Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / İlin yekunları, ilin hədəfləri

İlin yekunları, ilin hədəfləri

08.01.2022 [00:32]

Milli iqtisadiyyatımızda nə dəyişdi, nə gözlənilir?

Mübariz ABDULLAYEV

Adətən, illərin qovuşuğunda keçilən yola nəzər salınır, qazanılan uğurlar, buraxılan nöqsanlar saf-çürük edilir. Bu, bir növ fərdlərin və qurumların özlərinə hesabatıdır və növbəti ildə işlərin necə qurulması, hansı prioritetlərin müəyyənləşdirilməsi baxımından çox önəmlidir. Bəs artıq tarixə çevrilən 2021-ci ildə ölkə iqtisadiyyatında hansı uğurlar qazanılıb? Respublikamız 2022-ci ilə hansı iqtisadi baqajla daxil olub?

İqtisadiyyatımız üçün bərpa ili

Koronavirus pandemiyasının 2020-ci ildə dünya iqtisadiyyatında yaratdığı təlatümlərdən - tələb və təklif arasında balansın kəskin şəkildə pozulmasından, istehsal həcmlərinin azalmasından, iş yerlərinin ixtisarından, kəskin maliyyə çatışmazlığından və bu kimi digər şoklardan sonra dünyada bir sual hamını düşündürürdü: Bütün bunların sonu olacaqmı? Qlobal və milli səviyyələrdə iqtisadiyyata dəyən ziyanın əvəzini ödəmək və yaxud hansı müddətdə ödəmək mümkün olacaq?

Təbii ki, bu kimi suallar 2020-ci ilin sonu 2021-ci ilin əvvəllərində məqsədyönlü siyasət sayəsində dünyaya sıx inteqrasiya edən Azərbaycanda da müzakirə mövzusu idi. İlin sonunda isə narahatlıqların müəyyən qədər aradan qalxdığını müşahidə etdik. 2021-ci ildə qazanılan nəticələr onu deməyə əsas verir ki, zamanında yaradılan etibarlı “təhlükəsizlik yastığı”, o cümlədən 2020-ci ildə iqtisadiyyatın postpandemiya və postkonflikt dövrünə hazırlanması nəticəsiz qalmayıb. Hüquqi və praktiki müstəvidə reallaşdırılan məqsədyönlü tədbirlər 2021-ci ildə milli iqtisadiyyatımızda bərpa proseslərinin başlamasına vəsilə oldu. Yola saldığımız 2021-ci ildə milli iqtisadiyyatımızda artım 5 faiz civarında olub, ən yüksək artım göstəricisi isə 20 faiz olmaqla qeyri-neft sənayesində qeydə alınıb.

Artan strateji valyuta ehtiyatları

Koronavirus pandemiyasının dünya ölkələrini ciddi şəkildə maliyyə sınağına çəkdiyi hər kəsə bəllidir. 2020-ci ildə təxminən 150 ölkə pandemiya səbəbindən artan xərclərini qarşılaya bilmədiklərinə görə kömək üçün Beynəlxalq Valyuta Fonduna və Dünya Bankına müraciət ünvanlamışdı. Azərbaycanın isə belə köməyə ehtiyacı olmadı, əksinə, ölkəmiz donor qismində çıxış edərək Ümumdünya Səhiyyə Təşkilatına iki tranşda 10 milyard dollar həcmində maliyyə yardımı göstərdi. 2021-ci ildə milli iqtisadiyyatımızda müşahidə edilən müsbət proseslərdən biri də ölkənin strateji valyuta ehtiyatlarının artması ilə bağlıdır. Respublikamız ötən il özünün strateji valyuta ehtiyatlarını 53 milyard dollara çatdırmağa nail olub. Bu rəqəm pandemiyadan və müharibədən əvvəlki dövrün göstəricisindən yüksəkdir.

Başqa bir mühüm fakt ondan ibarətdir ki, hazırda Azərbaycan bütün dünya üzrə ən az borclanan ölkələr sırasında yer alır. 2021-ci ildə dövlət borcunun ÜDM-ə nisbəti kifayət qədər aşağı səviyyədə qalıb və ölkəmiz zərurət yarandığı təqdirdə çox qısa müddətdə bütün xarici borclarını tam şəkildə bağlaya bilər.

