Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / İnvestisiya potensialımız dünyaya təqdim olunur

İnvestisiya potensialımız dünyaya təqdim olunur

18.11.2021 [10:39]

Yeni ərazilər, yeni sərmayələr...

26 il - 150,4 mlrd.dollar xarici investisiya

Bu günlərdə Bakı Konqres Mərkəzində 25-ci Beynəlxalq Biznes Forumu (İBF - İnternational Business Forum) keçirilib. Bundan əvvəl - oktyabrın son ongünlüyündə isə paytaxtımızda Azərbaycan İnvestisiya və Mədəniyyət Sammiti baş tutub. Təşkilatçılar qismində İqtisadiyyat və Mədəniyyət nazirlikləri, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə yanaşı, ayrı-ayrı beynəlxalq təşkilatların, o cümlədən İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumunun (ICYF), Türkiyə Respublikasının Ticarət Nazirliyinin, Türkiyənin Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin (MÜSİAD) və İBF-in də yer aldığı bu beynəlxalq miqyaslı tədbirlərə həm ölkə daxilində, həm də xaricdə maraq kifayət qədər böyük olub. Tədbirlərə ayrı-ayrı ölkələrdən çoxsaylı dövlət rəsmilərinin, iş adamlarının, investorların, beynəlxalq təşkilatların və diplomatik korpusun nümayəndələrinin qatılmaları bunu bir daha təsdiqləyir. 

Postmüharibə dövründə Bakıda belə mötəbər tədbirlərin keçirilməsində əsas məqsədlərdən biri isə Azərbaycanın investisiya imkanlarını, o cümlədən işğaldan azad olunmuş ərazilərimizin zəngin potensialını özəl sektora və xarici sərmayədarlara təqdim etmək, iştirakçı ölkələr arasında iqtisadi-ticarət əlaqələrini, biznes sahəsində əməkdaşlığı genişləndirməkdir.  “Azərbaycan: Asiyanın incisi” şüarı ilə keçirilən forumun açılışında iqtisadiyyat naziri Mikayıl Cabbarov ölkəmizin ilk dəfə Beynəlxalq Biznes Foruma ev sahibliyi etməsinin əlamətdar hadisə olduğunu diqqətə çatdıraraq, tədbirin Azərbaycanın biznes və investisiya mühitinin geniş investor auditoriyasına tanıdılması, yerli və xarici investorlar arasında əlaqələrin inkişafı, innovativ təşəbbüslərin formalaşması və yeni layihələrin reallaşdırılması üçün geniş imkanların yaradılması baxımından əhəmiyyətini qeyd edib.

İnvestisiya qoymaq üçün əlverişli məkan

Bu, bir həqiqətdir ki, investorlar heç vaxt öz sərmayələrini ixtiyari bir ölkəyə yönəltmək və küləyə vermək istəmirlər. Ölkələrin sərmayə cəlbediciliyini şərtləndirən bir sıra amillər var. Azərbaycana gəldikdə isə, Prezident İlham Əliyevin də dəfələrlə vurğuladığı kimi, ölkəmizdə investisiya iqlimi çox müsbətdir. Burada həm təbii amillərin, həm də dövlətin ardıcıllıqla həyata keçirdiyi siyasətin önəmini vurğulaya bilərik. Azərbaycanın əlverişli coğrafi mövqeyi, Şimal-Cənub və Şərq-Qərb dəhlizlərinin buradan keçməsi, quru və su sərhədlərinə malik olması ölkəmizin investisiya cəlbediciliyini artıran təbii amillərdir. Respublikamızda uzunmüddətli daxili sabitliyin olması da burada çox vacib rol oynayır. Ölkəmizdə siyasi varislik təmin edilir, xalq-iqtidar birliyi yüksək səviyyədədir, risk amilləri sıfıra bərabərdir ki, bütün bunlar da investorlarda sərmayələrinin qorunacağına böyük inam yaradır. Azərbaycanın investisiya cəlbediciliyindən söhbət açarkən son 18 ildə Prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsi əsasında bütün ölkə üzrə müasir infrastrukturun yaradılmasının önəmini ayrıca qeyd edə bilərik. Hazırda respublikamız infrastruktur təminatı baxımından dünyanın qabaqcıl ölkələri sırasında yer alır ki, bu da böyük uğurdur. Respublikamızda müxtəlif təyinatlı infrastruktur obyektləri bir qayda olaraq dövlət əsaslı vəsait qoyuluşu ilə həyata keçirilir. Sonradan yerli və xarici investorlar müasir infrastrukturdan bəhrələnməklə müxtəlif sahələrə məmnuniyyətlə sərmayələr yönəldirlər.

