Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Qlobal təhdidlərlə mübarizədəki rolumuz...

Qlobal təhdidlərlə mübarizədəki rolumuz...

22.06.2023 [10:00]

Azərbaycan yeni çağırışların təşəbbüskarıdır

Ardıcıllıqla həyata keçirilən uğurlu siyasət beynəlxalq miqyasda Azərbaycana böyük nüfuz qazandırıb. Mötəbər reytinq agentlikləri ölkəmizin inkişaf modelini bütün dünyaya bir nümunə kimi təqdim edirlər. Eyni zamanda, ayrı-ayrı beynəlxalq təşkilatlar, görkəmli siyasətçilər qlobal miqyasda gedən proseslərdə dövlətimizin başçısı Prezident İlham Əliyevin rolunu yüksək dəyərləndirirlər. Ölkə Prezidentinin ciddi qlobal proseslərdə irəli sürdüyü təşəbbüslər, tutduğu mövqe birmənalı şəkildə yüksək dəyərləndirilir.

Bu kimi növbəti fikir isə bu günlərdə Böyük Britaniyanın dövlət nazirindən gəlib. “Böyük Britaniya və Azərbaycan qlobal təhlükələrə qarşı birgə mübarizə aparır”. Bunu Böyük Britaniyanın Avropa regionu üzrə dövlət naziri Leo Dokerti tviter hesabında yazıb. Fikirlərinə davam edən dövlət naziri vurğulayıb: “Beşinci strateji dialoq zamanı Böyük Britaniya-Azərbaycan arasında tərəfdaşlığın genişliyini müzakirə etməkdən məmnun oldum. Böyük Britaniya və Azərbaycan arasında təhlükəsizlik, ticarət və mədəniyyət sahələrində daha çox əməkdaşlığa ümid edirəm”.

Böyük Britaniya kimi nüfuzlu bir dövlətin yüksəksəviyyəli rəsmisinin qlobal təhdidlərə qarşı mübarizədə Azərbaycanın rolunu yüksək dəyərləndirməsi heç də təsadüfi deyil. Son illərdə Azərbaycan öz imkanlarını təqdim etməklə regional və qlobal əməkdaşlığın və təhlükəsizliyin möhkəmlənməsinə sanballı töhfələr verməkdədir.

Beynəlxalq həmrəyliyə çağırış...

Ölkəmiz qlobal təhdidlərə qarşı mübarizədə hər zaman ön sırada yer alıb. Təsadüfi deyil ki, bir neçə il öncə dünyada qlobal pandemiya dövrü yaşandığı zaman bu problemə qarşı birgə mübarizənin təşkili təşəbbüsü ilk dəfə məhz Azərbaycan Prezidenti tərəfindən irəli sürülmüşdü. Təcrübə də onu göstərirdi ki, ayrı-ayrı ölkələrin təkbaşına yeni növ koronavirus pandemiyasına qarşı mübarizəsi kifayət qədər effekt vermirdi - Pandemiya qlobal səciyyə daşıdığı kimi, ona qarşı mübarizədə də ölkələrin və beynəlxalq təşkilatların gücü birləşdirilməli idi.

