Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Qarabağın hava qapıları

Qarabağın hava qapıları

03.12.2021 [10:07]

İşğaldan azad edilmiş ərazilərdə üç hava limanının inşası Azərbaycana hansı üstünlüklər qazandırır?

Mübariz ABDULLAYEV

Postmüharibə mərhələsində Azərbaycanın gündəliyində dayanan əsas məsələlərdən biri işğaldan azad edilmiş ərazilərin bərpası ilə bağlıdır. Bəhs olunan ərazilərə Böyük Qayıdışın təmin edilməsi respublikamızda 2021-2030-cu illəri əhatə edən yeni strateji mərhələ üçün hədəflənən beş prioritetdən biri kimi müəyyənləşdirilib. Azərbaycan üç onilliyi əhatə edən işğal dövründə tamamilə dağıdılan ərazilərin bərpasını qısa müddətdə və yüksək səviyyədə həyata keçirmək əzmindədir. Qarşıda duran işlərin həcmi, miqyası çox böyükdür. Söhbət təxminən 10 min kvadratkilometri əhatə edən ərazilərin bərpasından gedir.

Hazırda Böyük Qayıdışın təmin edilməsi, həmçinin həmin ərazilərin iqtisadi potensialının ölkə iqtisadiyyatına reinteqrasiyası üçün zəruri olan infrastrukturun yaradılması istiqamətində işlər intensiv şəkildə davam etdirilir. Müasir yanaşmalar əsasında reallaşdırılan layihələr sırasında bölgədə mükəmməl yol-nəqliyyat infrastrukturunun qurulması, o cümlədən üç beynəlxalq səviyyəli hava limanının inşası xüsusilə diqqət çəkir.

Ümumiyyətlə, zəruri yol-nəqliyyat infrastrukturu qurulmadan bəhs olunan ərazilərin bərpasını, insanların bura köçürülməsinı, perspektiv inkişafı təsəvvür etmək belə mümkün deyil. Füzulidə, Zəngilanda və Laçında olmaqla üç beynəlxalq səviyyəli hava limanının inşası bir sıra nöqteyi-nəzərdən önəmlidir. Hava limanlarının Azərbaycanın Ermənistanla sərhəd bölgələrində möhkəmlənməsi üçün yeni imkanlar açacağının əhəmiyyətini xüsusi qeyd etmək lazımdır. Bu, respublikamız üçün strateji önəm daşıyır. Məlumdur ki, bəhs olunan ərazilər çətin keçilən reylef şəraitinə malikdir. Xüsusilə qış aylarında buraya nəqliyyat vasitələrinin gediş-gəlişi çətinləşir. Qarabağda üç məkanda yaradılan hava limanları yenidən qurulan yüksək səviyyəli yollarla birlikdə bu çətinliyə birdəfəlik son qoyacaq və yayda, isti havalarda olduğu kimi, qış aylarında da Kəlbəcərə, Laçına, Qubadlıya, Zəngilana və digər yaşayış məntəqələrinə gediş-gəlişi mümkün edəcək.

İşğaldan azad edilmiş ərazilərdə üç hava limanının inşasının önəmini şərtləndirən digər bir mühüm amilə diqqət yetirək. Qalib Azərbaycan Şərqi Zəngəzuru regional haba çevirmək niyyətindədir. Ötən il noyabrın 10-da və cari il yanvarın 11-də imzalanan, həmçinin bu günlərdə Soçidə verilən üçtərəfli ?əyanatlara əsasən, Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı birləşdirəcək kommunikasiyalar açılacaq və bu dəhliz Türkiyəyə qədər uzanacaq. Söhbət əslində regionda yaranan yeni reallıqlardan, Xəzər-Qara dəniz hövzələri və daha geniş coğrafiyada formalaşacaq əlverişli, rəqabətqabiliyyətli daşıma-logistika-tranzit  imkanlarından gedir. Bu, bölgənin bütün dövlətləri üçün  böyük iqtisadi üstünlük deməkdir. Şübhəsiz ki, yeni reallıqların formalaşmasında Azərbaycanın rolu və mövqeyi aparıcıdır. Ölkəmiz Avrasiya məkanında cəlbedici nəqliyyat dəhlizinin formalaşmasında dominantlıq mövqeyini mükəmməl infrastruktur yaratmaqla möhkəmləndirmək istəyir. Ölkəmizin ərazisindən keçən Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinə inteqrasiya ediləcək hava limanları yeni yaradılacaq Zəngəzur dəhlizinin çox mühüm həlqələrini təşkil edəcək. Dünyanın dörd bir tərəfindən yeni aeroportlara çatdırılacaq yüklər buradan digər beynəlxaq səviyyəli marşrutlara istiqamətləndiriləcək.

