Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Azərbaycanla Özbəkistan arasında etimadın ən yüksək səviyyəsi

Azərbaycanla Özbəkistan arasında etimadın ən yüksək səviyyəsi

24.08.2023 [10:00]

İmzalanan sənədlər, müxtəlif dövlət qurumları və özəl şirkətlər arasında əməkdaşlıq əlaqələrinin möhkəmlənməsi son nəticədə Azərbaycan - Özbəkistan münasibətlərinin keyfiyyətcə yeni müstəviyə yüksəlməsini təmin edib. Azərbaycan və Özbəkistan prezidentlərinin müəyyənləşdirdikləri strateji kursun uğurlu nəticələri yaxın perspektivdə daha aydın görünəcək. Təkcə 2023-cüildə iki dost ölkə arasında siyasi və iqtisadi sahədə əməkdaşlığın möhkəmlənməsinə yeni möhkəm zəmin yaradan iki mühüm sənədin imzalanmasının  şahidi olduq. Bunlardan biri ilin birinci yarısında Özbəkistan ilə Azərbaycan arasında Birgə İnvestisiya Fondunun yaradılması ilə bağlı sazişin təsdiqlənməsidir.  Bu günlərdə Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin respublikamıza baş tutan uğurlu dövlət səfəri çərçivəsində isə növbəti mühüm sənəd imzalanıb. Söhbət Azərbaycanın və Özbəkistanın dövlət başçılarının imzaladıqları “Azərbaycan Respublikasının və Özbəkistan Respublikasının Ali Dövlətlərarası Şurasının yaradılması haqqında Müqavilə”dən gedir.  Çox doğru olaraq bildirilir ki, hər iki qurumun yaradılması siyasi və iqtisadi müstəvidə qarşılıqlı münasibətlərin inkişafına yeni təkan verəcək.

İki ölkədə strateji layihələr müştərək qaydada maliyyələşdiriləcək

Azərbaycanla Özbəkistan arasında Birgə İnvestisiya Fondunun yaradılması ilə bağlı müzakirələrə xeyli müddət bundan əvvəl başlanılmışdı. İki ölkə arasında iqtisadi sahədə əməkdaşlığın genişlənməsi belə bir maliyyə qurumunun yaradılmasını bir növ zərurətə çevirmişdi. Məlumdur ki, ayrı-ayrı beynəlxalq maliyyə qurumları regional miqyaslı layihələrin reallaşdırılmasına vəsaitlər yönəldərkən öz şərtlərini diqtə edirlər. Eyni zamanda, onların qərarları bir sıra hallarda siyasi təzyiq vasitəsinə çevrilir. Güclü iqtisadi potensiala malik Azərbaycan və Özbəkistan bütün bu məqamları nəzərə almaqla strateji layihələrini müştərək qaydada maliyyələşdirmək qərarına gəliblər. Birgə İnvestisiya Fondunun yaradılması ilə bağlı müzakirələr nəhayət cari ilin fevralında Daşkəndddə baş tutan Regionlararası Forum çərçivəsində  sonuclanıb və bununla bağlı qərar verilib. Sonrakı mərhələdə Birgə İnvestisiya Fondunun yaradılmasını özündə ehtiva edən saziş müvafiq qaydada təsdiqlənib.

