Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / 3 neft, 4 qaz kəməri

3 neft, 4 qaz kəməri

02.06.2022 [10:06]

Şaxələndirmə enerji təhlükəsizliyinin ən vacib amillərindən biridir

M.ABDULLAYEV

Azərbaycanın hər cür dəstək verdiyi enerji layihələri ölkəmizin region və Avropa İttifaqı məkanı üçün önəmini artıran faktorlar qismində çıxış edir. Bu baxımdan respublikamızın moderatorluğu ilə yaradılan ixrac marşrutları da istisna deyil. Xəzər sahillərindən Avropayadək uzanan enerji dəhlizlərinin ərsəyə gəlməsində regionda qlobal xarakterli bütün layihələrin təşəbbüskarı olan Azərbaycanın siyasi iradəsi həlledici olub.

Ölkənin böyük üstünlüyü

Azərbaycan dünyanın ən qədim neft istehsal edən ölkələrindən biridir. Qürurverici haldır ki, dünya neft hasilatı tarixində bir sıra ilklərə məhz odlar yurdu kimi tanınan respublikamızda imza atılıb. Bu gün isə qlobal enerji məkanında Azərbaycanın üstünlüyü yalnız ölkəmizin etibarlı mənbə olması ilə məhdudlaşmır. Şaxələndirilmiş nəql marşrutlarına malik olması respublikamızın digər böyük üstünlüyüdür. Dünyada neft, qaz istehsal edən ölkələrin sayı çoxdur. Ancaq onların heç də hamısı müstəqil enerji siyasəti həyata keçirə bilmirlər. Bu da, ilk növbədə, onunla əlaqədardır ki, həmin ölkələrin enerji resurslarını dünya bazarına, istehlakçılara çatdırmaq imkanları məhduddur. Zəngin karbohidrogen ehtiyatlarına malik Azərbaycan isə əvvəlki mərhələdə ulu öndər Heydər Əliyevin, son 18 ildə isə Prezident İlham Əliyevin ardıcıllıqla reallaşdırdıqları düşünülmüş siyasət sayəsində enerji resurslarının daşınması üçün şaxələndirilmiş nəql marşrutlarının yaradılmasına nail olub. Geosiyasi gərginliklərin artdığı indiki dövrdə enerji təhlükəsizliyinin təmin olunmasında şaxələndirmənin önəmi daha da artıb. “Şaxələndirmə enerji təhlükəsizliyinin başlıca amillərindəndir. Biz isə enerji strategiyamızın həyata keçirilməsinin ilk günündən etibarən şaxələndirmə üzərində çalışmışıq. Bunun nəticəsində bizim şaxələndirilmiş ixrac marşrutlarımız var - müxtəlif istiqamətə uzanan 3 neft boru kəməri və 4 qaz boru kəmərimiz mövcuddur. Elektrik enerjisi xətlərinə gəldikdə isə, biz 4 qonşu ölkəyə elektrik enerjisi ixrac edirik və Avropaya elektrik enerjisi ixrac etməyi planlaşdırırıq”. Bu fikirləri Prezident İlham Əliyev dünən paytaxtımızda start götürən və iyunun 4-dək davam edəcək Bakı Enerji Həftəsinin açılış mərasimindəki çıxışında ifadə edib.

Bütövlükdə, Azərbaycanın neft strategiyası kompleks səciyyə daşıyır və burada karbohidrogen resurslarının hasilatı ilə onun nəqli bir-biri ilə uzlaşdırılır. Qısa müstəqillik tarixində Xəzərin Azərbaycan sektorunda “Azəri-Çıraq-Günəşli və transmilli şirkətlərlə birgə işlənən digər yataqların ekoloji normalar çərçivəsində istismarı uğurla həyata keçirilib. 2017-ci ildə respublikamızda iki milyard ton neft hasil edilməsi təntənəli şəkildə qeyd olunub. Bu həcmin 700 milyon tonu müstəqillik dövründə hasil edilib ki, onun da 460 milyon tondan çoxu “Əsrin müqaviləsi” ilə yaradılan konsorsiumun payına düşür. Ölkəmizdə hasilat göstəriciləri bu gün də yüksək səviyyədədir. 2022-ci ilin yanvar-aprel aylarında Azərbaycanda 11,1 milyon ton neft (kondensatla birlikdə) hasil edilib. Respublika üzrə neft hasilatının 7 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 1,5 milyon tonu (kondensat) “Şahdəniz”in payına düşüb. SOCAR üzrə neft hasilatı 2,6 milyon ton təşkil edib.

Qısa müstəqillik tarixində respublikamızda Xəzərin Azərbaycan sektorundakı yataqların işlənməsinin həyata keçirilməsi ilə paralel şəkildə, transmilli şirkətlərlə imzalanan müqavilələrin müddəalarını nəzərdə tutulan müddətdə icra etmək və artan hasilatı beynəlxalq bazarlara daşımaq üçün yeni neft kəmərləri tikilib. 1997-ci ilin sonlarında neftin əsaslı şəkildə bərpa olunan Bakı-Novorossiysk kəməri ilə Qara dənizə ixracına başlanılıb. 1999-cu ildə Qara dənizin digər limanına - Supsaya Bakıdan neft kəməri çəkilib. 1999-cu ilin dekabrında Azərbaycan nefti ilə doldurulmuş ilk tanker dünya bazarlarına çıxarılıb. 2002-ci ildə ümummilli lider Heydər Əliyevin davamlı səyləri nəticəsində “Əsrin müqaviləsi”ndə nəzərdə tutulan, lakin çoxlarının əfsanə və ya kağız üzərində kəmər hesab etdiyi əsas ixrac neft kəmərinin - Bakı-Tbilisi-Ceyhanın təməli qoyulub. Qlobal əhəmiyyət kəsb edən kəmər Azərbaycanın enerji dəhlizinə çevrilməsi istiqamətində mühüm addım idi. 2005-ci il mayın 25-də Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin açılış mərasimi keçirilib, 2006-cı ildə Türkiyənin Ceyhan limanından Azərbaycan neftinin nəqlinə başlanılıb.