Qeyd edildiyi kimi, Azərbaycan COVID-19 pandemiyasına qarşı qlobal səyləri səfərbər edən ilk ölkələrdən biri kimi tarixə düşdü. Prezident İlham Əliyevin liderlik missiyası milli məzmunlu, qlobal əhəmiyyətli fəaliyyətlə bu məsələdə də ön plana çıxdı. Dövlətimizin başçısı qlobal miqyasda meydana çıxan çağırışları, yeni trendləri anında dəyərləndirdi, ardıcıl şəkildə regional və qlobal əməkdaşlığın inkişaf etdirilməsinə, təhlükəsizliyə təhdid hallarının aradan qaldırılmasına hədəflənən təşəbbüslər irəli sürdü. Bütün dünyanın ciddi təhdidlə üzləşdiyi həmin çətin dönəmdə Azərbaycan Prezidenti qətiyyətlə bəyan etdi ki, qlobal təhdidlər yaradan pandemiyaya qarşı mübarizənin səmərəliliyini artırmaq üçün beynəlxalq həmrəyliyin gücləndirilməsinə nail olmaq lazımdır. Dünya ölkələri, beynəlxalq təşkilatlar pandemiyaya qarşı mübarizədə koordinasiyalı fəaliyyət sərgiləməlidirlər. Beləliklə, Azərbaycan pandemiyaya qarşı qlobal fəaliyyətin səfərbər edilməsi səylərinin önündə getməyi bacardı. Ölkəmiz uğurla sədrlik etdiyi Türk Şurasının və Qoşulmama Hərəkatının pandemiyaya qarşı mübarizə mövzusuna həsr olunan Zirvə görüşlərinin keçirilməsinə nail oldu. Bundan başqa, dövlət başçımızın təşəbbüsü ilə 2020-ci ilin dekabr ayında BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində Xüsusi sessiyası keçirildi. Xüsusi sessiyasının keçirilməsi təşəbbüsü dünyanın bütün qitələrindən olan 130-dan çox ölkə tərəfindən dəstəklənmişdi. Prezident İlham Əliyevin siyasi iradəsi əsasında Azərbaycan beynəlxalq miqyasda “peyvənd millətçiliyi”nə qarşı çıxdı. Dövlət başçımız müxtəlif beynəlxalq təşkilatların tribunalarından birmənalı şəkildə qeyd etdi ki, peyvəndlərin ölkələr arasında qeyri-bərabər bölüşdürülməsi yolverilməzdir. Öz növbəsində Azərbaycan peyvəndlərə əlçatanlığı olmayan bir neçə ölkəyə böyük miqdarda vaksinlər göndərdi. Azərbaycanın qlobal pandemiyaya qarşı mübarizədə birləşdirici rolundan bəhs edən Prezident İlham Əliyev deyib: “Azərbaycan öz beynəlxalq məsuliyyətinə sadiq olaraq Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları həcmində könüllü maliyyə yardımı ayırıb. Biz, həmçinin 30-dan çox ölkəyə koronavirusla mübarizədə birbaşa humanitar və maliyyə yardımı göstərmişik”.

Sülhün təmini üçün...

Azərbaycan davamlı olaraq qlobal təhlükəsizliyə sanballı töhfələr verən ölkə qismində çıxış edir. Bu xüsusda söhbət açarkən Azərbaycanın Şimali Atlantika Alyansı (NATO) ilə əməkdaşlıq çərçivəsində beynəlxalq missiyalarda fəal iştirakını ayrıca qeyd edə bilərik.  NATO-nun üzvü olmayan Azərbaycan qurumun etibarlı tərəfdaşı qismində çıxış edir. Ötən il Azərbaycanla NATO arasında əməkdaşlıq əlaqələrinin qurulmasının 30 ili tamam oldu. Müstəqil Azərbaycan NATO ilə əlaqələrin intensivləşməsinə və etimad mühitinin möhkəmlənməsinə böyük önəm verir. Prezident İlham Əliyevin NATO-nun mənzil-qərargahına dəfələrlə səfərlər etməsi, qurumun yüksəksəviyyəli rəsmiləri ilə aktual müzakirələr aparması bunu bir daha ortaya qoyur.

Ölkəmiz 1994-cü ildən NATO-nun “Sülh naminə tərəfdaşlıq”, 2004-cü ildən isə “Fərdi tərəfdaşlıq” proqramlarına qoşulub, 1999-cu ildə NATO Parlament Assam?leyasına müşahidəçi, 2002-ci ildən isə assosiativ üzv qəbul edilib. Ümumiyyətlə, ölkəmizlə NATO arasında əməkdaşlıq münasibətləri müxtəlif istiqamətləri əhatə edir. Azərbaycan və NATO arasında praktiki əməkdaşlığın əsas istiqamətlərini müdafiə və təhlükəsizlik sektorunda islahatlar, beynəlxalq əməliyyatlarda iştirak, fövqəladə hallara hazırlıq, təhlükəsizliklə əlaqəli olan elmi və ekoloji məsələlər və ictimai diplomatiya təşkil edir. Azərbaycan Silahlı Qüvvələrinin NATO standartlarına uyğunlaşdırılması istiqamətində ciddi addımlar atılıb.

