Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Azərbaycanın yaratdığı reallıqlarla barışmayanlar...

Azərbaycanın yaratdığı reallıqlarla barışmayanlar...

29.03.2024 [10:22]

ABŞ və Avropanın “post-müharibə” planları necə iflasa uğradı?

Qarabağda “Kosova variantı” niyə baş tutmadı?

Azərbaycanın regionda formalaşdırdığı yeni siyasi-hərbi, eləcə də iqtisadi reallıqlar bəzi “güclərin” maraqlarına cavab vermir. O mənadakı ki, qlobal əhəmiyyətli geocoğrafi və geostrateji məkanda yerləşən Cənubi Qafqaz özünün bu kimi üstünlüklərini iqtisadi dividendə çevirmək şansı qazanıb. Bu mərhələ Cənubi Qafqazın həyatında yeni - sabit, inkişafa yönəlik dövrün başlanğıcı kimi qeyd ed?lə bilər. Bu gün yeni iqtisadi nizamın formalaşdığı zamanda Cənubi Qafqazın stabil və sabit məkan kimi şöhrət tapması, tanınması qlobal layihələrin bizim coğrafiyada təşəkkül tapmasını təmin edən mühüm faktlardan birinə çevrilmə imkanı əldə edib.

Faktdır ki, Azərbaycanda yürüdülən dövlət siyasəti və bu siyasətin əsas prioritet istiqamətləri ölkəmizin müasir beynəlxalq münasibətlər sistemində müstəqil siyasət həyata keçirən güclü və nüfuzlu dövlət, həmçinin etibarlı tərəfdaş kimi tanınmasına yol açıb. Qarabağda keçirilən lokal antiterror tədbirləri, separatçı xuntanın fəaliyyətinə son verilməsi regiona olan iqtisadi marağı günü-gündən artırması şansını yaradır. Regiona maraq artır, Azərbaycan bölgəyə xarici sərmayənin cəlb olunması istiqamətində fəal iş aparır. Burada enerji, kommunikasiya və qarşılıqlı maraq doğuran digər məsələlər önə çıxır ki, sülhün əldə olunması yeni mərhələdə qlobal inkişaf konsepsiyasının aparıcı indeksi kimi müəyyənləşir. Bu fakt həm də qarşılıqlı inteqrasiyanı gücləndirən amilə çevrilmək imkanına malikdir.

Suya düşmüş arzular: ABŞ və Avropa nə planlaşdırırdı, nəyə nail oldu...

Əlbəttə ki, sadalanan məsələlər olduqca böyük əhəmiyyət daşıyır və bəzi “böyük güclər” bu sabitliyin və inkişafın təşəkkül tapmasında maraqlı deyillər. Fransanın “patronajlığı” ilə Aİ-nin, eləcə də ABŞ-ın son dövrlərdə ölkəmizə qarşı yönəldilən aqressiya və təzyiq kampaniyaları bunu göstərir. Məhz qeyd edilən “ünvanlar”ın “ideya müəllifi” olduğu bəzi məsələlər - silahlandırma, “mülki missiya” adı altında kəşfiyyat qruplarının İrəvana yönləndirilməsi, “qaçqın” görüntüsü ilə maliyyə trafikinin daha da artırılması Qərbin Cənubi Qafqaz üzərindən oynamağa çalışdığı çirkin oyunları ifşa edir. Özünün marağını Cənubi Qafqaza məhz Ermənistan üzərindən “daşımağı” planlaşdıran ABŞ və Aİ beynəlxalq hüququn tapdanması bahasına olsa belə, Azərbaycan, eləcə də bölgə  ətrafında “çəmbər” yaratmaq üçün səfərbər olub.

