Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Pensiya və əməkhaqqı artımı üçün əsaslı mənbələr

Pensiya və əməkhaqqı artımı üçün əsaslı mənbələr

24.09.2024 [09:03]

2025-ci ildə sosial tutumlu sahələrin maliyyələşdirilməsində mühüm addımlar atılacaq

Məlum olduğu kimi Maliyyə Nazirliyi 2025-ci ilin dövlət büdcəsinin göstəricilərinə dair ilkin parametrləri açıqlayıb. Büdcə xərclərinin funksional təsnifatı üzrə proqnoz göstəricilərində ən mühüm yer tutan istiqamətlərdən biri sosial müdafiə və sosial təminat xərcləridir. Gələn ilin büdcə xərclərinin strukturunda sosial müdafiə və sosial təminat xərcləri 4 milyard 998 milyon manat nəzərdə tutulub ki, bu da 2024-cü ilin mövcud xərcləri ilə müqayisədə 14 faiz və ya (cari ildə  4 milyard 391 milyon manat) 607 milyon manat çoxdur.

Büdcədə sosial müdafiə xərclərinin məbləği artırılır

Dövlət büdcəsində sosial müdafiə xərcləri üçün əlavə maliyyə təminatının yaradılması 2025-ci ildə sosial sahədə nəzərdə tutulan prioritetlərin, o cümlədən pensiya, minimum əmək haqqı, təqaüd və müavinətlərin artırılmasını təmin etməyə imkan verəcək. Büdcədə sosial xərclər hər zaman prioritetlik təşkil etdiyindən həmin sahəyə əlavə vəsaitlərin ayrılması neçə illərdir ki, büdcə siyasətinin başlıca prinsipləri kimi nəzərdə tutulur. Bu baxımdan növbəti ildə birbaşa büdcədəki sosial təminat xərcləri və Dövlət Sosial Müdafiə Fondunun (DSMF) özünün yığım gəlirləri ilə birlikdə sosial müdafiə sahəsində artımların böyük bir mənbəyi formalaşacaq.

Qeyd edək ki, sosial təminat və sosial müdafiə xərclərinin mənbəyi həm dövlət büdcəsinin xərclərinə, həm də Dövlət Sosial Müdafiə Fondunun büdcəsinə əsaslanır. Ona görə də sosial xərclərin artımında Fondun topladığı məcburi dövlət sığorta yığımları müstəsna rol oynayır. Növbəti ildə Fondun yığımlarında da da əhəmiyyətli artımların olacağı proqnozlaşdırılır ki, bu da Dövlət Sosial Müdafiə Fondunun özünün büdcəsinin də böyüməsinə səbəb olacaq və həmin mənbədən də sosial məqsədlər üçün əlavə təminatlar yarannmış olacaq. Hazırda həmin yığımlarda ötən illə nisbətdə hər ay artım dinamikası qeydə alınmaqdadır.

Dövlət Sosial Müdafiə Fondunun büdcəsində də artımlar gözlənilir

2024-cü ilin yanvar-avqust ayları ərzində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 3 milyard 725 milyon manata çatıb ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 10,4 faiz və ya nominal maliyyə baxımından 350 milyon manat çoxdur. Yığımlarda xüsusilə də özəl sektorun payı yüksəlib ki, bunun da başlıca səbəbi ölkə iqtisadiyyatına şəffaflaşma ilə bağlı tədbirlərin nəticəsində qeyri-rəsmi iş yerlərinin rəsmiləşdirilməsi, muzdlu işçi sayının və əməkhaqqı fondunun “ağarması” prosesi şəraitində sosial sığorta haqları üzrə yığımların dövriyyəsinin böyüməsidir. Məhz bu tədbirlər sayəsində 8 ay ərzində qeyri-büdcə təşkilatları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 13 faiz artaraq 2,5 milyard manata yaxın olub.

Göründüyü kimi Fond 8 ayda 350 milyon manat artıq vəsait toplayıb və qarşıdakı 4 ayda bu müsbət tendensiya davam edəcək. Qarşıdakı 4 ayda məcburi sosial sığorta yığımlarının ən azı 2 milyard manat təşkil edəcəyi gözlənilir ki, nəticədə Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin illik həcmi təxminən 5,7-5,8 milyard manata çatacaqdır. Bu, Fondun cari il üzrə proqnozlaşdırılan 5,3 milyard manat həcmində yığımlarını 400-500 milyon manat üstələməsi deməkdir. Dövlət büdcəsindən cari il üzrə nəzərdə tutulan 1,4 milyard manata yaxın transferti də nəzərə aldıqda Dövlət Sosial Müdafiə Fondunun cəmi gəlirləri və büdcəsi 7,3 milyard manatı ötəcək. Nəticədə Fondun gəlir və xərcləri 2024-cü il üzrə təsdiq edilmiş 6,9 milyard manatdan çox olmaqla əhəmiyyətli məbləğdə profisit yaranacaq. Yəni cari ildə bütün sosial müdafiə xərcləri tam maliyyələşdirildikdən sonra Fondun büdcəsində təxminən 400 milyon manat qalıq formalaşacaq ki, həmin vəsaitlər 2025-ci ilin büdcə xərclərinə yönəldiləcək. Bu isə o deməkdir ki, 2025-ci ildə sosial müdafiə və təminat xərclərinin cəmi məbləği dövlət büdcəsində nəzərdə tutulmuş 4 milyard 998 milyon manat vəsaitdən başqa, Fondun təxminən 7,3 milyard manat məbləğində büdcəsi ilə birlikdə 12 milyard manatı ötmüş olacaq. Bu, cari illə müqayisədə təxminən 1 milyard manat əlavə sosial mənbə deməkdir.