Müstəqillik illərinin ən böyük büdcəsi

Tarixə qovuşan 2021-ci ilin ən mühüm hadisələrindən biri, heç şübhəsiz ki, 2022-ci ilin büdcə layihəsinin müzakirəyə çıxardılaraq qəbul edilməsi ilə bağlıdır. Prezident İlham Əliyev “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanunu təsdiqləyib. Qanuna əsasən, Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin gəlirləri 26 816 000,0 min manat, xərcləri 29 879 000,0 min manat (o cümlədən mərkəzləşdirilmiş gəlirləri 25 868 444,0 min manat, yerli gəlirləri 947 556,0 min manat, mərkəzləşdirilmiş xərcləri 28 893 988,0 min manat, yerli xərcləri 985 012,0 min manat) məbləğində təsdiq edilib.

Bu, Azərbaycanın müstəqillik tarixinin ən böyük büdcəsidir. 2022-ci ilin dövlət büdcəsinin xərclər istiqaməti isə Azərbaycanda ardıcıllıqla həyata keçirilən siyasətin prioritetləri nəzərə alınmaqla proqnozlaşdırılıb.

Yeni strateji dövrün 5 milli prioriteti

Azərbaycanın həyata keçirdiyi siyasət, ilk növbədə, praqmatik mahiyyəti ilə səciyyələnir. Belə ki, Azərbaycan hökuməti ölkənin iqtisadi potensialını və zamanın dəyişən çağırışlarını nəzərə almaqla ölkənin gələcək siyasətini müəyyənləşdirir. Bu kontekstdə Prezident İlham Əliyevin 2 fevral 2021-ci il tarixli Sərəncamı ilə “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədinin təsdiqlənməsi strateji önəm daşıyır.

Dövlət başçısının imzaladığı müvafiq Sərəncamla təsdiqlənən sənəddə yeni strateji mərhələdə reallaşdırılması nəzərdə tutulan 5 milli prioritet müəyyənləşdirilib. Bunlar dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat, dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət, rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı, işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış, təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi kimi mühüm prioritetlərdir.

Xarici ticarətdə müsbət saldo

Müsbət ticarət saldosu milli iqtisadiyyatımızın 2021-ci ildə bərpa prosesini uğurla keçdiyini bir daha təsdiqləyir. Ölkəmizdə 2021-ci ilin əvvəlindən bu göstərici müsbət olub. Son 1 ildə respublikamızdan ixrac 37,7%, idxal isə 6,4% artıb. Nəticədə, xarici ticarətdə 7,515 milyard dollarlıq müsbət saldo yaranıb. Bu, illik müqayisədə 2,2 dəfə çoxdur. Daha bir müsbət məqam ondan ibarətdir ki, il ərzində Azərbaycanın xarici ticarət saldosu bütün aylarda müsbət olub və ən yaxşı göstəricilər ixracın pik həddə çatdığı aprel ($1 227.64 mln.), iyul ($1 675.04 mln.) və oktyabrda ($1 229.13 mln.) müşahidə olunub.

2021-ci ilin 11 ayı ərzində Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 2,4 mlrd. ABŞ dolları təşkil edib. Qeyri-neft sektoru üzrə ixrac 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 720,8 mln. ABŞ dolları və ya 44% artıb ki, bu da kifayət qədər böyük rəqəmdir.

Ölkəmizin ixrac coğrafiyasının genişlənməsi də təqdirəlayiq haldır. Bu fakt Azərbaycanın keyfiyyətli məhsullarına beynəlxalq səviyyədə inamın artmasının göstəricisidir. Respublikamızdan Avropa İttifaqı (Aİ) ölkələrinə məhsul ixracının artması məmnunluq doğurur. Azərbaycan Aİ-yə üzv olan 9 dövlətlə strateji tərəfdaşlıq haqqında müqavilələr imzalayıb. 2021-ci ilin yanvar-oktyabr aylarında ölkəmizdən Avropa İttifaqına üzv dövlətlərə 9 milyard 708,7 milyon ABŞ dolları dəyərində məhsul ixrac edilib. Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, bu göstərici 2020-ci ilin müvafiq dövrünə nisbətən 3 milyard 563,3 milyon dollar çoxdur. Bəhs olunan dövrdə Aİ ölkələrindən Azərbaycana idxal edilən məhsulun dəyəri isə 1 milyard 769,6 milyon dollar təşkil edib.

