Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / İqtisadi münasibətlərdə yeni dövr

İqtisadi münasibətlərdə yeni dövr

23.04.2025 [10:32]

Bakı və Pekin regionda dayanıqlı rifahın və çoxtərəfli əməkdaşlığın yeni sağlam təməllərini yaradır

Azərbaycan və Çin arasında dostluğun kökü tarixi İpək Yolundan başlayır. Hazırda Azərbaycan Cənubi Qafqaz regionunda söz sahibi olan lider dövlət, Çin isə Asiyanın və dünyanın iqtisadi güc mərkəzlərindən biridir. Siyasi-iqtisadi amillər, nəqliyyat-tranzit qovşaqları, geosiyasi amillər və digər mühüm faktorlar hər iki ölkəni bir sıra ortaq baxış və strateji maraqlar bucağında tamamlayır. Prezident İlham Əliyevin ötən illərdə Çinə səfərləri ölkələr arasında dostluq və əməkdaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsi və dərinləşdirilməsinə səbəb olub.

BMT-nin 5 daimi üzvündən biri olan Çin Xalq Respublikası hər zaman Azərbaycanın ərazi bütövlüyünü və sərhəd toxunulmazlığını dəstəkləyib, hazırda öz dövlət suverenlyini tam bərqərar etmiş ölkəmizin azad olunmuş torpaqlarında ən çox fəal olan investorlar arasında Çin şirkətləri xüsusi yer tutur. Azərbaycan da Çinin ərazi bütövlüyünü və “Vahid Çin” siyasətini daim dəstəkləyib. Bir müddət əvvəl Tayvanda keçirilən seçkilərə respublikamızın rəsmi mövqeyi və bu seçkilərin pislənilməsi Çinin ərazi bütövlüyünə bir daha dəstəyi ifadə edib.

İpək Yolu etibarlı iqtisadi kəmərə çevrilir

Prezident İlham Əliyev Çinin “Sinxua” agentliyinə müsahibəsində Azərbaycan-Çin münasibətlərinin yaxın dostluq və strateji tərəfdaşlıq ruhunda daha da möhkəmləndiyini, yeni imkanlar bloku üzərində əməkdaşlığın zirvəyə çatdığını bildirib. Dövlətimizin başçısı Azərbaycanın Çinin müəllifi olduğu “Kəmər və yol” təşəbbüsünü dəstəkləyən ilk ölkələrdən biri olduğunu, 2015-ci ildə Çinə səfəri zamanı iki ölkə arasında “İpək Yolu İqtisadi Kəməri”nin reallaşdırılmasına dair Anlaşma Memorandumunun imzalandığını xatırladaraq genişşaxəli hazırda bölgədə nəqliyyat-logistika arxitekturası formalaşdığını diqqətə çatdırıb. Ölkəmiz bu qlobal layihənin reallaşmasına istər öz ərazisində, istərsə də onun hüdudlarından kənarda Çindən sonra daha çox investisiyalar qoyan ikinci səhmdar kimi öz təşəbbüskarlıq iradəsini nümayiş etdirib, digər coğrafiyaları da bu dəhlizə cəlb edib. Asiya və Xəzəryanı ölkələri vahid logistika habında- Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunda (Orta Dəhliz) birləşdirib. Həmin dəhlizin əsas şaxələri olan Bakı-Tbilisi-Qars dəmir yolu, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi, Orta Dəhliz, həmçinin Xəzərdə ən iri limanlardan biri olan Bakı Beynəlxalq Dəniz Ticarət Limanı “Kəmər və yol” təşəbbüsü çərçivəsində iqtisadi və nəqliyyat imkanlarının reallaşdırılması bu nəqliyyat arteriyyasında daşınmaların həcminin sürətlə artmasına səbəb olmaqdadır. Təkcə Azərbaycan ilə Çin arasında tranzit daşımaların həcmi 2024-cü ildə 378 min ton olub ki, bu da 2023-cü illə müqayisədə 86 faiz çoxdur. 2024-cü il ərzində Çindən Azərbaycana ixrac və tranzit rejimində Orta Dəhlizlə 287 marşrut qatarı yola salınıb. Digər ölkələrin bu nəqliyyat ailəsinə qoşulması isə daşınmaların qat-qat böyüməsi üçün yeni perspektivlər açır.

Özünün əlverişli coğrafi mövqeyindən istifadə edən Azərbaycan ərazisindən keçən yük axınının kəskin artmasını nəzərə alaraq, beynəlxalq nəqliyyat dəhlizlərini fəal inkişaf etdirməyə, müasir infrastruktur yaratmağa və onların ötürücülük qabiliyyətinin artırılmasına əlavə investisiya qoymağa davam edir.

Cənubi Qafqazda birinci tərəfdaş

Azərbaycan və Çin arasında iqtisadi təmasların dinamizmi də olduqca böyükdür. Ölkələr arasında iqtisadi-ticarət dövriyyəsi son 10 ildə ən yüksək səviyyəyə çatıb. Belə ki, 2015-ci ildə isə qarşılıqlı mal dövriyyəsinin həcmi 500 milyon dollar idisə, 2024-cü ildə iki ölkələr arasında əmtəə dövriyyəsinin həcmi əvvəlki illə müqayisədə 20,7 faiz artıb və 3,744 milyard dollar təşkil edib. Çin Azərbaycanın 4-cü ən böyük ticarət tərəfdaşına çevrilib, onun xarici ticarət dövriyyəmizdə payı 7,9 faiz olub, həmçinin idxal üzrə də lider mövqeyinə çıxıb və bu göstərici 17,69 faizə çatıb.

