Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / “Made in Azerbaijan” dünya bazarında

“Made in Azerbaijan” dünya bazarında

12.01.2022 [10:24]

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar sayəsində qeyri-neft sektorunda yüksək inkişaf dinamikasına nail olunub. Təsadüfi deyil ki, son illərdə milli iqtisadiyyatımızda ən yaxşı inkişaf göstəriciləri məhz qeyri-neft sektorunda qeydə alınır. İqtisadiyyatımızda bərpa dövrü kimi səciyyələnən 2021-ci ildə ölkə üzrə qeyri-neft ÜDM-nin artımı 6 faizdən çox olub. O cümlədən neftdənkənar sənaye sektorunda artım 20 faizdən çox olub ki, bu da dünya üzrə ən yaxşı göstəricilərdən biridir.

Azərbaycan ənənəvi olaraq xarici bazarlara neft və ondan hazırlanan məhsullar çıxarır. 2021-ci ilin əvvəlindən ölkəmiz, həmçinin Avropa bazarlarına qaz nəql etməyə başlayıb. Bununla belə, respublikamız xarici bazarlarda daha böyük həcmlərdə qeyri-neft məhsulları ilə təmsil olunmağı hədəfləyib. Bundan ötrü ölkəmizdə sahibkarlıq subyektlərinin ixrac əməliyyatlarının iştirakçıları olmaları güclü şəkildə təşviq edilir. Ölkədə reallaşdırılan yeni nəsil islahatlar çərçivəsində ixracın səmərəli təşviq mexanizmi işə salınıb. Bu mexanizm çərçivəsində ixracatçılar bir sıra güzəştlərdən və maliyyə dəstəyindən bəhrələnirlər.

Reallaşdırılan siyasi və maddi dəstək tədbirlərinin məntiqi nəticəsi olaraq respublikamızdan qeyri-neft məhsullarının ixracı artır. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin dərc etdiyi “İxrac icmalı”nın yanvar sayına əsasən, 2021-ci il ərzində Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 2,7 milyard dollar təşkil edib. Qeyri-neft sektoru üzrə ixrac 2020-ci illə müqayisədə 870 milyon dollar və ya 47,2 faiz artıb. Mərkəzdən bildirilib ki, 2021-ci il ərzində meyvə-tərəvəz məhsullarının ixracı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 22,9 milyon dollar artaraq 630,4 milyon ABŞ dolları təşkil edib. Müvafiq dövr ərzində pambıq ipliyi ixracı 3,1 dəfə, kimya sənayesi məhsullarının ixracı 2,9 dəfə, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 2 dəfə, alüminium və ondan hazırlanan məmulatların ixracı 66,2 faiz, pambıq lifi ixracı 58,3 faiz, şəkər ixracı isə 19,3 faiz artıb.

İxrac coğrafiyası neçə ölkəni əhatə edir?

Ölkəmizdən qeyri-neft sənayesi üzrə ixracın artması aparılan siyasətin səmərəliliyini təsdiqləyir. Bu o deməkdir ki, artıq respublikamız dünya bazarlarında yüksək tələbat duyulan və rəqabət qabiliyyəti yüksək olan məhsullar buraxmağa nail olub.

Ölkəmizdən qeyri-neft sənaye məhsullarının istehsal və ixrac imkanlarının genişlənməsində Sumqayıt Kimya Sənaye Parkının getdikcə artan rolunu xüsusi olaraq qeyd edə bilərik. Sumqayıt Kimya Sənaye Parkı Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 21 dekabr tarixli Fərmanı ilə ölkədə innovativ və yüksək texnologiyalar əsasında rəqabətqabiliyyətli sənaye istehsalının inkişafı üçün münbit şərait yaratmaq, bu sahədə sahibkarlığı dəstəkləmək, qeyri-neft sektorunun davamlı inkişafını təmin etmək və əhalinin istehsal sahəsində məşğulluğunu artırmaq məqsədi ilə yaradılıb. İndiyədək bəhs olunan sənaye parkında ümumi investisiyalarının həcmi 5,4 milyard manatdan artıq olan 25 sahibkarlıq subyektinə rezidentlik statusu verilib və bunlardan 17-si fəaliyyət göstərir. Bütövlükdə, buradakı istehsalatlara 5,1 milyard manat həcmində investisiya yatırılıb və 5700-dək insan daimi işlə təmin olunub. Hazırda Sumqayıt Kimya Sənaye Parkında əvvəlki dövrlərdə idxal hesabına təmin edilən azot gübrəsi, polimerlər, ferroərintilər, tütün məmulatları, aqrokimyəvi məhsullar, sənaye istifadəsi üçün torbalar, tibbi maskalar, şüşə lövhələr və digər yeni məhsullar istehsal edilir. Bu məhsullar ölkədə daxili tələbatın ödənilməsi ilə yanaşı, “Made in Azerbaijan” brendi altında dünyanın 30-dan çox ölkəsinə ixrac edilir.

