bəyannaməsi ilə rəsmiləşən Azərbaycan-Türkiyə müttəfiqliyi

Dünyada Azərbaycan və Türkiyə qədər hər cəhətdən bir-birinə yaxın olan digər iki dövlət tapmaq çətindir. Ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinə əsaslanan əlaqələr zamanın sınağından uğurla çıxıb və indiyədək heç bir kənar qüvvə bu əlaqələrə hansısa bir formada zərər vura bilməyib. İki ölkə arasındakı əsl dostluq və qardaşlıq münasibətlərinin mahiyyəti xalqımızın ümummilli lideri Heydər Əliyevin ifadə etdiyi “Bir millət, iki dövlət” kəlamlarında dəqiq ifadə olunub. Prezident İlham Əliyev isə iki dövlət arasındakı qardaşlığı belə ifadə edib: “Türkiyə-Azərbaycan artıq bir yumruqdur, bir ürəkdir, bir candır”.

Azərbaycan və Türkiyə xoş günlərin sevincini bölüşdükləri kimi, çətin günlərdə də daim bir yerdə olublar. Bunu aşağıdakı iki nümunənin timsalında təsdiqləyə bilərik. Qardaş ölkə artıq tarixdə qalan “Dağlıq Qarabağ münaqişəsi”nin davam etdiyi üç onillik ərzində Azərbaycana dəstək olub. Türkiyə respublikamıza qarşı işğalçılıq siyasəti aparan Ermənistanla dövlət sərhədlərini bağladı, bu ölkə ilə diplomatik münasibətlər qurmadı. Biz Türkiyənin qətiyyətli dəstəyini 44 günlük Vətən müharibəsi zamanı bir daha əyani şəkildə gördük. Müharibənin ilk günlərindən başda qardaş ölkənin Prezidenti Rəcəb Tayyib Ərdoğan olmaqla əksər yüksəksəviyyəli rəsmilər Türkiyənin Azərbaycanın yanında olduğunu bildirən bəyanatlarla çıxış etdilər. Türkiyənin bu mənəvi-siyasi dəstəyi Azərbaycana güc verdi. Nəticədə, Silahlı Qüvvələrimiz 44 günlük müharibədə şanlı Qələbə qazanaraq respublikamızın ərazi bütövlüyünü təmin etdi. Postmüharibə mərhələsində də qardaş Türkiyə Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə start verdiyi genişmiqyaslı bərpa işlərində yaxından iştirak edir. Prezident İlham Əliyev Türkiyənin Vətən müharibəsində Azərbaycana dəstəyini yüksək dəyərləndirib. “İkinci Qarabağ savaşının ilk dəqiqələrindən son dəqiqələrinə qədər əziz qardaşım Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan bizim yanımızda idi. Onun açıqlamaları, onun mesajları Azərbaycanı birmənalı dəstəkləmişdi. O söyləmişdir ki, Azərbaycan tək deyil, Türkiyə Azərbaycanın yanındadır və bu, bizə əlavə güc verdi, əlavə ruh verdi”, - deyə dövlətimizin başçısı vurğulayıb.

Öz növbəsində Azərbaycan da ən çətin vaxtlarında Türkiyəni tək buraxmır. Cari ilin fevralında qardaş ölkə dəhşətli zəlzələ ilə silkələndi. Azərbaycan bu çətin günlərdə Türkiyəyə ilk yardım əli uzadan ölkə oldu. Zəlzələnin ilk günü - fevralın 6-da Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Fövqəladə Hallar Nazirliyinin 420 nəfərdən ibarət çevik xilasetmə qüvvələri Türkiyəyə yola düşdü. Fevralın 7-də ilkin olaraq mobil səhra hospitalı və 41 nəfərdən ibarət peşəkar tibbi və qeyri-tibbi heyət Türkiyəyə göndərildi. Daha sonra isə növbəti təyyarə ilə dağıntılardan ziyan çəkmiş insanların yerləşdirilməsi üçün çadırlar, ədyal və qızdırıcılar, habelə mobil səhra hospitalı üçün 3 ədəd konteyner göndərildi. Fevralın 8-də Fövqəladə Hallar Nazirliyinin daha 227 nəfərdən ibarət çevik xilasetmə qüvvələri qardaş ölkəyə yola düşdü. Respublikamızdan Türkiyənin zəlzələ bölgələrinə dəfələrlə humanitar yardımlar göndərildi. Eyni zamanda, birinci xanım Mehriban Əliyevanın göstərişi ilə Heydər Əliyev Fondu Türkiyənin zəlzələ bölgəsinə humanitar yardımlar etdi. Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi (RİİB) Türkiyənin ölkəmizdəki səfirliyinin zəlzələ bölgəsinə humanitar yardım göstərilməsi məqsədi ilə Azərbaycan vətəndaşlarına çağırışına qoşularaq qardaş ölkəyə dəstək məqsədilə humanitar yardım kampaniyası həyata keçirdi.

