Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Manatın sabit məzənnəsi investorların etimadını gücləndirir

Manatın sabit məzənnəsi investorların etimadını gücləndirir

30.09.2025 [10:13]

Avropa Bankının qənaətinə görə, üzən faiz dəhlizi əsasında emissiyanın manatda ifadə olunması milli valyutanın etibarlılığını artırır

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycan manatının üzən faiz dəhlizi əsasında istiqraz bazarına təsirlərinə dair ehtimallarını açıqlayıb. AYİB hesab edir ki, istiqraz emissiyası ölkənin maliyyə sistemində innovativ addım hesab edilə bilər. Azərbaycan maliyyə bazarlarında uzun müddət dövlət istiqrazları üstünlük təşkil edib, korporativ istiqrazların payı isə kifayət qədər məhdud qalıb. AYİB-in 50 milyon manat həcmində üzən faizli istiqraz emissiyası bazarda yeni maliyyə aləti kimi çıxış edir. Ənənəvi sabit faizli istiqrazlardan fərqli olaraq, bu emissiya Azərbaycan Banklararası Faiz Dərəcəsinə (AZIR) əsaslanır. Bu xüsusiyyət investor risklərinin azaldılmasına xidmət edir, çünki faizlər bazar mexanizmləri ilə müəyyənləşir və iqtisadi mühitdəki dəyişikliklərə uyğunlaşır. Nəticədə, maliyyə bazarında daha çevik qiymətləndirmə prosesi təmin olunur. Faiz dərəcələrinin banklararası bazara bağlı olması, onların aktiv-passiv balanslaşdırılmasında yeni imkanlar yaradır. Depozitlər üzrə öhdəlikləri AZIR dəyişkənliyinə uyğun olan banklar bu istiqrazlardan balansın tarazlaşdırılması üçün istifadə edə bilərlər.

Maliyyə alətlərinin çoxalması liberallaşma prosesini sürətləndirə bilər

İstiqrazların Bakı Fond Birjasında (BFB) listinq olunması həm yerli, həm də xarici investorlar üçün etimad mühiti yaradır. Beynəlxalq maliyyə təşkilatının iştirakı kapital bazarında etalon nümunə rolunu oynaya bilər. Bu, gələcəkdə digər beynəlxalq və yerli emitentlərin də borclanma məqsədilə BFB-yə müraciət etməsini asanlaşdıra bilər. Avropa Bankının ekspertlərinin qənaətinə görə, emissiyanın manatda ifadə olunması milli valyutanın etibarlılığını artırır. Bu, manatın yalnız mübadilə vasitəsi deyil, həm də investisiya valyutası kimi qəbul edilməsinə şərait yaradır. Uzunmüddətli perspektivdə manatla ifadə olunan istiqrazların çoxalması milli valyutanın mövqeyini gücləndirəcək və ölkədə dollarizasiya səviyyəsinin aşağı enməsini stimullaşdıra bilər. Mövcud emissiya çərçivəsi həm dövlət, həm də özəl sektor üçün nümunəvi presedent rolunu oynayır. Dövlət qurumları və şirkətlər gələcəkdə AZIR əsasında üzən faizli istiqrazlar buraxa bilərlər. Bu isə daxili borc bazarının rəqabətliliyini artıracaq, kapitalın qiymətini bazar qaydaları ilə müəyyənləşdirəcək və iqtisadiyyatın maliyyə dayanıqlığını gücləndirəcək. Manatla bağlı risklərin daha idarəolunan olduğu qənaəti əlavə kapital axınına səbəb olacaq. Bu, ölkədə maliyyə sektorunun dərinləşməsinə və uzunmüddətli kapitalın cəlb olunmasına xidmət edəcək.

Avropa Bankının məzənnə rejimi ilə bağlı digər gözləntisi də qənaətbəxşdir. Bankın qənaətinə görə, üzən faizli istiqrazlar ilə üzən məzənnə rejimi qarışdırılır. Halbuki bunlar fərqli kateqoriyalara aiddir. Üzən faiz istiqrazların gəlirliyinin bazar faiz dərəcələrinə bağlı olması deməkdir. Məzənnə rejimi isə milli valyutanın digər valyutalara qarşı dəyərinin müəyyənləşmə üsulunu ifadə edir. Azərbaycan maliyyə sistemində hazırda sabit məzənnə rejimi fəaliyyət göstərir. Yəni, manatın məzənnəsinin sabitliyi üçün Mərkəzi Bankın müdaxilə imkanları saxlanılır. AYİB-in qənaətinə görə, bu emissiya isə yalnız faiz siyasətinə aid addımdır və məzənnə rejimi ilə birbaşa bağlı deyil. Bununla belə, uzunmüddətli perspektivdə belə maliyyə alətlərinin çoxalması bazarda liberallaşma prosesini sürətləndirə bilər. İnvestorların bazar mexanizmlərinə etibarının artması, həm faiz, həm də valyuta siyasətində çevikliyin yüksəlməsinə dolayı təsir göstərə bilər.

