Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Azərbaycan iqtisadiyyatı bərpa mərhələsində

Azərbaycan iqtisadiyyatı bərpa mərhələsində

23.10.2021 [10:05]

Bu gün ölkəmiz dördüncü sənaye inqilabının tələblərinə uyğun inkişaf edir

Azərbaycan iqtisadiyyatında 2020-ci ilin sonu-2021-ci ilin əvvəlindən başlayan bərpa prosesi son aylarda daha da qabarıq şəkildə nəzərə çarpır. Deyə bilərik ki, milli iqtisadiyyatımız postkonflikt dövründə və pandemiyanın davam etdiyi bir şəraitdə stabil və aybaay artan reabilitasiya mərhələsinə daxil olub. Azərbaycan Prezidenti İlham Əliyev işğaldan azad olunmuş ərazilərə növbəti səfəri çərçivəsində Füzulidə ictimaiyyət nümayəndələri ilə keçirdiyi görüşdə iqtisadiyyatımızda müşahidə edilən müsbət meylləri xüsusi olaraq diqqətə çatdırıb. “Bu gün Azərbaycan iqtisadiyyatı pandemiya böhranından sonra dirçəlir. Artıq mənə verilən məlumata görə, doqquz ayın rəqəmləri müsbətdir, iqtisadiyyat təxminən 5 faiz artıb, sənaye də artıb, qeyri-neft sənayesi isə təxminən 20 faiz artıb”, - deyə dövlət başçısı görüşdəki çıxışında bildirib.

Onu da vurğulayaq ki, milli iqtisadiyyatımızın inkişaf perspektivləri ilə bağlı müsbət proqnozlar, həmçinin nüfuzlu beynəlxalq reytinq agentliklərindən, o cümlədən də Beynəlxalq Valyuta Fondundan (BVF) gəlib. Belə ki, BVF Azərbaycan iqtisadiyyatının 2021-c il üzrə artımını 3 faiz həddində proqnozlaşdırır ki, bu da əvvəlki proqnozları üstələyir. BVF-nn dəyərləndirməsi Azərbaycan iqtisadiyyatına beynəlxalq səviyyədə güvənin artmasının ifadəsidir. Prosesləri izləyən və əvvəlki dövrlərdə qazanılan nəticələrin müqayisəsini aparan mütəxəssislərin qənaəti isə daha nikbindir. Məsələn, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib ki, milli iqtisadiyyatın artım tempi həm BVF-nin, həm də Dünya Bankının proqnozlarını əhəmiyyətli şəkildə üstələyir. “Artıq Azərbaycanda iqtisadi artım tempi “Dünya iqtisadi icmalı”nda Orta Şərq və Mərkəzi Asiya üçün proqnozlaşdırılan 4,1 faizlik həddi üstələyib”, - deyə mütəxəssis vurğulayıb.

Etibarlı “təhlükəsizlik yastığı” milli iqtisadiyyatımızı mənfi xarici təsirlərdən qoruyur

Məlum olduğu kimi, qlobal pandemiya bütün dünyada iqtisadi aktivlik üçün heç də münbit olmayan bir şərait formalaşdırıb. Ardıcıl qapanmalar, insanların əmək bazarına inteqrasiya imkanlarının məhdudlaşması öz fəsadlarını çox gözlətməyib - mal və xidmətlərə istelak azalıb və bu da son nəticədə iqtisadi fəallığın əhəmiyyətli dərəcədə aşağı düşməsi ilə nəticələnib. Verilən məlumatlara görə, dünya üzrə təxminən 150 dövlət ötən il pandemiya səbəbindən artan xərclərini qarşılamaqda çətinlik çəkdiyinə görə bir sıra sosial layihələrini ixtisara salıb və kömək üçün Dünya Bankına, Beynəlxalq Valyuta Fonduna müraciət edib. Azərbaycanda isə 2020-ci ildə - pandemiyanın geniş vüsət aldığı dövrdə belə problemlər yaşanmadı. Ölkəmiz heç kimdən kömək gözləmədən artan xərclərini özü qarşıladı və 5 milyon insanı - əhalimizin yarısını əhatə edən böyük sosial paketi reallaşdırmağa nail oldu. Bura onu da əlavə edək ki, ötən il ölkəmiz şanlı Zəfərlə başa vurduğu 44 günlük Vətən müharibəsini apardı və üç onillik ərzində düşmənin nəzarəti altında qalan torpaqlarını işğaldan azad etdi. Bu da respublikamız üçün böyükhəcmli xərclər demək idi.

Başqa bir reallığa da diqqət çəkmək istərdik. Müharibə başa çatdıqdan dərhal sonra Azərbaycan işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa işlərinə başladı. Hazırda bəhs olunan ərazilərə Böyük Qayıdışı təmin etmək üçün zəruri infrastruktur quruculuğu işləri intensiv şəkildə davam etdirilir. İşğaldan azad edilmiş ərazilərdə bərpa işlərinə təkcə 2021-ci il üçün 1,3 milyard dollar həcmində büdcə ayrılıb.

Sual yaranır: Bəs Azərbaycan bütün bu məsələlərin uğurla həll edilməsinə necə nail olur? Burada əsas amil qismində, heç şübhəsiz ki, Azərbaycanın güclü iqtisadiyyatı çıxış edir. Zamanında Prezident İlham Əliyevin siyasi iradəsi ilə aparılan islahatlar ölkəmizdə güclü iqtisadiyyat quruculuğu üçün bütün şərtləri təmin edib. Qısa müddətdə Azərbaycanın özünün iqtisadi və bu əsasda siyasi müstəqilliyini təmin etməsi böyük nailiyyətdir. Respublikamız müstəqillik illərində öz vəsaitlərindən səmərəli istifadə etməklə böyük həcmlərdə strateji valyuta ehtiyatları toplamağa nail olub. Bu gün Azərbaycan dünyada ən az xarici borcu olan ölkələr sırasında yer alır.