Azərbaycan Türkiyədə baş verən zəlzələnin fəsadlarının aradan qaldırılmasında dəstəyini hazırda da davam etdirir. Azərbaycanın və Türkiyənin dövlət başçıları Kahramanmaraşda respublikamızın inşa edəcəyi evlərin təməlini qoyublar. Prezident Rəcəb Tayyib Ərdoğan “TEKNOFEST”dəki çıxışında dəstəyə görə Azərbaycana bir daha dərin minnətdarlığını ifadə edib: “Əziz qardaşım İlham Əliyev lap əvvəldən mərkəzi Pazarcık olan zəlzələdə bizi heç vaxt yalnız qoymadı. İlk andan etibarən axtarış-xilasetmə heyətləri Kahramanmaraşda bizimlə birlikdə oldu. Onunla da kifayətlənmədi, daha sonra İlham qardaşım Kahramanmaraşda min evin inşa ediləcəyinə söz verdi. Təbii ki, orada məktəbi, məscidi, yataqxanası və yaşayış binaları olan bir Azərbaycan şəhəri inşa etməyi qərara aldı”.

Prezident İlham Əliyev dəfələrlə belə bir fikri ifadə edib ki, Azərbaycan və Türkiyə onsuz da müttəfiqlər idilər, ancaq Şuşa Bəyannaməsi ilə bu müttəfiqlik rəsmiləşdi. Azərbaycanla Türkiyə arasında 2021-ci il 15 iyun tarixində imzalanan Şuşa Bəyannaməsi müstəqillik, suverenlik, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı, dövlətlərin daxili işlərinə qarışmamaq prinsiplərini rəhbər tutan, milli maraq və mənafelərini müdafiə və təmin etməyə yönəlmiş müstəqil xarici siyasət həyata keçirən hər iki ölkə tərəfindən müttəfiqlik münasibətlərinin qurulmasının siyasi və hüquqi mexanizmlərini müəyyənləşdirmək baxımından mühüm əhəmiyyət daşıyır. Bəhs olunan sənəddə Vətən müharibəsində Azərbaycanın şanlı qələbəsi sayəsində regionda yaranan yeni reallıqlar nəzərə alınıb. Bəyannamədə müharibədən sonrakı mərhələdə Qafqaz regionunda sabitliyin, təhlükəsizliyin möhkəmləndirilməsi, bütün iqtisadi-nəqliyyat əlaqələrinin bərpası, eləcə də region dövlətləri arasında münasibətlərin normallaşdırılması və uzunmüddətli sülhün təmin edilməsi istiqamətində birgə səylərin artırılmasının zəruriliyi vurğulanıb.

Bəyannamədə tərəflərdən hər hansı birinin müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə, birgə məsləhətləşmələr aparılması, bu təhdid və ya təcavüzün aradan qaldırılması məqsədilə BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə müvafiq təşəbbüs həyata keçirilməsi, BMT Nizamnaməsinə uyğun olaraq bir-birinə lazımi yardım göstərilməsi, Silahlı Qüvvələrin güc və idarəetmə strukturlarının əlaqələndirilmiş fəaliyyətinin təşkili nəzərdə tutulur.

Qarşılıqlı dəstək üzərində qurulan Azərbaycan-Pakistan münasibətləri

Azərbaycan və Pakistan arasında münasibətlər birgə tarix, mədəniyyət, din, həmrəylik və qarşılıqlı dəstək üzərində qurulub. Müşahidə edilən odur ki, Azərbaycan-Pakistan münasibətlərinin yüksələn xətlə inkişafına həm dövlətlər səviyyəsində qətiyyətli siyasi iradə nümayiş etdirilir, həm də buna cəmiyyətlərimizin böyük istəyi var. Prezident İlham Əliyevin iyunun 15-də Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin Azərbaycana səfəri çərçivəsində mətbuata verdiyi bəyanatında bildirdiyi kimi, Pakistan və Azərbaycan hər zaman çiyin-çiyinə dayanan ölkələr olubdur. Məhəmməd Şahbaz Şərif isə iki ölkə arasındakı münasibətlərin yüksək səviyyəsindən bəhs edərkən “Pakistan və Azərbaycan iki qardaş xalqdır. Bizim münasibətlərimiz qarşılıqlı dəstək, səmimiyyət və ehtiram üzərində qurulub”, - deyə bildirib.

