Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Azərbaycan və Türkiyə arasında enerji əməkdaşlığı

Azərbaycan və Türkiyə arasında enerji əməkdaşlığı

28.12.2021 [10:13]

Mübariz ABDULLAYEV

Azərbaycan və Türkiyə arasında iqtisadi sahədə də əməkdaşlıq əlaqələri uğurla inkişaf edir. Hər iki tərəfdən investisiya qoyuluşunun ilbəil artması qarşılıqlı inamın ifadəsidir. Hazırda Türkiyədə Azərbaycan kapitallı 2 minə yaxın şirkət fəaliyyət göstərir. İndiyədək ölkəmizin Türkiyəyə yönəltdiyi sərmayələrin həcmi 19 milyard dollardan çoxdur. Eyni zamanda, qardaş ölkə də Azərbaycanda investisiya fəallığını getdikcə artırır. İndiyədək Türkiyə şirkətləri respublikamızda 15,4 milyard dollar həcmində podrat layihələrini reallaşdırıblar. Ölkələrimiz qarşıya 2023-cü ilədək ticarət dövriyyəsinin həcmini 15 milyard dollara çatdırmaqla bağlı hədəf qoyublar və bu hədəfə çatmaq tam realdır.

Türkiyənin qaz bazarına nə qədər “mavi yanacaq” ötürülüb?

Azərbaycanla Türkiyə arasında iqtisadi sahədə əməkdaşlıq çoxvektorludur. Enerji sektorunda əməkdaşlıq iki ölkə arasında iqtisadi əlaqələrin mühüm qolunu təşkil edir. Bu barədə Azərbaycanın energetika naziri Pərviz Şahbazov və Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönməzin həmsədrliyi ilə baş tutan Azərbaycan-Türkiyə ? Enerji Forumunda ətraflı bəhs olunub. İki gün davam edən Forum Azərbaycan ilə Türkiyə arasında iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiya çərçivəsində, strateji enerji əməkdaşlığının daha da möhkəmləndirilməsi məqsədilə təşkil edilib. Forumda açılış nitqi ilə çıxış edən energetika naziri Pərviz Şahbazov Azərbaycan-Türkiyə I Enerji Forumunu zirvədə olan Azərbaycan-Türkiyə münasibətlərinin enerji sahəsində də müttəfiqlik səviyyəsinə yüksəlməsini dəstəkləyən platforma kimi qiymətləndirib.

İndiyədək Azərbaycan  və Türkiyənin birgə səyləri sayəsində bir neçə nəql marşrutunun yaradılması iki ölkə arasında enerji sektorunda fəal əməkdaşlığın göstəricisidir.  Ötən əsrin 90-cı illərinin sonlarında Xəzər və Qara dənizləri birləşdirən Bakı-Supsa neft kəmərinin istifadəyə verilməsi enerji resurslarının nəql marşrutlarının şaxələndirilməsi baxımından çox mühüm əhəmiyyət daşıyan hadisə idi. Daha sonra 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan kəməri istifadəyə verildi. Bu gün Bakı-Tbilisi-Ceyhan Azərbaycan neftinin Avropa bazarlarına daşınması üçün əsas nəql marşrutudur. Əlamətdar haldır ki, bu gün Bakı-Tbilisi-Ceyhandan digər ölkələr də faydalanırlar.

2007-ci ildə Azərbaycan və Türkiyənin iştirakı ilə daha bir nəql marşrutu - Bakı-Tbilisi-Ərzurum qaz kəməri istismara buraxılıb. Bakı-Tbilisi-Ərzurum istifadəyə verilsə də, “Şahdəniz” yatağının zəngin ehtiyatlarının Avropaya çatdırılması üçün daha böyük həcmli yeni dəhlizin yaradılmasına ehtiyac var idi. Yeni, daha böyük həcmli marşrut kimi yenə də qardaş Türkiyədən keçən Cənub Qaz Dəhlizi seçilib. Cənub Qaz Dəhlizinin ən mühüm seqmentlərindən birini Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) təşkil edir. TANAP kimi önəmli layihənin icrasına heç də asanlıqla nail olunmayıb. Başlanğıcda layihənin icrasına həm siyasi, həm də praktiki müstəvidə bir sıra əngəllər var idi. Belə olan halda qardaş ölkələr - Azərbaycan və Türkiyə bütün məsuliyyəti öz üzərlərinə götürüblər və həlledici qərarlar veriblər. Beləliklə, TANAP layihəsi ilə bağlı Azərbaycan ilə Türkiyə arasında anlaşma memorandumu 2011-ci il dekabrın 24-də, Trans-Anadolu təbii qaz boru kəməri sisteminə dair saziş 2012-ci il iyunun 26-da İstanbulda imzalanıb və hər iki ölkənin müvafiq qanunverici orqanları tərəfindən təsdiqlənib. Layihə üzrə yekun investisiya qərarı isə 2013-cü il dekabrın 17-də qəbul edilib. 2015-ci ildə Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə Qarsda keçirilən təməlqoyma mərasimindən sonra boru kəmərinin inşasına başlanılıb və bütün işlər nəzərdə tutulan vaxtda uğurla yekunlaşıb.

