Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Yeni sosial paket: kimin gəliri nə qədər artacaq?

Yeni sosial paket: kimin gəliri nə qədər artacaq?

29.12.2021 [10:08]

Mübariz Abdullayev

Ölkə vətəndaşlarının rifahının yaxşılaşdırılması, gəlir imkanlarının artırılması Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasətin mərkəzində dayanır. Bunu dövlət başçımızın təkcə son günlərdə sosial ödənişlərin artırılması ilə bağlı imzaladığı yeni Fərman və sərəncamlar bir daha təsdiqləyir. Prezident İlham Əliyev dekabrın 23-də respublikamızda müxtəlif dövlət qurumlarında çalışanların əmək haqlarının 2022-ci il yanvarın 1-dən etibarən artırılmasını özündə ehtiva edən daha bir neçə Fərman imzalayıb. Sözügedən fərmanlara, həmçinin bundan əvvəl imzalanan çoxsaylı sənədlərə istinadən deyə bilərik ki, respublikamız növbəti böyük sosial paketin reallaşdırılması ərəfəsindədir.

Əlavə gəlirlər sosial sferaya yönəldilir

Azərbaycanda hər il dövlət büdcəsindən sosial sferaya böyük həcmlərdə maliyyə vəsaiti ayrılır. Bu baxımdan, qarşıdan gələn 2022-ci ilin dövlət büdcəsi də istisna təşkil etməyəcək.  Gələn ilin büdcəsi də sosialyönümlü olacaq. Belə ki, büdcədə sosial xərclərin  46,4 faizə çatdırılması hədəflənib.  Bu o deməkdir ki, növbəti ilin büdcəsində sosial xərclər 2021-ci illə müqayisədə 13,5 faiz, yəni 1 milyard 650 milyon manat artırılacaq. Bütövlükdə, 2022-ci ilin büdcəsində sosial xərclərin maliyyə tutumunu 13 milyard 851 milyon manata çatdırmaq planlaşdırılıb.

Dövlət büdcəsindən sosial sferaya ayrılan vəsaitlər öz yerində. Digər mənbələrdən də bu sahəyə vəsaitlərin yönəldilməsi təmin olunur. Məsələn, son illərdə milli iqtisadiyyatımızda aparılan islahatların, xüsusilə də “kölgə iqtisadiyyatı”nın əhatə dairəsinin məhdudlaşdırılması, şəffaflığın, “ağ iqtisadiyyat”a keçidin təmin olunması sayəsində ölkəmiz əlavə gəlirlər əldə edir. O cümlədən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin və Dövlət Gömrük Komitəsinin yığımları artıb. Sözügedən qurumlar tərəfindən hər il dövlət büdcəsinə proqnozlardan əlavə yüz milyonlarla manat əlavə vəsaitlər daxil olur. Həmin vəsaitlər də Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq əhalinin sosial rifah halının daha da yaxşılaşdırılmasına yönəldilir.

Əmək haqlarının davamlı olaraq artırılması ənənəsi

Əmək haqlarının davamlı olaraq artırılması ənənəsinin formalaşması Azərbaycanın sosial siyasətinin mahiyyəti barədə konkret təsəvvür yaradır. Aparılan islahatlar sayəsində milli iqtisadiyyatımız böyüyür və buna adekvat olaraq sosial sferaya, o cümlədən də əmək haqlarının artırılmasına daha böyük həcmlərdə vəsait ayrılır. Minimum aylıq əməkhaqqı təkcə son 4 ildə 2,3 dəfə artırılaraq 130 manatdan 300 manata çatdırılıb. Orta aylıq əməkhaqqı 37% artıb və gələn il daha da artacaq. Əmək müqavilələrinin sayı 30% və ya 400 minə yaxın, əməkhaqqı fondu iki dəfəyə yaxın artıb. Bu günlərdə tətbiq olunan minimum əməkhaqqı artımı əhalinin gəlirlərinin çoxalmasını təmin etməklə, işçi qüvvəsinin rəqabət qabiliyyətinin, əmək məhsuldarlığının artmasını, əməyin leqallaşdırılmasını da stimullaşdırır. Bununla yanaşı, gələn il minimum əmək haqqı 2022-ci il üçün nəzərdə tutulan yaşayış minimumunu (210 manat) da 43% üstələyəcək.