Fondun ilkin nizamnamə kapitalı 500 milyon ABŞ dollarına bərabərdir. Qurumun vəsaitləri prioritet layihələrin icrasına yönəldiləcək. Ekspertlər nəzərdə tutulan prioritet layihələr sırasında neft-qaz, “yaşıl enerji”, avtomobil və toxuculuq sənayesi, eləcə də kənd təsərrüfatı sektorunda reallaşdırılması nəzərdə tutulan layihələri önə çəkirlər. Fond iki ölkə  arasında iqtisadi əlaqələrin dərinləşməsi prosesində ciddi rol oynaya bilər. İlkin hesablamalara görə, fondun maliyyələşdirmə ehtimalı böyük olan layihələrin ümumi dəyəri 800 milyon dollardan çoxdur. Bu isə o anlama gəlir ki, Birgə İnvestisiya Fonduna yeni maliyyə vəsaitlərinin cəlb edilməsi yaxın perspektivdə qaçılmaz olacaq. Yeri gəlmişkən, Prezident İlham Əliyev dost ölkənin dövlət başçısının respublikamıza baş tutan səfəri çərçivəsində mətbuata verdiyi Bəyanatda bu məsələyə xüsusi diqqət çəkib. “Əminəm ki, bir müddət əvvəl 500 milyon dollar nizamnamə kapitalı ilə yaradılan Birgə İnvestisiya Fondu bu məbləği çox sürətlə sərf edəcək və biz onu artırmalı olacağıq”, - deyə dövlətimizin başçısı vurğulayıb.

Qeyd edək ki, Azərbaycanla Özbəkistan arasında Birgə İnvestisiya Fondunun yaradılması Türk Dövlətləri Təşkilatında (TDT) birləşən ölkələrin yaratdıqları ilk belə qurum deyil. Yeni geosiyasi maraqlar fonunda Türkdilli ölkələr arasında inteqrasiyanın dərinləşməsi həm də güclü iqtisadi potensial və ortaq maraqlarla şərtlənir. Türkdilli ölkələr təbii ehtiyatlarla, o cümlədən də enerji resursları ilə zəngindir. Təbii ki, hazırda qardaş Türkiyə iqtisadi potensialına, müasir sənaye inkişafına görə Türkdilli ölkələr arasında lider mövqeyə malikdir. Ancaq Azərbaycan və digər Türkdilli ölkələr də öz iqtisadiyyatlarını intensiv şəkildə genişləndirirlər. Türkiyə 761.4, Qazaxıstan 181.7, Özbəkistan 57.9, Azərbaycan 48, Türkmənistan 48 və Qırğızıstan 8.5 milyard dollar nominal ÜDM-ə malikdir. Verilən məlumatlara əsasən, 2021-ci il üzrə Türk dövlətlərinin ÜDM-i 1 trilyon 383 milyard ABŞ dolları, ticarət dövriyyəsi 855,7 milyard ABŞ dolları təşkil edib. 2022-ci ildə Türkiyə iqtisadiyyatı 5,6, Azərbaycan və Macarıstan iqtisadiyyatı 4,6, Türkmənistan iqtisadiyyatı 6,2, Özbəkistan iqtisadiyyatı 5,7, Qırğızıstan iqtisadiyyatı 7, Qazaxıstan iqtisadiyyatı isə 3,2 faiz böyüyüb. Dövlət büdcəsinin gəlirlərinin artımı baxımından ən yaxşı göstərici 100,6 faizlə Türkiyədədir.  Türkiyənin dövlət büdcəsinin gəlirləri 147 122,2 milyon ABŞ dolları olub. Xarici ticarətdə ən yüksək saldoya Qazaxıstan (ticarət balansı 34 350,4 milyon ABŞ dolları) və Azərbaycan (ticarət balansı 27 132,3 milyon ABŞ dolları) malikdir. 2022-ci il ərzində Türk Dövlətləri Təşkilatına daxil olan bütün ölkələrdə əsas kapitala yönələn vəsaitlərdə artım müşahidə edilib.

