Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Böyük etimada əsaslanan tarixi seçim

Böyük etimada əsaslanan tarixi seçim

02.09.2023 [10:00]

Heydər Əliyevin 1991-ci il sentyabrın 3-də Naxçıvan Ali Sovetinin sədri seçilməsindən 32 il ötür

Özünün misilsiz müdrikliyi, Azərbaycanın inkişafı naminə çoxşaxəli fəaliyyəti ilə xalqımızın Ümummilli Lideri səviyyəsinə yüksələn Heydər Əliyev 1991-ci il sentyabrın 3-də Naxçıvan Ali Sovetinin sədri seçilib. Aradan on illər ötəndən sonra bütün Naxçıvan əhalisinin böyük etimadına əsaslanan bu seçimin Azərbaycanın müstəqilliyi, bütövlükdə, ölkəmizin və xalqımızın taleyi üçün müstəsna önəm daşıdığı aydın şəkildə dərk olunur. Ulu Öndər ideoloji baxımdan iki fərqli dönəmdə - keçmiş sovet hakimiyyəti illərində və müstəqilliyimizin ilk çağlarında Azərbaycana rəhbərlik edib. Lakin ideoloji müxtəlifliyə, tələblərin və çağırışların fəqli olmasına baxmayaraq Heydər Əliyev vicdanla, Vətəninə sonsuz məhəbbətlə çalışaraq Azərbaycanın sabahı, gələcək inkişafı, xalqın milli özünüdərki üçün zəruri olan fundamental əsaslar yaratmağa nail olub. Bugünkü qüdrətli müstəqil Azərbaycan məhz həmin möhkəm əsaslar üzərində dayanaraq inkişaf edir, zəfərlərə doğru irəliləyir. Hazırda Azərbaycan cəmiyyətində belə bir möhkəm və əsaslı qənaət formalaşıb ki, əgər ötən əsrin əvvəllərində Ulu Öndər əvvəlcə Naxçıvana, sonrakı mərhələdə isə ikinci dəfə Azərbaycanın siyasi rəhbərliyinə qayıtmasa idi,  bugünkü milli maraqlarını qətiyyətlə qoruyan müstəqil Azərbaycandan söhbət aça bilməzdik. Onun Naxçıvandan başlayan xilaskarlıq missiyası müstəqilliyimizə gedən yolda çox mühüm bir mərhələ oldu.

Ulu Öndərin Naxçıvana tarixi qayıdışı

Keçmiş ittifaqdakı tutduğu bütün yüksək vəzifələrdən istefa verən Heydər Əliyev Moskvadan Bakıya dönməyə qərar vermişdi. Bu qayıdış 1990-cı il iyulun 20-də gerçəkləşdi. Həmin dövrdə Heydər Əliyev yaxşı başa düşürdü ki, keçmiş ittifaq rəhbərliyi tərəfindən Azərbaycana qarşı məkrli planlar qurulub həyata keçirilə bilər. O, bununla bağlı müxtəlif mənbələrdən siqnallar almışdı. Elə onun özünün də həyatı təhlükə qarşısında idi. Erməni - M.Qorbaçov mafiyası Heydər Əliyevin varlığını Azərbaycana qarşı məkrli planlarını həyata keçirmək yolunda ən böyük maneə hesab edirdi. Belə bir şəraitdə Heydər Əliyev xalqı ilə bir yerdə olmaq, ona arxa-dayaq durmaq istəyirdi. Lakin imperiya nökərləri - bəhs olunan dövrdə Azərbaycanın rəhbərliyində təmsil olunan şəxslər Heydər Əliyevin Bakıya qayıdışını kresloları üçün təhlükə hesab edərək onun paytaxtda qalmasını əngəllədilər. Ulu Öndər doğulduğu Naxçıvana üz tutdu və burada insanlar onu böyük sayğı ilə qarşıladılar. Heydər Əliyev bacısının kiçik evində yerləşmişdi. Ancaq bu kiçik ev böyük bir ziyarət məkanına çevrilmişdi. Qədim diyarın hər bir bölgəsindən bura insanlar axın edir, Heydər Əliyevlə görüşməyin xoşbəxtliyini yaşamaq istəyirdilər. İnsanlar el adətincə əziz qonaqlarına özlərinin hazırladıqları sovqatları gətirir, onun gəlişi münasibətilə qurbanlar kəsirdilər.  22 iyul 1990-cı il tarixdə axşamüstü Naxçıvan şəhərinin mərkəzi hissəsi, Azadlıq meydanı insan selinə qərq olmuşdu. Burada Ulu Öndərin doğma diyara qayıdışı münasibətilə izdihamlı mitinq keçirildi.

