Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Əlavə vəsaitlər hansı istiqamətlərə yönəldiləcək?

Əlavə vəsaitlər hansı istiqamətlərə yönəldiləcək?

21.06.2022 [10:12]

Mübariz ABDULLAYEV

Azərbaycanın 2022-ci il üçün dövlət büdcəsi ölkəmizin müstəqillik tarixində ən böyük büdcədir. Bununla belə, Prezident İlham Əliyev bir qədər bundan əvvəl Zəngilan rayonuna səfəri çərçivəsində keçirdiyi görüşlərdən birindəki çıxışında ölkəmizin hazırkı müsbət reallıqlarına istinad etməklə büdcəyə əlavələrin edilməsi ilə bağlı hökumətə müvafiq tapşırıqlarını verib. Dövlət başçısının tapşırıqlarına uyğun olaraq qısa müddətdə sahəvi qurumların təklifləri də nəzərə alınmaqla “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi hazırlanaraq Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq və Əmək və sosial siyasət komitələrinin birgə iclasında müzakirələrə (ilk oxunuşda) çıxardılıb.

Büdcə dəyişikliyinin maliyyələşmə mənbələri

İlin otalarında büdcəyə əlavələrin olunmasının mümkünlüyü ilk növbədə respublikamızda əlverişli mühitin formalaşması ilə bağlıdır. İlin əvvəlindən bəri ölkəmizdə müdafiə və təhlükəsizliyinin daha da gücləndirilməsi, işğaldan azad olunmuş ərazilərdə bərpa və yenidənqurma işlərinin sürətləndirilməsi və ərzaq təhlükəsizliyinin təmin edilməsi kimi prioritet istiqamətlərdə bir sıra zəruri tədbirlər həyata keçirilir. Bütün bunlar isə dövlət büdcəsi qarşısında 2985,7 milyon manat həcmində əlavə maliyyə tələbatını formalaşdırıb. Azərbaycandakı hazırkı inkişaf səviyyəsi və müsbət reallıqlar bu tələbatı qarşılamağa imkan verir. Yenidən baxılma ilə 2022-ci il dövlət büdcəsi xərclərinin 32303,8 milyon manata çatdırılması nəzərdə tutulur ki, bu da təsdiq olunmuş göstəriciyə (29 879 milyon manat) nisbətən 2424,8 milyon manat və ya 8,1 faiz, 2021-ci ilin faktiki icra göstəricisi ilə müqayisədə isə 4881,4 milyon manat və ya 17,8 faiz çoxdur.

Müzakirələrdə iştirak edən maliyyə naziri Samir Şərifovun sözlərinə görə, dövlət və icmal büdcələr üzrə zəruri xərclərin aşağıdakı qaydada maliyyələşdirilməsi nəzərdə tutulub:

- Əlavə qeyri-neft gəlirləri hesabına - 1 milyard 351 milyon manat;

- Əlavə neft gəlirləri hesabına - 848 milyon manat;

- Dövlət büdcəsində mövcud olan istifadə edilməmiş xərclərə yenidən baxılma yolu ilə xərclər arasında yerdəyişmələrin aparılması hesabına - 561 milyon manat;

- “Avtomobil Yolları” Məqsədli Büdcə Fondunun 2022-ci ilin əvvəlinə qalığı hesabına - 181,0 milyon manat və və “Ətraf mühitin mühafizəsi üzrə dövlət fondu”nun qalığı hesabına - 2,3 milyon manat;

- Dövlət büdcəsinin genişlənmiş kəsirinin maliyyələşmə mənbəyi kimi daxili borclanma hesabına - 43 milyon manat.

Maliyyə naziri nəzərə çatdırıb ki, yenidən baxılma nəticəsində 2022-ci il üçün dövlət büdcəsinin gəlirləri 29 milyard 198 milyon manat proqnozlaşdırılır ki, bu da təsdiq olunmuş göstəriciyə nisbətən 2 milyard 382 milyon manat və ya 8,9 faiz çoxdur. 2022-ci ilə yenidən baxılmış dövlət büdcəsinin gəlirlərinin 53,2 faizi və ya 15537,5 milyon manatı neft sektorunun, 46,8 faizi və ya 13660,3 milyon manatı qeyri-neft sektorunun payına düşür. 2022-ci ilin təsdiq olunmuş göstəriciləri ilə müqayisədə neft sektoru üzrə gəlirlər 847,5 milyon manat və ya 5,8 faiz, qeyri-neft sektoru üzrə isə 1534,3 milyon manat və ya 12,6 faiz artırılır.

