Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / “Şimal-Cənub” beynəlxalq nəqliyyat marşrutuna çevrilir

“Şimal-Cənub” beynəlxalq nəqliyyat marşrutuna çevrilir

22.08.2024 [10:00]

Dəhlizlə Azərbaycan üzərindən daşımaların həcmi 25 faizdən çox artıb

“Şimal-Cənub” Nəqliyyat Dəhlizi region ölkələri üçün öz strateji əhəmiyyətini daha da artırmaqdadır. Hindistandan və İran Körfəzi regionundan, yüklərin Rusiya, Qərbi Avropa, Baltikyanı və Skandinaviya ölkələrinə yük və daşınmaların fasiləsiz hərəkətini təmin edən dəhlizin rentabelliliyi ildən-ilə daha da yüksəlir. 13 ölkənin təmsil olunduğu bu nəqliyyat xəttində hazırda aparılan infrastruktur yeniləmələri “Şimal-Cənub” arteriyasının daha da hərəkətliliyinin güclənməsinə hesablanıb. Nəqliyyat dəhlizinin ən mühüm quru hissəsi Rusiya, Azərbaycan və İrandan keçir. Azərbaycan “Şərq-Qərb” dəhlizi ilə yanaşı, bu marşrut xəttinə də xüsusi əhəmiyyət verir və bunu şərtləndirən əsas amil ölkəmizin ən sərfəli coğrafi kəsişmə nöqtəsində yerləşməsidir. Azərbaycan nəqliyyat kommunikasiyaların şaxələndirilməsinə önəm verərək Yeni İpək Yolunun Orta Dəhlizində və “Şimal-Cənub” xəttində orta mövqe tutmaqla bütün beynəlxalq nəqliyyat marşrutlarda iştirak edir. 

2024-cü ilin yanvar-iyul aylarında “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi ilə tranzit yük daşımalarının həcmi 434 min 651 ton təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 25 faiz çoxdur. Bu rəqəm dəhliz vasitəsilə qlobal tranzitlərin axınının genişlənməsini təsdiq etməklə, Azərbaycanın bu nəqliyyat blokunda əsas aparıcı coğrafiyalardan birinə çevrildiyini şərtləndirir. Mövcud vəziyyət isə beynəlxalq yükdaşımalarında tələbatın artmasını təmin etmək üçün dəhlizinin genişləndirilməsini meydana çıxarır. Bu məqsədlə dəhlizin əsas aparıcı ölkələri olan Rusiya, Azərbaycan və İran əlavə infrastrukturların qurulması barədə razılığa gəlib. 

“Şimal-Cənub” layihəsi Rusiya Prezidenti Vladimir Putinin Bakıya səfəri zamanı da əsas müzakirə mövzularından biri olub. Tərəflər dövlətlərarası münasibətlərdə müstəsna əhəmiyyətə malik olan regional nəqliyyat dəhlizləri ilə həyata keçirilən daşınmaların iqtisadi dövriyyənin artmasına töhfəsini qeyd edərək bu istiqamətdə əlavə səylər görüləcəyini xatırladıb. Cənab İlham Əliyev qeyd edib ki, “Şimal-Cənub” dəhlizinin Azərbaycan ərazisindəki dəmir və avtomobil yolları tam şəkildə reallaşdırılıb və uğurla fəaliyyət göstərir. Hazırkı mərhələdə isə ölkəmiz dəhlizin ötürücülük qabiliyyətini yüksəltmək üçün onun dəmir yolu sahəsinin modernləşdirilməsi ilə məşğuldur. İldə 15 milyon ton və daha çox yüklərin daşınması imkanlarını təmin etmək üçün bütün zəruri infrastrukturları müasirləşdirməkdir. 