İki ölkə arasında siyasi dialoq yüksək səviyyədədir. Prezident İlham Əliyev və Baş nazir Məhəmməd Şahbaz Şərif ötən il müxtəlif beynəlxalq tədbirlər çərçivəsində iki dəfə görüşüblər. Baş nazirin ölkəmizə səfəri isə Prezident İlham Əliyevin dəvəti əsasında baş tutub. Bu gün Bakıda və respublikamızın bölgələrində Pakistan İslam Respublikasının bayrağının asılmasına şahidlik etmək mümkündür. Bu, Azərbaycan cəmiyyətində Pakistana olan dərin rəğbətin ifadəsidir. Pakistanın Baş naziri oxşar mənzərənin ölkəsində də müşahidə edildiyini bildirib.

Azərbaycan və Pakistan bir-birinin ərazi bütövlüyünə dəstək verən ölkələrdirlər. Dünyada bir neçə dövlət var ki, Ermənistanın işğalçılıq siyasətinə görə  bu ölkə ilə diplomatik münasibətlər qurmayıb. Pakistan da belə ölkələr sırasında yer alır. “Pakistan Ermənistan ilə diplomatik münasibətlər qurmayan ölkədir və bu, məhz işğal səbəbindən baş vermişdir. Bu isə qardaş ölkə mövqeyidir”, - deyə Prezident İlham Əliyev bildirib.

Oxşar problemlə Pakistan da üzləşib. Kəşmir münaqişəsi uzun illərdir ki, davam edir. Azərbaycan öz növbəsində bu məsələdə dost ölkənin yanındadır. Respublikamız dost Pakistanı Kəşmir məsələsində hər zaman dəstəkləyib və bu dəstək gələcəkdə də davam edəcək.  

Azərbaycanla Pakistan arasında əməkdaşlıq perspektivləri kifayət qədər genişdir. Bəhs olunan səfər çərçivəsində gələcək əməkdaşlıq istiqamətləri geniş şəkildə müzakirə olunub. Razılığa gəlinib ki, Azərbaycandan bir neçə nümayəndə heyətinin Pakistana səfəri təşkil olunsun. Artıq bəllidir ki, bir nümayəndə heyəti ticarət və sərmayə məsələsi, növbəti nümayəndə heyəti enerji məsələsi ilə məşğul olacaq, üçüncü nümayəndə heyəti isə müdafiə sənayesi sahəsində əməkdaşlığı nəzərdən keçirəcək. Eyni zamanda, hər iki tərəf qarşılıqlı ticarət dövriyyəsinin artırılmasında maraqlıdır. “Biz bu istiqamətdə anlaşma memorandumu imzalayacağıq və məhsulların siyahısı üzərində işləyəcəyik ki, həmin siyahı bizim ticarət dövriyyəmizin artırılmasına xidmət edəcək”, - deyə dövlətimizin başçısı vurğulayıb.

Prezident İlham Əliyev bildirib ki, təhsil sahəsində böyük potensialı görürük. Bu gün Azərbaycanda Pakistandan olan 750 tələbə təhsil alır və bu prosesin necə sürətlə getdiyinə baxsaq görərik ki, ötən il sadəcə, 100 tələbə təhsil alırdı. Yəni, biz daha çox pakistanlı qardaşlarımızı burada görmək istəyirik. Eyni zamanda, Pakistanda təhsil alan azərbaycanlılar da var. Bu gün onlar müxtəlif sahələrdə təhsil alaraq, qayıdıb ölkəmizə töhfələrini verirlər.

Enerji sektorunu iki ölkə arasında perspektiv əməkdaşlığın mühüm istiqamətlərindən biri kimi səciyyələndirmək mümkündür. Baş nazir Məhəmməd Şahbaz Şərifin qeyd etdiyi kimi, Azərbaycan zəngin təbii sərvətlərə, o cümlədən böyük neft-qaz sərvətlərinə malikdir. Pakistanın isə bu sahədə sıxıntıları var. Bu ölkə enerji tələbatının ödənilməsində böyük dərəcədə idxala bağlıdır. Ötən il dost ölkə bu sahəyə 27 milyard ABŞ dolları xərcləyib. Azərbaycan isə zəngin enerji resursları ilə bərabər, həm də geniş sərmayə imkanlarına malik bir ölkədir. Pakistan Azərbaycanın bu ölkədə bərpaolunan enerji sektoruna sərmayə qoyuluşuna böyük maraq göstərir. Turizm sektoru da gələcək əməkdaşlıqda mühüm yer tuta bilər.