Eyni zamanda, Azərbaycan praktiki müstəvidə NATO-nun müxtəlif missiyalarının həyata keçirilməsində yüksək fəallıq nümayiş etdirir. Azərbaycan 1999-2008-ci illərdə NATO-nun rəhbərliyi ilə Kosovoda keçirilən sülhməramlı və sülhə dəstək əməliyyatlarına qoşulub. Hərbçilərimiz NATO qüvvələri ilə birlikdə, həmçinin İraqda da sülhməramlı missiya həyata keçiriblər. Quruda Azərbaycan Silahlı Qüvvələrinin Əfqanıstanda “Qətiyyətli dəstək” əməliyyatlarındakı iştirakı yüksək dəyərləndirilib. NATO-nun Baş katibi Yens Stoltenberq buna görə Azərbaycan Prezidentinə təşəkkürünü çatdırıb. Qeyd edək ki, Azərbaycan hərbçiləri 2002-ci ildən 2021-ci il avqustun sonunadək Əfqanıstanda xidmət göstəriblər. Məlum hadisələr zamanı hərbçilərimiz Əfqanıstan paytaxtının hava limanını ən axırıncı tərk edənlərdən olublar. Sülhməramlılarımız hava limanında 120 mindən çox insanın təxliyəsinə töhfə veriblər.

Enerji təhlükəsizliyinə dəstək...

Hazırda artan geosiyasi gərginliklər fonunda ənənəvi təchizat zəncirinin qırılması səbəbindən Avropa İttifaqı (Aİ) məkanına daxil olan ölkələrin enerji təhlükəsizliyinə ciddi təhdidlər yaranıb. Belə bir şəraitdə Aİ üzv dövlətlərin qaz təchizatındakı kəsirləri yeni mənbələr hesabına aradan qaldırmağa çalışır. Azərbaycan qoca qitənin ehtiyacını qarşılamağa geniş imkanları olan ölkədir. Son illərədək Azərbaycanla Avropa İttifaqı ölkələrinin enerji dialoqu neft və neft məhsulları seqmentini əhatə edirdi. Artıq səmərəli enerji dialoqunun qoca qitənin mavi yanacaq təchizatını əhatə edən ikinci mərhələsi başlayıb. Respublikamız Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında bundan sonra da öz dəstəyini verəcək. Xatırladaq ki,  müstəqil Azərbaycanın “Əsrin müqaviləsi”ndən sonra transmilli şirkətlərlə imzaladığı ikinci böyük kontrakt “Şahdəniz” qaz yatağı üzrədir.  Bütövlükdə Azərbaycanın təsdiq edilmiş mavi yanacaq ehtiyatlarının həcmi 2,6 trilyon kubmetrə bərabərdir. Mütəxəssislər isə respublikamızın qaz ehtiyatlarının daha çox olduğu barədə proqnozlar verirlər. “Şahdəniz “ Azərbaycanın yeganə qaz yatağı deyil. Ölkəmiz yaxın perspektivdə “Şahdəniz”in istismarını genişləndirməklə yanaşı, həm də daha 5 yataqdan (“Abşeron”, “Şəfəq”, “Asiman”, “Ümid-Babək” və “Azəri-Çıraq-Günəşli”) qaz hasil etməyə hazırlaşır. Beləliklə, respublikamızın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında rolu daha da artacaq.

Ötən il iyulun 18-də ölkəmizlə Avropa İttifaqı arasında “Azərbaycan Respublikası ilə Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu” imzalanıb. Azərbaycan Prezidenti İlham Əliyevin və Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayenin imzaladıqları sənədlə ölkəmizlə Aİ arasında enerji dialoqunun keyfiyyətcə yeni səviyyəyə yüksələcəyi fikrini qətiyyətlə ifadə edə bilərik. Həmin sənədi bütövlükdə enerji dialoqunun müxtəlif aspektlərini əhatə edən strateji yol xəritəsi kimi də dəyərləndirmək mümkündür. Memorandumda tərəflərin Xəzər sahillərindən qoca qitəyə qaz ixracının artırılması ilə bağlı niyyətləri də ifadə olunub. Memoranduma əsasən, Azərbaycan 2027-ci ilə qədər Avropa İttifaqı bazarına qaz təchizatını iki dəfə artırmağı planlaşdırır. Xatırladaq ki, Cənub Qaz Dəhlizinin istismara verilməsindən sonrakı ilk ildə ölkəmiz qoca qitəyə 8 milyard kubmetr qazı çatdırdı. 2023-cü il üçün hədəf Avropaya 12 milyard kubmetr həcmində mavi yanacaq tədarük etməkdir. Həmin həcm bu il üçün planlaşdırılan 24,5 milyard kubmetr səviyyəsində ümumi qaz ixracımızın təxminən yarısını təşkil edəcək.

Yeni təhlükəsizlik arxitekturasının qurucusu...

