Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Azərbaycanda pul bazası artıb

Azərbaycanda pul bazası artıb

17.11.2021 [10:21]

Gələn ilin dövlət büdcəsi qarşıya qoyulan strateji vəzifələrin yerinə yetirilməsinə zəmin yaradır

Son illərdə Azərbaycanın həyatı bir sıra fundamental dəyişikliklərlə əlamətdar olub. Ötən il respublikamız Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində böyük Zəfərə imza atdı və özünün ərazi bütövlüyünü təmin etdi. Hazırda işğaldan azad olunmuş ərazilərdə bərpa işləri və Böyük Qayıdış üçün zəruri infrastruktur quruculuğu intensiv şəkildə davam etdirilir. Bütün bunlar müstəqil Azərbaycanın imkanlarını təcəssüm etdirir. Ölkəmizdə ardıcıllıqla həyata keçirilən məqsədyönlü siyasət Azərbaycanı hər cəhətdən güclü dövlətə çevirib.

Eyni zamanda, Azərbaycan ötən illərdə sosial-iqtisadi inkişaf sahəsində qazanılan uğurları 2021-2030-cu illəri əhatə edən yeni strateji mərhələdə daha da möhkəmlətmək əzmi ortaya qoyur. Bəhs olunan strateji dövrdə ölkəmizin sosial-iqtisadi inkişafı baxımından çox aktual olan prioritetlər müəyyənləşdirilib. O cümlədən iqtisadiyyatın dayanıqlılığını təmin etmək və onun bütün sahələrinə özəl sektoru cəlb etmək, neftdən asılılığı aradan qaldırmaq və insan kapitalının inkişafı, əhalinin sosial vəziyyətinin daha da yaxşılaşdırılması qarşıya qoyulan əsas vəzifələr sırasında yer alır. Milli Məclisdə müzakirələrə təqdim olunan 2022-ci ilin dövlət büdcəsinin layihəsinə istinadən deyə bilərik ki, Azərbaycan növbəti ildə də bütün sahələrdə inkişafın ardıcıllığına nail olacaq. Azərbaycanın müstəqillik tarixinin ən böyük büdcəsinin xərclər hissəsi 30 milyard manata yaxındır. Bu xərclər əsasən dövlətin əsas funksiyalarının təmin edilməsinə, o cümlədən müdafiə və təhlükəsizlik, sosial təminat, səhiyyə, təhsil və dövlət borcuna xidmətlə bağlı xərclərin maliyyələşdirilməsinə, eləcə də iqtisdadi artımın davamlılığının dəstəklənməsinə yönəldiləcək. Parlamentin dünən keçirilən plenar iclasında Milli Məclisin sədri Sahibə Qafarovanın da bildirdiyi kimi, gələn ilin dövlət büdcəsi və ona daxil olan sənədlər ölkənin reallıqlarını dolğun əks etdirir. “Gələn ilin dövlət büdcəsi qarşıya qoyulan strateji vəzifələrin yerinə yetirilməsinə zəmin yaradır”, - deyə spiker vurğulayıb.

Qeyd edək ki, Milli Məclisin payız sessiyasının növbəti plenar iclasında 2022-ci ilin dövlət büdcəsi zərfinə daxil olan qanun layihələri və digər qanunlara dəyişikliklərlə bağlı layihələr birinci oxunuşda müzakirə edilib. Parlamentin noyabrın 16-dan 18-dək keçiriləcək iclaslarının gündəliyinə 24 məsələ daxil edilib. Milli Məclisin bəhs olunan plenar iclasında bir sıra mərkəzi icra orqanlarının rəhbərləri gələn ilin dövlət büdcəsi ilə bağlı öz fikirlərini bildiriblər və təkliflər irəli sürüblər. Müzakirələr zamanı Hesablama Palatasının sədri Vüqar Gülməmmədov bildirib ki, gələn ilin dövlət büdcəsi “Büdcə sistemi haqqında” Qanunun tələblərinə riayət olunmaqla tərtib edilib. “2022-ci ilin dövlət büdcəsi haqqında” qanun layihəsi “Büdcə sistemi haqqında” Qanunu ilə müəyyənləşdirilən tələblərə riayət olunmaqla tərtib edilib. Dövlət büdcəsinin layihəsi ilə birlikdə hazırlanan və təqdim olunan sənədlərin siyahısı əvvəlki illərlə müqayisədə artırılıb, izahatlara daxil edilib, məlumatların keyfiyyət və həcmi nisbətən yüksəldilib. Eyni zamanda, tərəfimizdən təqdirəlayıq hal kimi qiymətləndirilən bu addımların “Büdcə sistemi haqqında” Qanunda bu sahədə hər hansı bir dəyişikliyin olmaması fonunda atıldığını da vurğulamaq lazımdır”, - deyə Hesablama Palatasının rəsmisi bildirib.