Cənub Qaz Dəhlizinin sonuncu seqmenti olan Trans Adriatik Qaz Boru Kəmərinin (TAP) inşası ötən ilin dekabrında tamamlandı. 2021-ci ilin əvvəlindən başlayaraq Xəzərin Azərbaycan sektorundan çıxardılan “mavi yanacaq” Türkiyədən keçməklə Avropa ölkələrinə çatdırılır. Ötən dövrdə İtaliya, Yunanıstan və Bolqarıstan 7,2 milyard kubmetr həcmində Azərbaycan qazı ilə təchiz olunub. Gələn il bu rəqəm 9 milyard, 2023-cü ildə isə  azı 11 milyard kubmetrə çatdırılacaq. Forumda iki ölkə arasında enerji əməkdaşlığına diqqət çəkən Pərviz Şahbazov deyib: “Qardaş Türkiyəyə 2018-ci ilin iyul ayından bu ilin dekabr ayınadək TANAP-la 13,6 milyard kubmetr təbii qaz nəql olunub. Bu ilin 11 ayı ərzində Türkiyəyə nəql olunmuş 7,7 milyard kubmetr təbii qazın 5,1 milyard kubmetri TANAP-ın payına düşüb. Ümumiyyətlə, Türkiyənin qaz bazarına 2007-ci ildən indiyə kimi “Şahdəniz” yatağından 85 milyard kubmetrdən çox təbii qaz ötürülüb”.

“Yaşıl enerji” layihələrinə dəstək

Hazırda qalib Azərbaycanın gündəliyində duran əsas məsələ işğaldan azad edilən ərazilərin bərpası və ora Böyük Qayıdışı yüksək səviyyədə təmin etməkdən ibarətdir. Söhbət 10 min kvadratkilometrədək ərazilərin bərpasından gedir. Bu çərçivədə bəhs olunan ərazilərin enerji potensialından səmərəli şəkildə istifadə edilməsi də qarşıya qoyulan mühüm hədəflər sırasında yer alır. Prezident İlham Əliyev işğaldan azad olunmuş əraziləri “yaşıl enerji” zonası elan edib. Müəyyənləşdirilən proqram çərçivəsində artıq bir neçə “yaşıl enerji” infrastrukturu istifadəyə verilib və yeni layihənin icrası da intensiv şəkildə davam etdirilir.

Dost ölkə olan və 44 günlük müharibədə Azərbaycana ardıcıl şəkildə mənəvi-siyasi dəstək verən Türkiyənin şirkətləri işğaldan azad edilmiş ərazilərin bərpasında fəal iştirak edirlər.  Forumda çıxış edən Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönməz bu məqama diqqət çəkərək vurğulayıb: “İşğaldan azad edilmiş ərazilərdə tətbiq edilməsi planlaşdırılan “Yaşıl enerji konsepsiyası” çərçivəsində bundan sonra da həm dövlət, həm də özəl sektorumuzla Azərbaycanın yanında olacağıq. Bu yolla həm regionda davamlı sülhün bərqərar olması, həm də işğaldan azad edilmiş rayonların yenidən qurulması üçün Azərbaycanla koordinasiyalı fəaliyyət göstərməyə davam edəcəyik. İnanıram ki, karbohidrogen sənayesi sahəsində birgə həyata keçirdiyimiz çoxsaylı uğurlu əməkdaşlıq təcrübələrinin bərpa olunan enerji sahəsinə transferi əlaqələrimizə yeni təkan verəcək”.

Əməkdaşlığın perspektivləri

Azərbaycanla Türkiyə arasında enerji sektorunda əməkdaşlığın gələcəkdə daha da genişlənəcəyinə hər iki tərəfdə böyük əminlik var. Bunu forum çərçivəsində imzalanan sənədlər bir daha təsdiqləyir. Qeyd edək ki, forumda Azərbaycan və Türkiyə arasında daha 6 sənəd imzalanıb. “Azərbaycan-Türkiyə 1-ci Enerji Forumunun Protokolu”nu, həmçinin “Türkiyə Respublikasının Energetika və Təbii Sərvətlər Nazirliyi ilə Azərbaycan Respublikasının Energetika Nazirliyi arasında təbii qazın tədarükünə dair Anlaşma Memorandumu”nu Azərbaycanın energetika naziri Pərviz Şahbazov və Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönməz imzalayıblar.

Bununla yanaşı, Forum çərçivəsində “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında mədənçilik sahəsində əməkdaşlıq haqqında Saziş”, “Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi və “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti ilə Türkiyə Respublikası Energetika və Təbii Sərvətlər Nazirliyinin Mədən Tədqiqi və Axtarış Baş İdarəsi və MTA Beynəlxalq Mədənçilik Şirkəti arasında əməkdaşlığın həyata keçirilməsi sahəsində Anlaşma Memorandumu”, “Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidməti ilə Türkiyə Respublikasının Energetika və Təbii Sərvətlər Nazirliyinin Mədən Tədqiqi və Axtarış Baş İdarəsi arasında yer elmləri sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu”, həmçinin “Azerenerji” ASC və “Türkiye Elektrik İletim Anonim Şirketi” (TEİAŞ) arasında əməkdaşlıq Protokol”u imzalanıb.

 

 

Paylaş
Baxılıb: 168 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

İqtisadiyyat

İqtisadiyyat

Siyasət

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31