Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / “Yaşıl vergi”yə keçid zərurətə çevrilir

“Yaşıl vergi”yə keçid zərurətə çevrilir

23.05.2024 [10:52]

Azərbaycan özünün vergi sisteminə dünyada geniş tətbiq edilən “yaşıl vergi” sistemini gətirmək niyyətindədir. İqtisadiyyat Nazirliyinin Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva bildirib ki, ölkəmizdə ekoloji vergilərin tətbiqi ilə bağlı təkliflər hazırlanacaq. Azərbaycanda Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) keçirilməsi bu prosesi daha da aktuallaşdırıb. Vergi Xidməti hesab edir ki, ölkəmizdə “yaşıl enerji”yə keçid strategiyasından irəli gələn tələblər də ekoloji dayanıqlılığı təmin və təşviq edən vergi islahatlarının həyata keçirilməsinə zərurət yaradır. 

Beynəlxalq praktikada təmiz ekoloji mühit konsepsiyalarına uyğun olaraq bir çox ölkələr biznes sektorunu “yaşıl hidrogen” və “yaşıl enerji”yə cəlb etmək, onların bu sahəyə sərmayə qoyuluşlarını təşviq və motivasiya etmək məqsədilə vergi-gömrük sistemində bir sıra müasir alətlərdən istifadə edir.Dünyada ekoloji vergilər ətraf mühitə neqativ təsir edən sahələrdə fəaliyyət göstərən müəssisələrdən tutulur. Bu növ vergilər Avropa Birliyi, ABŞ, Rusiya və digər ölkələrdə tətbiq edilir.

İqlim dəyişikliyinə qarşı mübarizənin hazırda daha da aktuallaşdığı və beynəlxalq koalisiyanın öz kapitallarını  dayanmadan “yaşıl texnologiyalara” yatırdığı dövrdə “yaşıl vergilər”in tətbiqi də geniş xarakter almaqdadır. 

Qlobal miqyasda bu cür vergi tətbiqlərinin genişləndirilməsi OECD və dünyanın aparıcı institutlarının da əsas tövsiyələri sırasında yer alır. Dünya Bankı (DB) bir çox ölkələrdə əməkdaşlıq çərçivəsində aparılan vergi islahatlarının tərkib hissəsi kimi “yaşıl vergi”lərin motivasiyasını irəli sürür. Dünya Bankı Qrupunun hazırda Azərbaycan hökuməti ilə əsas müzakirə mövzularından biri olan “Əlverişli Biznes Mühiti” layihəsinin “Vergitutma” indikatoru üzrə Yol Xəritəsində də iqlim dəyişikliyinə qarşı mübarizə və “yaşıl” texnologiyalardan istifadənin genişləndirilməsi üzrə təkliflər yer alır. DB Azərbaycanın vergi administrasiyasına ekoloji və “yaşıl” vergilərin tətbiq dairəsinin müəyyən edilməsini tövsiyə edir. Həmin tövsiyələrə əsasən, bu sahədə qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi nəzərdə tutulub.

“Yaşıl vergi”lərə keçidin əsas istiqamətlərindən biri Azərbaycanın avtomobil bazarında ekoloji cəhətdən təmiz maşınların idxalının və istifadəsinin stimullaşdırılmasıdır ki, bu sahədə təsirli addımlar atılmaqdadır. Belə ki, elektro və hibrid avtomobillərin idxalı və satışı üzrə vergi təşviqlərinin həyata keçirilməsi və bu sahədə əlavə vergi tətillərinin əhatə dairəsinin genişləndirilməsi, əhali qrupuna daxil olan aktiv istehlakçıların bərpaolunan enerji mənbələri hesabına istehsal etdikləri elektrik enerjisinin elektrik təchizatı şəbəkəsinə ötürülməsindən əldə olunan gəlirə münasibətdə güzəştlərin müəyyən edilməsi və digər tədbirlər “yaşıl vergi” məqsədlərinə xidmət edir.

Bu strateji hədəfə uyğun olaraq qarşıdakı dövrdə “yaşıl enerji” strategiyası çərçivəsində ekoloji sahədə fəaliyyət göstərən, ətraf mühitin sağlamlaşdırılmasına töhfə verən biznes subyektlərinin, eləcə də bərpa olunan enerji mənbələrinin istehsalında fəal rol oynayan xarici sərmayəçilərin bu tipli layihələrə marağının artırılması və investisiyaların stimullaşdırıcı üçün əlavə təşviqedici iqtisadi alətlərdən istifadə olunacaq ki, burada vergi güzəştləri əsas yer tutacaq. 

Yeri gəlmişkən, COP29 ili ilə əlaqədar sahibkarlar tərəfindən təqdim edilən malların satışı və tədarükü, iş və xidmətlərin göstərilməsi 2024-cü il martın 1-dən 9 ay müddətinə gəlir vergisindən azad olunub. Bu, qeyri-rezident fiziki şəxslərin, yəni xarici iş adamlarının həmin fəaliyyət sahələri üzrə əldə etdiyi gəlirlərə görə nəzərdə tutulan vergi güzəştləridir. Bundan başqa, qeyri-maddi aktivlər üzərində müəllif hüquqlarından istifadə olunmasına görə, investorlara ödənilən royalti gəlirləri də 2024-cü il ərzində vegilərdən azad olunur. 

Həmin vergi güzəştləri faktiki olaraq Azərbaycanda “yaşıl vergi” strategiyasına keçidin prinsiplərinin icrasından xəbər verir. 

Onu da nəzərə alsaq ki, Azərbaycan bərpa olunan enerji növləri ilə zəngindir və bir çox ölkələrlə bərpa olunan enerji üzrə çoxsaylı sazişlər imzalanıb. Azad ərazilərdə investorların tətklif etdiyi layihələr qiymətləndirilir, onda “yaşıl vergi”yə keçid daha da aktual zərurətə çevrilir. Vergi təşviqləri isə işğaldan azad edilmiş ərazilərdəki “yaşıl enerji”yə sərmayələri artıra, dövlətin əsas strateji hədəflərindən bieri olan “Yaşıl Enerji Zonası”nın yaradılması prosesini sürətləndirə bilər.

ELBRUS

Paylaş:
Baxılıb: 196 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Neft ucuzlaşıb

24 İyun 10:29

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30