Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Bakı-Sofiya: Strateji tərəfdaşlıq münasibətləri

Bakı-Sofiya: Strateji tərəfdaşlıq münasibətləri

06.03.2024 [09:50]

Müstəqil Azərbaycanın qarşılıqlı maraqlar, müstəqillik və suverenlik prinsipləri əsasında həyata keçirdiyi ardıcıl çoxvektorlu xarici siyasət kursu beynəlxalq miqyasda, o cümlədən də Avropa İttifaqı (Aİ) məkanında ölkəmizə çoxlu dostlar qazandırıb. Respublikamız Aİ-də təmsil olunan ayrı-ayrı ölkələrlə intensiv təmaslara malikdir və 9 üzv dövlətlə strateji tərəfdaşlıq haqqında müqavilələr imzalayıb. Azərbaycanın “qoca qitə”də tərəfdaşlıq münasibətlərini getdikcə daha da inkişaf etdirdiyi ölkələrdən biri də Bolqarıstandır. Bu günlərdə Prezident İlham Əliyev Bolqarıstan Respublikası Xalq Məclisinin sədri Rosen Dimitrov Jelyazkovu qəbul edib. Qəbulda ikitərəfli münasibətlərin dinamikasından məmnunluq ifadə olunub və perspektiv əməkdaşlığın müxtəlif aspektlərinə aid aktual məsələlərin müzakirəsi aparılıb.

Yüksək səviyyəli qarşılıqlı səfərlərin böyük önəmi

Azərbaycanla Bolqarıstan arasında münasibətlər hər zaman yüksək səviyyədə olub və müsbət dinamikası ilə seçilib. Bəhs olunan qəbulda həm Azərbaycan Prezidenti İlham Əliyev, həm də Bolqarıstan Respublikası Xalq Məclisinin sədri Rosen Dimitrov ikitərəfli münasibətlərin strateji tərəfdaşlıq zəmininə əsaslandığına xüsusi diqqət çəkiblər. Ölkələrimiz arasında diplomatik münasibətlər 1992-ci il iyunun 5-də qurulub. 2022-ci ildə ölkələrimiz arasında əlaqələrin yaradılmasının 30-cu ildönümü qeyd olundu. Ötən müddət ərzində qarşılıqlı hörmət və etimad üzərində qurulmuş Azərbaycan-Bolqarıstan əlaqələri siyasi, iqtisadi, enerji, mədəni və digər sahələrdə dinamik şəkildə inkişaf edib və ölkələrimiz arasında səmərəli əməkdaşlıq formalaşıb. Prezident İlham Əliyevin 2015-ci ilin mart ayında Bolqarıstana səfəri zamanı iki ölkə arasında “Strateji Tərəfdaşlıq haqqında Bəyannamə” imzalanıb. Bu sənəd qarşılıqlı əlaqələrin genişləndirilməsinə əhəmiyyətli töhfə verir. Son dərəcə vacib əhəmiyyət daşıyan sənədlə tərəflər qarşılıqlı maraq doğuran sahələrdə həm ikitərəfli formatda, həm də beynəlxalq miqyasda iki ölkə arasında əməkdaşlığı dərinləşdirmək və genişləndirmək məqsədilə strateji tərəfdaşlığa daxil olduqlarını bəyan ediblər. Birgə Bəyannaməyə əsasən, Azərbaycan-Bolqarıstan Strateji Dialoqu təsis olunub. Strateji Dialoqun birinci iclası 2018-ci ildə, ikinci iclası isə 2022-ci ildə keçirilib. Hazırda Azərbaycan Hökuməti və Bolqarıstan Hökuməti arasında iqtisadi-ticarət və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiya fəaliyyət göstərir. Bütövlükdə, indiyədək Azərbaycanla Bolqarıstan arasında müxtəlif istiqamətləri əhatə edən 70-dən çox sənəd imzalanıb. Dost ölkələr parlamentlər səviyyəsində də əlaqələri dərinləşdirirlər. Bolqarıstan Respublikası Xalq Məclisinin sədri Rosen Dimitrovun ölkəmizə səfəri bunu bir daha təsdiqləyir.

