Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Heydər Əliyevin lider və vətəndaş mövqeyi

Heydər Əliyevin lider və vətəndaş mövqeyi

29.03.2024 [10:00]

Məhz Onun səyləri ilə Azərbaycan parlamenti 20 Yanvar hadisələrinə hüquqi-siyasi qiymət verdi

Tarixin bu günündə - 1994-cü il mart ayının 29-da Milli Məclis mühüm tarixi əhəmiyyət daşıyan qərar qəbul etdi. Söhbət “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” adlı xüsusi qərardan gedir.

Tariximizin kədər və qürur səhifəsi

Bu gün biz ərazi bütövlüyümüzün və suverenliyimizin tam təmin olunması, müstəqilliyimizin getdikcə möhkəmlənməsi, Azərbaycanın beynəlxalq birliyin sayılıb seçilən üzvünə çevrilməsi ilə qürur duyuruq. Ancaq bütün bunlara asanlıqla nail olunmayıb. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecədə baş verənlər isə müasir tariximizin həm kədər, həm də qürur səhifəsini təşkil edir. Həmin məşum gecədə heç bir xəbərdarlıq edilmədən Bakıya soxulan və tərkibində erməni şovinistlərinin də yer aldığı imperiya ordusu heç kimə aman vermədi- küçələrdə, meydanlarda, hətta mənzillərinin eyvanlarında görünən hər kəsi xüsusi qəddarlıqla güllə yağışına tutdu. Paralel şəkildə, respublikanın bölgələrində də qırğınlar törədildi. Ümumilikdə Bakıda və respublikanın rayonlarında 147 nəfər qətlə yetirildi, 744 nəfər yaralandı, 841 nəfər isə həbs olundu. Ölənlər və yaralananlar arasında uşaqlar, qadınlar və qocalar da var idi. Bu, dinc insanlara qarşı törədilən qanlı bir cinayət idi. Ordunun xalqa ağır texnikadan atəş açması tarixdə az rast gəlinən faktdır. Bunu keçmiş SSRİ-nin rəhbəri M.Qorbaçovun əmri ilə imperiya ordusu etdi. İtkilərimiz, oğul və qızlarımızın həyatlarını itirmələri, sözsüz ki, qəlbimizi göynədir. Azərbaycan xalqı hər il həmin gecə şəhidlik zirvəsinə ucalan övladlarının xatirəsini böyük minnətdarlıq hissi ilə yad edir.

Ancaq həmin məşum gecədə Azərbaycan xalqı həm də öz tarixinin iftixar doğuran bir səhifəsini yazdı. Kədərimiz böyükdür. Bu, başadüşüləndir. Eyni zamanda, yanvarın 19-dan 20-nə keçən gecədə minlərlə insanın azadlıq, müstəqillik istəyi ilə küçələrə, meydanlara axışmaları hər birimiz üçün bir qürur mənbəyidir. Azərbaycan xalqının tarixi şanlı səhifələrlə zəngindir. Tarixin bu və ya digər dönəmində yadellilərin torpaqlarımıza hücumlarının qarşısı mərdliklə alınıb. Həmin gecə Azərbaycan xalqı Vətənə, torpağa bağlılığını, azadlıq istəyini bir daha bütün dünyaya nümayiş etdirdi. 20 Yanvar hadisələrindən sonra respublikamızda xalqın müstəqillik uğrunda mübarizəsi dönməz bir prosesə çevrildi.

Heydər Əliyev xəyanətə son qoydu

Müdrik siyasətçi, ən çətin məqamlarda belə xalqının yanında olan Heydər Əliyev 20 Yanvar hadisələri ilə bağlı həm lider, həm də vətəndaş mövqeyi ortaya qoydu. Həmin dövrdə faciə yaşayan Azərbaycan tək qalmışdı. Keçmiş ittifaq rəhbərliyi yerli kosmopolit məmurlarla birlikdə respublikamızın ətrafında, sözün əsil mənasında, informasiya çəpəri çəkmişdi. Nəhəng ideoloji maşın yalan üyüdür, Bakının küçə və meydanlarında azadlıq uğrunda dinc mübarizəyə qalxan insanları beynəlxalq ictimaiyyətə terroristlər, qiyamçılar, silahlı dəstələr qismində təqdim edirdi. Belə ağır məqamda o dövrdə keçmiş ittifaqdakı bütün vəzifələrindən uzaqlaşdırılsa da, Moskvada yaşayan Heydər Əliyev bir milli mücadilə nümunəsi ortaya qoydu. O, faciənin ertəsi günü hədə-qorxulara, təhdidlərə məhəl qoymayaraq ailə üzvləri ilə birlikdə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəldi və Bakıda baş verənlərlə bağlı informasiya blokadasını yardı, bütün dünyaya bir sıra mesajlarını çatdırdı. Doğma xalqı ilə bir yerdə olduğunu bildirən, dərin kədərini ifadə edən Heydər Əliyev Azərbaycanda baş vermiş hadisələri hüquqa, demokratiyaya yabançı, humanizmə və respublikada elan olunmuş hüquqi dövlət quruculuğu prinsiplərinə zidd addım kimi dəyərləndirdi. Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində etdiyi çıxışında günahkarların, qırğın törədənlərin hamısının  cəzalandırılmasını istədi.