Azərbaycanın xarici ticarətində MDB ölkələrinin xüsusi çəkisi var. Uzun illər boyu keçmiş ittifaqın tərkibində yer alan bugünkü müstəqil dövlətlər inteqrasiya əlaqələrini davam etdirirlər. 2021-ci ildə Azərbaycanın ən çox ticarət əməliyyatları apardığı Körfəz ölkələri sırasında ilk üçlükdə İran, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Səudiyyə Ərəbistanı qərarlaşıb.

Azərbaycan qazı Avropaya çatdırıldı

Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlığın mühüm bir istiqamətini enerji sektoru təşkil edir. Bir qədər bundan əvvəl Prezident İlham Əliyevin Brüsselə baş tutan səfəri çərçivəsində keçirilən görüşlərdə vurğulandığı kimi respublikamız enerji təhlükəsizliyi məsələlərində Aİ-nin etibarlı tərəfdaşına çevrilib. Təsadüfi deyil ki, ötən il dekabrın 15-də Brüsseldə Avropa İttifaqının Şərq Tərəfdaşlığının VI Sammitinə qatılan dövlətimizin başçısı ölkəmizlə Aİ arasında enerji sahəsindəki əməkdaşlığı xüsusi qeyd edib və bu münasibətlərin də strateji tərəfdaşlıq xarakteri daşıdığını bildirib.

İndiyədək Azərbaycan Avropaya neft və neft məhsulları ixracatçısı kimi tanınırdı. 2020-ci ilin dekabrında ölkəmizin təşəbbüsü ilə tikilən Cənub Qaz Dəhlizinin inşası tamamlandı. 3500 kilometr uzunluğa malik bu enerji dəhlizi Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz” yatağından hasil olunan “mavi yanacaq”ın Avropanın mərkəzi ölkələrinə çatdırılması məqsədilə yaradılıb. Azərbaycan qazı 2021-ci ilin əvvəlindən başlayaraq bu marşrutla Avropa ölkələrinə çatdırılır. İndiyədək respublikamızdan Avropa İttifaqına 7 milyard kubmetrdən çox təbii qaz ixrac edilib. Ölkəmiz cari ildə Avropaya qaz ixracını 9 milyard, 2023-cü ildə isə 11 milyard kubmetrə çatdırmağı öz öhdəsinə götürüb.

İşğaldan azad edilmiş ərazilərdə iqtisadiyyatın altı əsas istiqamət üzrə inkişafı üçün imkanlar mövcuddur

Yuxarıda vurğuladığımız kimi, işğaldan azad edilmiş ərazilərin bərpası və Böyük Qayıdışın təmin olunması 2021-2030-cu illəri əhatə edən yeni strateji mərhələdə Azərbaycanın əsas prioritetləri sırasında yer alır. Söhbət bütünlüklə dağıdılmış ərazilərin minalardan təmizlənməsindən, şəhər və kəndlərin bərpasından, zəruri infrastruktur qurulmasından gedir. Döyüş meydanında düşməni diz çökdürən və kapitulyasiyaya məruz qoyan qalib Azərbaycan bərpa və zəruri infrastruktur quruculuğunu da qısa müddətdə və yüksək səviyyədə həyata keçirmək əzmindədir. Ötən bir ildə reallaşdırılan layihələr, o cümlədən Zəfər yolunun, Füzuli Beynəlxalq Hava Limanının, bir sıra enerji infr?strukturunun inşasının tamamlanması onu deməyə əsas verir ki, respublikamız işğaldan azad olunmuş ərazilərin bərpası, soydaşlarımızın məskunlaşdırılması ilə bağlı qarşıya qoyulan vəzifələrin öhdəsindən layiqincə gələcək. Xatırladaq ki, 2022-ci ildə bu istiqamətdə işlərin davam etdirilməsi üçün dövlət büdcəsindən 2,2 milyard manat vəsait ayrılması nəzərdə tutulub.

