Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Uzaq ölkələr də yaxın olurlar

Uzaq ölkələr də yaxın olurlar

06.04.2024 [10:10]

Mübariz ABDULLAYEV

Azərbaycanın ardıcıllıqla davam etdirdiyi xoş mərama əsaslanan çoxvektorlu xarici siyasət kursu ölkəmizə bütün dünyada böyük nüfuz qazandırıb. Bu gün yaxın qonşuluqda, geniş İslam coğrafiyasında, Türk birliyində, Avropa İttifaqında (Aİ) respublikamıza dərin hörmət bəslənilir. Müxtəlif məkanlarda Azərbaycanın Lideri İlham Əliyevin dövlətlər, regionlar və sivilizasiyalar arasında əməkdaşlıq əlaqələrinin möhkəmlənməsinə mühüm töhfələr verdiyi, daim qlobal həmrəylik təşəbbüslərindən çıxış etdiiyi  yüksək dəyərləndirilir. O cümlədən respublikamız son illərdə uzaq Afrikanı da, necə deyərlər, fəth etməkdədir. Bu günlərdə Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqessonun Azərbaycana rəsmi səfərə gəlməsi və burada Prezident İlham Əliyevlə, digər səviyyələrdə müzakirələr aparması bunu bir daha təsdiqləyir.

Afrikada Azərbaycana artan maraq

Sahəsi 29,2 milyon kvadratkilometr olan (adalarla birlikdə 30,3 milyon kvadratkilometr) Afrika böyüklüyünə görə Avrasiyadan sonra ikinci böyük materikdir. Ekvador onu şərti olaraq iki hissəyə bölür. “Afrika” adı latın dilində olan “afrikus”, yəni soyuq bilməyən sözündən əmələ gəlib. Digər bir ehtimala görə isə “Afrika” adı materikin şimal-şərqində yaşamış “afrigi” tayfasının adından götürülüb. Dünyanın bir sıra möcüzələrinə məhz burada rast gəlmək mümkündür. Belə ki, Yer üzünün ən uzun çayı, ən uzun şirinsulu gölü, şərq yarımkürəsinin ən bol sulu çayı, quruda yer qabığının ən uzun çatı, dünyanın ən isti nöqtəsi, dünyanın ən quraq nöqtələrindən biri, ən böyük quraq təbii kompleksi, ən geniş savannası bu materikdədir. Onu Avropadan Cəbəllütariq boğazı və Aralıq dənizi, Asiyadan Aralıq dənizi, Süveyş kanalı, Qırmızı dəniz, Babülməndəb boğazı, Ədən körfəzi ayırır. Ekvator xətti  və sıfırıncı meridian bu materikdən keçdiyinə görə o, 4 yarımkürədə yerləşir.

Bir sıra bu kimi fərqlilikləri və ekzotik cəhətləri ilə diqqət çəkən Afrikada son illərdə Azərbaycana maraq artıb ki, bu da səbəbsiz deyil. Burada iki mühüm amili xüsusi qeyd edə bilərik:

-Birinci amil, heç şübhəsiz ki, Azərbaycanın qısa müstəqillik tarixində keçdiyi inkişaf yolu və qazandığı uğurlarla bağlıdır. Bu gün dünyadakı təlatümlərə, yaşanan siyasi və iqtisadi böhranlara rəğmən, respublikamız sabitlik və inkişaf adası kimi fərqlənir. Qısa müstəqillik tarixində Azərbaycan iqtisadiyyatını üç dəfədən çox genişləndirməklə milli gücünü əhəmiyyətli dərəcədə artırıb. Hazırda respublikamız iqtisadi müstəqilliyini və bu əsasda siyasi mü?təqilliyini tam təmin etmiş azsaylı ölkələr sırasında yer alır. Ölkəmiz milli maraqlarını qorumağa qadir olan və bunu özünün müstəqil siyasətində təzahür etdirən bir dövlətdir. Bu milli model müstəqillik yolunun başlanğıcında olan  Afrika dövlətləri üçün çox cəlbedicidir.