Qəbulda Azərbaycan ilə Bolqarıstan arasında strateji tərəfdaşlıq əlaqələrinə toxunan Prezident İlham Əliyev yüksək səviyyəli qarşılıqlı səfərlərin və görüşlərin önəmini qeyd edərək, ötən ilin dekabrında Serbiyada Rumen Radevlə keçirdiyi görüşü məmnunluqla xatırlayıb. İki ölkə arasında siyasi dialoqun möhkəmlənməsində qarşılıqlı yüksəksəviyyəli səfərlər mühüm rol oynayır. 1995-ci il 29-30 iyun tarixlərində Azərbaycan Prezidenti Heydər Əliyevin  Bolqarıstana ilk rəsmi səfəri baş tutub və bundan sonra belə yüksəksəviyyəli səfərlər intensiv hal alıb. Sonrakı mərhələdə Prezident İlham Əliyev dost ölkəyə həm rəsmi, həm də işgüzar səfərlər edib. Bolqarıstan Prezidenti Rumen Radevin də indiyədək ölkəmizə bir neçə uğurlu səfərləri baş tutub. İki ölkə arasında dostluq və əməkdaşlıq münasibətlərinin dərinləşməsinə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu da mühüm töhfələr verir. Fond tərəfindən Bolqarıstanın Veliko-Tırnovo şəhərindəki “Trapezitsa” Memarlıq Muzeyi Qoruğunun konservasiya və bərpası həyata keçirilib. Qoruğun bərpadan sonra açılışı 23 sentyabr 2016-cı il tarixində Bolqarıstanın Baş nazirinin, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın və Fondun vitse-prezidenti Leyla Əliyevanın iştirakı ilə baş tutub.

Enerji əməkdaşlığı

Hazırkı geosiyasi gərginliklər fonunda enerji təhlükəsizliyi Aİ məkanına daxil olan ayrı-ayrı ölkələr üçün həyati əhəmiyyətli məsələyə çevrilib. Zəngin resurslara malik olan Azərbaycan qoca qitənin enerji daşıyıcılarına, o cümlədən də mavi yanacağa artan tələbatını müəyyən həcmlərdə qarşlamağa hazır və qadir ölkədir. Həmçinin enerji sahəsində əməkdaşlıq Azərbaycan-Bolqarıstan iqtisadi əlaqələrinin əsas istiqamətlərindən birini təşkil edir. Bolqarıstan da Azərbaycan qazının yeni müştəriləri siyahısında yer alır.  2022-ci il iyunun 19-da “Interconnector Greece - Bulgaria” (IGB) kəməri ilə Azərbaycan qazının Yunanıstandan Bolqarıstana sınaq nəqlinə başlandı. Xatırladaq ki, IGB 2022-ci il martın sonunda TAP-a qoşulub. Bolqarıstan əvvəllər  Rusiyadan ildə təxminən 3 milyard kubmetr “mavi yanacaq” idxal edirdi. Məlum gərginliklərdən sonra bu ölkə alternativ mənbə kimi Azərbaycana üz tutub. Bolqarıstan Azərbaycan qazını daha böyük həcmdə Yunanıstan-Bolqarıstan interkonnektoru vasitəsilə alacaq. Bolqarıstan hökumətinin rəsmilərinin bildirdiklərinə görə, Azərbaycandan “mavi yanacaq” idxalı aşağı qiymətlər və daha çox enerji müstəqilliyi deməkdir. Xatırladaq ki, Bolqarıstan Azərbaycanla ildə bir milyard kubmetr qazın tədarükünə dair müqavilə imzalayıb. Eyni zamanda, Bolqarıstan respublikamızdan əlavə qaz həcmləri almaq niyyətini də bildirib. Cənub Qaz Dəhlizinin qollarından biri kimi Bolqarıstana “mavi yanacaq” daşıyacaq IGB-nin illik ötürmə gücü 3 milyard kubmetr təşkil edir. Gələcəkdə isə onun ötürücülük gücünü  5 milyard kubmetrə çatdırmaq mümkündür. Eyni zamanda, Azərbaycanın beynəlxalq brendinə çevrilən SOCAR ölkəmizi Bolqarıstanda da təmsil edir.  Sofiyada SOCAR-ın Bolqarıstan Respublikasındakı ofisi açılıb. Həmçinin Bolqarıstanın tənzimləyici qurumu artıq “SOCAR Trading”ə Avropa ərazisində təbii qaz ticarəti ilə məşğul olmaq üçün lisenziyasını təsdiqləyib. Yeri gəlmişkən, qəbulda söhbət zamanı ölkələrimiz arasında enerji sahəsində əməkdaşlıq kontekstində SOCAR-ın Bolqarıstanda ofisinin fəaliyyət göstərməsi məmnunluqla vurğulanıb.

