Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Dövlət büdcəsi ağır yüklərdən xilas edilir

Dövlət büdcəsi ağır yüklərdən xilas edilir

03.11.2021 [10:26]

Dotasiyalar dövrü bitir, daha şəhər və rayonlar öz başlarını özləri saxlayacaqlar

Azərbaycan Prezidenti İlham Əliyev müxtəlif tədbirlərdə respublikamızda çox da uzaq olmayan keçmişin tipik mənzərəsi barədə dəfələrlə bəhs edib. Söhbət ondan gedir ki, bir vaxtlar ölkənin ayrı-ayrı rayonlarının və şəhərlərinin rəhbər şəxslərini tez-tez Prezident Administrasiyasının, Nazirlər Kabinetinin, Maliyyə Nazirliyinin və digər mərkəzi icra orqanlarının qapılarında görmək olardı. Onları paytaxta gəlməyə sövq edən əsas səbəb əksər hallarda təmsil etdikləri rayon və şəhərlər üçün maliyyə vəsaiti əldə etməklə bağlı olurdu. “10 il bundan əvvəl demək olar ki, rayonların mütləq əksəriyyəti dotasiya alırdı. Nə üçün? Çünki yerlərdə yığılan vəsait məmurların cibinə gedirdi, dövlət xəzinəsinə, dövlət büdcəsinə yox, məmurların cibinə. Gecə-gündüz elə burada, qapılarda fırlanıb, hansısa maddi dəstək, maddi yardım istəyənlərin sayı kifayət qədər çox idi, icra başçılarını nəzərdə tuturam”, - deyə Prezident İlham Əliyev Rafiq Cəlilovu Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı və Rəşad Tağıyevi Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı təyin olunmaları ilə əlaqədar videoformatda qəbul edərkən bildirib.

Bu mənzərə ölkəmizin dünəni idi. Bu gün isə Prezident İlham Əliyevin siyasi iradəsinə, Onun tərəfindən qarşıya qoyulan tələblərə uyğun olaraq vəziyyət əhəmiyyətli dərəcədə dəyişib. Dövlət başçısının bəhs olunan məsələ ilə bağlı tələbi isə kifayət qədər ciddidir. Bu xüsusda birmənalı mövqeyini diqqətə çatdıran Prezident İlham Əliyev vurğulayıb: “Biz elə etməliyik ki, ümumiyyətlə, rayonların inkişafı yerlərdə, bütün rayonlarda yığılan vəsait hesabına təmin olunsun”.

Yerlərdə vəsaitlərin “qara dəlik”dən harasa yoxa çıxmasının qarşısı qətiyyətlə alınır

İlham Əliyev qarşıya şəhər və rayonların öz vəsaitləri hesabına yaşamaları tələbini qoyarkən, ilk növbədə, ölkəmizdə ardıcıl şəkildə həyata keçirilən məqsədyönlü siyasətə istinad edir. Son 18 ildə respublikamızda regional inkişaf məsələləri daim dövlət siyasətinin prioritetləri sırasında yer alıb. Şəhər və rayonlarda iqtisadi fəallığın artırılması üçün bütün şərtlər təmin edilib ki, burada da 2004-cü ildən bəri Prezident İlham Əliyevin imzaladığı fərmanlarla təsdiqlənən regionların sosial-iqtisadi inkişafına dair müvafiq Dövlət proqramlarının xüsusi rolu olub. Qeyd edək ki, indiyədək respublikamızda üç belə Dövlət Proqramı uğurla reallaşdırılıb. Prezident İlham Əliyevin 29 yanvar 2019-cu il tarixində imzaladığı növbəti Fərmanla  “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” təsdiqlənib və hazırda bu proqramın da icrası yüksək səviyyədə təmin edilir.

Bəhs olunan Dövlət proqramlarının uğurla icra edilməsi bütün ölkədə müsbət reallıqlar yaradıb. Hazırda Azərbaycan infrastruktur təminatı baxımından dünyanın qabaqcıl ölkələri sırasındadır. Bu isə bölgələrdə həm iqtisadi fəallığın artması, həm də insanların həyat şəraitinin yaxşılaşması üçün əsas şərtlərdən biridir. Son illərdə bölgələrdə dövlət-özəl sektor tərəfdaşlığı çərçivəsində çoxsaylı istehsal müəssisələri, sənaye məhəllələri fəaliyyətə başlayıb. Eyni zamanda, regionlarda iri fermer təsərrüfatlarının, aqroparkların yaradılması geniş vüsət alıb. Bütün bunlar bir tərəfdən rayon və şəhərlərin gəlir imkanlarını artırır, digər tərəfdən isə vətəndaş məmnunluğunu yüksəldir.

Eyni zamanda, respublikamızda Prezident İlham Əliyevin aldığı mühüm qərarlar əsasında aparılan islahatlar da rayon və şəhərlərin gəlir imkanlarının artmasına müsbət təsir göstərir. Bu sırada respublikamızda “kölgə iqtisadiyyatı”na qarşı ciddi mübarizə aparılması, institusional və sərt cəza tədbirlərinin köməyi ilə korrupsiyanın, rüşvətxorluğun əhatə dairəsinin əhəmiyyətli dərəcədə kiçildilməsinin önəmini xüsusi olaraq vurğulamaq istərdik. Azərbaycan “ağ iqtisadiyyat”a üz tutub və bütün sahələrdə şəffaflığın təmin olunması ciddi şəkildə diqqət mərkəzində saxlanılır. Necə deyərlər, artıq şəhər və rayonlarda vəsaitlərin “qara dəlik”dən harasa yoxa çıxmasının qarşısı qətiyyətlə alınır. Nəticədə rayon və şəhərlərimizdə əldə olunan vəsaitlərə nəzarət etmək, onları zəruri sahələrə yönəltmək imkanları genişlənib.