-İkinci amil, müstəqil Azərbaycanın müstəmləkəçiliyin bütün təzahürlərinə qarşı apardığı ardıcıl mübarizə ilə Afrika xalqlarının azadlıq istəyinin üst-üstə düşməsi ilə bağlıdır. Afrikada müstəmləkəçiliyin dərin kökləri var. XIX əsrin 70-ci illərinə qədər Avropadan gələn mühacirlər Afrika qitəsinin cənub hissəsində - Kap müstəmləkəsində və qonşu Bur respubilkalarında, Əlcəzairin şimal rayonlarında ən yaxşı torpaqları tutmuşdular. O zaman Afrika ərazisinin 11 faizə qədəri kapitalist dövlətlərinə mənsub idi. Onların silahlı ekspedisiyaları sahilboyu rayonlara arxalanaraq, qitənin içərilərinə soxulur, əhalini talan edir və sağlam kişiləri tutub qul kimi öz ölkələrinə göndəririrdilər. XIX əsrin axırıncı 20 ili ərzində müstəmləkəçilər qitə ərazisinin daha 80 faizini işğal edərək, onun bölüşdürülməsini əsasən başa çatdırdılar. Müstəmləkəçilər sırasında Fransa daha acıgözlüyü ilə fərqlənir - XX əsrin əvvəlinədək Afrika ərazisinin 34 faizi bu ölkənin müstəmləkəsi altına keçmişdi. Müstəmləkəçi dövlətləri Afrikaya gətirən başlıca səbəb buradakı zəngin sərvətlər, təbii ehtiyatlar və əlbəttə ki, ucuz işçi qüvvəsi idi. Fransanın sümürmə siyasəti qitənin ayrı-ayrı ərazilərində onilliklər boyunca davam edib və özünün kədərli izlərini buraxıb.

XX əsrin əvvəlində Afrikada milli-azadlıq hərəkatı gücləndi. Getdikcə artan soyğunçuluqdan və rəhmsiz istismardan son dərəcə ümidsiz vəziyyətə düşən Afrika xalqları XX əsrin əvvəlində müstəmləkə əsarətindən azad olmağa dəfələrlə cəhd göstərmiş, silahlı mübarizəyə qalxmışlar. İkinci dünya müharibəsi ərəfəsində qitədə Efiopiya, Misir, Liberiya, CAR olmaqla 4 müstəqil ölkə var idi. Sonradan onların sayı 60-dək artıb.

Hazırda Afrikada müstəmləkəçiliyə qarşı mübarizənin yeni dalğası başlayıb. O cümlədən də Fransa buradakı müstəmləkə ölkələrindən qovulur. Azərbaycan qitənin ayrı-ayrı ölkələrində Fransanın qatı müstəmləkəçilk siyasətinin ifşa olunmasında mühüm rol oynayır və xalqların azadlıq mübarizəsinə dəstək göstərir. Azərbaycanın qəti mövqeyi belədir: Kolonializm keçmişin ən utanverici təzahürlərindən biridir və müasir dünyada ona yer olmamalıdır. Azərbaycanın müstəmləkəçiliyə qarşı mübarizəyə ardıcıl siyasi dəstək verməsi Afrika xalqları tərəfindən  minnətdarlıqla qəbul olunur və onlar respublikamızla əməkdaşlıq etməyə böyük maraq göstərirlər.

Gözəl nəticələr gözlənilən  tarixi səfər

Konqo Qərbi Afrikada yerləşən dövlətdir. Bu ölkə də tarix boyunca müstəmləkəçilikdən əziyyət çəkib. Konqo nəhayət uzun mübarizədən sonra 1960-cı il 15 avqustda müstəqilliyə qovuşub. Konqo Respublikasının Prezidenti səfər çərçivəsində keçirdiyi görüşlərdə xatırladıb ki, Afrika dövlətləri, o cümlədən Konqo uzun illər ərzində müstəmləkəçilik siyasətinə məruz qalıb və azadlıqları uğrunda mübarizə aparıb. Bu gün Afrika ölkələri bəzi dövlətlərin hegemonluq, hökmranlıq etməsinə, yerli xalqların sərvətlərinin istismar olunmasına qarşıdır. O deyib ki, indiki gərgin dövrdə sülhpərvər dövlətlərin birgə fəaliyyəti, bu kimi neqativ addımlara qarşı birgə mübarizəsi çox vacibdir. Ona görə də biz  istər BMT, istər Qoşulmama Hərəkatı çərçivəsində, istərsə də digər beynəlxalq təşkilatlarda təzyiqlərə, ikili standartlara qarşı birlikdə mübarizə aparacağıq.