Qeyd edək ki, Azərbaycan öz nəqliyyat infrastrukturunu tam yeniləşdirməklə bu dəhlizin strateji əhəmiyyətinin artmasına öz töhfəsini verib, Xəzər dənizində ən böyük ticarət qovşağı olan Bakı Beynəlxalq Dəniz Limanının inşa olunması, Ələt Azad İqtisadi Zonasının yaradılması, dəmir yolu infrastrukturlarının şaxələndirilməsi və modernləşdirilməsi, avtomagistrallar, hava limanları kimi yeni layihələrin yaradılması da bu təşəbbüslərin nəticəsidir. Eləcə də Azərbaycan və İran dəmir yollarının birləşdirilməsinə dair xeyli işlər görüb, Azərbaycanın Astara stansiyasından İranın Astara şəhərinə qədər dəmir yolu artıq inşa edilib. Hazırda dəhlizboyu daşımaların əsas hissəsi yük maşınlarından istifadə etməklə həyata keçirilir. Son illərdə bu 3 ölkənin dəhlizin axıcılıq gücünün artırılması istiqamətində atdığı addımlar və infrastruktur şəbəkəsinin yenidən qurulması “Şimal-Cənub”un həm də şaxələnməsinə imkanlar açıb. Nəticədə dəmir yolu ilə yanaşı, avtomobil yolunun da potensial ötürücülük qabiliyyəti yüksəlib. Hazırda isə əlavə ötürücü xətlərin dəhlizə inteqrasiyası üçün Azərbaycan üzərinə düşən öhdəliyi tam yerinə yetirməkdədir. 

Yeri gəlmişkən, Azərbaycan və Rusiya “Ulyanovsk-Bakı-Astara (İran)” birbaşa yük blok qatarının marşrutunu da istifadəyə hazı vəziyyətə gətirməkdədir ki, bu nəqliyyat xətti də “Şimal-Cənub” dəhlizi ailəsinin tərkib hissəsidir. “Ulyanovsk-  Bakı - Astara” marşrutu “Orta Volqa - Xəzər dənizi - Fars körfəzi” logistika layihəsinin qərb dəmir yolu dəhlizi hesab edilir və aqrar-sənaye, o cümlədən ağac emalı məhsullarının daşınmasını nəzərdə tutur.

“Şimal-Cənub” dəhlizinin cənub xəttində də əlavə infrastrukturların yaradılması, dəmir yolu xətlərinin əsas marşruta birləşdirilməsi və digər infrastruktur təminatları işləri aparılmaqdadır. Belə ki, cənubdan daxil olan yük axınlarını qarşılamaq üçün İran və Azərbaycan öz dəmir yollarını tam birləşdirməyi qərar alıb və bu məqsədlə 167 km uzunluğunda Astara-Rəşt dəmir yolunun tikintisi nəzərdə tutulur. 

Mövcud infrastrukturların qurulması və yeni dəmir yolu xətlərinin birləşdirilməsindən sonra Şimal dövlətləri öz nəqliyyat xətlərini dəhlizə tam inteqrasiya edəcək, Skandinaviyanın nəqliyyat xətləri Rusiya, Azərbaycan və İranın dəmir yolları bir şəbəkədə birləşəcək və Şimaldan İran körfəzinə qədər vahid dəmir yolu formalaşacaq. Həmçinin, layihənin digər iştirakçı tərəfləri olan Orta-Mərkəzi Asiya ölkələri də öz dəmir yolu xətlərini bu dəhlizə inteqrasiya etməkdədir. Bu günlərdə Pakistan hökuməti də “Şimal-Cənub” dəhlizinə qoşulmağa hazır olduğunu bəyan edib. Beləliklə, “Şimal-Cənub” dəhlizinin genişləndirilməsi və əlavə kommunikasiyaların yaradılması bu nəqliyyat marşrutunun böyük coğrafi hüdudları əhatə etməklə əsas nəqliyyat arteriyalarından birinə çevrilməsini təmin edəcək. 

E.CƏFƏRLİ

Paylaş:
Baxılıb: 170 dəfə

Xəbər lenti

Hamısına bax

Dünya

Siyasət

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30