Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Unun və çörəyin qiyməti niyə artır?

Unun və çörəyin qiyməti niyə artır?

06.01.2022 [10:10]

M.ABDULLAYEV

Hazırda daxili bazarda sahibkarlıq subyektləri tərəfindən idxal ərzaqlıq taxıldan istehsal olunan unun qiymətinin dünya bazarında olan ərzaqlıq buğdanın mövcud qiymətinə uyğunlaşdırılması, bunun da nəticəsində un və ənənəvi çörəyin (dairəvi “zavod” çörəyi) qiymətlərində dəyişik müşahidə olunur. Azərbaycanın iri un və çörək istehsalçılarının yaydıqları müraciətdə bildirilir ki, uyğunlaşmanın nəticəsi olaraq 50 kq-lıq bir kisə unun topdan satış qiyməti 36 manatadək arta bilər və bu səbəbdən ənənəvi çörəyin qiymətinin də maksimum 10-15 qəpik artması ehtimal olunur. İndiki məqamda ölkənin ərzaq təhlükəsizliyi, o cümlədən də zəruri taxıl ehtiyatlarının yaradılması ilə bağlı məsələnin aktuallığı artıb. Ölkənin kifayət qədər taxıl ehtiyatları varmı? Qiymət dəyişikliyini şərtləndirən amillər hansılardır?

Dünyadakı mənzərə

Azərbaycanda son günlərdə unun və çörəyin qiymətində müşahidə edilən dəyişiklik, ilk növbədə, qlobal amillərlə, xarici mənfi təsirlərlə bağlıdır. Bu barədə  iri un və çörək istehsalçılarının yaydıqları  müraciətdə bildirilir:  “Məlum olduğu kimi, baş verən qlobal neqativ proseslər, qeyri-müəyyənliklər, istehsala və təchizat zəncirlərinə təzyiqlər, həmçinin COVID-19 pandemiyası səbəbindən dünyada ərzaq məhsulların qiyməti kəskin artıb. Bu proseslər ərzaqlıq buğdanın qiymətinə də təsirsiz ötüşməyib”.

Hazırda dünyada digər ölkələr də bu kimi qlobal mənfi təsirlərə məruz qalırlar.  Çikaqo əmtəə birjasının məlumatlarına əsasən, yumşaq payızlıq taxılın qiymətləri 2012-ci ildən bəri ilk dəfə bir buşel (0,027 ton) üçün 8 dolları keçərək rekord vurub. Ayrı-ayrı ölkələrdə vəziyyət fərqlidir.  2021-ci ilin noyabrında Rumıniyada buğdanın qiyməti 2020-ci ilin noyabrı ilə müqayisədə 33,7 faiz, 2019-cu ilin noyabrı ilə müqayisədə 55,7 faiz artıb. 2021-ci il üçün qardaş Türkiyədə buğdanın topdansatış qiyməti 2 450 lirə (196 dollar) səviyyəsində müəyyən edilmişdisə, hazırda bu rəqəm 3 720 lirə (297 dollar) səviyyəsinədək yüksəlib. 2020-ci ilin sentyabrından 2021-ci ilin sentyabrınadək aparılan statistik hesablamalar nəticəsində İspaniyada buğdanın qiymətlərinin artım sürəti müşahidə olunub. Yumşaq buğdanın qiyməti 185 avro/tondan 255 avro/tonadək, sərt buğdanın qiyməti 285 avro/tondan 420 avro/tonadək, arpanın qiyməti 155 avro/tondan 230 avro/tonadək dəyişir. Xorvatiyada ötən ilin oktyabr ayında buğdanın qiymətləri 2020-ci ilin eyni dövrü ilə müqayisədə 52 faiz artıb. Digər ölkələrdə də buna oxşar mənzərə müşahidə edilməkdədir.