“Economist Intelligence Unit”un manatla bağlı ehtimalları da müsbətdir

Azərbaycanda milli valyuta olan manatın məzənnəsi ilə bağlı “The Economist Group”un araşdırma və təhlil bölməsi olan “Economist Intelligence Unit”un (EIU) ehtimalları da müsbətdir. Qurumun proqnozlarına görə, 2024-2029-cu illər manatın ABŞ dolları qarşısında kursu sabit qalacaq, avro isə manat qarşısında nisbətən ucuzlaşacaq. Dollar/AZN məzənnəsi 2025-2029-cu illər ərzində 1,70 səviyyəsində stabilliyini qoruyacaq. Bu, Mərkəzi Bankın manatın sabitliyini təmin etmək siyasəti ilə uzlaşır və ölkədə maliyyə sabitliyi üçün mühüm göstərici hesab olunur. Analitiklər bildirirlər ki, manatın dollara nisbətdə sabit qalması həm inflyasiya risklərinin idarə edilməsinə, həm də ölkəyə sərmayələrin cəlb olunmasına müsbət təsir göstərəcək.

Avro qarşısında isə manatın dəyərində nisbətən eniş müşahidə olunacaq. Proqnozlara görə, 2025-ci ildə avro/AZN məzənnəsi 1,77 manat səviyyəsində olacaq. 2026-cı ildə bu göstərici 1,75 manata enəcək, 2027-ci ildə isə 1,73 manata qədər aşağı düşəcək. 2028-2029-cu illərdə Avro/AZN məzənnəsi eyni səviyyədə qalacaq və beləliklə, avronun manat qarşısında tədrici ucuzlaşması müşahidə olunacaq.

Analitiklər vurğulayırlar ki, manatın sabitliyinin qorunması yalnız Mərkəzi Bankın siyasətindən asılı deyil. Azərbaycanın makroiqtisadi göstəriciləri, xarici ticarət balansı, valyuta ehtiyatlarının səviyyəsi və maliyyə bazarlarının möhkəmliyi də valyutanın sabitliyində mühüm rol oynayır. EIU hesab edir ki, ölkənin dollar ehtiyatlarının kifayət qədər olması, habelə xarici valyuta gəlirlərinin stabilliyi manatın gələcəkdə də sabit qalmasına şərait yaradacaq.

Manatın sabit qalması inflyasiya göstəricilərinə də müsbət təsir edəcək

Mütəxəssislər qeyd edirlər ki, manatın dollara qarşı sabit qalması ölkədə investorların etimadını gücləndirir və uzunmüddətli iqtisadi planlaşdırmanı asanlaşdırır. Eyni zamanda, avronun nisbətən ucuzlaşması ölkənin Avropa ilə ticarətində qiymət rəqabətliliyini artırmaq üçün əlverişli şərait yarada bilər.

Makroiqtisadi perspektivlərə nəzər salsaq, manatın sabit qalması inflyasiya göstəricilərinə də müsbət təsir göstərəcək. Əgər valyutanın məzənnəsi kəskin dəyişməsə, idxal olunan məhsulların qiymətində ciddi artım müşahidə olunmayacaq və nəticədə istehlak bazarında sabitlik qorunacaq. Bu, həm də əhalinin alıcılıq qabiliyyətinin qorunmasına xidmət edəcək. Analitiklərin qənaətinə görə, manatın kursunda ciddi dalğalanmalar gözlənilmir və 2030-cu ilə qədər milli valyutanın sabitliyi qorunacaq.

Beləliklə, Avropa Yenidənqurma və İnkişaf Bankının və “Economist Intelligence Unit”un proqnoz baxışları təsdiqləyir ki, Azərbaycanda yürüdülən məzənnə siyasəti “üzən məzənnə”yə keçidə əsaslanmaqla xarici valyutalar qarşısında öz dayanıqlılığını qoruyub saxlamağa qadirdir. Bu isə Azərbaycan iqtisadiyyatına inamı formalaşdırmaq, daxili və xarici investisiyaları cəlb etmək baxımından mühüm əhəmiyyət kəsb edir. Bir məqamı da qeyd etmək lazımdır ki, qlobal bazarlarda dəyişkən neft qiymətləri manatın sabitliyinə  dolayı təsirlər göstərsə də, məzənnə neftin qiymətindən birbaşa asılı deyil. Dövlət Neft Fondu əsas maliyyə təchizatçısı kimi valyuta bazarında xarici tələb və təklifi tənzimləyir, bu istiqamətdə mühüm dayaq rolunu oynayır.

E.CƏFƏRLİ

Paylaş:
Baxılıb: 96 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Gündəm

YAP xəbərləri

İqtisadiyyat

Analitik

Analitik

Sosial

MEDİA

Paytaxtda mühüm tədbir...

30 Sentyabr 08:25  

Gündəm

Nilayların ümid yeri...

30 Sentyabr 07:42  

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31