Bütün bu kimi amillər Azərbaycan iqtisadiyyatının etibarlı “təhlükəsizlik yastığı” qismində çıxış edir. Zamanında görülən tədbirlər sayəsində formalaşan “təhlükəsizlik yastığı” milli iqtisadiyyatımızı mənfi xarici təsirlərdən qoruyur. Təsadüfi deyil ki, nüfuzlu beynəlxalq reytinq agentlikləri Azərbaycanı MDB məkanında ən rəqabətqabiliyyətli iqtisadiyyata malik ölkə kimi dəyərləndirirlər. V.Qasımlı postkonflikt mərhələsində milli iqtisadiyyatımızda stabil bərpa proseslərinin müşahidə edilməsinin səbəbini, həmçinin yüksək sənayeləşmə tempində gördüyünü bildirib. Bu xüsusda fikirlərini diqqətə çatdıran mütəxəssis vurğulayıb: “Azərbaycanda ÜDM istehsalının 40,1 faizi sənayenin payına düşür ki, bu da orta dünya göstəricisindən (24,8 faiz) əhəmiyyətli dərəcədə üstündür. Müqayisə üçün deyim ki, sənayenin ÜDM-də payı Mərkəzi Avropa və Baltik ölkələrində 27,2 faiz, Avrozonada 21,5 faiz və OECD ölkələrində 21,1 faizdir. Azərbaycanda sənayenin strukturunda da qeyri-neft-qaz sektorunun xüsusi çəkisi daha sürətlə artır. Azərbaycan dördüncü sənaye inqilabının tələblərinə uyğun inkişaf edir”.

Pandemiya dövründə alınan qərarlar öz müsbət nəticələrini verir

Azərbaycan öz siyasətini zamanın dəyişən tələblərinə uyğun quran dövlətdir. Bu nöqteyi-nəzərdən Prezident İlham Əliyevin siyasi qətiyyəti sayəsində hələ ötən ildən başlayaraq milli iqtisadiyyatımızın postpandemiya dövrünə hazırlanması məqsədilə görülən tədbirlərin strateji önəmini ayrıca qeyd edə bilərik. Dövlət başçısı tərəfindən qarşıya qoyulan hədəf belə idi: “Biz elə addımlar atmalıyıq ki, postpandemiya dövrünə ən hazırlıqlı ölkələr sırasında olaq və dərhal, vaxt itirmədən yeni inkişaf dinamikasına sahib olaq”. Respublikamızın potensialı və reallıqları nəzərə alınmaqla reallaşdırılan tədbirlər həm hüquqi, həm də praktiki çərçivələri əhatə edir. Ötən il Prezident İlham Əliyevin imzaladığı bir sıra sənədlər əsasında respublikamızda pandemiya şəraitində meydana çıxan yeni çağırışlara adekvat olaraq iqtisadi siyasətin yeni strateji idarəetmə çərçivəsi formalaşdırıldı. Azərbaycan Respublikasının İqtisadi Şurasının yaradılması bu istiqamətdə atılan çox mühüm bir addım kimi səciyyələndirilə bilər.

Praktiki müstəvidə iqtisadiyyatın dayanıqlılığının və funksionallığının qorunması əsas məqsədlər sırasında yer alırdı. Buna nail olmaqdan ötrü ötən il respublikamızda iqtisadiyyata, xüsusilə də sahibkarlıq subyektlərinə böyük dəstək layihələri reallaşdırıldı. Həm dövlət, həm də özəl sektorda iş yerlərinin qorunması, kiçik və mikro sahibkarlara maliyyə dəstəyinin göstərilməsi belə tədbirlər sırasında yer alır. Ümumiyyətlə, pandemiya şəraitində milli iqtisadiyyatımızın qorunmasına hesablanan tədbirlərin əhatə dairəsi kifayət qədər genişdir. Sahibkarlıq subyektlərinə güzəştli kreditlərin tətbiq edilməsi, yeni proqram çərçivəsində banklar tərəfindən böyük həcmlərdə kreditlərin ayrılması, mövcud kreditlərin faizlərinin ödənişlərinə dəstək proqramının reallaşdırılması, vergi güzəştlərinin, ipoteka proqramının əhatə dairəsinin genişlənməsi buna misaldır. İqtisadiyyatımızda, həmçinin genişmiqyaslı şəffaflaşdırma tədbirləri görülür. Pandemiya dövründə respublikamızda əmək müqavilələrinin sayının artması unikal bir hadisədir. Bu o deməkdir ki, Azərbaycanda artıq kölgə iqtisadiyyatı keçmişə qovuşmaqdadır, ölkəmiz üzünü ağ iqtisadiyyata tutub. Yeni iqtisadi artım mənbələrinin yaradılması, investisiyaların cəlb olunması da İqtisadi Şuranın qarşısına qoyulan strateji məqsədlərdir. Müşahidə edilən proseslər Azərbaycanın yeni hədəflərə doğru inamla irəlilədiyini bir daha təsdiqləyir.

Mübariz ABDULLAYEV

 

 

Paylaş
Baxılıb: 143 dəfə

Xəbər lenti

Hamısına bax

Məqsəd keyfiyyətdir

02 Dekabr 11:00

Neftin qiyməti artıb

01 Dekabr 15:31

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31