Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Avropa çətin durumda...

Avropa çətin durumda...

03.06.2022 [10:17]

Mübariz ABDULLAYEV

“Qoca qitədə” Xəzər qazının ixrac coğrafiyası genişlənir

Sonu görünməyən Rusiya-Ukrayna müharibəsi fonunda Avropa İttifaqı (Aİ) ölkələrinin enerji təhlükəsizliyi üçün ciddi çətinliklər yaranıb. O cümlədən “qoca qitə” “mavi yanacağ”a  tələbatını tam şəkildə qarşılamaqda həlli asan olmayan problemlərlə üz-üzə qalıb. Problemin kökündə Ukraynanın tərəfini saxlayan Aİ ölkələri ilə Rusiya arasında getdikcə daha geniş miqyas alan sanksiyalar müharibəsi dayanır. Avropa Rusiyaya qarşı enerji sektoru da daxil olmaqla sanksiyalar tətbiq etməklə bu ölkənin maliyyə imkanlarını məhdudlaşdırmağı hədəfləyib. Öz növbəsində Rusiya da buna qarşı cavab tədbirləri görərək “qoca qitə”ni, necə deyərlər, öz silahı ilə cəzalandırmağa çalışır. Şimal qonşumuzun sanksiyalara qarşı cavab tədbirlərindən biri “dost olmayan ölkələrə” satdığı qazın dəyərinin rublla ödənilməsi tələbi oldu. Artıq qərar qüvvəyə minib və bu tələbi yerinə yetirmək iqtidarında olmayan ayrı-ayrı ölkələrə qaz tədarükü dayandırılıb.

“Qoca qitə” Azərbaycana üz tutur

Avropanın “mavi yanacaq” təchizatında Rusiyanın böyük payı var. “Qoca qitə”nin illik qaz tələbatı 552 milyard kubmetrə bərabərdir. İndiyədək bu həcmin təxminən 40 faizi Rusiyadan idxal hesabına ödənilib. Qarşılıqlı sanksiyalar səbəbindən azalan idxal həcmlərini Avropa hansı mənbələr hesabına qarşılaya bilər? Hazırda bu sual “qoca qitə” üçün həyati əhəmiyyət kəsb edir. Məsələ burasındadır ki, Rusiya ilə Avropa İttifaqı ölkələri arasında qaz nəqlini ucuz və rahat şəkildə həyata keçirməyə imkan verən hazır infrastruktur qurulub. Yeni belə infrastrukturun qurulması zaman və maliyyə vəsaiti tələb edir.

Belə bir şəraitdə Avropadan nəzərlər Azərbaycana dikilib ki, bu da təsadüfi deyil. Azərbaycan Avropa üçün yeni “mavi yanacaq” təchizatı mənbəyidir. Ölkəmizin digər və çox vacib cəlbediciliyi isə “qoca qitə”nin, necə deyərlər, yaralı yeri olan infra­strukturla bağlıdır. Respublikamız ehtiyatlarla zəngin olan “Şahdəniz”dən (perspektivdə Xəzərdəki digər yataqlardan) hasil edilən “mavi yanacağ”ı Avropaya daşıyan Cənub Qaz Dəhlizinin inşasına nail olub. Bu dəhliz Xəzər sahillərindən 3500 kilometr məsafədə uzanaraq Avropanın mərkəzi ölkələrinədək çatır. 2020-ci ilin dekabrında Cənub Qaz Dəhlizinin sonuncu seqmenti olan Trans Adriatik Boru Kəmərinin (TAP) inşası tamamlandı. Beləliklə, respublikamız 2021-ci ilin əvvəlindən etibarən yeni dəhliz vasitəsilə tarixdə ilk dəfə Avropaya qaz nəqlinə start verdi.  Ötən il Avropa bu marşrutla Azərbaycandan 8 milyard kubmetrdən çox “mavi yanacaq” aldı. Cari ilin yanvar-aprel aylarında isə respublikamızdan ixraca 7,6 milyard kubmetr “mavi yanacaq” yönəldilib. Azərbaycanın energetika naziri Pərviz Şahbazov bildirib ki, Cənub Qaz Dəhlizi enerji böhranı zamanı Avropa istehlakçılarını fasiləsiz və sərfəli təbii qazla təmin etməklə qısa müddət ərzində öz strateji əhəmiyyətini sübuta yetirib və Azərbaycan həm region, həm də Avropa ölkələri üçün etibarlı enerji təchizatçısı kimi rolunu davam etdirmək əzmindədir: “İndiyədək TAP vasitəsilə Avropaya 11,6 milyard kubmetr qaz nəql edilib. Cari ilin ilk dörd ayında Avropaya tədarük edilən 3,5 milyard kubmetr Azərbaycan qazının 3,1 milyard kubmetri İtaliyanın, 0,3 milyard kubmetri Yunanıstanın, 0,1 milyard kubmetri isə Bolqarıstanın payına düşüb. Hazırkı ixrac tempi ilə Avropaya qaz tədarükümüzün ilin sonuna kimi 10 milyard kubmetrdən çox olacağı gözlənilir”, - deyə nazir vurğulayıb.