Azərbaycan, həmçinin yerləşdiyi regionun yeni təhlükəsizlik arxitekturasını formalaşdıran ölkədir. Ötən əsrin doxsanıncı illərinin əvvəllərində torpaqlarımızın 20 faizini işğal altına alan Ermənistan apardığı işğalçılıq siyasəti ilə regionda təhlükəsizliyə ciddi təhdidlər yaradırdı. Azərbaycan müxtəlif beynəlxalq tədbirlərdə həyəcan təbili çalaraq təcavüzkarın cəzalandırılmasına çağırışlar etsə də, Ermənistana qarşı cəza tədbirləri görülmürdü. Ermənistanın qonşu dövlətin ərazisini zor gücünə öz nəzarəti altına keçirməsi, üç onillik ərzində işğalçılıq siyasətini davam etdirməsi və dünyanın, beynəlxalq təşkilatların buna adekvat münasibət sərgiləməməsi, təcavüzkarı öz adı ilə çağırmaması ölkəmizə qarşı böyük ədalətsizlik idi. Özünü cəzasızlıq mühitində hiss edən təcavüzkar ölkə hətta BMT Təhlükəsizlik Şurasının 4 məlum qətnaməsinin icrasını belə təmin etmədi. Ermənistan rəsmilərinin məsuliyyətsizliyi o həddə çatmışdı ki, hətta “yeni torpaqlar uğrunda yeni müharibə” iddiaları səsləndirirdilər.

Özünü cəzasızlıq mühitində hiss edən, beynəlxalq hüquq normalarına arxa çevirən Ermənistan cəzalandırılmalı idi və bunu Azərbaycan 44 günlük müharibədə öz gücünə etdi. Müzəffər Silahlı Qüvvələrimiz 30 ilə yaxın bir müddətdə işğal altında qalan ərazilərinin bir hissəsini, o cümlədən 300-dək kəndi, çoxlu sayda strateji yüksəklikləri, Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Şuşa şəhərlərini, Suqovuşan, Hadrut qəsəbələrini döyüş meydanında düşmənə sarsıdıcı zərbələr vurmaqla geri qaytarmağa nail oldu. Bundan sonra düşmən müharibənin davam etdirilməsinin onun üçün daha ağır nəticələrə gətirib çıxardacağını dərk edərək kapitulyasiya aktına imza atmağa məcbur oldu. Noyabrın 10-da Azərbaycan və Rusiya prezidentlərinin, Ermənistanın baş nazirinin imzaladığı Bəyanata əsasən işğalçı ölkə Ağdam, Kəlbəcər və Laçın rayonlarını döyüşsüz təslim etmək öhdəliyi götürdü.

Ərazi bütövlüyümüzün hərbi-siyasi yolla təmin olunması son 200 illik tariximizin ən şanlı səhifəsidir. Eyni zamanda, Azərbaycanın 44 günlük müharibədə qazanılan Qələbə sayəsində yaratdığı yeni reallıqlar regionda yeni əməkdaşlıq və təhlükəsizlik mühiti formalaşdırıb. Postmüharibə dövründə də respublikamızın səyləri regionda davamlı sabitliyin və təhlükəsizliyin təmin olunmasına yönəlib.

Son illərdə Azərbaycan mötəbər beynəlxalq tədbirlərin keçirildiyi, müxtəlif ölkələrin, güc mərkəzlərinin danışıqlar apardığı məkana çevrilib. Azərbaycan bir növ barışdırıcı, əlaqələndirici, bütün tərəfləri bir araya gətirən missiya yerinə yetirir. İndiki həssas dönəmdə nəzərlər Bakıya, Prezident İlham Əliyevə yönəlir. Rusiya-Ukrayna müharibəsi fonunda tərəflər arasında dialoqun, qarşılıqlı etimadın və sülhün təmin olunmasında Azərbaycanın fəal rol oynaya biləcəyi xüsusi diqqətə çatdırılır. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Rusiya Prezidenti Vladimir Putin, Ukrayna Prezidenti Volodimir Zelenski, Fransa Prezidenti Emmanuel Makron, Polşa Prezidenti Andjey Duda, NATO-nun Baş katibi Yens Stoltenberq, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel, digər bir sıra ölkələrin, regional və beynəlxalq təşkilatların rəsmi şəxslərinin həm Cənubi Qafqazda postmüharibə reallıqları ilə əlaqədar Prezident İlham Əliyev ilə müzakirələr aparması Azərbaycanın regionun geosiyasi gündəliyini formalaşdıran əsas qüvvələrdən biri olduğunu göstərir. Ən əsası, regional və beynəlxalq təhlükəsizlik məsələlərində Azərbaycanın Liderinin rəyinə önəm, mövqeyinə üstünlük verilir.

Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 490 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31