Afrikanın ayrı-ayrı ölkələri kimi, Konqo da təbii sərvətlərlə zəngin bir diyardır. Bir çox yeraltı sərvətlərə sahib olan ölkə böyük həcmlərdə kalium, dəmir, mis, qızıl, fosfat, maqnezium, boksit, neft və digər ehtiyatlara malikdir. Həmçinin ölkədə kənd təsərrüfatının inkişafı üçün geniş imkanlar var. Lakin indiyədək burada güclü emal sənayesi qurmaq mümkün olmayıb. Neft, qəhvə, kakao, şəkər qamışı ixracın əsasını təşkil edir. Konqo bu kimi məhsulları Çin, ABŞ, Fransa, Avstraliya, Hollandiya, Hindistan, İspaniya kimi ölkələrə ixrac edir.

Müstəqil Azərbaycanla Konqo Respublikası arasında diplomatik əlaqələr

23 sentyabr 2011-ci ildə Nyu-Yorkda imzalanmış Birgə Kommünike əsasında qurulub. İndiyədək ikitərəfli əlaqələr məhdud olsa da, tərəflər siyasi dialoqu və iqtisadi əməkdaşlığı genişləndirməyə böyük maraq göstərirlər. Prezident İlham Əliyevin Konqo Respublikasının Prezidentini ölkəmizə səfərə dəvət etməsi, dəvətin məmnuniyyətlə qəbul olunması və artıq uğurla reallaşması bunu əyani şəkildə təsdiqləyir. Mətbuata verdiyi Bəyanatında səfərin önəminə diqqət çəkən Prezident İlham Əliyev vurğulayıb: “Sizin səfəriniz tarixi səfərdir. İlk dəfədir ki, Konqo Respublikasının Prezidenti Azərbaycana rəsmi səfər edir. Artıq demək mümkündür ki, səfərin çox gözəl nəticələri olacaq”.

Səfər həqiqətən də kifayət qədər məhsuldar olması ilə diqqət çəkib. Həm təkbətək, həm də heyətlərin iştirakı ilə baş tutan görüşlərdə bir çox önəmli məsələlər müzakirə olunub, fikir birliyi ifadə edilib. Yaranan qənaət ondan ibarətdir ki, iki ölkə arasında siyasi əlaqələrin bundan sonra uğurla inkişaf edəcəyinə heç kimdə şübhə yoxdur. Səfər çərçivəsində  imzalanmış əməkdaşlıq haqqında Bəyannamə bunu bir daha təsdiqləyir.

Qoşulmama Hərəkatında birgə fəaliyyət

İndiyədək Azərbaycanla Konqo Respublikası arasında ikitərəfli əlaqələr arzuedilən səviyyədə olmasa da, tərəflər beynəlxalq təşkilatlar çərçivəsində faydalı əməkdaşlıq ediblər. O cümlədən  Qoşulmama Hərəkatı (QH)  Azərbaycanla bir sıra Afrika ölkələrini, o cümlədən də Konqo Respublikasını bir araya gətirən mühüm platformadır. Qoşulmama Hərəkatına bu ilin yanvar ayına qədər 4 il uğurla sədrlik etmiş Azərbaycan Konqonun dəstəyini hər zaman hiss edib. Ölkəmizin təşəbbüsləri Konqo Respublikası tərəfindən hər zaman dəstəklənib. Konqonun və digər dost ölkələrin dəstəyinin nəticəsidir ki, Azərbaycanın QH-na sədrliyi kifayət qədər uğurlu keçib. Belə ki, ötən dörd il ərzində Qoşulmama Hərəkatının institusional inkişafı təmin edilib. Qurumun Parlament Şəbəkəsi, Gənclər və Qadınlar platformaları məhz Azərbaycanın sədrliyi dönəmində formalaşıb. Bu gün Qoşulmama Hərəkatı əvvəlki dövrlərə nisbətən daha güclü təşkilatdır. Bu təşkilatın dünya miqyasında və dünyada gedən proseslərdə oynadığı rolunun artırılması ümumi maraqlara xidmət edir. Qeyd edək ki, Qoşulmama Hərəkatı BMT-dən sonra ikinci böyük təsisatdır, tərkibində 121 üzvü birləşdirir. Bakıda baş tutan görüşlərdə beynəlxalq təsisatlarda gələcək əməkdaşlıqla bağlı geniş fikir mübadiləsi aparılıb və yeni təkliflər səsləndirilib. “Biz bundan sonra da beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstək əsasında qarşılıqlı fəaliyyətimizi davam etdirəcəyik, xüsusilə BMT-də və Qoşulmama Hərəkatı çərçivəsində”, - deyə Prezident İlham Əliyev vurğulayıb.

