Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Sülhün, bərpanın və dirçəlişin rəmzi

Sülhün, bərpanın və dirçəlişin rəmzi

16.10.2025 [10:14]

Xankəndidə keçirilən 3-cü Milli Şəhərsalma Forumu azad ərazilərdə müasir şəhər quruculuğunu daha da sürətləndirəcək

Oktyabrın 15-də Xankəndi şəhərində 3-cü Milli Şəhərsalma Forumu işə başlayıb. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Birləşmiş Millətlər Təşkilatının Məskunlaşma Proqramı (“UN-Habitat”) ilə tərəfdaşlığı çərçivəsində “İqlimədavamlı və sağlam şəhərlərə doğru: regional tərəfdaşlıqlar və innovativ həllər” mövzusunda keçirilən tədbirdə 60-dan çox ölkədən 400-dək dövlət və özəl qurumların nümayəndələri, beynəlxalq təşkilatların, akademik institutların və vətəndaş cəmiyyətinin təmsilçiləri iştirak edir.

Forumda münaqişə və təbii fəlakətlərdən sonrakı dayanıqlı bərpa prosesləri, mənzil təminatı və layiqli yaşayış məskənləri, dayanıqlı və sağlam şəhərlər, ekoloji və enerji üzrə effektiv təcrübələr, rəqəmsallaşma və innovativ yanaşmalar, Davamlı İnkişaf Məqsədləri və Yeni Şəhər Gündəliyi, regional və beynəlxalq tərəfdaşlıqların inkişafı kimi mövzularda müzakirələr aparılacaq.

Forum çərçivəsində Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, tətbiq olunan müasir şəhərsalma standartları və innovativ texnologiyalar, Azərbaycanın postmünaqişə dövründə əldə etdiyi nailiyyətlər, həmçinin müxtəlif ölkələrin qabaqcıl təcrübələrinə dair təqdimatlar ediləcək.

Layiqli məskunlaşmaya töhfə verən uğurlu platforma

Azərbaycanın şəhərsalma sahəsində əldə etdiyi qabaqcıl təcrübə beynəlxalq ictimaiyyət tərəfindən böyük maraqla qarşılanır. Ölkəmiz iqlim dəyişmələri və şəhərsalma sahəsində qlobal çağırışların həllində və innovativ yanaşmaların formalaşmasında etibarlı tərəfdaş kimi tanınır. Bu sahədə beynəlxalq əməkdaşlıq, xüsusilə də BMT-nin Məskunlaşma Proqramı ilə birgə həyata keçirilən təşəbbüslər xüsusi önəm daşıyır.

Prezident İlham Əliyevin forum iştirakçılarına ünvanladığı müraciətdə də qeyd edildiyi kimi, üçüncü dəfə təşkil olunan və artıq ənənə halını almış bu tədbir şəhərsalma sahəsində milli, regional və beynəlxalq tərəfdaşları bir araya gətirərək təcrübə mübadiləsi aparmaq, yeni təşəbbüslər formalaşdırmaq və əməkdaşlığı gücləndirmək üçün mühüm platforma rolunu oynayır. BMT-nin Məskunlaşma Proqramı ilə əməkdaşlıq çərçivəsində keçirilən bu tədbirlər Azərbaycanın bu sahədə beynəlxalq tərəfdaşlarla uğurlu əməkdaşlığının növbəti parlaq təzahürüdür. Eyni zamanda, ölkəmizə olan etimadın və dostluğun, həm də şəhərsalma istiqamətində ortaq məqsədlər naminə həmrəyliyimizin göstəricisidir.

Dövlət başçısının vurğuladığı kimi Azərbaycanın milli inkişaf strategiyasında şəhərsalma prioritet istiqamətlərdən birini təşkil edir. Ölkədə şəhərsalma və urbanizasiya sahəsində qəbul edilmiş yanaşmalar iqtisadi dayanıqlığa, sosial-iqtisadi rifaha, iqlim dəyişmələrinə uyğunlaşmaya töhfə verir. Xüsusilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında aparılan genişmiqyaslı bərpa və quruculuq işləri Azərbaycan dövlətinin şəhərsalma sahəsində strateji baxışını və icra imkanlarını nümayiş etdirir. Qarabağ və Şərqi Zəngəzurun ümumi planlaşdırılması 13,6 min kvadratkilometr ərazini əhatə etməklə 1,1 milyon nəfərdən çox insanın doğma şəhər və kəndlərində məskunlaşmasını nəzərdə tutur. Əhalisi 300 min nəfərdən çox olan 8 şəhər və 90 kəndin baş planları artıq təsdiqlənib. İşğaldan azad olunmuş 6 şəhər, 2 qəsəbə və 20 kəndə insanlar geri qayıdaraq məskunlaşıb.

Regionda  dayanıqlı infrastrukturunun qurulması, yaşayış məntəqələrinin yenidən salınması və əhalinin qayıdışı üçün zəruri şəraitin yaradılması istiqamətində sistemli və ardıcıl tədbirlər həyata keçirilir. Son dörd il ərzində 3 yeni beynəlxalq hava limanı, avtomobil və magistral yolları, yeni dəmir yolu infrastrukturu inşa olunub, həmçinin yaşayış evləri, səhiyyə müəssisələri, təhsil ocaqları və digər sosial infrastrukturun tikintisi davam etdirilir. Bu baxımdan Xankəndi şəhərində keçirilən forum sülhün, bərpanın və dirçəlişin rəmzi kimi müasir, ağıllı və innovativ şəhər konsepsiyasına uyğun inkişafını daha da sürətləndirəcək.

