Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Böyük güclərin Qazaxıstanda kəsişən iqtisadi maraqları

Böyük güclərin Qazaxıstanda kəsişən iqtisadi maraqları

07.01.2022 [10:06]

Mübariz ABDULLAYEV

Yeni ilin ilk günlərindən başlayaraq Qazaxıstan kütləvi iğtişaşların arzuolunmaz fəsadlarını yaşamaqdadır. Paytaxt da daxil olmaqla, ölkənin bir çox şəhərlərini əhatə edən məlum hadisələrə müxtəlif baxış bucaqlarından yanaşmaların şahidi oluruq. Hadisələrə münasibət bildirən ekspertlərin şərhlərində geosiyasi dəyərləndirmələrlə yanaşı, iqtisadi amillərin təsiri də önə çəkilir.

Güclü və spesifik iqtisadiyyata malik ölkə

Hadisələrin alovlanmasına rəvac verən əsas səbəb kimi, ölkədə maye qazın qiymətinin artırılması göstərilsə də, aydındır ki, bu, aysberqin yalnız görünən tərəfidir. Baş verənlərə daha ciddi iqtisadi amillərin də səbəb olduğu bildirilir. Belə düşüncələrə yol açan həm də o amildir ki, ölkədə maye yanacağın qiyməti əvvəlki səviyyəyə endirilsə də, bu, iğtişaşların səngiməsi ilə nəticələnmədi. Beləliklə, ortada daha ciddi səbəblərin olduğunu, Qazaxıstanda xarici qüvvələrin, ayrı-ayrı güc mərkəzlərinin maraqlarının kəsişdiyini, ziddiyyətli məqamlar yaratdığını deyənlər haqlıdırlar.

Qazaxıstanda xarici güc mərkəzlərinin iqtisadi maraqlarının bir-biri ilə ziddiyyət təşkil etməsi ehtimalı tam realdır. Çünki ərazisinə görə Mərkəzi Asiyanın ən böyük, dünyanın isə doqquzuncu dövləti sayılan Qazaxıstan spesifik iqtisadiyyata malikdir. Qazaxıstan iqtisadi cəhətdən Mərkəzi Asiya regionunda dominant mövqe tutur. Bu ölkə 181.7 milyard dollar həcmində nominal ÜDM-ə  malikdir. Başqa sözlə desək, regionun ÜDM-nin 60 faizi məhz Qazaxıstanda formalaşır. Ölkənin əsas gəlir mənbəyini neft-qaz sənayesi təşkil edir. Qazaxıstan dünyanın neft hasil edən ölkələrinin siyahısında ilk onluqda yer alır. Ölkənin “qara qızıl” ehtiyatları 4 milyard ton həcmində qiymətləndirilir. Qazaxıstanın yüksəksəviyyəli rəsmilərinin bildirdiklərinə görə, bu ölkə 2030-cu ilə qədər neft hasilatını 104,2 milyon tona çatdırmağı hədəfləyib. Hazırda ölkədə illik neft hasilatı  86 milyon ton həcmindədir.  Qazaxıstanda çox zəngin daş kömür yataqları var. Bu ölkə xrom istehsalına görə Cənubi Afrika və Zimbabvedən sonra 3-cü yerdə qərarlaşıb. Qazaxıstanda böyük mis ehtiyatları var. Ölkədə ildə təxmini 28000 ton mis və 98000 ton sink çıxarılır. Bunla yanaşı, Qazaxıstanda böyük miqdarda qurğuşun hasil olunur. Ölkə bir sıra digər ehtiyatlarla da zəngindir. Ümumiyyətlə, burada aparıcı sənaye sahələri üçün lazım olan bütün xammal ehtiyatları cəmləşib.

Regionun investisiya favoriti

Belə zəngin ehtiyatlara malik ölkənin investisiya cəlbediciliyi də kifayət qədər yüksəkdir. Ayrı-ayrı dövlətlər və transmilli şirkətlər bu ölkənin enerji layihələrində yer almağa böyük maraq göstərirlər. Təsadüfi deyildir ki, ekspertlər Qazaxıstanı Mərkəzi Asiyanın investisiya favoriti kimi dəyərləndirirlər.  Son 15 ildə dünya nəhəngi Çin Qazaxıstan iqtisadiyyatına 30 milyard dollar həcmində investisiya yatırıb. Çinli investorlar Qazaxıstanda öz sərmayələrini müxtəlif sahələrə yönəldirlər. Bura maşınqayırma, neft emalı, kimya, qida, energetika, logistika və digər sahələr aiddir. Qazaxıstana yönəldilən investisiyaların böyük bir qismi digər qonşu dövlətin - Rusiyanın payına düşür. Avrasiya İnkişaf Bankının məlumatına görə, son beş il ərzində MDB ölkələrinə Rusiyanın birbaşa investisiyası 46 milyard dollar təşkil edib ki, bu vəsaitin yarısı Avrasiya İqtisadi İttifaqı ölkələrinin payına düşüb. Ən böyük payı isə Qazaxıstan alıb - 11,2 milyard dollar.