Vaşinqton pərdə arxasında: Fransanın “siyasi tatamidə” acı məğlubiyyəti

Ən əsası isə, bu “güclər”i “hərəkətə gətirən” 2020-ci ildən sonra formalaşdırmağa çalışdıqları “post-müharibə planı”nın işləməməsidir. 2021-ci ilin dekabırnda Brüssel formatı çərçivəsində prosesi “nəzarətə” almaq istəyən bir sıra güclər bölgədə öz planlarını daha rahat irəlilətmək üçün mühüm “sxem” hazırlayırdılar. Burada əsas məqam bölgənin tam sabitliyə və davamlı sülhə yaxın buraxmamaq idi - bu və ya digər şəkildə Ermənistan ilə Azərbaycan arasında razılaşdırılmamış məqamlar yaradılmalı, hətta fikir ayrılıqları formalaşdırılmalı, bölgədə dincliyin və rahatlığın qərarlaşmasına mane olunmalı idi. Bu səbəbdən də ən kritik anlarda, razılıqlara bir addım qalmış Fransanın və digərlərinin müdaxilələri nəticəsində proses pozulurdu. Azərbaycan bütün bunları gördüyü üçün Fransanın görüşlərdə iştirakına rəsmi şəkildə etirazını bildirdi və Parisin prosesə müdaxiləsinin qarşısını almaq üçün səfərbər oldu - və ən əsası, buna nail oldu. Fransa rəsmi şəkildə prosesə müdaxilə imkanlarını itirdi. Məhz bu dönəmdən başlayaraq Ermənistanın da mövqeyində müəyyən konstruktiv işırtılar üzə çıxdı. Amma...

ABŞ-ın prosesi nəzarətdə saxlamaq istəyi də özünü açıq şəkildə biruzə verməkdədir. Hətta Vaşinqtonun Qarabağda keçirilən lokal antiterror əməliyyatlarını hələ də həzm etmədiyini belə qeyd etmək mümkündür - bu fakt Aİ kimi Vaşinqtonun da planlarını alt-üst etdi. Azərbaycanın beynəlxalq konvensiyaları əsas götürərək özünün ərazilərində separatizmə son vermək üçün həyata keçirdiyi lokal antiterror tədbirləri keçirməsi Qərbin müdaxilə imkanlarını tamamilə sıradan çıxardı - artıq Azərbaycan özünün bütün problemlərini həll etmişdi və prosesin davamı Ermənistan üçün maraq kəsb etməli idi. Başqa sözlə, Azərbaycan həm ərazi bütövlüyünü, həm də suverenliyini tam bərpa edib, prosesi yekunlaşdırıb. Bundan sonrasını artıq Ermənistan düşünməli idi.

Humanitar təzyiq: Separatizmə dəstək karvanlarının məğlubiyyət sindromu

ABŞ və Avropa isə Azərbaycanın güclənməsi, öz ərazilərini azad etməsi, Qərb üçün vacib xarakter daşıyan separatizm kartını sıradan çıxarması ilə barışmaq istəmir. Təsadüfi deyil ki, siyasi ekspertlərin də bildirdiyi kimi, 44 günlük müharibədən sonra Qərb Qarabağda “Kosovo variantı” hazırlayırdı. Lokal antiterror tədbirlərinə qədər ötən 3 il ərzində Qarabağ üzərində “oynanılan” bəzi tamaşaların da məqsədi bu idi. Təsadüfi deyildi ki, Azərbaycanın haqlı tələbləri qarşısında susqunluq nümayiş etdirən Qərb Laçın gömrük-buraxılış məntəqəsinin yaradılmasının ardından “humanitar fəlakət” bəhanəsini ortaya atmışdı. Daha çox pərdə arxasında qalmağa üstünlük verən Vaşinqton Fransanın əli ilə Azərbaycan dövlətinə və dövlətimizin başçısına qarşı təzyiq kampaniyaları təşkil edirdi. Həmin dövrdə Avropada gedən “təbliğat” unudulmayıb - guya Azərbaycanın Qarabağdakı erməniləri “blokadada” saxlaması kimi yalanlar Qərbin bir sıra media orqanında tirajlanırdı. Parisin ermənipərəst meri Ann İdalqonun “başçılığı” altında  Laçın gömrük buraxılış məntəqəsinə göndərilən “karvanın” məqsədi isə heç də humanitar anlam daşımırdı - tam əksinə, separatçıları silahlandırmaq və regionda yeni münaqişə tipi formalaşdırmaq arzulanırdı. Avropanın bəzi “siyasətçiləri” fərqli adlar, “missiyalar” altında Qarabağ göndərilir, təlimatlar verilirdi. Amma Azərbaycanın mövqeyi birmənalı şəkildə beynəlxalq hüquqla səsləşdiyi üçün Fransa və onun “dəstəkçiləri” heç nəyə nail ola bilmədilər - əksinə, beynəlxalq arenada Azərbaycana uduzaraq özlərinin siyasi imicini yerlə-yeksan etdilər.