Fikirlərinə davam edən Vüqar Gülməmmədov qeyd edib ki, dövlət maliyyəsi üzərində parlament nəzarətinin tam və əhatəli olması, ilk növbədə, icmal büdcənin və onun tərkib hissələrinin layihəsi və icrası ilə bağlı müzakirələrdə istinad edilən sənəd və məlumatların çeşidindən, həmçinin məlumatlılıq səviyyəsindən asılıdır. Müzakirə üçün təqdim edilən sənədlər büdcə gəlirləri ilə bağlı qiymətləndirmələrin aparılmasına daha münbit şərait yaradıb.

Parlamentin gələn ilin dövlət büdcəsi layihəsinin müzakirələrinin aparıldığı plenar iclasında Mərkəzi Bankın sədri Elman Rüstəmovun sənədlə bağlı səsləndirdiyi fikirlər də diqqət çəkib. Qurum rəsmisi postmüharibə və pandemiya dövrünün ortaya çıxartdığı çağırışlardan bəhs edib. “Növbəti il üçün olan proqnozlar tam şəkildə makroiqtisadi sabitlik sistemində qurulub. Postmüharibə və postpandemiya dövründə böyük maliyyə çağırışları büdcə xərclərinin artmasını tələb edir. Burada əsas strateji çağırış iqtisadiyyatın neftdən asılılığının azalmasını şərtləndirir. Yaxın gələcəkdə bütövlükdə makroiqtisadi sistemin qəbul ediləcək yeni strategiyaya uyğunlaşdırılması gözlənilir”, - deyə Elman Rüstəmov bildirib.

Milli Məclisdə aparılan müzakirələrdə parlamentarilər və mərkəzi icra qurumlarının təmsilçiləri indiki mərhələdə milli iqtisadiyyatımızda müşahidə edilən meyilləri müsbət dəyərləndiriblər. Müharibənin başa çatmasından ötən bir ildə milli iqtisadiyyatımız bərpa mərhələsinə daxil olub. Cari ildə respublikamızda ÜDM istehsalında 5 faizlik artım gözlənilir. Bundan daha yaxşı göstəricilər isə qeyri-neft sənayesində qeydə alınıb. Xarici mənfi şokların təsiri ilə səciyyələnən indiki mərhələdə bu artım iqtisadiyyatımızın rəqabət qabiliyyətinin güclü olduğunu təsdiqləyir. Bu kimi amillər ölkəmizdə sosial-iqtisadi inkişafın davamlılığına müsbət təsir göstərir. E.Rüstəmov bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə hazırlanmış antiböhran proqramı 2020-ci ildə iqtisadi tənəzzülün qarşısını alıb və 2021-ci ildə iqtisadi artıma səbəb olub. Tikinti sahəsi istisna olmaqla, cari ildə bütün sahələrdə artım müşahidə edilib. O, həmçinin deyib ki, milli valyutanın məzənnəsi ilin əvvəlindən sabit qalıb. Cari ildə Azərbaycanda pul bazası artıb.

Milli Məclis Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 5-ci bəndini rəhbər tutaraq 2022-ci il dövlət büdcəsi haqqında qanun layihəsini birinci oxunuşda qəbul edib.

M.ABDULLAYEV

Paylaş
Baxılıb: 109 dəfə

Xəbər lenti

Hamısına bax

Məqsəd keyfiyyətdir

02 Dekabr 11:00

Neftin qiyməti artıb

01 Dekabr 15:31

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31