Taxılla özünütəminat

Dünya ölkələrini qoyaq bir kənara. Bizi düşündürən əsas sual belədir: Azərbaycan taxıla olan daxili istehlakını yerli istehsal hesabına təmin edə bilərmi? Ölkəmizdə daxili tələbatın daha çox həcmdə yerli istehsal hesabına təmin olunması hədəflənsə də, hələlik idxaldan asılılıq yüksək səviyyədə qalmaqda davam edir.  Azərbaycanın buğdaya illik tələbatı 3,2 - 3,3 milyon tondur, özünütəminat səviyyəsi isə 59-60% təşkil edir. Respublikamız tələbatın 40 faizini idxal hesabına ödəyir.

Azərbaycana ərzaqlıq buğdanın idxalının əsasən Rusiyadan həyata keçirildiyi üçün bu ölkənin bazarında baş verən qiymət artımı bu məhsulun ölkəmizə daha yüksək qiymətlərlə tədarükü ilə nəticələnir. Əlavə olaraq, Rusiyada 2021-ci ilin fevral ayından etibarən yüksək ixrac rüsumunun tətbiqi də qiymətlərin artmasına ciddi təsir göstərir. 2021-ci ilin dekabr ayında Rusiyada ərzaqlıq buğdanın 1 tonunun orta aylıq ixrac qiyməti 2019-cu ilin analoji dövrü ilə müqayisədə 58,7%, 2020-ci ilin dekabr ayı ilə müqayisədə isə 33,1% yüksək olub.

Ölkəmizdə ildə nə qədər taxıl istehsal olunduğu barədə Kənd Təsərrüfatı Nazirliyinə ünvanladığımız sorğuya cavab olaraq qurumun şöbə müdiri Vüqar Hüseynov bildirdi ki, son illərdə bölgələrdə taxıl əkilib becərilən sahələr artırılıb. Bundan başqa, təkcə son illərdə ayrı-ayrı bölgələrdə özəl sektorun investisiya qoyuluşu və dövlət dəstəyi hesabına bir sıra iri fermer təsərrüfatları və aqroparklar yaradılıb. Qabaqcıl təcrübənin tətbiqi sayəsində həmin təsərrüfatlarda məhsuldarlıq 32 sentnerədək yüksəlib. “Azərbaycanda 1 milyon hektar sahədə taxıl əkini aparılır, bunun 650 min hektarı buğda sahələridir. Buğda üzrə orta məhsuldarlıq 31 sentnerdən yuxarıdır. Ölkədə ildə 2 milyon tona yaxın buğda istehsal olunur”, - deyə Vüqar Hüseynov vurğuladı.

Taxılçılıq subsidiyalaşdırılır

Respublikamızda taxıl istehsalının artırılması məqsədilə yalnız yeni əkin sahələri dövriyyəyə cəlb olunmur, eyni zamanda, dövlət tərəfindən genişmiqyaslı təşviq tədbirləri görülür. Belə ki, ölkədə ərzaqlıq buğda ehtiyatlarının lazım səviyyəyə çatdırılması məqsədilə 2020-ci ildən başlayaraq tədarükçülərə subsidiyalı kreditlər ayrılır.  2021-ci ilin fevral ayından etibarən isə un istehsalçılarına subsidiyalar ödənilib, ərzaqlıq buğdanın idxalı və satışı, həmçinin unun və çörəyin satışı ƏDV-dən azad olunub. Sahibkarlara göstərilən dəstək tədbirlərinin nəticəsidir ki, qlobal qiymət dəyişiklikləri Azərbaycan bazarına ciddi təsir etməyib, 50 kq-lıq bir kisə unun topdansatış qiymətini 26 manat səviyyəsində saxlamaq mümkün olub. Respublikamızda taxılçılığın subsidyalaşdırılması haqqında ətraflı bəhs edən Kənd Təsərrüfatı Nazirliyinin rəsmii Vüqar Hüseynov vurğulayıb: “Taxılçılığın inkişafı dövət tərəfindən subsidiyalaşdırılır. Aqrar Subsidiya Şurasının qərarına əsasən, 2021/2022-ci il payızlıq taxıl əkinləri üçün fermerlərə əkin aparılan sahənin hər hektarına 210 manat subsidiya veriləcək. Subsidiyalar kənd təsərrüfatı məhsulları istehsalçılarının “Fermer kart”ına köürülür. Fermerlər subsidiya məbləğinin 25 faizini bankomatlar vasitəsilə nağdlaşdıra, qalan 75 faizini isə nağdsız əməliyyatlarla toxum, gübrə, pestisid, herbisid və s. almaq üçün istifadə edə bilərlər. Payızlıq əkinlərin Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində bəyanı prosesi dekabrın 30-da başa çatıb və fermerlərin subsidiya almaq üçün elektron müraciətləri formalaşıb. Monitorinqlər başa çatdıqdan sonra subsidiya vəsaitləri torpaq sənədləri və bəyan məlumatları təsdiqlənən fermerlərin kartına köçürüləcək”.