Mütəxəssislərin qənaətinə görə, təşkilat daxilində iqtisadi və ticari əməkdaşlığı daha sistemli şəkildə əlaqələndirmək mümkündür. 1.4 trilyon nominal ÜDM-ə malik olan Türkdilli ölkələr yeni regional əməkdaşlıq modeli yaradırlar. Deyə bilərik ki, regionun yeni iqtisadi xəritəsi formalaşmaqdadır. Son Ankara Sammitində iqtisadi inteqrasiyanın genişləndirilməsi istiqamətində mühüm addım atıldı - Türk İnvestisiya Fondunun yaradılması haqqında Saziş imzalandı. Fondun Türk dövlətlərinin qurduğu əsas ortaq maliyyə qurumuna çevrilməsi və fondun vəsaitlərinin birgə layihələrin həyata keçirilməsinə yönəldilməsi nəzərdə tutulur. Fond Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin iqtisadi potensialının inkişafına, onlar arasında ticari-iqtisadi əməkdaşlığın gücləndirilməsinə, birgə layihələrin həyata keçirilməsinə yönəldiləcək. Nizamnamə kapitalı 500 milyon dollardır və hər birinin nominal dəyəri 50 000 ABŞ dolları olan 10 000 səhmə bölünüb. Hər bir TDT üzvü üçün 2 min səhm, hər bir ölkə üçün ödənilən səhmin ümumi nominal dəyəri 70 milyon ABŞ dolları, hər bir ölkə üçün cəlb olunan səhm üzrə ümumi nominal dəyər isə 30 milyon dollar təşkil edir. Xatırladaq ki, Türk İnvestisiya Fondunun yaradılması təşəbbüsü Azərbaycan Prezidenti İlham Əliyevə məxsusdur. Fondda ölkəmizin payı 100 milyon dollar təşkil edir.

Fond və onun aktivləri, əmlakı, gəlirləri və bununla bağlı əməliyyatlar, o cümlədən rəsmi istifadə üçün idxal olunan mallar və nəqliyyat vasitələri saxlama və bu kimi xidmətlərə görə ödənişlər istisna olmaqla, bütün birbaşa və dolayı vergilərdən, gömrük rüsumlarından, rüsum və xərclərdən azaddır.

Daha bir mühüm məqama da diqqət çəkək. Fondun təsisçisi olan Türk dövlətləri Asiyadan Avropaya yükdaşımaların reallaşdırıldığı Orta Dəhlizdə yer alırlar. Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Bakıda mətbuata verdiyi Bəyanatında ölkəsi üçün nəqliyyat sahəsinin çox ciddi komponent olduğunu diqqətə çatdırıb. Hazırkı geosiyasi reallıqlar şəraitində dost ölkənin beynəlxalq kommunikasiyalara çıxışının təmin olunması baxımından Azərbaycanın önəmi əhəmiyyətli dərəcədə artıb. Həm Azərbaycan, həm də Özbəkistan Orta Dəhlizlə daşımaların artırılmasında maraqlıdırlar. Hazırda bu dəhliz Avrasiya coğrafiyasında  ən əlverişli marşrut sayılır. ABŞ və Avropa İttifaqı bəhs olunan dəhlizin inkişafına ciddi siyasi dəstək verirlər. Avropa İttifaqı həm də maliyyə dəstəyi təmin etməyə hazırdır və bunu dəfələrlə bəyan edib.

Ötən il TDT-da birləşən ölkələr üzrə xarici investisiya qoyuluşunda artım baş verib. Belə ki, Azərbaycan iqtisadiyyatına birbaşa xarici sərmayə qoyuluşu 30,9 faiz artaraq 6,276 milyard dollara çatıb. 2022-ci ildə Özbəkistan iqtisadiyyatına 9,9 milyard dollarlıq xarici investisiya yönəldilib. 2022-ci ildə Türkiyəyə 12,8 milyard dollar birbaşa xarici investisiya yatırılıb. 2021-də bu göstərici 11,9 milyard dollar olmuşdu.