Azərbaycan-Türkiyə-Pakistan üçbucağı...

Azərbaycan, Türkiyə və Pakistan sıx ikitərəfli münasibətlər qurduqları kimi, üçtərəfli platformada da əməkdaşlığı genişləndirirlər. Bu baxımdan dost ölkələrin beynəlxalq təşkilatlardakı fəaliyyəti xüsusi diqqət çəkir. Hər üç ölkə beynəlxalq tədbirlərdə koordinasiyalı fəaliyyət ortaya qoyaraq bir-birinin təşəbbüslərinə və haqlı mövqelərinə dəstək nümayiş etdirirlər. İyunun 12-də Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanın, 15-də isə Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin Azərbaycana səfəri ölkələrimiz arasında strateji müttəfiqlik, dostluq və qardaşlıq əlaqələrinin əyani təzahürüdür. Eyni zamanda, hər üç ölkə Orta Dəhlizin inkişafında maraqlıdır.

Hərbi sahədə əməkdaşlıq Azərbaycan, Türkiyə və Pakistan münasibətlərində xüsusi yer tutur. Son vaxtlarda hər üç ölkənin müvafiq qurumlarının yüksəksəviyyəli rəsmiləri bir neçə dəfə görüşərək aktual müzakirələr aparıblar. Həm Pakistan, həm də Türkiyə güclü hərbi sənaye qurublar. Pakistan və Türkiyə arasında sıx hərbi əməkdaşlıq mövcuddur. Türkiyə Pakistan Hərbi Dəniz Qüvvələri üçün MILGEM sinfinə məxsus döyüş gəmiləri inşa edir. Ankara isə Pakistandan 52 ədəd “Super Muşşak” təlim təyyarəsi alıb. Eyni zamanda, Azərbaycan da özünün müdafiə sənayesini uğurla inkişaf etdirir. Bu sahədə respublikamız dost ölkələrin təcrübəsindən və dəstəyindən bəhrələnir. Hazırda Türkiyənin və Pakistanın ayrı-ayrı hərbi texnikaları Ordumuzun silahlanmasına cəlb olunub. Paralel şəkildə, birgə istehsalatların yaradılması istiqamətində iş aparılır. Pakistan xüsusilə terrorla mübarizədə zəngin əməliyyat təcrübəsi əldə etmiş orduya malik dövlətdir. Ermənistan son 30 ildə Azərbaycana qarşı sözün əsl mənasında sərhəd tanımayan terror siyasəti həyata keçirib və bu siyasət postmüharibə dövründə də davam edir. Bu ölkə üçtərəfli Bəyanatla üzərinə silahlı qüvvələrini respublikamızın ərazisindən çıxartmaqla bağlı öhdəlik götürsə də, hələ də buna tam əməl etməyib. Belə vəziyyət erməni silahlı birləşmələrinə qarşı antiterror əməliyyatının keçirilməsinin zəruriliyini gündəmə gətirir. Azərbaycan Silahlı Qüvvəlıəri  terrorla mübarizədə qeyri-ənənəvi döyüş bacarıqlarına malik Pakistan ordusunun bu sahədəki təcrübəsindən yararlana bilər.

Üç dost ölkənin hərbi təlimlərdə bir araya gəlmələri də diqqətəlayiq haldır. Əvvəllər Türkiyə və Pakistan, eləcə də Türkiyə ilə Azərbaycan vaxtaşırı hərbi təlimlərə qatılırdılar. Azərbaycan və Türkiyə təkcə bu il 16 birgə hərbi təlim keçirməyi planlaşdırıblar ki, indiyədək onlardan 6-sı baş tutub.  Artıq Azərbaycan, Türkiyə və Pakistanın birgə hərbi təlimlər keçirmələrinə də start verilib. 2021-ci ildə Bakıda ilk dəfə olaraq Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlı qüvvələrinin “Üç Qardaş - 2021” birgə beynəlxalq təlimi uğurla baş tutub. Birgə təlimlərin bağlanış mərasimində bildirilib ki, üç ölkənin xüsusi təyinatlıları arasındakı qarşılıqlı işbirliyi, təhsil və təlim fəaliyyətləri bundan sonra da davam edəcək.

Paylaş:
Baxılıb: 609 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31