Ölkə üzrə öz hesabına yaşayan rayon və şəhərlərin sayı artır

Necə deyərlər, niyyətin haradırsa, mənzilin də oradır. Faktlar əyani şəkildə təsdiqləyir ki, ölkəmiz Prezident İlham Əliyev tərəfindən müəyyənləşdirilən hədəflərinə doğru inamla irəliləyir. “Yeni Azərbaycan”a açıqlama verən Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, 2022-ci ilin dövlət büdcəsi haqqında qanun layihəsinə əsasən, gələn il cəmi 14 rayona vəsait ayrılacaq. 52 rayon və şəhər isə növbəti ildə dövlət büdcəsindən vəsait almayacaq və özünümaliyyələşdirmə prinsipi ilə işləyəcək.

“Layihəyə əsasən, Ağdam (dövlət büdcəsindən 4 milyon 980 min manat ayrılacaq), Balakən (1 milyon 612 min manat), Cəbrayıl (2 milyon 874 min manat), Goranboy (2 milyon 156 min manat), Xocalı (1 milyon 527 min manat), Xocavənd (1 milyon 540 min manat), Kəlbəcər (3 milyon 528 min manat), Qax (5 mi?yon 476 min manat), Laçın (2 milyon 416 min manat), Lerik (2 milyon 434 min manat), Oğuz (2 milyon 484 min manat), Yardımlı (2 milyon 103 min manat), Zəngilan (1 milyon 409 min manat) və Zərdab (2 milyon 917 min manat) vəsait alacaq. Dövlət büdcəsindən rayonlara gələn il cəmi 37 milyon 456 min manat vəsait ayrılacaq.

2022-ci ildə büdcədən vəsait alacaq 14 rayonun tən yarısı Qarabağ və Şərqi Zəngəzurda yerləşir. Qalanları isə respublikanın digər bölgələrindədir. İşğaldan azad olunan şəhər və rayonlarımızdan isə yalnız Şuşa, Füzuli və Qubadlı “özünü dolandıra” biləcək. Həmin rayonlarımıza mərkəzləşdirilmiş xərclərdən vəsaitin ayrılması nəzərdə tutulmayıb”, - deyə Vüqar Bayramov bildirib.

Milli Məclisin deputatı qeyd edib ki, özünü maliyyələşdirəcək rayonların sayının çox olması müsbət haldır. O, deyib: “Bu, dövlət büdcəsindən asılılığın aradan qaldırılmasına imkan yaradır. Hazırda əsas hədəflərdən biri də iqtisadiyyatın balanslı inkişafının dəstəklənməsi və region ilə paytaxt arasındakı iqtisadi fərqin mərhələli şəkildə azaldılmasıdır. Bu baxımdan, yaxın gələcəkdə özünü maliyyələşdirən rayonların daha çox dəyər yaratması olduqca vacibdir”.

Şəhər və rayonların

ÜDM-də payı yeni strateji mərhələdə daha da çoxalacaq

Regionların davamlı inkişafı 2021-2030-cu illəri əhatə edən yeni strateji mərhələdə də təmin olunacaq. Məlum olduğu kimi, Prezident İlham Əliyev 2 fevral 2021-ci il tarixində “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in təsdiq edilməsi haqqında Sərəncam imzalayıb. Bu sənəd  yeni sosial-iqtisadi inkişaf dövrü üçün yol xəritəsidir. Sənəddə növbəti onillikdə ölkənin sosial-iqtisadi inkişafına dair beş Milli Prioritet müəyyənləşdirilib. Diqqəti çəkən əsas məqamlardan biri odur ki, müəyyənləşdirilən yeni prioritetlər respublikamızda müvafiq Dövlət proqramları vasitəsilə uğurla reallaşdırılan regional inkişaf strategiyası ilə uzlaşır. Sənəddə əks olunan dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət prioriteti üzrə qarşıya qoyulan əsas məqsədlərdən biri paytaxt və regionların tarazlı inkişafının təmin edilməsi ilə bağlıdır. Uzunmüddətli dövrdə regionların inkişafının paytaxtın inkişaf səviyyəsinə uyğunlaşdırılması istiqamətində zəruri tədbirlər davam etdiriləcək. Sənəddə vurğulanır ki, regionlarda iqtisadi aktivliyin daha da artırılması üçün mövcud iş qüvvəsi və bütün resurslar tamamilə iqtisadi dövriyyəyə cəlb edilməlidir. Bu isə son nəticədə ölkə üzrə şəhər və rayonların ÜDM-də payının artırılmasını şərtləndirəcək.

Mübariz ABDULLAYEV

Paylaş
Baxılıb: 127 dəfə

Xəbər lenti

Hamısına bax

Prezident bu gün

04 Dekabr 00:11

Prezident bu gün

03 Dekabr 09:59

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31