Bununla yanaşı, Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin 1192,5 milyon manat məbləğində olan hissəsi dövlət büdcəsinin əlavə neft gəlirləri hesabına əvəzləşdirilir və transfert müvafiq həcmdə azaldılır. Bu isə son nəticədə Dövlət Neft Fondunun aktivlərinin daha da artımını şərtləndirəcək.

Ərazilərin bərpası ölkənin prioritetləri sırasında

Parlamentdə müzakirəyə çıxardılan layihədə büdcəyə ediləcək dəyişikliklərə əsasən, əlavə maliyyə vəsaitləri yönəldiləcək bir sıra xərc istiqamətləri də müəyyənləşdirilib. O cümlədən 44 günlük Vətən müharibəsində işğaldan azad edilmiş ərazilərdə bərpa və yenidənqurma işlərinin aparılmasına əlavə olaraq 470 milyon manat vəsait ayrılması nəzərdə tutulub. Sözügedən ərazilərə Böyük Qayıdışı təmin etmək 2030-cu ilədək olan dövrü əhatə edən strateji mərhələdə respublikamızın əsas prioritetləri sırasına daxildir. Bu məqsədlə postmüharibə mərhələsində bəhs olunan ərazilərdə intensiv şəkildə zəruri infrastruktur qurulur, müasir yanaşmalar konsepti əsasında şəhər və kəndlər salınır. Artıq ilk “ağllı kənd” layihəsinin icrası tamamlanıb və yaxın vaxtlarda ora ilk sakinlərin köçəcəyi gözlənilir. Eyni zamanda, bir neçə şəhərin bərpa layiuhəsi təqdim olunub. Bütövlükdə, işğaldan azad edilmiş ərazilərdə müxtəlif istiqamətlərdə layihələrin icrasına böyük həcmlərdə maliyyə vəsaiti yönəldilir. 2021-2022-ci illərdə bu məqsədlər üçün dövlət büdcəsindən ümumilikdə 4,4 milyard manat vəsait ayrılıb. Azərbaycanın imkanlarının artması şəraitində dövlət işğaldan azad olunmuş ərazilərin bərpasını daha da sürətləndirmək istəyir. 2022-ci ilin büdcəsinə ediləcək dəyişikliyə əsasən, işğaldan azad olunmuş ərazilərdə bərpa və yenidənqurma işlərinə əlavə vəsaitin ayrılmasının nəzərdə tutulması bunu bir daha təsdiqləyir. Sənəddə bildirilir ki, bu ilin 5 ayı ərzində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası xərcləri üzrə icraçılar tərəfindən verilmiş sifarişlər əsasında 1060,0 milyon manat məbləğində (2021-ci ilin eyni dövrü ilə müqayisədə 3,6 dəfə çox) maliyyələşdirmə aparılıb ki, bu da cari ildə həmin məqsəd üçün nəzərdə tutulmuş xərclərin 48,2 faizinə bərabərdir. Beləliklə, işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulan vəsait 21,36 faiz artırılır.

Ərzaq məhsullarının bahalaşması ilə əlaqədar əlavə vəsait ayrılacaq

Sənəddə ölkədəki makroiqtisadi vəziyyətə də aydınlıq gətirilib. Bildirlir ki, 2022-ci il ərzində ölkədə qeyri-neft ÜDM-in real artım tempinin 5,5 faizə çatacağı, ÜDM-nin 115,4 milyard manata, o cümlədən qeyri-neft ÜDM-in 65,7 milyard manata qədər artacağı gözlənilir. Orta illik inflyasiyanın isə 12,5 faiz olacağı proqnozlaşdırılır. Müzakirəsi aparılan layihəyə əsasən, bu ilin dövlət büdcəsində ərzaq məhsullarının qiymətlərinin bahalaşması ilə əlaqədar əlavə xərclərin maliyyələşdirilməsinə vəsait ayrılacaq. Sənəddə bu məqsədlə 2072,5 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur.

Ərzaq məhsullarının bahalaşması, ilk növbədə, mənfi xarici amillərlə bağlıdır. Hazırda bu proses bütün dünyada müşahidə edilir. Geosiyasi amillər, o cümlədən də Rusiya-Ukrayna müharibəsi qlobal ərzaq bazarında təkliflə tələb arasında kəskin disbalans yaradıb. Bunun da nəticəsi olaraq qıtlıq və bahalıq yaranır. Proseslər həmçinin qlobal iqtisadiyyata sıx inteqrasiya edən respublikamızda da müşahidə olunmaqdadır. Layihədən də göründüyü kimi, Azərbaycan hökuməti prevantiv tədbirlər görməklə qlobal təhdidlərin ərzaq bazarımıza mənfi təsirlərini azaltmağa çalışır.

Paylaş:
Baxılıb: 417 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Analitik

Siyasət

Xəbər lenti

Xəbər lenti

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Analitik

Siyasət

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31