Dost ölkənin Qara dənizin dibi ilə çəkiləcək elektrik kabel xəttinə qoşulmaq niyyəti

Hazırda dünyada yaşanan qlobal iqlim dəyişmələri fonunda enerji transformasiyasının aktuallığı artıb. Getdikcə daha çox ölkə özünün enerji təhlükəsizliyini şaxələndirilmiş mənbələrdən, o cümlədən də bərpaolunan mənbələrdən alınan enerji hesabına təmin etməyə böyük səy göstərirlər. Yuxarıda bəhs olunan qəbulda qonaq ölkəmizin COP29-a ev sahibliyi etməsi münasibətilə təbriklərini çatdırıb və zəngin qazıntı yanacaq resurslarına sahib olmasına baxmayaraq, Azərbaycan tərəfindən yaşıl və bərpaolunan enerji sahəsində həyata keçirilən layihələrin önəmini vurğulayıb. O, Qara dənizin dibi ilə çəkiləcək elektrik kabeli layihəsinə Bolqarıstanın da qoşulmaq niyyətini ifadə edərək, bütövlükdə, ölkələrimiz arasında enerji sahəsində uğurlu əməkdaşlığın həyata keçirildiyini deyib. Öz növbəsində dövlətimizin başçısı yaşıl enerji layihəsi çərçivəsində Qara dənizin dibi ilə çəkiləcək elektrik kabeli layihəsinə Bolqarıstanın da qoşulmaq niyyətini müsbət addım kimi dəyərləndirib və bunun layihədə iştirak edən bütün dövlətlər tərəfindən dəstəkləndiyini vurğulayıb.

Hazırda Azərbaycan özünün uğurlu enerji siyasətinin üçüncü mərhələsinə start verib. Bu mərhələ ölkəmizdə bərpaolunan mənbələrdən “yaşıl enerji” istehsalını həyata keçirmək və onun Avropa istehlakçılarına ötürülməsini təmin etməklə bağlıdır. Artıq bu istiqamətdə işlərə də start verilib. 2022-ci il dekabrın 17-də Buxarestdə “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” imzalanıb. Sazişi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Rumıniyanın Baş naziri Nikolae Çuke, Gürcüstanın Baş naziri İrakli Qaribaşvili, Macarıstanın Baş naziri Viktor Orban imzalayıblar. İmzalanma mərasimində Rumıniya Prezidenti Klaus Yohannis və Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen iştirak ediblər. Sazişə əsasən, elektrik enerjisi kabeli Qara dənizin dibi ilə çəkiləcək və bu, Azərbaycandan olan “yaşıl enerji”ni Avropaya çatdıracaq. İlkin mərhələdə layihə üzrə komandada cəmi dörd ölkə yer alsa da, bu sayın artacağı ehtimalı böyükdür. Hazırda Bolqarıstan Qara dənizin dibi ilə çəkiləcək kabel xəttinə maraq göstərən yeganə ölkə deyil, bir sıra digər dövlətlər də layihədə yer almaq niyyətlərini ifadə ediblər.

Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 185 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Analitik

Siyasət

Yeni faktlar...

10 Aprel 10:51

Siyasət

Siyasət

Gündəm

İlk dəfədir ki...

10 Aprel 09:55

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30