Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Rəqəmsal dəmir yolu

Rəqəmsal dəmir yolu

02.10.2024 [11:22]

Asiya Bankının Azərbaycana maliyyə dəstəyi Orta Dəhlizdə və Rəqəmsal Ticarət Koridorunda mövqeyimizi gücləndirəcək

Asiya İnkişaf Bankı (AİB) Azərbaycanda dəmir yollarının rəqəmsallaşdırılması ilə bağlı layihələrə 47 milyon dollar kredit ayırmağa razılıq verib. Bankla “Azərbaycan Dəmir Yolları” QSC arasında əldə edilmiş kredit sazişinə əsasən, ayrılacaq vəsaitlər ölkəmizdə dəmir yolu sisteminin rəqəmsallaşdırılmasına, dəmir yolu şəbəkələrinin təhlükəsizliyinin və etibarlılığının və səmərəliliyinin artırılmasına kömək edəcək. Həmçinin kredit xətti dəmir yolu nəqliyyatının idarə edilməsi, aktivlər, investisiya planlaşdırması, müştəri məlumatlarının emalı sisteminin və korporativ funksiyaların rəqəmsallaşdırılmasını dəstəkləməyə yönələcək.

25 illik maliyyə etimadına söykənən əməkdaşlıq...

Asiya Bankı 25 ilə yaxındır ki, ölkəmizdə infrastruktur, nəqliyyat, su təchizatı və enerji, maliyyə, təhsil və səhiyyə sektorlarında müxtəlif layihələrin maliyyələşdirilməsində ən yaxın tərəfdaş kimi təmsil olunmaqdadır. 2024-cü il 1 aprel tarixinə Asiya İnkişaf Bankı ilə Azərbaycan Respublikası arasında həyata keçirilən əməkdaşlıq çərçivəsində 4,2 milyard dollar həcmində maliyyələşdirmə proqramları həyata keçirilib. Həmin layihələr sırasında dəmir yolu infrastrukturunun müasirləşdirilməsi də xüsusi yer tutur. AİB Sumqayıt-Yalama dəmir yolu xəttinin yenidən qurulması layihəsinin maliyyələşdirilməsi üçün ölkəmizə 150 milyon dollar kredit ayırıb, layihənin başa çatdırılması üçün əlavə tələb olunan 131,5 milyon dollar məbləğində maliyyələşməni təmin edib. Bununla yanaşı, dəmir yolu sektorunun maliyyə davamlılığının artırılması üzrə həyata keçirilən islahatların dəstəklənməsi məqsədilə 2017-ci ildə bank tərəfindən “Dəmir yolu sektorunun inkişafı proqramı” çərçivəsində 250 milyon dollar məbləğində kredit vəsaitləri ayrılıb.

2024-2026-cı illər ərzində AİB-lə Azərbaycan Respublikası arasında əməkdaşlıq əsasən bərpaolunan enerji və “yaşıl nəqliyyat” sahələrini əhatə edəcəkdir. Bu istiqamətdə, AİB tərəfindən növbəti illər ərzində regional nəqliyyat sistemləri vasitəsilə regional əməkdaşlığın gücləndirilməsi, habelə “Şimal-Cənub” və Orta Dəhliz çərçivəsində dəmir yolu sektorunda nəzərdə tutulan işlərin tamamlanması və Bakı şəhərində mobilliyin artırılmasında hökumətə dəstək verilməsi nəzərdə tutulur.

Prezident İlham Əliyevin cari il iyunun 27-də Asiya İnkişaf Bankının prezidenti Masatsuqu Asakava ilə görüşündə əməkdaşlıq əlaqələrinin davam etdirilməsi və yeni səhifənin açılması üçün yaxşı imkanlar yarandığı vurğulanıb. M.Asakava tərəfindən qarşıda yeni hədəf və layihələr sırasında AİB-in müasir nəqliyyat qovşaqlarının maliyyələşdirilməsində əsas maliyyə dayağı olacağı diqqətə çatdırılıb.

Dəmir yolunda rəqəmsallaşma nədir?

Müasir dövrdə nəqliyyatın idarə edilməsində rəqəmsal texnologiyaların tətbiqi və infrastrukturun elektronlaşdırılması dünya ölkələrinin qarşısında duran əsas çağırışlardandır. Rəqəmsallaşma müasir İT imkanlarından istifadə etməklə məlumatların daha dəqiqliyi, müştərilərin vaxtına qənaət edilməsi, ölkələrarası inteqrasiya nəticəsində məlumatların daha sürətli və dəqiq ötürülməsi, qatarların onlayn izlənilməsi və s. kimi funksionallığa şərait yaradır. Həmçinin əməliyyat səmərəliliyinin, rəqabət qabiliyyətinin artırılması baxımından əhəmiyyət kəsb edir. Qabaqcıl rəqəmsal texnologiyalardan istifadə həm də dəmir yolu nəqliyyatında kibertəhlükəsizliyin yüksək səviyyədə təmin olunması baxımından da xüsusi əhəmiyyətə malikdir.

Azərbaycanın regional tranzit dəhlizlərindəki rolunun artması rəqəmsallaşma ilə bağlı tədbirləri də həyata keçirməsini zəruri edir. Bunun üçün zəruri infrastrukturların yaradılması, fiberoptik şəbəkə sisteminin təmin edilməsi əsas şərtlərdən biridir. Asiya Bankının Mərkəzi və Qərbi Asiya üzrə regional direktoru Yevgeni Jukov bildirib ki, modernləşdirilmiş və rəqəmsal dəmir yolu sistemi Şərqi və Mərkəzi Asiya iqtisadiyyatlarının Qafqaz və Avropa ilə əlaqələndirilməsində mühüm rol oynayır. Bu kontekstdə rəqəmsal transformasiya bu dəhlizdə Azərbaycanın rolunu da dəstəkləyəcək.