Qardaşlıq münasibətlərinin daha bir göstəricisi

Yaşadığımız hazırkı dönəmin ən əlamətdar proseslərindən biri Türk dövlətlərinin tarixi bağlar əsasında bərpa olunan birliyidir. Biz xoşbəxt nəsilik ki, məkrli imperiya mərkəzlərinin zamanında etdikləri ədalətsizliyə, tarixin saxtalaşdırılmasına son qoyulmasına şahidlik edirik. Hazırda Türk Dövlətləri Təşkilatı çərçivəsində Türkdilli ölkələrin sarsılmaz birliyi yenidən formalaşır. Bu, əslində Avrasiyanın siyasi və iqtisadi xəritəsinin yenidən dizayn olunması anlamına gəlir. 2021-ci ilin yayında Azərbaycan və Türkiyə Şuşa Bəyannaməsini imzalamaqla onsuz da yüksək səviyyədə olan müttəfiqlik münasibətlərini sənədlə bir daha rəsmiləşdirdilər. Bəyannamədə tərəflərdən hər hansı birinin müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə, birgə məsləhətləşmələr aparılması, bu təhdid və ya təcavüzün aradan qaldırılması məqsədilə BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə müvafiq təşəbbüs həyata keçirilməsi, BMT Nizamnaməsinə uyğun olaraq bir-birinə lazımi yardım göstərilməsi, Silahlı Qüvvələrin güc və idarəetmə strukturlarının əlaqələndirilmiş fəaliyyətinin təşkili nəzərdə tutulur. Sənəddə iki qardaş ölkənin silahlı qüvvələrinin müasir tələblərə uyğun olaraq yenidən formalaşdırılması və modernləşdirilməsi istiqamətində birgə səylərin göstərilməsi, müdafiə qabiliyyətinin və hərbi təhlükəsizliyinin möhkəmləndirilməsinə yönələn tədbirlərin həyata keçirilməsi, iki ölkənin silahlı qüvvələrinin birlikdə fəaliyyət qabiliyyətinin artırılması, müasir texnologiyalara əsaslanan silah və sursatların idarə olunmasında sıx əməkdaşlığı və bu məqsədlə səlahiyyətli struktur və qurumların əlaqəli fəaliyyətinin təmin edilməsi kimi müddəalar öz əksini tapıb.

Oxşar sənədlər digər Türkdilli dövlətlərlə də imzalanmaqdadır. Bundan əvvəl Azərbaycan  Prezidenti İlham Əliyev və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev “Azərbaycan Respublikası və Qazaxıstan Respublikası Ali Dövlətlərarası Şurasının yaradılması haqqında Protokolu” və dövlət başçılarının birgə bəyanatını imzalayıblar. Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin respublikamıza səfəri çərçivəsində isə dövlət başçıları tərəfindən “Azərbaycan Respublikasının və Özbəkistan Respublikasının Ali Dövlətlərarası Şurasının yaradılması haqqında Müqavilə” imzalanıb. Belə bir mühüm sənədin imzalanması iki dost ölkə arasında qarşılıqlı etimadın artmasının  təsdiqidir.  Çox doğru olaraq Ali Dövlətlərarası Şuranın yaradılması indiyədək razılığa gəlinən strateji istiqamətlərin ən yüksək səviyyədə davamı kimi dəyərləndirilir. Bu o anlama gəlir ki, iki dost ölkə bundan sonra bütün strateji məsələlərin bir-biri ilə ciddi müzakirələrini aparacaq və zəruri hallarda fəaliyyətlərini uzlaşdıracaqlar. İmzalanan müqavilənin önəminə diqqət çəkən Prezident İlham Əliyev vurğulayıb: “... İmzalanan sənədlərdən biri Ali Dövlətlərarası Şuranın yaradılması barədə müqavilədir. Bu, ölkələrimiz arasında münasibətlərin yüksək səviyyəsinin, qardaşlıq münasibətlərinin, eləcə də gündəliyin kifayət qədər geniş olmasının göstəricisidir”.

Mübariz FEYİZLİ

Paylaş:
Baxılıb: 408 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Dünya

Dünya

Dünya

Son debat... Olmayacaq!

11 Oktyabr 08:38

Ədəbiyyat

Hindistan dərvişi

11 Oktyabr 08:12

Sosial

Sosial

Qız övladı yük deyil!

11 Oktyabr 07:14  

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31