Eyni zamanda, Prezident İlham Əliyevin yeni Sərəncamı ilə 2022-ci ilin əvvəlindən minimum aylıq əməkhaqqının 300 manata çatdırılması ilə əlaqədar əməkhaqları Vahid Tarif Cədvəli (VTC) əsasında tənzimlənən işçilərin maaşları da bu artıma uyğun olaraq orta hesabla 20%  artırılacaq. Əməkhaqları VTC əsasında ödənilən işçilərin sırasına dövlət büdcəsindən maliyyələşdirilən sosial, elm, mədəniyyət, gənclər və idman, kənd təsərrüfatı, ekologiya və ətraf mühitin mühafizəsi, mənzil-kommunal, nəqliyyat və rabitə, meliorasiya, su təsərrüfatı və balıqartırma sahələrində  çalışanlar daxildir. Həmçinin dövlət orqanlarında çalışan, lakin dövlət qulluqçusu olmayan işçilərin maaşları da aidiyyəti dövlət orqanlarının kateqoriyaları üzrə müvafiq intervalda artacaq.

Dövlət başçısının dekabrın 23-də imzaladığı fərmanların da əhatə dairəsi kifayət qədər genişdir. Həmin sənədlərə əsasən ədliyyə, fövqəladə hallar nazirliklərinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, Dövlət Miqrasiya Xidmətinin,  Dövlət Gömrük Komitəsinin, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin, Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin və Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin,  Dövlət Təhlükəsizliyi Xidmətinin,  Xarici Kəşfiyyat Xidmətinin, Daxili İşlər Nazirliyinin, Müdafiə Nazirliyinin müvafiq strukturlarında çalışan əməkdaşlarının aylıq vəzifə (taarif) maaşları gələn il yanvarın 1-dən 20 faiz artırılacaq.  Prezident İlham Əliyev dekabrın 23-də həmçinin “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar hərbi xidmət vəzifələrini (xidməti vəzifələrini) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) alması və ya xəstələnməsi nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının, habelə onların ailə üzvlərinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” Fərman imzalayıb.

İllik əlavə 1,5 milyard manat vəsait tələb olunacaq

Növbəti  ildən tətbiqinə başlanacaq yeni sosial paket əməkhaqlarının artımı ilə yanaşı, digər istiqamətləri də əhatə edəcək. Prezident İlham Əliyevin imzaladığı yeni Fərman və sərəncamlar ölkəmizdə sosial ödənişlərin artırılması istiqamətində islahatların növbəti mərhələsinə keçidi təmin edəcək. Yeni artımlar 2,1 milyondan çox şəxsə aid olmaqla onların rifahına ciddi dəstəyi təmin edir. Bunun üçün illik əlavə 1,5 milyard manat vəsait nəzərdə tutulub. Mühüm məqamlardan biri də ondan ibarətdir ki, əmək haqlarının, müavinətlərin artımı dövlət sektoru ilə yanaşı, özəl bölməni də əhatə edəcək. Milli Məclisin deputatı Vüqar Bayramov “Yeni Azərbaycan”a açıqlamasında bu amilə diqqət çəkərək bildirib ki, büdcədən sosial ayırmaların atması istehlakı yüksəldəcək və bu da özəl sektorun, xüsusən də xidmət, ictimai iaşə, turizm və s. sferaların dövriyyəsinin artması baxımdan vacibdir. Çünki maaş artdıqca istehlak da artır və nəticədə, bu da özəl sektorun gəlirlərini çoxaldır. Nəzərdə tutulan artımlar, həmçinin özəl sektorda çalışanların maaşlarının artması və yeni iş yerlərinin yaradılması üçün də maliyyə bazası formalaşdırır. Digər tərəfdən, minimum əmək haqqı sadəcə dövlət sektorunda çalışanlar üçün deyil, bütövlükdə, ölkə üzrə tətbiq olunur. Bu isə o deməkdir ki, özəl sektorda da gələn aydan 300 manatdan az əmək haqqı vermək mümkün olmayacaq. Fikirlərinə davam edən Vüqar Bayramov vurğulayıb: “Sosial paket aqrar sektorda çalışan və pay torpağı olanlar üçün yeni məşğulluq imkanları təklif edir. Belə ki, gələn aydan etibarən mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olub, digər məşğulluğu olmayan vətəndaşlarımızın haqqı ödənilən ictimai işlərə, habelə özünüməşğulluğa cəlb edilməsi nəzərdə tutulur. Yəni əvvəllər özünüməşğulluq və digər aktiv sosial proqramlarda iştiraka maneə olan “pay torpağına sahiblik” artıq əngəl yaratmayacaq. Pay torpaqlarının sahibləri də pulsuz aktivlərə təmin oluna, o cümlədən də sosial iş yerlərinə müraciət ünvanlaya biləcəklər. Digər tərəfdən, istehlakın artması kənd təsərrüfatı məhsullarına tələbə də təsir göstərəcək.

Bütövlükdə, dövlət sektorunda əhatəli sosial proqramlar özəl sektorun inkişafına da xüsusi təkan verir. Bu baxımdan, gələn il Azərbaycanda istehlakın, o cümlədən xidmətlərə tələbin artacağı gözlənilir”.

 

 

Paylaş
Baxılıb: 204 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

İqtisadiyyat

Siyasət

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Müsahibə

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31