Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Azərbaycan 2022-ci ildə də sosial siyasətinə sadiq qalacaq

Azərbaycan 2022-ci ildə də sosial siyasətinə sadiq qalacaq

13.11.2021 [09:29]

Milli Məclisin komitələrində “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi davam etdirilir. İndiyədək  Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin, həmçinin ayrı-ayrı komitələrin birgə iclaslarında baş tutan müzakirələrdə deputatlar,  mərkəzi icra qurumlarının təmsilçiləri tərəfindən çoxlu sayda təkliflər irəli sürülüb. Müzakirələrdə ifadə olunan ümumi qənaət ondan ibarətdir ki, gələn ilin dövlət büdcəsinin layihəsi müstəqil və qalib Azərbaycanın hazırkı inkişaf səviyyəsinə tam uyğundur və ölkəmizin gücünü, qüdrətini dolğun şəkildə təcəssüm etdirir. Layihədə postkonflikt dövründə ölkəmizin gündəliyində duran mühüm məsələlər, həmçinin yeni strateji dövrün çağırışları tam şəkildə nəzərə alınıb. Müzakirələrə qatılan deputatlar birmənalı şəkildə vurğulayıblar ki, beynəlxalq təcrübə nəzərə alınmaqla hazırlanan sənədin əsas konsepsiyası növbəti ildə də Azərbaycanın inkişafının davamlılığını təmin etməkdən və vətəndaş məmnunluğunu artırmaqdan ibarətdir.

Büdcəyə daxilolmaların strukturu dəyişəcək

Büdcə daxilolmalarının hansı mənbələrdən formalaşdığı həmişə aktual olub. Bəs 2022-ci ilin büdcəsində bu baxımdan hansı dəyişikliklər gözlənilir? Bu suala Maliyyə Nazirliyi tərəfindən “2022-2025-ci illər üçün makrofiskal çərçivə və 2022-ci il üçün icmal və dövlət büdcələrinin ilkin göstəricilərinə dair Açıqlama” sənədində aydınlıq gətirilib. Sözügedən sənəd 2022-ci ilə və ortamüddətli dövrə dair makroiqtisadi proqnozları, büdcə-vergi siyasətinin əsas istiqamətlərini, dövlət büdcəsinin prioritet gəlir və xərclərini, habelə dövlət borcuna dair əsas məlumatları özündə əks etdirir.

Gələn ilin dövlət büdcəsinin gəlirlərinin 52,4 faizi neft sektorunun, qalan  47,6 faizi isə qeyri-neft sektorunun payına düşəcək. Neft sektoru üzrə büdcə gəlirlərinin 85,7 faizini Dövlət Neft Fondundan transfertin, 14,3 faizini isə vergi orqanlarının xətti ilə neft sektorundan daxilolmaların təşkil edəcəyi proqnozlaşdırılır.

Təqdim olunan sənədə əsasən, gələn ilin dövlət büdcəsinə daxilolmaların strukturunda bir sıra dəyişikliklərin şahidi olacağıq. Rəqəmlərə istinadən deyə bilərik ki, 2022-ci ildə büdcə öhdəliyi cari illə müqayisədə ən çox artan qurum İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti olacaq. Belə ki, qurumun gələn il  cari ilin təsdiq edilmiş göstəricisinə nisbətən 26 faiz və ya 1 milyard 888 milyon manat daha çox vergi yığıb büdcəyə köçürməli olacağı proqnozlaşdırılır. Ekspertlər bunu postmüharibə dövründə, həmçinin yeni növ koronavirus pandemiyası səbəbindən tətbiq olunan məhdudiyyətlərin yumşaldılmasının məntiqi nəticəsi olaraq ölkədə iqtisadi aktivliyin artması ilə əlaqələndirirlər. Hazırda milli iqtisadiyyatımız bərpa mərhələsinə daxil olub və istehsal həcmləri getdikcə artır. 2021-ci ilin yanvar-sentyabr ayları üzrə sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi ötən ilin müvafiq dövrünə nisbətən 4,5 faiz artaraq 36,5 milyard manatdan çox olub. Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov məlumat verib. Nazir qeyd edib ki, bu müddətdə qeyri-neft sənayesi 19,6 faiz, qeyri-neft emal sənayesi isə 24,7 faiz artıb. Bütün bu kimi müsbət amillər vergi yığımının həcminə də öz müsbət təsirini göstərir.

Gələn ilin büdcəsinə daxilolmaların strukturunda, həmçinin Dövlət Gömrük Komitəsinin büdcə öhdəliyi artırılıb. Komitənin gələn il cari il üçün nəzərdə tutulduğundan 9,2 faiz və ya 360 milyon manat daha çox gömrük ödənişi toplamalı olacağı proqnozlaşdırılır. Bütün bunların müqabilində Dövlət Neft Fondundan büdcəyə transfertin həcmi azalacaq. Belə ki, qurum 2021-ci ildə nəzərdə tutulandan 2,9 faiz və ya 340 milyon manat daha az transfert edəcək.