Beləliklə, 2025-ci ildə sosial müdafiə xərclərinin ümumi həcmi 12 milyard manatdan çox olmaqla cəmi büdcə xərclərinin 30 faizini təşkil edəcək. Həmin vəsaitlər hesabına gələn il sosial tutumlu prioritetlərin maliyyələşdirilməsində mühüm addımlar atılacaq.

Minimum əməkhaqqı artımı ilə bağlı təkliflər hazırlanır

Minimum əməkhaqqı, pensiya, müavinət, digər sosial xərclərin artımlarının konkret faiz və məbləğləri isə sözsüz ki, büdcə layihəsi hökumətdə və parlamentdə geniş müzakirələr nəticəsində məlum olacaq. Minimum əməkhaqqı üzrə artım faizləri sosial müdafiə orqanının hazırladığı təkliflərin hökumətin tam təfərrüatlı dəyərləndirmələrindən sonra mümkün olacaq. Belə ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi müvafiq qurumlarla birgə “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” sənədindən irəli gələn tapşırıqların icrası ilə bağlı hazırlanan yeni layihəni noyabrda hökumətə təqdim edəcək. Artım faizinin inflyasiya ilə bağlı gözləntilər, sosial müdafiə sektorunda yığım imkanları və digər amillər nəzərə alınmaq?a müəyyən ediləcəyi gözlənilir.

Beləliklə, yeni ildən minimum əməkhaqqı artımlarına start verilməsi istisna olunmur və minimum əməkhaqqının artırılması ölkə üzrə 700-800 min vətəndaşın əmək haqqının artmasına təsir göstərəcək. Ölkəmizdə dövlət büdcəsindən maliyyələşən bəzi sahələrdə əməyin ödənilməsi Vahid Tarif Cədvəli (VTC) əsasında aparılır. Bu sistemə görə, müxtəlif dərəcələrə sahib işçilərin əmək haqları minimum əmək haqlarının misilləri hesabına formalaşır. Bu baxımdan, minimum əməkhaqqının artırılması həmin işçilərin maaşlarına təsir edəcək. Dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin maaşlarının minimum məbləğləri VTC-dən irəli gələn tələblərə uyğunlaşdırılır və minimum əməkhaqının artımı VTC əsasında işləyən 800 min nəfərə şamil olunur. Bu o deməkdir ki, 2025-ci ildə minimium əməkhaqqının artmasından sonra ölkəmizdə 400 min dövlət, 400 min isə qeyri-dövlət sektorunda çalışan insanın da əməkhaqqı artmış olacaq.

Pensiyalar orta aylıq əməkhaqqının artımına əsasən müəyyənləşəcək

Pensiyaların artımı isə 2024-cü ilin yekununda ölkə üzrə orta aylıq əməkhaqqının faizinə əsasən müəyyənləşəcək. Çünki orta aylıq əməkhaqqının artımı, eyni zamanda, pensiyaların artmasında da əsaslı rol oynayır və bu baxımdan 2025-ci ildə pensiyalardakı artım məbləği bu göstəriciyə əsasən müəyyənləşəcək. 2024-cü il avqustun 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 8,3 faiz artaraq 1002,4 manat təşkil edib. İlin sonunda orta aylıq əməkhaqqının 10 faiz artacağı proqnozlaşdırılır ki, nəticədə pensiyaların artımı eyni rəqəm üzrə təmin ediləcək. Büdcədə sosial təminat xərclərinin artımı ilə bağlı müəyyən edilmiş məbləğ və Sosial Müdafiə Fondunun proqnozlaşdırılan yeni büdcə gəlirləri hesabına yaranacaq əhəmiyyətli mənbələr növbəti ildə müxtəlif sosial sahələr üzrə, xüsusilə də təqaüd və müavinətlərin də artımı üçün də zəmin yaradır. 

E.CƏFƏRLİ

Paylaş:
Baxılıb: 159 dəfə

Xəbər lenti

Hamısına bax

Hadisə

İqtisadiyyat

YAP xəbərləri

Siyasət

İqtisadiyyat

Sosial

Metroda sıxlıq...

12 Oktyabr 08:57

Dünya

Ədəbiyyat

Hindistan dərvişi

12 Oktyabr 08:16

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31