Postmüharibə mərhələsində qarşıda duran əsas vəzifələrdən biri də işğaldan azad olunmuş ərazilərin iqtisadi potensialından səmərəli istifadə edilməsi ilə bağlıdır. Prezident İlham Əliyev 7 iyul 2021-ci il tarixində Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında Fərman imzaladı. Sənədə əsasən, həmçinin Qarabağ iqtisadi rayonu (Xankəndi şəhəri, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Xocalı, Xocavənd, Şuşa və Tərtər rayonları) və Şərqi Zəngəzur iqtisadi rayonu (Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilan rayonları) yaradılıb. Vətən müharibəsində işğaldan azad olunmuş ərazilərin yeni iqtisadi rayonlarda birləşdirilməsi bu bölgələrin ölkə iqtisadiyyatına reinteqrasiyası baxımından böyük önəm daşıyır.

Bütövlükdə, bəhs olunan ərazilər iqtisadi resurslarla zəngindir. Mütəxəssislər burada iqtisadiyyatı altı əsas istiqamət üzrə inkişaf etdirmək üçün geniş imkanlar olduğunu bildirirlər.

Ölkəmiz yeni strateji mərhələdə

Ölkəmiz yeni strateji mərhələdə indiyədək qazanılan uğurların miqyasını daha da artırmağı hədəfləyib. Yuxarıda bəhs etdiyimiz “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədində qarşıdakı illər üçün müəyyənləşdirilən beş milli prioritetdən birincisi, dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat qurulması ilə bağlıdır. Davamlı iqtisadi inkişaf ölkədə adambaşına düşən milli gəlirin artmasını, eyni zamanda, yüksək gəlirli iş yerləri yaratmaqla həyat səviyyəsinin ilbəil yaxşılaşmasını təmin edəcək. Bu hədəfə çatmaq üçün respublikanın bütün müvafiq qurumlarının iştirakı ilə yaxın beş ili əhatə edən strategiya hazırlanıb. 2022-ci il strateji önəm daşıyan sənəddəki müddəaların reallaşdırılmasında ilk il olacaq. Cari ildə və yeni strateji dövrün növbəti illərində innovasiya əsaslı iqtisadiyyat quruculuğu, “yaşıl enerji” istehsalının artırılması planlaşdırılır. Bundan başqa, 2022-ci ildə cari məzənnə və makroiqtisadi sabitliyin qorunması üçün tədbirlər görüləcək. İqtisadiyyat naziri Mikayıl Cabbarov vurğulayıb ki, strategiyada iqtisadiyyatın bütün fəaliyyət istiqamətlərində strateji hədəflər, bu hədəflərə çatmaq üçün həyata keçiriləcək başlıca islahatlar və tədbirlər müəyyən olunub. Nazirin məlumatına əsasən, işğaldan azad edilmiş ərazilərin maliyyələşməsi istisna olmaqla, strategiyanın reallaşması üçün tələb olunan vəsaitin ümumi həcmi 20 milyard manata yaxındır və bunun da 10,8 milyard manatı dövlət büdcəsinin üzərinə düşür. “Sözügedən strategiya layihəsinin uğurla həyata keçirildiyi təqdirdə, ölkədə 2022-2026-cı illərdə ÜDM-in orta illik artım tempinin 3,9 faiz, qeyri-neft ÜDM-nin isə 5 faiz səviyyəsində formalaşacağı gözlənilir”, - deyə Mikayıl Cabbarov əlavə edib.

Cari ildə respublikamızda milli iqtisadiyyata investisiya qoyuluşunun artırılmasının prioritetliyi təmin olunacaq. İqtisadiyyat naziri Mikayıl Cabbarovun bildirdiyinə görə, Azərbaycanda 2022-ci ildə ötən ilə nisbətən investisiya fəallığının artmağa başlaması gözlənilir. “Yeni strategiyanın reallaşması ölkə iqtisadiyyatının böyük dəyişikliklərə səbəb olacaq. Növbəti beş il azad edilmiş ərazilərin bərpası və ölkə iqtisadiyyatına inteqrasiyası baxımından tarixi dövr olacaq”, - deyə İqtisadiyyat Nazirliyinin rəsmisi vurğulayıb.

 

Paylaş
Baxılıb: 130 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Müsahibə

İqtisadiyyat

MEDİA

İqtisadiyyat

Gündəm

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31