Ekspertlər müvafiq qurumların gələn il büdcə öhdəliklərini artıqlaması ilə icra edəcəkləri ilə bağlı müsbət qənaətlərini bölüşürlər. Onlar öz fikirlərini əsaslandırarkən son illərin təcrübəsinə istinad edirlər. 2020 və 2021-ci illərdə Dövlət Vergi Xidmətinin və Dövlət Gömrük Komitəsinin xətti ilə büdcəyə əlavə vəsaitlər cəlb edilməsi mümkün olub. Həmin vəsaitlər bütünlüklə sosial islahatların həyata keçirilməsinə yönəldilib.

Bütövlükdə, gələn ildən başlayaraq, büdcəyə vergi daxilolmalarının əhəmiyyətli dərəcədə artırılması proqnozlaşdırılır. Bunu şərtləndirən amillərdən biri də vergi və gömrük rüsumlarının yığılmasında əvvəllər tətbiq olunan bir sıra güzəştlərin ləğv edilmə ehtimalının yüksək olmasıdır. Hazırda müvafiq qurumlar bu istiqamətdə dəyərləndirmələr aparır.

Xərclərin yeni yanaşma əsasında təsnifləşdirilməsi vacib şərtlərdən biridir

Bu arada Hesablama Palatası bir sıra vacib təkliflərlə çıxış edib. O cümlədən qurum dövlət büdcəsinin xərclərinin yeni yanaşma əsasında təsnifləşdirilməsinin, müdafiə olunan xərclərin strukturuna yenidən baxılmasının vacibliyini qeyd edib.

Qurumdan KİV-ə bildirilib ki, Hesablama Palatası beynəlxalq təcrübədə mövcud təlimatlar və ayrı-ayrı ölkələrin praktikası nəzərə alınmaqla “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə baxılaraq xərclərin hesablanılmasının yeni yanaşma (xərclərin məsrəflər və qeyri-maliyyə aktivlərinin artması kimi təsnif edilməsi) əsasında həyata keçirilməsini təklif edir. Eyni zamanda, qanunvericilikdə dövlət borcunun strukturunun təkmilləşdirilməsi ilə bağlı şərtlərin mövcudluğu şəraitində “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsində göstərilən istiqamətlərə yenidən baxılmaqla dövlətin daxili və xarici borclarına xidmətlə bağlı xərclərə zərurət yarandığı hallar üzrə bunun növbəti ilin dövlət büdcəsi haqqında Qanunu ilə tənzimlənməsi, sosialyönlülüyü ilə diqqət çəkən əhalinin dövlət büdcəsinin vəsaiti hesabına icbari tibbi sığortalanması xərclərinin bu maddəyə əlavə edilməsi rəydə təklif edilib.

Hesablama Palatası, həmçinin yenilənən büdcə qaydasında əvvəlki qaydaya xas risklərin aradan qaldırıldığını bildirib və bir sıra məqamlarla bağlı təkliflər verib. Məsələn, qurum 2022-ci ilin dövlət büdcəsinin layihəsinə Hesablama Palatasının rəyində mümkün risklərin qarşısının alınması məqsədilə Dövlət Neft Fondundan transfertə birbaşa məhdudiyyət qoyulması, qeyri-neft baza kəsirinin mütləq ifadədə müəyyənləşdirilməsi və təklif edilən qiymət məhdudiyyətinə yenidən baxılmasını tövsiyə edib.

Büdcədə sosial ödənişlər üçün zəruri təminatlar yaradılıb

“Cari ilin təsdiq olunmuş proqnozuna nisbətən 2022-ci ildə xərclər 1 milyarddan çox artacaq”.

Bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar, Elm və təhsil, Ailə, qadın və uşaq məsələləri, Səhiyyə və Mədəniyyət komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib.

Nazir dövlət büdcəsinin xərclər istiqamətində sosial sferanın prioritetliyinin gələn ildə də təmin olunacağına diqqət çəkib. Qurum rəsmisi məlumat verərək bildirib ki,  respublikamızda son 3 ildə əməyin ödənişi xərcləri 1,8 dəfə artıb. “Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, gələn il ölkədə əməkhaqlarının, sosial müavinətlərin, təqaüdlərin artırılması üçün 2022-ci ilin dövlət büdcəsində vəsait nəzərdə tutulub. Bu tapşırığın həyata keçirilməsi üçün dövlət büdcəsində 1 milyard 440 milyon manat məbləğində maliyyə təminatı yaradılıb”, - deyə maliyyə naziri Samir Şərifov vurğulayıb.

Deyilənlər bir daha təsdiqləyir ki, Azərbaycan 2022-ci ildə də özünün dərinməzmunlu sosial siyasətinə sadiq qalacaq.

Mübariz ABDULLAYEV

Paylaş
Baxılıb: 129 dəfə

Xəbər lenti

Hamısına bax

Məqsəd keyfiyyətdir

02 Dekabr 11:00

Neftin qiyməti artıb

01 Dekabr 15:31

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31