Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Enerji təchizatında yeni dövr: Rəqəmsallaşma

Enerji təchizatında yeni dövr: Rəqəmsallaşma

14.06.2022 [10:13]

M.FEYİZLİ

Azərbaycanın elektrik enerjisi təsərrüfatı ilə tanışlıq ölkəmizin müasir siması barədə təsəvvürləri daha da genişləndirir. Elektrik enerjisi olmadan iqtisadiyyatın inkişafını, əhalinin sosial vəziyyətinin yaxşılaşmasını təsəvvür etmək belə mümkün deyil. Müstəqilliyimizin ilk illərində bu sahədə vəziyyət heç də ürəkaçan deyildi. Regionları demirik, paytaxt Bakıda belə enerji təminatı arzuedilən səviyyədən çox uzaq idi. Xətlərdə, yarımstansiyalarda tez-tez qəzalar baş verir, şəhər qaranlığa qərq olurdu. Fəsadların aradan qaldırılması isə, bir qayda olaraq, uzun çəkirdi. İndi artıq nəinki təkcə paytaxt Bakının, eləcə də regionların enerji təminatında dönüş yarandığını əminliklə söyləmək mümkündür. Bu gün bütün respublikamız nur, işıq içindədir, desək, əsl həqiqəti ifadə etmiş olarıq.  Bir vaxtlar respublikamızın elektrik enerjisinin ixracatçısına çevriləcəyini heç təsəvvürümüzə belə gətirməzdik. Ancaq indi bu reallıqdır. Aradan cəmi 30 il ötəndən sonra Azərbaycan nəinki daxili enerji tələbatını tam şəkildə yerli istehsal hesabına ödəyir, eyni zamanda, qonşu ölkələrə, hətta uzaq Avropaya belə elektrik enerjisi ixrac edir.

Yeni güclərin yaradılması

Bəs milli təhlükəsizliyimiz üçün strateji önəm daşıyan elektrik enerjisi təsərrüfatında dönüş nəyin sayəsində yaranıb? Sualın cavabı olaraq son 18 ildə Prezident İlham Əliyevin səyləri, qətiyyətli iradəsi sayəsində ölkənin elektrik enerjisi təsərrüfatında yeni güclərin yaradılmasına yönəldilən böyük həcmli investisiyaların, reallaşdırılan çoxsaylı layihələrin önəmini xüsusi qeyd edə bilərik.  Bəhs olunan dövrdə ölkə ərazisində böyük həcmlərdə dövlət investisiya qoyuluşu hesabına 30-dan çox elektrik stansiyası tikilib. Bunların sırasında 525 meqavat gücündə “Sumqayıt”, təxminən 800 meqavat gücündə “Cənub”, 400 meqavata yaxın gücü olan “Şimal-2”, generasiya gücü 300 meqavat olan “Səngəçal” elektrik stansiyaları xüsusi yer tutur. Eyni zamanda, respublikamızın müxtəlif bölgələrində modul tipli beş stansiya tikilib ki, onların da hər birinin generasiya gücü təxminən 90 meqavatdır.

Son vaxtlarda respublikamızda elektrik enerji istehsalında bərpaolunan enerji dövrü başlayıb. Hazırda bərpaolunan enerji mənbələri üzrə elektrik stansiyalarının gücü 1300,7 MVt-dır ki, bu da ölkənin ümumi elektrik enerjisi istehsalı gücünün  təxminən, 17,3%-ni təşkil edir. Qarşıya qoyulan hədəf isə 2030-cu ilədək olan dövrü əhatə edən strateji mərhələdə ölkənin elektrik enerjisinin istehsal gücündə bərpaolunan enerji mənbələrinin payının 30-40%-ə çatdırılmasıdır.