İndiyədək Sumqayıt Kimya Sənaye Parkının rezidentləri tərəfindən 4,4 milyard manatlıq satış həyata keçirilib ki, bunun da 1,5 milyard manatlıq hissəsi - təqribən 34%-i ixracın payına düşür. Sənaye parkının məhsul istehsalı və ixracında davamlı müsbət artım dinamikası müşahidə edilir.  Belə ki, sənaye parkı fəaliyyətə başlayandan 2021-ci ilədək 2,5 milyard manatlıq məhsul istehsal edilmişdisə, təkcə ötən ilin 11 ayında 1,9 milyard manatlıq məhsul istehsal olunub. Həmçinin sənaye parkı fəaliyyətə başlayandan 2021-ci ilədək cəmi 764 milyon manatlıq məhsul ixrac edilmişdisə, təkcə ötən  ilin 11 ayında bu rəqəm 764 milyon manata çatıb.

Kosmik sənaye məhsullarının ixracı ...

Qısa müstəqillik tarixində kosmik sənaye məhsullarının ixracına nail olması Azərbaycanın böyük uğurudur. Hazırda respublikamız orbitə çıxartdığı üç peyklə dünya kosmos ailəsində uğurla təmsil olunur. Artıq tarixdə qalan 2021-ci ilin yanvar-noyabr aylarında “Azərkosmos” ASC tərəfindən dünyanın 41 ölkəsinə 42,3 milyon ABŞ dolları dəyərində xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edilib. “Azərkosmos” ASC-nin xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 91 faizinə bərabərdir. Qurumun ixrac coğrafiyasında ilk beş yeri tutan ölkələr bunlardır: ABŞ (10,4 milyon dollar), Fransa (10 milyon dollar), Birləşmiş Krallıq (8,2 milyon dollar), Malayziya (6,9 milyon dollar) və BƏƏ-dir (1,7 milyon dollar).

Milli iqtisadiyyatın lokomotivi

“2021-ci ilin əsas məqamlarından biri iqtisadi artımın daha çox qeyri-neft sektorunun artımı hesabına baş verməsi oldu. Praktik olaraq qeyri-neft sektoru Azərbaycan iqtisadiyyatındakı artımı müəyyənləşdirən lokomotivə çevrildi. Bu da təbii ki, iqtisadi artımın dayanıqlılığı baxımından önəmlidir”. Bu fikirləri “Yeni Azərbaycan”a açıqlama verən Milli Məclisin deputatı Vüqar Bayramov ifadə edib.

Ölkəmizdə qeyri-neft iqtisadiyyatının inkişafının multiplikativ təsirləri də kifayət qədər genişdir. Bu sahədə gəlirlər artdıqca sosial islahatların əhatə dairəsini genişləndirmək imkanları da çoxalır. Bu məqama diqqət çəkən Vüqar Bayramov “Ötən il 2022-ci ildə genişmiqyaslı sosial paketin reallaşması üçün maliyyə bazası formalaşdırdı. Çünki büdcəyə nəzərdə tutulandan 1 milyard manatdan çox vəsait yalnız qeyri-neft sektorundan daxil oldu ki, bu da sosial istiqamətə daha çox vəsaitin ayrılmasına şərait yaradacaq”, - deyə vurğulayıb.

 

 

 

Paylaş
Baxılıb: 149 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Xəbər lenti

YAP xəbərləri

Xəbər lenti

Sabah qar yağacaq

26 Yanvar 13:40

Sosial

İqtisadiyyat

Neft ucuzlaşıb

26 Yanvar 10:24

Müsahibə

MEDİA

Gündəm

Sosial

Müsahibə

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31