Həmçinin Konqo Respublikasının Prezidenti də ölkəsinin Azərbaycanla Qoşulmama Hərəkatı və digər beynəlxalq təşkilatlarda sıx əməkdaşlıq etməsindən məmnunluğunu bildirib.  O, Azərbaycanın dövlət başçısının müxtəlif qlobal məsələlərdə liderlik nümayiş etdirməsinə xüsusi diqqət çəkərək vurğulayıb: “Mən əlavə etmək istərdim ki, biz xüsusilə Qoşulmama Hərəkatındakı sədrliyi zamanı Prezidentin liderliyini alqışladıq. Həmçinin biz Azərbaycanın bu yaxınlarda digər ağır mübarizə sahəsində - iqlim dəyişiklikləri sahəsində oynayacağı rolu alqışlayırıq, çünki Azərbaycan COP29-a ev sahibliyi edəcək”.

Perspektiv əməkdaşlıq istiqamətləri

Bakıda keçirdiyi görüşlərdə və mətbuata verdiyi Bəyanatında Prezident Deni Sassu-Nqesson ölkəsinin geniş iqtisadi potensialı barədə ətraflı məlumat verib. Qeyd olunduğu kimi, Konqo bir sıra təbii sərvətlərlə zəngindir. Ölkənin münbit torpaqlarının cəmi 3 faizi kənd təsərrüfatı üçün istifadə olunur. Bol su ehtiyatları, ilin bütün fəsillərində optimal hava şəraiti burada aqrar sektorun müxtəlif sahələrinin inkişafı imkanlarını artırır. Həmçinin Konqoda neft sərvətləri ilə yanaşı, böyük bərpaolunan enerji potensialı var.  Çatışmayan yeganə cəhət təcrübə və investisiyalardır. Azərbaycan isə bütün bunları qarşılamağa hazır və qadir ölkədir. Respublikamız geniş maliyyə imkanlarına və müxtəlif sahələrdə güclü kadr potensialına malikdir. Öz imkanlarından bəhrələnən Azərbaycan son illərdə dünyanın ayrı-ayrı ölkələrində fəal investisiya siyasəti həyata keçirir və uğurlar qazanır. Bundan sonra oxşar fəaliyyətləri Konqoda da həyata keçirmək mümkün olacaq. Eyni zamanda, neft kəşfiyyatı və hasilatı sahəsində, aqrar sektorda qazandığımız təcrübə Konqo Respublikası üçün də faydalı ola bilər.  Liderlər keçirilən görüşlərdə və mətbuata verdikləri bəyanatlarda gələcək əməkdaşlıq istiqamətlərindən geniş bəhs ediblər. “Biz bu gün təbii ki, iqtisadi sahədə də əməkdaşlıq haqqında geniş fikir mübadiləsi aparmışıq. Nümayəndə heyətlərinin üzvlərinə konkret tapşırıqlar verilmişdir. Azərbaycan Konqoda bir çox investisiya layihələrində iştirak etmək fikrindədir, ilk növbədə, kənd təsərrüfatı sahəsində. Bərpaolunan enerji sahəsində, energetika sahəsində, mədənçilik və digər sahələrdə əməkdaşlıq üçün çox gözəl perspektivlər var. Bu gün müzakirə aparıldı, müvafiq göstərişlər verildi və əminəm ki, gələcək aylar ərzində bizim nümayəndələrimiz bir-biri ilə sıx təmasda olacaqlar”, - deyə Prezident İlham Əiyev vurğulayıb.

Qeyd edək ki, səfər çərçivəsində bir sıra önəmli sənədlər imzalanıb. Dövlət başçılarının imzaladıqları “Azərbaycan Respublikası və Konqo Respublikası arasında əməkdaşlıq haqqında Bəyannamə” və digər sənədlər iki ölkə arasında geniş əməkdaşlıq perspektivləri açır.

Paylaş:
Baxılıb: 523 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Mina təhdidi...

22 Oktyabr 11:46

İqtisadiyyat

Analitik

Mədəniyyət

Mühacirətin səsi!

22 Oktyabr 08:21

YAP xəbərləri

Mədəniyyət

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31