 Hazırda 44 günlük Vətən müharibəsində işğaldan azad edilən ərazilərin enerji potensialından tam həcmdə istifadə olunması istiqamətində də məqsədyönlü tədbirlər həyata keçirilir. Ötən il burada “Güləbird”, “Suqovuşan-1”, “Suqovuşan-2”, Kəlbəcərdə Lev çayı üzərində 4 su elektrik stansiyası yenidən qurularaq istifadəyə verildi. Cari ildə isə  işğaldan azad edilmiş torpaqlarda 5 su elektrik stansiyasının inşasının tamamlanması nəzərdə tutulur. Bəhs olunan ərazilərdə ermənilər tərəfindən dağıdılmış 30-a yaxın su elektrik stansiyasının bərpası və əsaslı şəkildə yenidən qurulması da  mümkündür.

Yarımstansiyaların yenidən qurulması

Ölkə üzrə enerji təsərrüfatının müasir tələblər səviyyəsinə yüksəldilməsinin digər bir mühüm istiqamətini yarımstansiyaların yenidən qurulması təşkil edir. Bir vaxtlar respublika üzrə elektrik enerjisi sistemində tez-tez qəzaların baş verməsi məhz yarımstansiyaların avadanlıqlarının fiziki və mənəvi cəhətdən köhnə olması ilə bağlı idi. Həmin avadanlıqlarla artan tələbatı qarşılamaq, abonentlərə keyfiyyətli xidmət göstərmək əsla mümkün deyildi.

Respublikamızda yarımstansiyaların yenilənməsi davamlı prosesə çevrilib.

2021-ci ildə “Azərenerji” sistemində 23 elektrik stansiya və yarımstansiyası tikilib və ya yenidən qurularaq istismara verilib. Belə ki, ölkənin ən böyük yarımstansiyası olan 500 kilovoltluq “Abşeron” yarımstansiyası, həmçinin, strateji əhəmiyyətli  220 kilovoltluq “Xırdalan” və “Hövsan”, o cümlədən sistem əhəmiyyətli 110 kilovoltluq “Binəqədi”, “Xırdalan-2”, “Maştağa”, “Suraxanı”  yarımstansiyaları yenidənqurmadan sonra Prezident İlham Əliyevin iştirakı ilə istismara verilib. Dövlət başçısının iştirakı ilə “Sumqayıt” Elektrik Stansiyasının əsaslı təmiri, yeni estakada nasos stansiyasının istismara verilməsi ilə 2018-2021-ci illəri əhatə edən Enerjisistemin Reabilitasiya Proqramı başa çatıb. “Qobu” Enerji Qovşağında da işlər yekunlaşıb.

Yarımstansiyaların yenidən qurulması proqramı çərçivəsində 2022-ci ilin əvvəlindən bəri yeni layihələr icra olunur.  Prezident İlham Əliyev cari ildə bir neçə yarımstansiyanın əsaslı şəkildə yenidən qurulmasından sonra istifadəyə verilməsi mərasimlərinə qatılıb. Hazırda Bakı şəhərində sistem əhəmiyyətli 220 kilovoltluq yarımstansiya tikilir. Bununla da, Bakı şəhərinin elektrik enerji təchizatında birbaşa əhəmiyyət kəsb edən 220 kV-luq yarımstansiyaların sayı yeddiyə çatdırılır. Belə ki, 1932-ci ildə tikilən və istismar müddətini bitirən, ən qədim yarımstansiyalardan biri olan 110/35/6 kV-luq “Qala” yarımstansiyası sökülüb, gərginlik sinfi 220/110/35/6 kilovoltluq gərginlik sinfinə keçirilərək yenidən inşa edilir. Yarımstansiyanın ümumi gücü 150 meqavolt amperdən 550 meqavolt amperə qaldırılır.