Respublikamızdan qaz idxalını artırmaq istəyən Avropa ölkələrinin siyahısı getdikcə genişlənir. Bura həm son bir ildə Azərbaycandan qaz alan ölkələr, həm də yeni istehlakçılar daxildir. Hazırda bu istiqamətdə intensiv danışıqlar aparılır. Elə bu günlərdə paytaxtımızda baş tutan Bakı Enerji Həftəsi çərçivəsində Azərbaycanın Energetika Nazirliyində İtaliyanın müvafiq qurumlarının yüksək səviyyəli rəsmiləri ilə müzakirələr aparılıb. Müzakirələrdə Azərbaycanın ən böyük ticarət tərəfdaşı olan İtaliya ilə enerji əməkdaşlığında TAP vasitəsilə təbii qaz tədarükünün mühüm rol oynadığı xüsusi vurğulanıb. Azərbaycanın energetika naziri Pərviz Şahbazov 2022-ci ilin sonunadək İtaliyaya qısa və uzunmüddətli müqavilələr üzrə qaz ixracının 9,5 milyard kubmetr proqnozlaşdırıldığını, TAP-ın ötürücülük gücünün artırılması hesabına isə təkcə İtaliyanın deyil, Avropanın digər ölkələrinin də daha çox təbii qazla təchizatının mümkün ola biləcəyini bildirib.

Serbiya da Azərbaycandan qaz tədarükündə maraqlı olan ölkələr sırasında yer alır. Bakı Enerji Həftəsi çərçivəsində bu ölkənin baş nazirinin müavini - energetika və mədənçilik sənayesi naziri Zorana Mixayloviç ilə Azərbaycanın Energetika Nazirliyində keçirilən görüşdə Cənub Qaz Dəhlizinin interkonnektorlarla şaxələndirilməsinin  Serbiya  və Balkan ölkələri, eləcə də təchizatçı kimi Azərbaycan üçün  əhəmiyyətli olduğu vurğulanıb. Cənub Qaz Dəhlizinə inteqrasiya Serbiyanın enerji təhlükəsizliyi üçün mühüm əhəmiyyət daşıyır. Serbiya-Bolqarıstan (Niş-Dimitrovqrad) qaz kəməri, eləcə də Serbiya- Rumıniya və digər interkonnektorlar bu ölkə ilə yanaşı, digər dövlətlərin də Azərbaycandan uzanan alternativ marşruta inteqrasiyasını təmin edəcək.

İndiki reallıqlar fonunda Cənub Qaz Dəhlizi vasitəsilə Azərbaycandan “mavi yanacaq” tədarükünü artırmaq istəyən Avropa ölkələrindən biri də Bolqarıstandır. Bu ölkə Rusiyadan ildə təxminən 3 milyard kubmetr “mavi yanacaq” idxal edirdi. Məlum gərginliklərdən sonra Bolqarıstan alternativ mənbə kimi Azərbaycana üz tutub. Bu ölkə Azərbaycan qazını daha böyük həcmdə 2022-ci ilin sentyabrında Yunanıstan-Bolqarıstan interkonnektoru (IGB) vasitəsilə almağı gözləyir. Bolqarıstan hökumətinin rəsmilərinin bildirdiklərinə görə Azərbaycandan “mavi yanacaq” idxalı aşağı qiymətlər və daha çox enerji müstəqilliyi deməkdir. Xatırladaq ki, Bolqarıstan Azərbaycanla ildə bir milyard kubmetr qazın tədarükünə dair müqavilə imzalayıb. Eyni zamanda, Bolqarıstan respublikamızdan əlavə qaz həcmləri almaq niyyətini də bildirib. Cənub Qaz Dəhlizinin qollarından biri kimi Bolqarıstana “mavi yanacaq” daşıyacaq IGB -nin illik ötürmə gücü 3 milyard kubmetr təşkil edəcək. Hazırda IGB-nin tikintisində işlər son mərhələdədir, layihənin 90-95 faizi icra olunub. Müqavilə öhdəliklərinə görə  interkonnektor iyulun 1-dək istifadəyə verilməlidir. Gələcəkdə isə onun ötürücülük gücünü  5 milyard kubmetrə çatdırmaq mümkündür. Bolqarıstanın baş naziri Kiril Petkov Azərbaycan qazının ölkəsinə nəqlini nəzərdə tutan və TAP boru kəmərinə qoşulacaq Yunanıstan-Bolqarıstan interkonnektoru (IGB) layihəsinin icrası barədə danışaraq, boru kəmərinin kommersiya istismarına hazır olması üçün lazımi addımların atıldığını bildirib.