Bütün bunlarla paralel şəkildə, respublikamızda dövlət, şəxsən Prezident İlham Əliyev ölkənin investisiya iqliminin cəlbediciliyinin artırılmasına, xüsusilə də sərmayələrin qorunmasına güclü siyasi qətiyyət nümayiş etdirir. Belə yanaşmanın nəticəsidir ki, respublikamızda iqtisadiyyata müxtəlif mənbələrdən sərmayələrin cəlb edilməsi üçün mükəmməl qanunvericilik bazası formalaşdırılıb. Prezident İlham Əliyev təkcə son illərdə ölkəmizdə investisiya fəaliyyətinin genişləndirilməsini hədəfləyən çoxsaylı Fərman və sərəncamlar imzalayıb. O cümlədən qeyri-neft iqtisadiyyatına birbaşa xarici investisiyalar cəlb etməklə daxili istehsalın rəqabət qabiliyyətinin gücləndirilməsi, idxalın əvəzlənməsi fəaliyyətinin dəstəklənməsi və yerli məhsullarla özünü təminetmə səviyyəsinin daha da yüksəldilməsi, qeyri-neft sektorunun ixrac imkanlarının artırılması Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanı ilə təsdiq edilmiş milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrində strateji məqsədlər olaraq müəyyən edilib. Sərəncamda  ölkənin investisiya cəlbediciliyinin artırılması ilə bağlı müəyyənləşdirilən strateji məqsədlərə çatmaq, o cümlədən də  ölkədə istehsal edilməyən yeni rəqabətqabiliyyətli məhsulların istehsalının təşkili üçün “Azərbaycanda ilk” (“First in Azerbaijan”) investisiya təşviqi mexanizminin, eləcə də ölkə iqtisadiyyatına birbaşa investisiyalar cəlb edilməsinin dəstəklənməsi məqsədilə “Azərbaycana sərmayə” (“Invest in Azerbaijan”) mexanizmlərinin tənzimlənməsi qaydaları ilə bağlı mühüm müddəalar yer alıb.

Milli iqtisadiyyatımıza sərmayə qoyuluşunun yüksək səviyyədə dəstəklənməsi, səmərəli investisiya təşviqi mexanizminin işə salınması öz müsbət nəticəsini verir. Yuxarıda qeyd olunan tədbirlərdə respublikamızda iqtisadiyyatın müxtəlif sahələrinə yerli və xarici mənbələrdən yönəldilən investisiyalar barədə ətraflı bəhs edilib. Bakıda keçirilən 25-ci Beynəlxalq Biznes Forumda iqtisadiyyat naziri Mikayıl Cabbarov məlumat verərək bildirib ki, 1995-ci ildən bu ilin yarısınadək Azərbaycana 296,3 milyard dollardan çox investisiya yatırılıb ki, bunun da 150,4 milyard dolları xarici investisiyanın payına düşür.