Taxıl tədarükünə diqqət artırılıb

Taxıl tədarükü ölkənin ərzaq təhlükəsizliyində mühüm pozisiyalardan biridir. Buna görə də respublikaya lazım həcmlərdə və yüksək keyfiyyətli taxıl tədarükünə diqqət artırılıb. Struktur islahatları bu istiqamətdə atılan çox mühüm addımdır. Xəbər verildiyi kimi, Prezident İlham Əliyev 7 oktyabr 2021-ci il tarixində “Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin yaradılması haqqında” Fərman imzalayıb.  Yeni qurum Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Material Ehtiyatları Agentliyinin əsasında  publik hüquqi şəxs qismində yaradılıb. Qurum ölkədə strateji əhəmiyyətli mallar üzrə daha effektiv təchizat zəncirinin formalaşdırılması, bu sahədə qabaqcıl tənzimləmə və idarəetmə təcrübəsinin tətbiqi, eləcə də daxili bazarın qısamüddətli mənfi təsirlərə davamlığının artırılması məqsədilə yaradılıb. Fərmana əsasən, Dövlət Taxıl Fondu Agentliyin sərəncamına verilib. Mütəxəssislərin qənaəti belədir ki, strukturun yenilənməsi ölkəyə zəruri ərzaq mallarının, o cümlədən də taxıl tədarükünün daha çevik və səmərəli şəkildə həyata keçirilməsini təmin edəcək.

Ölkədə taxıl qıtlığı ilə bağlı yayılan şaiyələrin isə heç bir əsası yoxdur. Unun və çörəyin qiymətlərində müşahidə edilən dəyişikliyin taxıl ehtiyatlarının həcmi ilə hər hansı bir bağlılığı yoxdur. Ölkədə taxıl ehtiyatları lazım həcmdədir.  Dövlət Gömrük Komitəsinin məlumatına əsasən,  2021-ci ilin ilin yanvar-noyabr ayları ərzində Azərbaycana 287 557,62 ABŞ dolları dəyərində 1 017 503,94 ton buğda idxal edilib.

Yerli istehsal artacaq

Mütəxəssislərin qənaətinə görə respublikamızda yaxın pespektivdə taxıl isteh­aslını artırmaq və daxili tələbatın təxminən 70-75 faizini yerli istehsal hesabına təmin etmək real hədəfdir. Buna 44 günlük Vətən müharibəsində işğaldan azad olunmuş ərazilərdə taxıl əkinini genişləndirməklə nail olmaq mümkündür. Bəhs olunan ərazilər taxılçılıq üçün əlverişlidir və orada bol su ehtiyatları var. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müavini, aqrar sahə üzrə ekspert Ramil Hüseyn KİV-ə açıqlamasında  işğaldan azad olunmuş ərazilərdə taxılçılığın inkişaf perspektivlərini xüsusi olaraq diqqətə çatdırıb:  “İşğaldan azad edilmiş ərazilər dərhal təsərrüfat dövriyyəsinə cəlb edilməyə başlayıb. İlk olaraq Cəbrayıl rayonu ərazisində 7 min hektar sahədə taxıl  əkilib. Yaz əkinlərinin davam edəcəyi, 20-25 min hektar sahədə taxıl əkiləcəyi proqnozlaşdırılır. Növbəti illərdə bu sahələrin daha da artırılması istiqamətində iş aparılacaq”, - deyə ekspert vurğulayıb.

 

 

 

Paylaş
Baxılıb: 138 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Sosial

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31