Aradan illər ötəndən sonra Heydər Əliyevin 20 Yanvar hadisələrinə hüquqi-siyasi qiymət verilməsinə nail olması Onun xalq və Vətən qarşısında müstəsna xidmətlərindən biridir. Müstəqilliyimizin ilk illərində Azərbaycanın siyasi hakimiyyətində müxtəlif qüvvələr təmsil olunsalar da, onların heç biri 20 Yanvar faciəsinə hüquqi-siyasi qiymət vermədi. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə insanları meydanlara səsləyən “liderlər”in bir çoxu 1992-ci ilin yazında respublikada qeyri-qanuni yolla hakimiyyətə gələn AXC-“Müsavat” iqtidarında təmsil olunurdular. Təəccüblüdür ki, onlar da 20 Yanvar faciəsinə hüquqi-siyasi qiymət verilməsi təşəbbüsü ilə çıxış etmədilər. Sanki hər şey unudulmuş və belə bir hadisə baş verməmişdi.

Yalnız Heydər Əliyevin səyləri sayəsində  20 Yanvar faciəsi özünün hüquqi-siyasi qiymətini aldı. Onun təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 20 Yanvar faciəsinə ilk siyasi qiymət verdi. Bununla bağlı Naxçıvan MR Ali Məclisi 21 noyabr 1990-cı il tarixli qərar qəbul etdi. Azərbaycan SSR Ali Sovetinin 7 mart 1991-ci il tarixli sessiyasındakı çıxışı zamanı Heydər Əliyev bildirdi ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecədə  ittifaq dövləti tərəfindən Azərbaycan xalqına qarşı hərbi təcavüz edilib. O, 1993-cü ilin yayında xalqın təkidli tələbi ilə Azərbaycanın siyasi rəhbərliyinə qayıtdıqdan sonra 20 Yanvar faciəsi ilə bağlı mühüm sənədlər imzaladı. O cümlədən Heydər Əliyev 1994-cü il yanvar ayının 5-də 20 Yanvar faciəsinin dördüncü ildönümünün keçirilməsi ilə bağlı Fərman imzaladı. Fərmanda Milli Məclisə tövsiyə olunurdu ki, faciəyə tam siyasi-hüquqi qiymət verilsin. Bunun ardınca isə 1994-cü il yanvarın 12-də dövlət komissiyasının geniş iclasında Heydər Əliyev Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının 1992-ci il 19 yanvar tarixli qərarını xatırladaraq bu sənəddə 20 Yanvar hadisələrinin əsl səbəblərinin açıqlanmadığını, həqiqi günahkarların aşkar edilmədiyini, iki il ərzində həmin qərarın özünü doğrultmadığını diqqətə çatdırdı. O, ötən dörd ildə 20 Yanvar hadisələrinə tam siyasi-hüquqi qiymət verilməməsini, o zamankı Milli Şura tərəfindən qəbul edilmiş qərarın səthi, başdansovdu hazırlandığını ciddi tənqid edərək bildirib: “Bu qərarı oxuyanda, doğrusu, çox həyəcanlandım. Düşündüm ki, Milli Şura nə üçün öz millətinin, öz xalqının aqibətinə, taleyinə bu qədər biganə qalıb? Qərarı oxuyandan sonra bir daha qəti fikrə gəldim ki, bu faciəyə, bu hadisəyə niyə indiyə qədər siyasi qiymət verilməyib... Mənim fikrim belədir ki, bu qərarın qəbul edilməsi Azərbaycan xalqına bəlkə də 20 Yanvar 1990-cı ildə olan faciə kimi böyük xəyanətdir. İki il keçəndən sonra deputat-istintaq komissiyasının ortaya bir şey çıxarmaması, boş-boş sözlərlə camaatı aldatması, qərarda bu komissiyanın işinin qənaətbəxş hesab edilməsi, yenə də deyirəm, xəyanətdir”.

Heydər Əliyevin bu istiqamətdə gərgin əməyinin nəticəsi kimi, 1994-cü il mart ayının 29-da “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” adlı xüsusi qərar qəbul edildi. Bununla da Azərbaycan xalqının məruz qaldığı dəhşətli faciəyə - 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verilmiş oldu.

MÜBARİZ

Paylaş:
Baxılıb: 198 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Mədəniyyət

Ruhun qidası...

27 Aprel 11:35

Sosial

Ədəbiyyat

Siyasət

8-ci qətnamə

27 Aprel 11:10

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30