Rəqəmsal idarəetmə mərkəzləri

Müasir dövlət kimi inkişaf edən Azərbaycan dördüncü sənaye inqilabının hədəflərinə doğru inamlı addımlar atır. Rəqəmsallaşma, informasiya-kommunikasiya texnologiyalarının iqtisadiyyata tətbiqi ilə səciyyələnən yeni sənaye inqilabı elektrik enerjisi təsərrüfatı üçün də mühüm çağırışlar yaradıb. Azərbaycanın isə bu çağırışları qarşılamağa həm güclü siyasi iradəsi, həm də geniş maddi-texniki və maliyyə imkanları var. Son vaxtlarda ölkə üzrə elektrik enerjisi sitemində rəqəmsal texnologiyaların tətbiqinin əhatə dairəsi genişləndirilir. Yenidən qurulan yarımstansiyalarda SCADA, əks-qəza, mühafizə-avtomatika, sabit və dəyişən cərəyan qurğuları ilə təchiz olunmuş idarəetmə sistemləri yaradılır. Beləliklə də, enerji təchizatı obyektlərində aktivlərin, proseslərin idarə edilməsi, qüsurların vaxtında aradan qaldırılması, açılıb-qoşulma əməliyyatları proqram təminatı vasitəsi ilə avtomatik həyata keçirilir.

Respublikanın elektrik enerjisi təsərrüfatında SCADA uzaqdan idarəetmə sistemi uğurla tətbiq edilir. SCADA tətbiq edilməyən şəbəkə və   yarımstansiyalarda  baş vermiş bu və ya digər elektrik hadisələri, gərginlik itkisi, avtomatik açılma və ya hər hansı bir qüsur haqqında məlumat  dispetçer xidmətinə birbaşa yox, yerli şəbəkə rayonlarından, abonentlərin və ya istehlakçıların  “199 Qəza Xidməti”, “Qaynar Xətt”  xidmətlərinə ünvanladıqları telefon zəngləri vasitəsi ilə  daxil olur. Növbətçi dispetçer tərəfindən qəza baş vermiş nöqtəyə təcili operativ-əməliyyat briqadası göndərilsə  də, qəzanın  ləğvi obyektiv və subyektiv səbəblərdən (hadisə yerinə çatmaq, avadanlıqlara texniki baxış keçirmək, yollardakı tıxaclar, maşın-mexanizmlərin intensiv hərəkəti və.s) ləngiyir ki, bu da istehlakçıların haqlı narazılığına səbəb olur. Artıq SCADA-nın tətbiqi ilə enerji siteminin idarə edilməsi ilə bağlı belə təsəvvürlər keçmişdə qalmaqdadır. Rəqəmsal texnologiyalar əsasında qurulan yeni sistem şəbəkəni və ya enerji sistemi operativ  idarə edən dispetçerlə (personalla), idarə olunan  şəbəkə   arasında  birbaşa vizual  əlaqə yaradır. Bu sistem vasitəsi ilə şəbəkənin elektrik avadanlıqlarına  nəzarət və onları idarə  etmək, təcili əməliyyat çevrilmələri  həyata keçirmək, elektrik hadisələrini təhlil və analiz etmək, ölçülər aparmaq, hesabatlar hazırlamaq  mümkündür.  Bundan əlavə, SCADA sistemi daha geniş funksiyalara - enerjinin alışını və axın istiqamətini müəyyənləşdirmək, enerjinin  keyfiyyətinə nəzarət  və monitorinqlər aparmaq kimi böyük  texniki  imkanlara malikdir.

Qeyd edək ki, Vətən müharibəsində işğaldan azad edilən ərazilərdə də elektrik enerjisi sisteminin qurulması ən müasir rəqəmsal texnologiyaların tətbiqi yolu ilə həyata keçirilir. Təkcə son vaxtlarda Prezident İlham Əliyev Şuşada, Ağdamda   regional rəqəmsal idarəetmə mərkəzlərinin istifadəyə verilməsi mərasimlərinə qatılıb. Bütövlükdə, işğaldan azad olunmuş ərazilərdə tikilən 9 yarımstansiyanın hamısı Azərbaycanın ümumi enerji sisteminə qoşulmaqla yanaşı, tam şəkildə rəqəmsallaşdırılıb. Rəqəmsal idarəetmənin tətbiqi  elektrik enerjisinin ötürülməsi və paylanması proseslərinə fasiləsiz nəzarətin həyata keçirilməsini təmin edir, insan amilinin proseslərə təsirini aradan qaldırır və səmərəliliyi artırır.

Paylaş:
Baxılıb: 179 dəfə
Multi-media

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Xəbər lenti

Ədəbiyyat

Sosial

Avropa imtina edir

02 İyul 12:09

Xarici siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31