İnvestisiya qoyuluşunun artması öz növbəsində milli iqtisadiyyatımızın dinamik inkişafına və yeni hədəflərə yaxınlaşmasına müsbət təsir göstərib. Tədbirlərdə də diqqətə çatdırıldığı kimi, hazırda Azərbaycanın strateji valyuta ehtiyatları 52 mlrd. ABŞ dollarını ötüb ki, bunun da ÜDM-ə nisbəti 108%-dir və xarici dövlət borcunu 6 dəfədən çox üstələyir. Bu ilin yanvar-sentyabr aylarında ÜDM 4,8%, qeyri-neft sektorunda isə 6,2% artıb. ÜDM-də qeyri-neft sektorunun payı 64% təşkil edib. Sənayenin inkişafına xüsusi diqqət yetirildiyini qeyd edən iqtisadiyyat naziri bu sahədə sənaye zonaları, investisiya təşviqi sənədi kimi mütərəqqi alət və mexanizmlərin tətbiq edildiyini diqqətə çatdırıb, sənaye zonalarına 6,7 mlrd. manat investis?ya yatırımının nəzərdə tutulduğunu, artıq 6,3 mlrd. manat investisiya qoyuluşunun həyata keçirildiyini bildirib.

İnvestorlar hansı sahəyə maraq göstərirlər?

Hazırda Azərbaycanın gündəliyinin əsas məsələsi ötən il Vətən müharibəsində işğaldan azad edilmiş ərazilərin bərpası və ora Böyük Qayıdışın təmin edilməsi ilə bağlıdır. Müharibənin başa çatmasından sonra ötən bir ildə işğaldan azad edilmiş ərazilərdə görülən işlər güclü dövlət olan Azərbaycanın Böyük Qayıdışı da qısa müddətdə və yüksək səviyyədə təmin edəcəyinə əminlik yaradır.

İşğaldan azad edilmiş ərazilərdə aparılan bərpa işlərinə və zəruri infrastruktur quruculuğuna dövlət tərəfindən böyük həcmlərdə maliyyə vəsaiti ayrılır.  Son bir neçə gündə Milli Məclisdə müzakirəsi aparılan 2022-ci ilin dövlət büdcəsinin layihəsində qeyd olunan istiqamətdə işlərin davam etdirilməsi üçün dövlət büdcəsindən 2,2 milyard manat vəsait ayrılması nəzərdə tutulub.

Eyni zamanda, işğaldan azad edilmiş ərazilərə özəl sektorun, xarici şirkətlərin investisiyalar yönəltmələri də təşviq olunur. Artıq büdcədənkənar investisiyalar hesabına reallaşdırılacaq bir sıra infrastruktur layihələrinin icrası ilə bağlı ye?li və xarici şirkətlərlə müqavilələr də imzalanıb.  Yeri gəlmişkən, İnvestisiya və Mədəniyyət Sammiti çərçivəsində keçirilən panel müzakirələrindən biri “Qarabağa investisiya qoyuluşu: perspektivlər” mövzusunda olub.  Bütövlükdə indiyədək Qarabağda biznes qurmaq üçün 900-dək müraciət qeydə alınıb. “Hazırda işğaldan azad edilmiş ərazilərimizdə biznes qurmaq istəyən sahibkarların, o cümlədən xarici iş adamlarının biznes layihələri Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən toplanılır”. Bu barədə agentliyin İdarə Heyətinin sədri Orxan Məmmədov 25-ci Beynəlxalq Biznes Forumunda deyib. O, qeyd edib ki, müraciətlərin intensivliyi və həcmi yerli və xarici investorların Qarabağda biznes fəaliyyətinə marağının yüksək olduğunu göstərir. “KOBİA olaraq biz bütün tələb olunan addımlarda dəstək göstərməyə, o cümlədən müvafiq qurumlarla əlaqələndirmə işlərinə və etibarlı yerli tərəfdaşların müəyyən edilməsinə köməklik göstərməyə hazırıq”, - deyə O.Məmmədov vurğulayıb.

Mübariz ABDULLAYEV

 

 

 

Paylaş
Baxılıb: 127 dəfə

Xəbər lenti

Hamısına bax

Məqsəd keyfiyyətdir

02 Dekabr 11:00

Neftin qiyməti artıb

01 Dekabr 15:31

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31