Bu ticari balans dinamikası 2025-ci ilin birinci rübündə bir qədər də artıb və ötən ilin eyni dövrünə nisbətən 37 faiz çoxalaraq 1,02 milyard dollar təşkil edib. Beləliklə, Çin Cənubi Qafqazda Azərbaycanın birinci iqtiadi-ticari tərəfdaşı olmaqla bu bölgənin cəmi ticarət mübadiləsinin 70 faizə yaxınını Azərbaycanla həyata keçirir.

İnamlı sərmayə tərəfdaşlığı

Çin, eyni zamanda, Cənubi Qafqazda ən çox sərmayələri Azərbaycana yönəldib. Bu Asiya nəhənginin ölkəmizə yatırdığı investisiyaların həcmi 942 milyon dollara çatıb. Həmin sərmayələrdən başqa, Çin şirkətləri ölkəmizdə müxtəlif sahələrdə iri layihələr icra edib. Son 20 ildə ölkəmizdə 21 min kilometr avtomobil yolları salınıb və təmir edilib, 335 körpü və yolayrıcı, 45 tunel, 163 yerüstü və yeraltı keçid tikilib. Dəmir yolu infrastrukturunun yaxşılaşdırılması üzrə böyük işlər görülüb, 1500 kilometrdən artıq dəmir yolu tikilib və 1800 kilometrlik sahə təmir edilib.

Eyni zamanda, Azərbaycan özü də potensial sərmayədar dövlət kimi Asiyanın maliyyə sektorunda öz mövqeyini gücləndirir və Dövlət Neft Fondunun investisiya portfelinin 2,1 milyard dolları Çinin maliyyə-investisiya sektorlarını əhatə etməkdədir.

Bu gün Azərbaycanda Çin kapitalı ilə 375 şirkət qeydə alınıb, onlardan 298-i ölkəmizdə aktiv fəaliyyət göstərir. Hazırda Azərbaycanla Çin arasında qeyri-neft sektorunda, xüsusən yüksək texnologiyalara və innovasiyalara, alternativ və bərpaolunan energetikaya yönəlmiş birbaşa investisiyaların cəlb olunması sahəsində birgə əməkdaşlığın perspektivlərinə dair danışıqlar aparılır.

İmkanlar isə daha böyükdür. Bu məqsədlə tərəflər dayanmadan intensiv şəkildə iqtisadi dialoq və qarşılıqlı biznes tədbirləri təşkil edir, investisiya və ticari təşviqləri artıran təşəbbüslərlə çıxış edir. Ötən il Azərbaycan və Çin arasında imzalanmış Strateji Tərəfdaşlıq Bəyannamənin əsas hədəflərindən biri olan ticarət-iqtisadi və investisiya əlaqələrinin daha da artırılması üçün hökumət-biznes görüşləri ardıcıl xarakter almağa başlayıb.

Ticarət evləri - ixracın körpüsü

Tərəflər arasında iqtisadi-investisiya təmaslarının artmasında ticarət evləri və ixrac missiyaları, biznes-forumları da mühüm əhəmiyyət kəsb edir. Çinin şəhərlərində Azərbaycan ticarət evləri yaradılıb, Pekin, Şanxay, Urumçi, Tsindao, Çendu, Nankin və Çjantszyatsze şəhərlərində fəaliyyət göstərir. Onlar ikitərəfli ticari münasibətlərimizin inkişafına sanballı töhfə verir. Azərbaycan Ticarət Evi, həmçinin Çində tanınmış beynəlxalq “JD” onlayn ticarət platformasında yaradılıb. Azərbaycan xalçaları, nar şirələri və başqa yüksəkkeyfiyyətli məhsullar isə minlərlə çinli ailənin evinə daxil olur. Yeni “Ticarət evləri”nin açılması nəzərdə tutulur. Burada “Made in Azerbaijan” rəflərinin təşkili yerli qeyri-neft məhsullarının vahid brend ilə dünyada tanıdılması və təşviq edilməsi baxımından ən təsirli ixrac ideyası sayıla bilər.

Yeni hədəf və imkanlar

Ökələrimiz arasında iqtisadi-ticari əlaqələrin gələcək inkişafından, onların keyfiyyəltcə yeni məzmunla zənginləşməsindən gedir. Bu prosesdə Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının iclasları mühüm rol oynayır. Eyni zamanda, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO), Azərbaycanın Çin Xalq Respublikasındakı ticarət nümayəndəliyinin, Çinin Milli İnkişaf və İslahat Komissiyasının (NDRC) və Çin Beynəlxalq Əməkdaşlıq Mərkəzinin sənaye və investisiya layihələrinin birgə icrasında, yeni iqtisadi təşviqlərin səfərbər olunmasında fəaliyyəti müstəsna əhəmiyyət kəsb edir.

Beləliklə, Azərbaycan və Çin arasında ikitərəfli münasibətlərin inkişafı regional və qlobal səviyyədə yeni imkanları səfərbər etməklə, nəhəng bir coğrafiyada rifah və əməkdaşlığın möhkəmlənməsində əsaslı rol oynayacaq.

E.CƏFƏRLİ

Paylaş:
Baxılıb: 153 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Siyasət

Ədəbiyyat

Analitik

Dünya

İkinci tura qaldı...

20 May 08:41  

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31