Başqa aktual bir məsələ daxili daşımalarla bağlıdır. İşğaldan azad edilən ərazilərdə bərpa işlərinin genişlənməsi ilə əlaqədar oraya daha böyük həcmlərdə yüklərin çatdırılmasının zəruriliyi getdikcə artır. Hava limanları bu tələbatı qarşılayacaq. Eyni zamanda, işğaldan azad edilmiş ərazilərdə yaşayacaq və yaxud Şuşanı, Kəlbəcəri, Laçını, Qubadlını, Zəngilanı, Cəbrayılı, Ağdamı görmək, turist kimi bu yerlərə səfərlərə getm?k istəyən insanlar üçün gediş-gəliş rahat, asan və əlçatan olacaq.

İşğaldan azad olunmuş ərazilərdə üç hava limanının inşası, həmçinin hərbi nöqteyi-nəzərdən də çox önəmlidir. Müharibə başa çatandan sonra Azərbaycan dövlət sərhədləri boyunca yeni zastavalar inşa edir. Onlardan bir neçəsi Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilib. Yeni tikilən aeroportlar sərhəd bölgələrimizə hərbi təyinatlı yüklərin operativ qaydada çatdırılmasını təmin edəcək. Prezident İlham Əliyev birinci xanım Mehriban Əliyeva ilə birlikdə qatıldığı Laçın Beynəlxalq Hava Limanının təməlinin qoyulması mərasimindəki çıxışında işğaldan azad edilmiş ərazilərdə beynəlxalq səviyyəli hava limanlarının inşa olunmasının önəminə xüsusi diqqət çəkib. Bu xüsusda fikirlərini bildirən dövlətimizin başçısı “Zəngilan, Laçın, Füzuli hava limanlarının inşa edilməsi və istismara verilməsi bölgənin canlanmasına gətirib çıxaracaq. Bu hava limanlarının həm yüklər, həm sərnişinlər, eyni zamanda, hərbi təyinatı da, təbii ki, göz önündədir. Biz daim hazır olmalıyıq, daim öz hərbi gücümüzü artırmalıyıq, hərbi infrastruktur yaratmalıyıq və yaradırıq, o cümlədən hava limanları bizim hərbi məqsədlərimizə də xidmət edəcək”, - deyə vurğulayıb.

Qarabağa üç istiqamətdən açılan hava qapılarının inşası nəzərdə tutulan cədvəl üzrə həyata keçirilir. Füzuli Beynəlxalq Hava Limanı oktyabrın 26-da Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə istifadəyə verildi.  Hava limanının istənilən tip hava gəmisini qəbul etmək imkanları var. Uçuş-enmə zolağının uzunluğu 3000, eni isə 60 metrdir. Hava limanının müasir infrastrukturla təchiz olunan terminalı saatda ən azı 200 sərnişinin buraxılışına imkan verir. Qeyd edək ki, Füzuli Beynəlxalq Hava Limanına ilk uçuşlar uğurla baş tutub. Belə ki, “Azərbaycan Hava Yolları”na məxsus ən böyük “Airbus A340-500” tipli sərnişin təyyarəsi, həmçinin “Silk Way” aviaşirkətinə məxsus ən böyük yük təyyarələrindən biri olan “Boeing 747-400” tipli hava gəmisi hava limanına müvəffəqiyyətlə enişlər ediblər.

Hazırda Zəngilanda və Laçında inşa olunan beynəlxalq səviyyəli hava limanlarının inşası da uğurla davam etdirilir. Hər iki hava limanının təməli Prezident İlham Əliyevin iştirakı ilə qoyulub. Bu hava limanlarının tikintisində də dünyada mövcud olan ən müasir standartlar tətbiq edilir və qabaqcıl şirkətlərin istehsal etdikləri avadanlıqlardan istifadə olunur. İşğaldan azad edilmiş ərazilərdə üç beynəlxalq səviyyəli hava limanının inşası Azərbaycan dövlətinin gücünü nümayiş etdirir.

 

 

 

 

 

Paylaş
Baxılıb: 194 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

İqtisadiyyat

İqtisadiyyat

Siyasət

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31