Naxçıvandan başlayan müstəqillik yolu

Həmin ilin payızında Heydər Əliyev Babək rayonunun Nehrəm kəndindən Azərbaycan Respublikasının Ali Sovetinə deputat seçildi. Ulu Öndər, eyni zamanda, Naxçıvan Ali Sovetinə də deputat seçilmişdi. Muxtar Respublikanın Ali Sovetinin seçkilərdən bir qədər sonra - 17 noyabr 1990-cı il tarixində çağırılan sessiyasına sədrlik Heydər Əliyevə həvalə olundu. Sessiyada Ulu Öndərin təşəbbüsü ilə Naxçıvan Ali Sovetinin adı dəyişdirilərək onun Naxçıvan Respublikasının Ali Məclisi adlandırılması haqqında qərar çıxarıldı, Azərbaycan Xalq Cümhuriyyətinin o vaxtlar çoxlarının tanımadığı üçrəngli bayrağı Naxçıvan Ali Məclisində qaldırıldı.

O dövrdə Ulu Öndərin Naxçıvana və naxçıvanlılara böyük məhəbbətlə atdığı bu kimi addımlar böyük cəsarət nümunəsi idi. Qeyd etmək yerinə düşər ki, bəhs olunan dövrdə hələ Sovet İttifaqı Kommunist Partiyası fəaliyyət göstərirdi. Heydər Əliyev isə təhdidlərdən, ozü və ailəsi üçün yarana biləcək təhlükələrdən çəkinməyərək respublikamızın gələcək taleyi baxımından müstəsna əhəmiyyət daşıyan qərarların qəbul olunmasına nail oldu.

Uzaqgörən lider Heydər Əliyev daim xalqa müstəqillik ideyaları aşılayırdı. O, Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 7 mart tarixli sessiyalarında böyük cəsarət nümayiş etdirərək Dağlıq Qarabağla, respublikamızın müstəqilliyi ilə bağlı fikirlərini açıq şəkildə dilə gətirdi. 1991-ci il martın 17-də keçmiş sovet ittifaqının saxlanması ilə bağlı keçirilən referendumu yada salaq. Respublikanın o vaxtkı rəhbərlərinin loyallığının, qətiyyətsizliyinin, müstəqillik ideyalarından uzaq olmalarının nəticəsi idi ki, Azərbaycan da həmin referenduma qoşuldu. Lakin burada da Heydər Əliyev nə qədər qətiyyətli olduğunu nümayiş etdirdi. Ulu Öndər Naxşıvanın referendumda iştirak etməməsi ilə bağlı çağırış etdi və keçmiş ittifaqın, Azərbaycanın sabiq rəhbərliyinin təkidlərinə, hədə-qorxularına rəğmən bu çağırışını geri götürmədi. Beləliklə də, Naxçıvan saxta referenduma qoşulmadı. Naxçıvanda Ulu Öndər tərəfindən belə bir cəsarətli qərarın verilməsi bütün Azərbaycan miqyasında müstəqilliyimizin bərpasına böyük inam yaratdı, xalqda mübarizə əzmi formalaşdırdı

Blokadaya alınan Naxçıvanın xilası

1991-ci il sentyabrın 3-də Naxçıvan Ali Məclisinin Sədri seçilən Heydər Əliyev ozünün şəxsi nüfuzundan və yüksək diplomatik bacarığından istifadə edərək qonşu Türkiyənin, İranın siyasi rəhbərliyi ilə təmasları gücləndirdi və blokada şəraitində yaşayan muxtar respublikanı erməni təcavüzündən, aclıqdan, səfalətdən qorudu.