Qazaxıstanın perspektivdə reallaşdırmağı hədəflədiyi investisiya layihələrinin əhatə dairəsi də kifayət qədər genişdir. Verilən məlumatlara görə, bu ölkədə 2030-cu ilə qədər qaz, neft, neft və qaz-kimya sənayesi, enerji istehsalı və bərpa olunan enerji mənbələri sahələrində ümumi məbləği təxminən 70 milyard ABŞ dolları olan 157 investisiya layihəsinin həyata keçirilməsi planlaşdırır.

Xarici güc mərkəzlərinin belə böyük iqtisadiyyatda və investisiya cəlbediciliyinə malik Qazaxıstanda daha fəal şəkildə təmsil olunmaq istəkləri başadüşüləndir. Bunun yolu isə ölkənin siyasi elitasına təsir imkanlarının artırılmasından keçir. Ölkədə iğtişaşların, necə deyərlər, gözəgörünməz dirijorlar tərəfindən idarə olunması bu qənaəti daha da möhkəmləndirir.

Qazaxıstandakı hadisələrin birjalarda əks-sədası: uran 8 faiz bahalaşıb

Baş verən iğtişaşlar Qazaxıstandaki iqtisadi -maliyyə durumuna təsirsiz ötüşməyib. Ölkədə küçə iğtişaşları zamanı internetin kəsilməsi səbəbindən nağdsız ödənişlər dayandırılıb. Sakinlər kütləvi şəkildə bankomatlardan pullarını çıxarırlar və bu, uzun növbələrə səbəb olub. Banklar sakinlərə əmanətlərin qaytarılmasını dayandırıblar.

Eyni zamanda, Qazaxıstandakı iğtişaşların əks-təsiri dünya birjalarında da aydın şəkildə hiss olunur. Məlumdur ki, Qazaxıstan dünyadakı uran ehtiyatının təxminən 40 faizini istehsal edir. Baş verən hadisələr fonunda qlobal ticarət platformalarında uranın qiyməti təxminən 8 faiz bahalaşıb. Bu barədə “Bloomberg” dünya uran qiymətlərini izləyən ixtisaslaşmış “UxC” platformasının xəbərlərinə istinadən məlumat yayıb. Məlumatda bildirilir ki, dünya bazarlarında uranın qiyməti bir funt üçün 45,25 dollara qalxıb. Bundan başqa, təbii uranın hasilatı ilə məşğul olan Qazaxıstanın “Kazatomprom” şirkətinin səhmləri London birjasında 8,8 faiz ucuzlaşıb.

Müşahidəçilər küçə iğtişaşlarının ölkə iqtisadiyyatına və qlobal məkana mənfi təsirlərinin artacağını da istisna etmirlər. Bu xüsusda “Yeni Azərbaycan”a açıqlama verən iqtisadçı-ekspert, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Beynəlxalq iqtisadiyyat kafedrasının müəllimi  Aslan Əzimzadə vurğulayıb: “Qazaxıstan Respublikasında baş verənlərin iqtisadi zəmində şərhi olduqca önəmlidir. Mən, ilk növbədə, investisiya mühitindən danışmaq istərdim. Bu gün ölkələrin dayanıqlı inkişafını səciyyələndirən başlıca amillərdən biri məhz investisiyadır. İnvestisiya axınını artırmaq üçün ölkədə sərmayə mühitini dayanıqlı şəkildə optimallaşdırmaq lazımdır. Bir ölkənin investisiya mühitinin cəlbediciliyinin artırılmasında siyasi sabitlik olduqca önəmlidir. Hazırda Qazaxıstanda baş verənlərin fonunda investorlar üçün müəyyən risklərin olduğunu deyə bilərik. Digər tərəfdən, Qazaxıstandakı iğtişaşlar fonunda bu ölkədə istehsal olunan məhsulların birjalarda bahalaşdığının və yaxud dəyər itirdiyinin şahidi oluruq. Uran və bitcoin bu sırada yer alır. Dünya üzrə bitcoin mədənçiliyinin 18 faizi Qazaxıstanın payına düşür. Kriptovalyutalar üzrə təhlillər aparsaq, görərik ki, hadisələr həmçinin bitcoinin də dəyər itirməsinə səbəb olub. Hazırda bir bitcoinin qiyməti 43.000 dollara düşüb. Nəticə etibarı ilə, deyə bilərik ki, ölkədə siyasi sabitliyin pozulması iqtisadiyyata birbaşa mənfi təsir göstərir və müəyyən problemlərə yol açır”.

 

 

Paylaş
Baxılıb: 180 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Sosial

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31