“Yaşıl tikinti”yə keçid üçün geniş fürsətlər

3-cü Milli Şəhərsalma Forumu müasir çağırışlar dövründə UN-HABITAT-ın əsas tövsiyə və kriteriyalarından biri olan ekoloji və təmiz tikinti normativlərinin tətbiqinə də geniş imkanlar yaradır. Məlum olduğu kimi, “yaşıl tikini”yə keçid qlobal iqlim alyansının fəal üzvlərindən biri kimi Azərbaycan üçün də gündəlikdə duran əsas məsələlərdən biridir. “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də 5-ci prioritet istiqamət “Təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi” kimi müəyyən olunub. Eləcə də işğaldan azad edilmiş ərazilərin bərpası prosesində enerji infrastrukturunun yenidən qurulmasına və enerji təhlükəsizliyinin təmin edilməsinə xüsusi önəm verilir. “Yaşıl enerji” zonası elan edilmiş və 10 min meqavat yaşıl enerji üzrə texniki potensiala malik Qarabağ və Şərqi Zəngəzurda günəş və külək enerjisi layihələri sürətlə həyata keçirilir. Burada “ağıllı şəhər”, “ağıllı kənd” kimi innovativ yanaşmalar tətbiq edilir, ekosistem bərpa olunur.

Sənəddə ekoloji təmiz texnologiyaların tətbiqinə əhəmiyyətli yer verilməsi, tullantıların təkrar emalı və çirklənmiş ərazilərin bərpasının təşviqi, ekoloji baxımdan əlverişli olan “yaşıl texnologiyalar”ın tətbiqinin genişləndirilməsi ilə bağlı qarşıya konkret tapşırıqlar qoyulub. Həmin tədbirlərdən biri inşaat sənayesi sektorunun ətraf mühitə zərərlərinin azaldılmasıdır. Bu baxımdan UN-HABITAT-la əməkdaşlıq Azərbaycanın “yaşıl tikinti” hədəflərinə çatmaqda mühüm fürsət sayıla bilər.

UN-HABITAT-ın azad ərazilərdə “ağıllı şəhər” quruculuğuna dəstəyi

UN-HABITAT işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası, keçmiş məcburi köçkünlərin dayanıqlı məskunlaşmasının təmin edilməsi istiqamətində də Azərbaycanla əməkdaşlıqda maraqlıdır. Təsadüfi deyildir ki, işğaldan azad edilmiş ərazilərdə müasir şəhər quruculuğu və bərpa işləri BMT-nin “Dayanıqlı inkişaf məqsədləri” təşəbbüsünün prinsipləri əsasında həyata keçirilir. Xüsusilə də Azərbaycan ilə UN-HABITAT arasında səmərəli əməkdaşlıq nümunəvi platformaya çevrilməkdədir və ölkəmizə inam və etimad daha da artır. Bu baxımdan təşkilat ən mötəbər tədbirlərini ölkəmizdə təşkil etməyə üstünlük verir. Bunun təzahürlərindən biri kimi 2026-cı ilin mayında BMT-nin ən yüksək səviyyəli tədbirlərindən biri olan 13-cü Ümumdünya Şəhərsalma Forumu Azərbaycana həvalə edilib. Bu isə Azərbaycanın ümumdünya urbanizasiya proseslərində rolunu daha da gücləndirəcək, regionun dayanıqlı inkişafına və ümumilikdə qlobal urbanizasiya məqsədlərinə mühüm töhfə verəcək.

Beləliklə, Xankəndi şəhərində keçirilən 3-cü Milli Şəhərsalma Forumunda Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, tətbiq olunan müasir şəhərsalma standartları və innovativ texnologiyalar, Azərbaycanın postmünaqişə dövründə əldə etdiyi nailiyyətlər, həmçinin müxtəlif ölkələrin qabaqcıl təcrübələrinə dair təqdimatlar ediləcək. Eyni zamanda, şəhərsalma üzrə tədqiqatlar aparan nüfuzlu akademik heyətin iştirakı ilə təşkil olunan müzakirələr bu sahədə bilik mübadiləsini gücləndirəcək, elmə əsaslanan dayanıqlı qərarların qəbuluna təkan verəcək.

Xankəndi Forumu məskunlaşma və şəhərlərin davamlı inkişafında yeni meyar və prinsipləri tətbiq etmək, eyni zamanda dünya ölkələri ilə bu sahədə fəal əməkdaşlığı əlaqələndirmək, qlobal sülhə, təhlükəsizliyə mühüm töhfə vermək baxımından uğurlu platforma rolunu oynayacaq.

ELBRUS CƏFƏRLİ

Paylaş:
Baxılıb: 4 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

3 badam, 1 qoz

15 Oktyabr 15:07  

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Gündəm

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31