Bütövlükdə, Azərbaycandan qaz tədarükündə maraqlı olan ölkələrin sayı kifayət qədər çoxdur. Almaniya, Niderland, Moldova, İsveçrə və Avstriya kimi ölkələr də respublikamızdan “mavi yanacaq” idxalı ilə bağlı niyyətlərini ifadə ediblər.

Cənub Qaz Dəhlizinin genişləndirilməsi gündəmdə

Azərbaycan Avropanın böyük həcmlərdə “mavi yanacaq” tədarükü istəyini qarşlamaq üçün geniş imkanlara malik olan ölkədir. Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz” yatağının potensialı 1,2 trilyon kubmetr qaz və 240 milyon ton kondensat həcmində dəyərləndirilir. Hazırda dünyada “mavi yanacağ”a artan tələbat nəzərə alınmaqla “Şahdəniz” yatağının istismarı genişləndirilir. Paralel şəkildə,  “Ümid”, “Babək”, “Abşeron” yataqlarının da istismara hazırlanması intensiv şəkildə davam etdirilir. “Bizim qaz potensialımız yalnız “Şahdəniz”lə məhdudlaşmır. Digər yataqlar da çox perspektivlidir. Gələn il onların bəzilərində hasilat başlayacaq. Bu, enerji təhlükəsizliyinə mühüm töhfə olacaq. Xüsusən də, indiki dövrə gəldikdə, Azərbaycanın karbohidrogenlərinə olan tələbat heç zaman görünmədiyi kimi böyükdür. Məsuliyyətli ölkə kimi biz bunu nəzərə alırıq və müxtəlif səbəblərə görə çətinliklərlə üzləşən ölkələri dəstəkləməyə çalışırıq. Hazırda Azərbaycanın müvafiq strukturları sayı artan ölkələrlə daim təmasdadır”, - deyə Prezident İlham Əliyev Bakı Enerji Həftəsi çərçivəsində 27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin rəsmi açılış mərasimindəki çıxışında bildirib.

Tələbatın artması ixrac həcmlərinin artması anlamına gəlir. Ötən il Azərbaycanın ümumi “mavi yanacaq” ixracının həcmi 22 milyard kubmetr səviyyəsində olub. Cari ildə bu rəqəmin 24 milyard kubmetrə çatacağı gözlənilir. Perspektivdə isə ixrac həcmləri daha da artacaq.

Bəs artan həcmlər hansı infra­strukturla daşınacaq? Artan ixrac həcmləri Cənub Qaz Dəhlizinin genişləndirilməsi zərurətini gündəmə gətirib. Artıq xeyli vaxtdır ki, TAP-ın ötürücülük imkanlarının genişləndirilməsi ilə bağlı müzakirələr başlayıb və layihələr hazırlanıb. Azərbaycan qazını Avropaya çatdıran bu kəmərin illik ötürücülük imkanları 10 milyard kubmetrə bərabərdir. Kəmərin ötürücülük imkanlarının təxminən iki dəfə genişləndirilməsi tam realdır. Oxşar genişləndirmə işlərinin TANAP üzrə də reallaşdırılması müzakirə mövzusudur. Yuxarıda bəhs etdiyimiz tədbirdə dövlət başçımız məlumat verərək bildirib ki, əlbəttə, bu, vaxt və çoxlu maliyyə vəsaitlərini, o cümlədən sıx əlaqələndirməni, əməkdaşlığı və bütün iştirakçı ölkələrlə fəal dialoqu tələb edəcək. Biz buna hazırıq. Azərbaycanın Energetika Nazirliyi və Dövlət Neft Şirkəti artıq bütün təlimatlarımı alıblar və onlar fəal danışıqlar aparırlar.

TAP və TANAP-ın genişləndirilməsi ilə yanaşı, Avropada Cənub Qaz Dəhlizinin qollarının inşası istiqamətində də intensiv işlərə başlanıb. Biz yuxarıda bəzi layihələrin icrasından bəhs etdik. Bu və ya digər  interkonnektorların inşası Azərbaycan qazının Avropaya ixrac coğrafiyasını genişləndirməyə imkan verəcək.

Paylaş:
Baxılıb: 193 dəfə
Multi-media

Xəbər lenti

Hamısına bax

Sosial

Avropa imtina edir

02 İyul 12:09

Xarici siyasət

Siyasət

Xəbər lenti

Xəbər lenti

Ədəbiyyat

Xəbər lenti

Müsahibə

Xarici siyasət

İqtisadiyyat

İqtisadiyyat

Prezident bu gün

Prezident bu gün

01 İyul 09:55

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31