Bir neçə gün əvvəl Pekində keçirilən Forumda da Azərbaycanın nəqliyyat-logistika və tranzit imkanlarından bəhs edilərkən ölkəmizin Avropa, Mərkəzi Asiya və Çin arasında ən qısa və təhlükəsiz tranzit ölkəsi kimi mövqeyi xüsusi vurğulanıb, bu qlobal nəqliyyat potensialının artırılması üçün yeni innovativ səylərin birləşdirilməsinin vacibliyinə toxunulub.

Çin və AİB-in COP29-a rəqəmsal dəstəyi...

Forumda qeyd edilib ki, Azərbaycan Orta Dəhlizdə fəallığını artırmaq üçün öz nəqliyyat infrastrukturunu tam yeniləşdirməkdədir. Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin modernləşdirilməsi, Bakı Beynəlxalq Dəniz Ticarəti Limanının yükgötürmə və yükötürmə gücünün artırılması, yolboyu mal və nəqliyyat vasitələrinə gömrük nəzarətinin sürətləndirilməsi üçün əhəmiyyətli tədbirlərin görülməsi Orta Dəhlizin perspektiv güc balansına hesablanıb. Ələt Azad İqtisadi Zonasının yaradılması, dəmir yolu infrastrukturlarının şaxələndirilməsi və modernləşdirilməsi və digər innovativ həllər rəqəmsallaşma strategiyasının tərkib hissəsidir.

Ölkəmizdə kommunikasiyaların modernləşdirilməsi,”ağıllı texnologiyaların” tətbiqi Çin və AİB tərəfindən yüksək dəyərləndirilir və əlavə maliyyə dəstəyinin veriləcəyi istisna deyil. Xüsusilə də COP29 çərçivəsində Orta Dəhlizin dayanıqlı inkişafı və rəqəmsallaşdırılması üçün yeni strateji maliyyə hədəfləri çərçivəsində Azərbaycana zəruri köməkliyin göstəriləcəyi bildirilib.

Asiya Bankının kapital portfelinin böyük bir hissəsinin Çinin maliyyə donorluğu əsasında formalaşmasını nəzərə alsaq  “Bir kəmər, bir yol”un müəllifi kimi rəsmi Pekinin Orta Dəhlizdəki rəqəmsal infrastrukturların müasirləşməsinə böyük marağını başa düşmək mümkündür. Bu baxımdan AİB-in dəhliz üzərində yerləşən ölkələrə, o cümlədən Azərbaycana dəmir yollarının rəqəmsallaşmasına dəstəyi həm də Orta Dəhlzinin inkişafına verilən dəstək kimi qəbul edilə bilər.

 “Maneəsiz Rəqəmsal Dəhliz” sistemi qurulacaq

Orta Dəhliz ailəsi üçün hazırda həlli vacib olan əsas məsələlərdən biri vahid rəqəmsal platformanın yaradılmasıdır. Bu platforma çərçivəsində bütün ölkələrin rəqəmsal sistemlərinin inteqrasiyası əsas prioritetlərdən biridir və layihədə iştirak edən ölkələrin hər biri rəqəmsallaşma ilə bağlı öz siyasətlərini birləşdirməyə çalışacaq. Bir müddət əvvəl həmin ekosistemin altmodeli olan vahid multimodal xidmət - Rəqəmsal Ticarət Koridoru (Digital Trade Corridor) yaradılıb ki, Azərbaycan və Qazaxıstanın dəmir yollarının informasiya sistemləri gömrük modullu bu sistemə inteqrasiya olunub, Gürcüstan dəmir yollarının da sistemə qoşulması planlaşdırılır. Digər ölkələrin də növbəti ilə qədər bu rəqəmsal sistemə inteqrasiyasının başa çatdırılması və 2025-ci ildə “Maneəsiz Rəqəmsal Dəhliz”in işə salınması nəzərdə tutulur. Bu sistemin maliyyə təminatında Asiya İnkişaf Bankının aparıcı rol oynaması təqdir edilə bilər. Bu, həm də “Avrasiya Nəqliyyat Marşrutu”nun rəqəmsallaşmasında və “Maneəsiz Rəqəmsal Dəhliz” sisteminin qurulmasında Bankın iştirakçılığı deməkdir.

Beləliklə, AİB tərəfindən dəmir yolunun rəqəmsallaşdırılmasına verilən maliyyə dəstəyi nəqliyyat sektorunda davamlı əməkdaşlığın və Orta Dəhlizin əsas tranzit qovşaqlarının genişləndirilməsində ölkəmizə möhkəm maliyyə etimadının nümunəsi hesab edilə bilər. Asiya Bankı Azərbaycanın nəqliyyat sektorunun polad magistrallarının rəqəmsallaşdırılmasına donorluq etməklə, ölkəmizin qlobal tranzitlərdə müasir infrastrukturlar yaratmasına da kömək etmiş olur ki, bu da Orta Dəhliz konseptinin yeni prioritetlərindən birinin - rəqəmsallaşmanın genişlənməsinə imkan yaradacaq.

ELBRUS CƏFƏRLİ

Paylaş:
Baxılıb: 148 dəfə

Xəbər lenti

Hamısına bax

Hadisə

İqtisadiyyat

YAP xəbərləri

Siyasət

İqtisadiyyat

Sosial

Metroda sıxlıq...

12 Oktyabr 08:57

Dünya

Ədəbiyyat

Hindistan dərvişi

12 Oktyabr 08:16

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31