Bütün ekoloji normalar, ən müasir standartlar gözlənilməklə çəkilən Bakı-Tbilisi-Ceyhanın (BTC) istismarı ötən dövrdə uğurla təmin edilib. Hazırda bu kəmər yalnız Azərbaycan neftinin daşınmasına xidmət etmir, qonşu dövlətlər, o cümlədən Qazaxıstan və Türkmənistan da bu ixrac marşrutundan bəhrələnirlər. BTC-nin istismarının 15-ci ilinin tamamında əlamətdar hadisə yaşanıb - Xəzər neftinin 500 milyonuncu tonu 2021-ci il dekabrın 12-də SOCAR-ın nefti yüklənmiş “Nordorse” adlı və sayca 4922-ci olan tanker ilə Triestə (İtaliya) yola salınıb. 15 il ərzində BTC boru kəməri Xəzər neftini təhlükəsiz, etibarlı, sakit və ekoloji cəhətdən minimum risklə dünya bazarlarına nəql edib. Onun səmərəliliyi və istismar etibarlılığı ilk dövrlərdəki 75 faizdən artaraq hazırkı 99,9 faiz səviyyəsinə çatıb.

2022-ci ilin ilk dörd ayında respublikamızdan müxtəlif nəql marşrutları ilə  9 milyon ton neft (kondensatla birlikdə) ixraca yönəldilib. Bunun 8,5 milyon tona yaxını konsorsiumun, 448 min  tonu isə SOCAR-ın payına düşür.

Azərbaycanın “mavi yanacaq” ixracı imkanları

Respublikamızın enerji siyasəti yalnız neft hasilatı və ixracı üzərində qurulmayıb. Azərbaycan özünü dünyaya həm də qaz ölkəsi kimi təqdim edir. Respublikamız xarici tərəfdaşlara “mavi yanacaq” ixracına 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin (Cənubi Qafqaz qaz boru kəməri) istifadəyə verilməsi ilə başlayıb. Bu kəmərlə “Şahdəniz” yatağının birinci mərhələsi çərçivəsində hasil edilən qazın Gürcüstana, Türkiyəyə və Yunanıstana ixracı həyata keçirilib. Bəhs olunan boru kəməri öz funksionallığını bu gün də qoruyub saxlayır. Təkcə belə bir statistikanı təqdim etmək kifayətdir ki, 2021-ci ildə respublikamızdan qazın nəqlinin təxminən 50 faizi məhz  Bakı-Tbilisi-Ərzurum boru kəməri vasitəsilə həyata keçirilib.

Təbii ki, Bakı-Tbilisi-Ərzurum boru kəməri Xəzərin Azərbaycan sektorunda aşkarlanan yataqların ehtiyatlarının bütün həcmlərini ölkəmizin sərhədlərindən uzaqda yerləşən istehlakçılara çatdırmaq üçün zəruri fiziki imkanlara malik deyil. Buna görə Azərbaycan yeni nəql marşrutunun - Cənub Qaz Dəhlizinin yaradılması təşəbbüsü ilə çıxış etdi və bu ideyanın reallaşması üçün əsas yükü öz üzərinə götürdü. Xatırladaq ki, başlanğıcda Cənub Qaz Dəhlizinin inşası ilə bağlı bir sıra problemlər var idi. Azərbaycan Prezidenti İlham Əliyevin qətiyyəti sayəsində bütün skeptik yanaşmaları darmadağın etməyə və Xəzər sahillərindən Avropaya uzanacaq yeni boru xəttinin inşası yolundakı maneələri aradan qaldırmağa nail oldu. Sözügedən layihə XXI əsrin ən böyük infrastruktur layihələrindən biri hesab olunur. Uzunluğu 3500 kilometr olan Cənub Qaz Dəhlizi Bakıdan Adriatik dənizinin dibi ilə, yüksək dağlıq ərazilərdən keçərək İtaliyaya çatır. Yeni nəql marşrutunun sonuncu seqmenti olan Trans-Adriatik Boru Kəmərinin (TAP) inşası 2021-ci ilin dekabrında tamamlandı. Həmin vaxtdan bəri Azərbaycan Avropaya 11 milyard kubmetrdən çox “mavi qaz” nəql edib. Ötən il 43.9 milyard kubmetr qaz hasil edən ölkəmizdə istehsalın bu il daha da artacağı gözlənilir. Cari ilin 4 ayı ərzində respublikamızda ötən ilin müvafiq dövrü ilə müqayisədə 14,4 faiz çox olmaqla 15,7 milyard kubmetr  təbii qaz hasil edilib. Xaricə qaz ixracı da artaraq 7,6 milyard kubmetrə çatıb. Hazırda məlum geosiyasi gərginliklər fonunda Avropanın “mavi yanacaq”a olan tələbatı artıb. Azərbaycan isə yeni yataqları istismara verməklə “qoca qitə”yə daha çox həcmlərdə qaz nəql etmək imkanına malik ölkədir.

Paylaş:
Baxılıb: 212 dəfə
Multi-media

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Ədəbiyyat

Xarici siyasət

Prezident bu gün

Prezident bu gün

07 İyul 10:44

İqtisadiyyat

İqtisadiyyat

İqtisadiyyat

Xəbər lenti

Xəbər lenti

Sosial

Sosial

Xarici siyasət

Sosial

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31