Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Mənzillər bahalaşır ...

Mənzillər bahalaşır ...

02.05.2024 [10:36]

İpotekaya tələb də artır

2024-cü ilin yanvar-mart aylarında Azərbaycanda mənzil bazarında qiymətlər ötən ilin dekabr ayındakı bazar tariflərinə nisbətən 8 faizdən ən çox bahalaşıb. Belə ki, birinci rübdə ilkin mənzil bazarında qiymətlər 7,5 faiz, təkrar mənzil bazarında isə 8-8,5 faiz yüksəlib. Yeni tikili binalarda şəhərin mərkəzində 1 kvadrat metr mənzilin orta bazar qiyməti 2500-3000 manat, kənarlarda 2000-2200 manat, Xırdalan və Masazırda isə 1500-1700 manata bərabərdir. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə bir kvadratmetrdə ən azı 150-200 manata yaxın artımın baş verdiyini göstərir. 

Mənzillərin, ümumiyyətlə daşınmaz əmlakın bahalaşmasının səbəbi nədir? 

Bahalaşmada əsas rol oynayan amil tikinti sektorunda canlanmanın baş verməsi, inşaatda mal-materiala, tikinti avadanlıqlarına tələbin artması, tikintinin ümumi maya dəyərinin yüksəlməsidir. Belə ki, 2024-cü ilin yanvar-mart aylarında əsas kapitala 3,8 milyard manat məbləğində investisiya yönəldilib ki, bu əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4  faiz çoxdur. Əsas kapitala yönəldilmiş investisiyaların 2 milyard 681 milyon manatı və ya 70,4 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub. Həmin sərmayələrin 233,5 milyon manatı və ya 6,1 faizi isə birbaşa yaşayış evlərinin tikintisinə xərclənib. Ötən illə müqayisədə insanların mənzil şəraitinin yaxşılaşması üçün xərclənmiş vəsaitlərin həcmi təxminən 28 milyon manat artıb. Beləliklə, həm tikinti-bərpa işlərinə yönəlmiş kapitalın, həm də birbaşa mənzil tikintisinə sərf olunmuş vəsaitlərin artması bu sahədə tikinti materiallarına olan tələbin böyüməsini təşviq edib və nəticədə bazarda bahalaşmaya təsir göstərib.

Mənzil tikintisində istifadə olunan tikinti materiallarının qiyməti 2024-cü ilin ilk aylarında sabit olsa da, mövsümlə əlaqədar cüzi artımların baş verməsi də ümumi tikintinin dəyərinə təsir edir. Belə ki, apreldən sonra adətən tikinti materiallarına tələb artır, mövsümə uyğun olaraq inşaat materiallarının qiymətində müəyyən qədər bahalaşma baş verir. Rusiyadan idxal olunan taxta və digər materialların qiymətində artımlar olmasa da, sement, qum, armatur, dəmir və profillər, elektrik, boya və digər xammallarda cüzi artımlar müşahidə edilir. Bu, tikintinin xərc dəyərini artırıb.  

Digər bir amil köhnə 5 və 9 mərtəbəli evlərin plana düşməsi, pilot layihələrin miqyasının artmasıdır. Bakı şəhərində ilin əvvəlindən başlayaraq bir çox ərazilərdə yeni söküntü işləri başlayıb və nəticədə insanların mənzil tələbləri artıb. 

Rusiya və Ukrayna müharibəsi ilə əlaqədar olaraq son 2 ildə Azərbaycana gələn insanların sayı artıb və bu proses hazırda davam etməkdədir. Ölkəyə qayıdanların böyük bir qismi, xüsusilə də Ukrayndan Azərbaycana gələnlər öz əmlaklarını və obyektlərini, ticarət və biznesdən əldə etdikləri gəlirləri də ölkəmizə daşıyırlar, həmin vəsaitlərin əsas hissəsini isə daşınmaz əmlaka yönəldirlər.  

Təklifə rəğmən tələb azdır və bu da mənzil ehtiyaclarını qarşılaya bilmir. Bakının illik mənzil fonduna olan tələbatın təxminən 40 faizi yeni inşa olunan mənzillər hesabına təmin edilir. Köhnə binaların isə sayı söküntü ilə bağlı daha da azalır. 

Daşınmaz əmlak bazarında qiymət artımı ipoteka kreditlərinin orta məbləğinə də təsir edib. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2024-cü ilin I rübündə mənzil bazarında ipoteka üzrə qiymət indeksi əvvəlki rüblə müqayisədə 2,2 faiz,  o cümlədən ilkin mənzil bazarı üzrə 3,1 faiz, təkrar mənzil bazarı üzrə 2,2 faiz bahalaşıb. Buna səbəb olan faktorlardan biri kimi ipoteka kreditlərinə olan müraciətlərin artmasıdır. İpoteka üçün müraciətlərin sayı təxminən 25 faiz artıb. İstehlakçılar və ipoteka götürən şəxslər mənzillərlə bağlı təkliflərin həddən artıq az olduğunu, hazırkı mənzil fondunun ehtiyacları ödəmədiyini bildirilər. Yeni inşa olunan binalardakı mənzillər də tələbi tam bağlamır, xüsusilə də ipoteka üçün nəzərdə tutulan evlərin sayı kifayət qədər azdır. Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) və İpoteka və Kredit Zəmanət Fondu (İKZF) vasitəsi ilə güzəştli və nisbətən aşağı faizli ipoteka kreditləri təmin edilsə də, bu mənzilə olan ehtiyacların tam ödənilməsini həll edə bilmir. Nəticədə bu kimi amillər də ipoteka kreditlərinə tələbin artmasının göstəricisi kimi qiymətləndirilə bilər. Bütün bu baş verənlər ipoteka kreditlərinin məbləğinin artırılmasını da aktuallaşdırır. Hazırda ölkəmizdə adi ipoteka kreditləri üzrə maksimal kredit məbləği 150 min manat təşkil edir. Hazırda Bakıda yeni tikilidə 2 otaqlı mənzilin orta qiyməti 160-180 min manat təşkil edir ki, bu da ipoteka məbləğinin tam yetmədiyini göstərir. 

Mənzil bazarındakı qiymət artımı avtomatik olaraq ipoteka zərfinin də məbləğinin ən azı 10 min manat artmasını şərtləndirir. Eyni zamanda tələbin artması ipotekalaşmanın əhatəsinin genişlənməsini də zəruri edir. Bu baxımdan ipoteka qanunvericliyində müəyyən dəyişikliklərin edilməsi, müxtəlif sosial kateqoriyaların kredit alması üçün şərtlərin sadələşdirilməsinə, ipoteka kreditlərinə çıxışının asanlaşdırılmasına ehtiyac vardır.

ELBRUS

Paylaş:
Baxılıb: 183 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Mədəniyyət

Siyasət

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31