Naxşıvanda sözün əsl mənasında “Xalq-Heydər” və “Heydər-Xalq” birliyi yaranmışdı. Bu sarsılmaz birlik istənilən arzuolunmaz cəhdin qarşısını almağa qadir idi.  24 oktyabr 1992-ci il tarixində AXC Naxçıvan şöbəsinin silahlı dəstələri və Ordubad rayon polisi tərəfindən Naxçıvanda dövlət çevrilişinə cəhd göstərildi. Silahlı dəstələr ultimatum dili ilə danışır, o cümlədən də  Daxili İşlər Nazirliyinin və Teleradio Verilişləri Komitəsinin binasını boşaltmağı tələb edirdilər. Lakin onlar vacib bir faktoru - xalqın Heydər Əliyevə rəğbətini yaddan çıxartmışdılar. Minlərlə Naxşıvan sakini dövlətçiliyin müdafiəsinə qalxdı və Heydər Əliyevin ətrafında birləşdi. Məhz xalqın Ulu Öndərlə sıx həmrəyliyi sayəsində xəyanətkarların mənfur planı pozuldu və dövlət çevrilişi cəhdinin qarşısı alındı. Xalqının Ona olan sonsuz rəğbətindən, məhəbbətindən vəcdə gələn Ulu Öndər rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasının 1999-cu ildə keçirilən qurultayında bunu çox təsirli şəkildə ifadə edərək deyib: “Nə Qorbaçov hakimiyyəti, nə Vəzirov hakimiyyəti, nə Mütəllibov hakimiyyəti, nə də Əbülfəz Elçibəy hakimiyyəti - heç birisi Heydər Əliyevi Azərbaycan xalqının qəlbindən çıxara bilmədi...”

Xilaskarlıq missiyasının ölkə miqyasında davamı

Ulu Öndər Naxçıvandan başladığı xilaskarlıq missiyasını sonrakı mərhələdə bütün ölkə miqyasında davam etdirdi. Hakimiyyətə qeyri-legitim yolla gələn AXC - “Müsavat” iqtidarının səriştəsiz idarəçiliyi 1993-cü ilin yayına doğru Azərbaycanı vətəndaş qarşıdurması ilə üz-üzə qoymuşdu. Vəziyyət o qədər ciddi hal almışdı ki, hətta müstəqilliyin itirilməsi təhlükəsi də real idi.

Müstəqilliyimiz, respublikanın gələcəyi üçün həmin böhranlı günlərdə xalq son ümidini sınanmış oğlu Heydər Əliyevə bağlayaraq təkidlə Onun Azərbaycanın siyasi rəhbərliyinə gəlməsini tələb edirdi. Bütövlükdə Azərbaycanın inkişaf salnaməsini yazan Ulu Öndər bu dəfə də xalqının yanında olmağa qərar verərək iyunun 9-da Naxçıvandan Bakıya gəldi və iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçildi. Bir qədər sonra isə Milli Məclisin qərarı ilə Ulu Öndər Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başladı. Heydər Əliyev 1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Azərbaycan Respublikasının Prezidenti seçildi. O, 1998-ci il oktyabrın 11-də xalqın yüksək fəallığı şəraitində keçirilən seçkilərdə səslərin 76,1 faizini toplayaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçildi.

Ümummilli lider Heydər Əliyevin müdrik və uzaqgörən siyasəti sayəsində Azərbaycanda hadisələr müsbət məcraya yönəldi, ölkənin parçalanması təhlükəsi aradan qaldırıldı, qanunsuz silahlı qruplaşmaların dövlət çevrilişləri cəhdlərinə son qoyuldu, respublikamız inkişafa istiqamət götürdü.

Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 463 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

İqtisadiyyat

İqtisadiyyat

Dünya

Ədəbiyyat

Müsahibə

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31