Vaşinqton “tərk-silah” olundu: informasiya “rıçaqları” ifşa edildi...

Beləliklə, siyasi meydanda Azərbaycana məğlub olan “güclər” yenidən “ənənəvi üsula” müraciət etmək məcburiyyətində qaldı. ABŞ-ın xarici siyasət kursunun ən mühüm detallarından biri sayılan “nəzarət və təsiretmə” kimi ştrixlər hər zaman olduğu “demokratiya”, “insan hüquq və azadlıqları” adlı “pərdə” arxasında gizlədilərək təsir imkanları əldə etməyə hesablanmışdı. Məhz bu gəlişigözəl sözlərlə, arxasında heç bir real səmimi hisslərin dayanmadığı məqsədli “demokratiya oyunları” ilə ABŞ Cənubi Qafqazda əldən çıxardığı təsir imkanlarını geri qaytarmağa niyyətləndi. Təsadüfi deyil ki, bir müddət öncə ifşa edilən bəzi informasiya resursları birmənalı şəkildə Azərbaycana qarşı olan fəaliyyətlərə “yardımçı” olmaq üçün maliyyələşdirilirdi. Abzas.net şəbəkəsi, ona bənzər “Toplum TV” şəbəkəsi, Demokratik Təşəbbüslər İnstitutu kimi ABŞ-ın maraqlarına işləyəcək predmetlər Vaşinqtonun yeni planının tərkib hisssəsi idi. Bu şəbəkələr ayrı-ayrılıqda qurulmuş kimi görünsələr də, sonda eyni nöqtədən idarə olunurdu.

Bəli, ABŞ-ın təxribat maşını bəzi “siyasi partiyalar”, “siyasi fiqurlar”la yanaşı, qondarma KİV və QHT-ləri də əhatə etməyə başladı. Zərurət yarananda, onlar bir araya gətirilir, əksi lazım olanda, müstəqil şəbəkələr kimi aktivləşdirilirdi. Bu qrupları həm informasiya savaşında, həm də siyasi proseslərdə təzyiq vasitəsi kimi istifadə edilməyə hesablanmışdı. ABŞ bu təxribatçı kampaniyaların uğurlarından ruhlanıb, USAID-in direktoru Samanta Pauerin dili ilə 2022-ci ilin iyun ayında “Demokratiya doktrinası”nın “yenilənmiş elementləri”ni açıqlamışdı. Bildirilmişdi ki, yenilənmiş “Demokratiya doktrinası” imkan yaradır ki, ABŞ “demokratiya işartıları”nın göründüyü ölkələrə diqqətini artırsın, yerli təşəbbüsləri dəstəkləsin. “Demokratiyanın işartıları” deyəndə S.Pauer 4 mühüm əlamətin adını çəkib. Buraya “demokratik üsyanlar”,

“perspektivli avtokratik varislər”, “bloklanmış hakimiyyətin ələ keçirilməsi” və “həlledici seçkilər” daxil idi. Başqa sözlə, ABŞ açıq təxribat yarada bilmədiyi regionlarda (təxminən Cənubi Qafqazın misalında) bu yolla özünün “nəzarət elementlərini” yaradırdı.

Amma bu plan da işləmədi - Abzas media, Toplum TV kimi “əlaltı  şəbəkələr” ifşa edildi, onların maliyyə trafiki ortaya çıxdı. Bu kimi təzyiq rıçaqı da əlindən çıxan Vaşinqton deyəsən kartlarını açmaq məcburiyyətində qalıb. Aprelin 5-də keçirilməsi planlaşdırılan ABŞ-Aİ-Ermənistan üçtərəfli görüşü də məhz bu “ehtiyacdan” yaranıb.

P.İSMAYILOV

Paylaş:
Baxılıb: 165 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Analitik

Siyasət

Yeni faktlar...

10 Aprel 10:51

Siyasət

Siyasət

Gündəm

İlk dəfədir ki...

10 Aprel 09:55

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30